İlkin İmamovun hekayəsi: Arzular Qəbiristanlığı - Yeni İmza

MANERA.AZ "Yeni İmza" layihəsində İlkin İmamovun (Asif) "Arzular Qəbiristanlığı" hekayəsini təqdim edir.
Gözlərini açanda özünü parkda bir ağacın altında skamyada oturmuş gördü. Nə qədər çalışsa da, bura necə gəldiyini xatırlaya bilmədi. Birtəhər ayağa qalxıb, bilmədən harasa qeyri-ixtiyari addımlamağa başladı. Qəribədir, yol həmin yol idi, ancaq ətraf fərqli idi. Addımlarını yeyinlədib evə tələsdi. Qorxu hissi onu tam əsarətinə almışdı. Qarşısına çıxan ilk evin zəngini basdı. Qapı açıldı, ancaq qapı açılandan sonra böyük qara bir boşluq göründü. Qara boşluqdan nə nəsə görünür, nə də səs eşidilirdi. Sadəcə qapı və qara böyük bir boşluq... Bu hadisə onu bir az da ürkütdü. Və o, özü də bilmədən tez-tələsik qapını bağladı. Bir-iki saniyə olanları təhlil etmək istəsə də, nəticəsi olmadı. Onun beynində suallar qarışıq halda o tərəf bu tərəfə hərəkət edirdi: “Mən niyə burdayam? Bura haradır? Qapı niyə boşluğa açıldı? Görəsən, orda nə var idi…?” Beynində bir-birinin ardınca sıralanan qarmaqarışıq suallara bir az da olsa cavab tapmaq üçün yenidən qapıya tərəf getdi. Qapını açmaq istədi, lakin qapı açılmadı...
Elə bu anda özündən bir az aralıda hay-küy eşitdi. Tərəddüd etsə də, iri addımlarla həmin tərəfə getməyə başladı. Qarşısına nəyin çıxacağı ilə bağlı dumanlı da olsa təsəvvürü yox idi. Ancaq əlindən gələn tək şey həmin yerə tez çatmaq istəyi idi. Bir neçə dəqiqədən sonra insanların toplaşdığı və səs-küy saldığı o yerə çatdı. Bu yer məzarlıq idi. Ancaq qəbirlər adət etdiyi - qəbir daşları, qəbirlərin üstündə gül-çiçək olan qəbirlər deyildi. Gördüyü mənzərədən yerindəcə donub qalmışdı. Qəbiristanlıq böyük bir ərazini əhatə edirdi. Hər qəbrin ətrafında toplaşmış beş-altı adam hay-küylə danışır, şaqqanaq çəkib gülürdü. Gördüklərinə sadəcə heyrətlə baxdı. Öz özünə dedi: “Bu necə ola bilər axı? Heç belə şey olar? Qəbiristanlıq olsun, amma hamı qayğısızca deyib gülsün? Yox…Yəqin mən səhv görürəm”.
Qəbiristanlığın qapısından içəri daxil olub, qabağına çıxan ilk qəbrə yaxınlaşdı. Heç də yanılmamışdı. Gördükləri doğru idi. Tamamilə eyni görünüşə malik olan qəbirlər ətrafına yığılan insanlar, eşidilən söhbətlər və duyğularla bir-birindən fərqlənirdi. Ətrafdan nə olduğunu ilk addımda kəsdirə bilmədiyi tam fərqli bir qoxu da gəlirdi. Qəbristanlığın əsas darvazasından qəbirlərə kimi uzanan yolda iri söyüd ağacları əkilmişdi. Söyüdlərin yarpaqları sarı rəngdə idi. Yay olsa da... Bir neçə addımdan sonra ətrafa nəzər edərək mərkəzə gəlib çatdı. Gözlərini açdığı andan içinə düşdüyü qarmaqarışıqlığı aydınlaşdırmaq üçün cəsarətini toplayıb qəbrin ətrafına toplaşanlara yaxınlaşıb soruşdu:
- Ay camaat, bura haradır? Mən hara düşmüşəm? Heç olmasa biriniz deyə bilərsiniz?
Suallarına nəinki cavab verən olmadı, hətta yığışanlar sanki nə onu gördülər, nə eşitdilər. Həyəcandan, qorxudan rəngi tamam qaçmış halda özünü söyüdlərdən birinin kölgəsinə saldı, 13-14 yaşlarında, dolu bədənli, sarı saçlı, mavi gözlü bir oğlan uşağı gözləmədiyi halda ona yaxınlaşıb uşaq səbirsizliyi ilə sualları bir-birinin ardınca yağdırmağa başladı:
- Əmi, adın nədir? Sən kimsən? Niyə harda olduğunu soruşursan? Məgər bilmirsən bura haradır?
Bayaqdan söz soruşmaq üçün alışıb-yanan birisi üçün sözlər səhrada su tapmış kimi sevindirici oldu. Hətta bu sözləri deyən uşaq olsa belə. Tez ayağa qalxıb üst-başını çırpıb dedi:
- Mənim adım Xəyaldır. Bilmirəm bura haradır. Hardan gəlmişəm, niyə burdayam. Heç bir fikrim yoxdu.
Uşaq bu zaman biraz da ona tərəf gələrək dedi:
- Necə yəni, əmi, sən bilmirsən ki hara gəlmisən?
Xəyal yenə təkrar edərək, biraz da əsəbi halda dedi:
- Dedim axı bilmirəm, bilsəm, səndən soruşaram? Həm də böyüklər dura-dura niyə mənimlə ancaq sən danışırsan? Onlar niyə məni görməzdən gəlir?
Sözlərini bitirdiyi anda sarışın oğlan cavab verdi:
- Əmi, mən deyim, sən bil. Bura "Arzular qəbiristanlığı”dır. Burda gördüyün hər şey vaxtı ilə kimlərinsə istəyib amma əldə edə bilmədiyi arzularını dəfn etdiyi yerdir.
Uşağın danışdıqlarına nəsə inanmadı. Öz-özünə dedi: “Heç elə şey olar? Bu uşaq nə danışır axı? Yoxsa mən yuxu görürəm? Görəsən, bu uşaq məni ələ salır? Yoxsa bu eşitdiklərim həqiqətdir?” Suallarına cavab almaq üçün ətrafa boylanaraq oğlana dedi:
- Mən heç nə anlaya bilmədim. Daha ətraflı izah et.
Oğlan gülümsəyərək dedi:
- Əmi, arxamca gəl.
Sözü ağzından qurtaran kimi oğlan, balaca bir uşağa xas olmayan iri addımlarla sanki harasa tələsirmiş kimi gözdən itdi. Xəyal onunla danışan tək insanı da əldən verməmək üçün onun getdiyi səmtə doğru getməyə başladı. Oğlan biraz gedib bir qəbrin ətrafında dayanmışdı. Xəyal ona yaxınlaşanda uşaq üzünü ona tutub əli ilə qəbri işarə verərək dedi:
- Bax, əmi, bu gördüyün yerdə "Əlim olsa..." arzusu dəfn edilib.
Xəyal qəbrə nəzər yetirdi. Ətrafını dolaşdı. Qəbir balaca idi. Ətrafında bir kişi və bir qadın kədərli halda dayanmışdılar. Ancaq özlərini sanki zorla gülməyə məcbur etsələr də, kədər, ağrı-acı gözlərindən yağırdı. Onların yanında isə bir balaca qız uşağı o tərəf, bu tərəfə qaçır, yaxınlaşaraq hər ikisini qucaqlayıb təzədən eyni hərəkətləri təkrar edirdi. Xəyal heç nə anlamayıb oğlandan soruşdu:
- "Əlim olsa..."? O nə deməkdi? Mən heç nə anlaya bilmirəm.
Oğlan Xəyalı başdan ayağa yüngülcə süzdükdən sonra danışmağa başladı:
- Bax, gördüyün bu məzar balaca bir qızın arzulardır... Həmin qız hər iki əlini maşın qəzasında itirib. Hadisədən sonra qızın tək bir arzusu var: “Əlim olsa, təzədən atamı, anamı qucaqlayıb, bağrıma basardım...” Gördüyün iki nəfər də onun atası və anasıdır. Heç vaxt olmayacaq bir şeyin arzusu bu məzarda dəfn olunub...
Xəyalın belə bir mənzərə ilə qarşılaşacağı fikri ağlından belə keçməzdi. Ancaq təsirlənməyə vaxt tapmamış gördü ki, balaca oğlan indi də başqa tərəfə addımlamağa başladı. Xəyal uşağın dayandığı başqa bir qəbrin yanına çatıb soruşdu:
- Bəs bu qəbirdə hansı arzu dəfn edilib?
Oğlan sakitcə cavab verdi:
- Bu qəbirdə bir arzu yox, iki arzu dəfn edilib.
- Necə yəni iki arzu? Bir qəbirdə iki arzu necə olur?
Oğlan dəyişməz səs tonu ilə cavab verdi:
- Bəli, düz eşitdin, iki arzu dəfn edilib burda. Bu qəbirdə yatan arzular vaxtı ilə bir-birini sevib qovuşa bilməyən iki gəncin arzulardır. Adı isə belədir. "
Biz heç vaxt ayrılmarıq"...
Nə olduğunu hələ də anlaya bilməyən Xəyal bu qəbrin də ətrafında dolaşmağa başladı. Qəbrin yanında dayanan iki nəfər - qız və oğlan bir-birinin əllindən bərk tutmuşdu, ancaq bir nəfər onların gah önünə, gah arxasına keçir, onları ayırmağa çalışırdı. Hələ də nəyin nə olduğunu tam anlamayan Xəyalın sual dolu baxışlarını görən uşaq bu dəfə bir az səsini yüksəldərək dedi:
- Diqqətlə bax. Onlar bir-birlərini çox, lap çox sevib. Ancaq qızı əldə etmək istəyən və rədd edilən başqa bir oğlan qızın sevgilisindən qisas almaq üçün onu öldürüb. O vaxtdan qız bir daha heç kimi sevməyib... Necə deyərlər, nakam sevgililərin qovuşmaq arzusu bu qəbirdə dəfn edilib.
Xəyal artıq niyə buranın "Arzular qəbiristanlığı" adlandığını anlamağa başlayırdı. Bir neçə qəbir gəzdikdən sonra yaxınlaşdıqları sonuncu qəbir insanların ətrafında danışdığı, güldüyü, hətta oynadığı digər “ziyarətçisi” çox olan qəbirlərdən fərqlənirdi. Yanında yalnız bir nəfərin dayandığı qəbrin tarixçəsi onu maraqlandırdı, lakin verdiyi sual havada qaldı. Oğlan qəbrin üzərinə əyilib ətrafındakı ot-ələfi təmizləyirdi. Sanki tamamilə özünü unutmuşdu, balaca əlləri ilə soyuq daşlara toxunurdu. Fikirləşdi ki, niyə bu uşaq o biri qəbirlərin heç birinə toxunmadığı halda indi bu qəbrə xüsusi diqqət göstərir? Bəlkə doğmalarından kiminsə arzusudur? Bəlkə heç tanımır? Yoxsa ürəyindən gəldi deyə belə edir? Hər halda burda nəsə bir sir var. Xəyal fikirli halda oğlandan soruşdu:
- Sən heç bir qəbrin ətrafında əyilib təmizlik etmirdin. Niyə belə xüsusi dayanıb əl gəzdirirsən? Yəqin çox sevdiyin, tanıdığın birinin arzuları dəfn olunub hə?
Oğlan isə öz işinə davam edərək dedi:
- Yox əmi, bu qəbirdə nə qohumum, nə də tanıdığım birinin arzuları yatır. Buranın adı “Bayrağımız dalğalanacaq”dır. Burda torpaqlarımızın azad edilməsi uğrunda şəhid olmuş bir əsgərin arzusu dəfn edilib. Hər gün gəlib ona baş əyməyi özümə borc bilirəm.
Belə bir cavabı ehtimal etməyən Xəyal donub qaldı. Xeyli fikrə dalandan sonra dedi:
- Bəs niyə O burda təkdir? Ətrafında heç kim yoxdur? Axı başqa qəbirlərin ətrafında arzu sahiblərindən başqaları da var, ancaq bu məzarda O təkcə özüdür.
- Əmi, burdakı şəhidin tək arzusu olub: uğrunda döyüşdüyü yerə bayraq sancmaq. Üçrəngli bayrağı ucaltmağa macal tapmadan düşmən gülləsi ilə həyata gözünü əbədi yumub, lakin onun döyüş yoldaşları əlindən yerə saldığı qana bulanmış bayrağı tezliklə düşmən tapdağından azad etdikləri torpağa sancdılar. Şəhid qardaşımız həm arzusuna çatdı, həm də çatmadı….
Uşağın yanına düşüb qəbir-qəbir gəzdiyi arzuların hər biri Xəyal üçün bir fərqli dünyadan xəbər verir, kiminin dəfn olunmuş arzusu onun içini yandırır, kiminin gerçəkləşməyən arzularına “kaş ki” deyir, bəzi sadəlövh arzulardan xəbər aldıqca qeyri-ixtiyari dodağı qaçırdı. Anacq son qəbir, son gerçəkləşməmiş arzu Xəyalı tamam sarsıtdı. Necə deyərlər, sanki o hadisəni özü yaşayıbmış kimi əl-ayağı boşaldı, özünü toparlayıb soruşdu:
- Yaxşı, hər şeyi anladım. Burda niyə ancaq sən danışırsan? Başqa heç kim danışmır? Oğlan isə cavabında gülümsəyərək dedi:
-Mən "Arzular qəbiristanlığı”nın bələdçisiyəm. Böyüdükdən sonra mənim yerimə başqa biri gələcək, mən də o gördüklərinin sırasına qarışacağam...
Xəyal suallar içində öz yolu ilə addımlamağa başladı. Xeyli yol qət etdi. Gəzdi, dolaşdı. Hətta o qədər gəzdi ki, artıq bədənində taqət, ürəyində hal qalmadı. Parka çatmağa biraz qalmış o, yol kənarında bir lövhə gördü. Lövhənin üstündə sadəcə "Zaman" yazılmışdı. Xəyal "Zaman" lövhəsini görüb öz-özünə dodaq altı dedi:
- Bu nə deməkdir? Bu lövhəni bura kim qoyub? "Arzular Qəbiristanlığı", indi də "Zaman"... Mən hara gəlmişəm, bütün bu olanlar mənə nə demək istəyir?
Lövhənin yanında balaca bir stol var idi. Xəyal artıq gəzməkdən halı qalmadığı üçün stolda oturmaq qərarına gəldi. Bir az keçməmişdi ki, on-on beş nəfərin qaçaraq "Zaman" yazılan lövhənin qabağından keçdiyini gördü. Başına gələn hadisələrin normal olmadığını anlayan Xəyal artıq təəccüb etmədi. Sadəcə gözlədi ki, bir nəfər dayansın və ondan öyrənmək istədiklərini soruşsun. Kimsə dayanmaq bilmirdi, hətta büdrəyib yıxılanlar belə tələsik qalxır və təkrardan yollarına davam edirdilər. Nəhayət, qaçanların arasından yorulub əldən düşmüş bir qoca yerə yıxıldı. Xəyal tez özünü onun yanına yetirdi, qocanı ayağa qaldırıb stolda otuzdurdu və dedi:
- Ağsaqqal, hara qaçırsınız belə?
Susuzluqdan dili-boğazı qurumuş qoca bir az özünə gəldikdən sonra güclə eşidiləcək səslə:
- Zamanın arxasınca qaçırıq... Zamanın... Bəlkə bir gün ona çata bildik..., - dedi.
Xəyal qocanın dediklərindən heçnə başa düşmədi. Hətta qocanın bu cavabı onda yeni sualların yaranmasına səbəb oldu. Düşdüyü durumun, gördüyü mənzərənin təsirindən üzü qəribə hal almış Xəyal oradan uzaqlaşmağa başladı. Hiss etdi ki, öz-özünə danışır, hətta öz-özü ilə əsəbicəsinə dalaşır:
- Axı mənim başıma gələnlər nədir belə? Sadəcə suallar var. Cavablar yoxdu. Yoxdu….
Xəyal qocanın yanından ayrıldı. Ümidsiz halda yenə dolaşmağa başladı. Bir az gəzdikdən sonra gəlib parka çıxdı. Ümid edirdi ki, bəlkə parkda özü kimi danışan, suallarına dəqiq cavab verən birini tapa bildi. Parka çatıb skamyaların birində oturdu. Birdən onun gözünə parkın yanındakı yolun kənarında olan qapılardan biri dəydi. İzahını özünün də verə bilmədiyi bir qüvvənin təsiri ilə tərəddüd etmədən həmin qapıya tərəf gedib, onu bərk-bərk döyməyə başladı. Bu səfər qapı yarım açıldı. Artıq olanlardan təngə gələn Xəyal əsəbi halda qapını açmaq üçün inadlaşdı. Qapını açan zaman isə Xəyalın gözləri heyrətdən həlqəsindən çıxacaq qədər böyüdü. Qarşıladığı mənzərə isə bəlkə də həyatının ən böyük qarşılaşması idi. Bu elə bir qarşılaşma idi ki, hər iki tərəfdən sadəcə bir nəfər idi. Bilmədi nə etsin. Qışqırsın, ya qapını örtsün, ya da ki, qaçsın. Qorxudan dili tutulan Xəyal zorla dedi:
- Axı… axı... Bu necə ola bilər? Bu ki, MƏNƏM...
Qapının açılmasından bir neçə saniyə sonra Xəyalın gözünə qara boşluqdan ağ, parıldayan işıqlar düşməyə başladı, ancaq heç reaksiya da verə bilmirdi. Sanki onun əl ayağını kimsə bərk-bərk bağlamışdı. Danışmaq istəsə də, boğazı düyünlənmişdi, səsi çıxmırdı. Elə bu anda başının üstündə kiminsə səsi eşidildi:
- Xəyal, oğlum. Nə olub sənə? De görüm. Oyan, oğlum, oyan.
Eşitdiyi səsin sahibinə tərəf baxaraq heyrət dolu baxışlarla, sakit, susqun səslə cavab verdi:
- Haycan, ana, nə olub ki? Nəyə görə məni çağırırsan?
Yanılmırdı. Anası idi. On üç yaşında olarkən anası onu atıb getmiş, illərdi həsrətini çəkdiyi anası. İndi əlini uzadıb tuta biləcəyi məsafədən ona səslənirdi.
Beynində, içində yaranan sualların və təəssüratın qarmaqarışıqlığından anasının səsini yenə eşitdi:
- Xəyal, oğlum, məni izlə, ardımca gəl.
Anası sözlərini dedikdən sonra Xəyalın gözündən getdikcə uzaqlaşmağa başladı. Neçə illərdən sonra gördüyü anasını itirməmək üçün onun ardınca qaçaraq getməyə başladı. Çox sürətlə qaçmasa da, sanki nəfəs alması çətinləşirdi. Getdikcə atdığı addımlar özünə yük olurdu. Qəribəsi bu idi ki, getdiyi yol yenə Xəyala çox tanış gəlirdi. Yolun kənarlarında ağ, sarı xırda çiçəklər boy atmışdı. Yol boyu düzülmüş söyüdlər fərqli mənzərə yaradırdı. Sanki bu mənzərə illərlə həsrət olduğu anasını görməyin şərəfinə idi. Anasının ardınca xeyli getdikdən sonra bir də gördü ki, yenə "Arzular Qəbiristanlığı" yazılan lövhənin qarşısındadır. Heç nə anlaya bilməyən Xəyal yenə suallar altında qaldı və özünə suallar verməyə başladı: “Bu nə deməkdir? Anam niyə bura gəlib çıxdı? Anamın məni bura gətirməkdə məqsədi nədir? Mən burdan qayıtmışdım? Nə deyəcək?” Qəbristanlığın darvazası özündə sarışın oğlan onun qarşısına gələrək:
- Əmi, sən yenə bura gəlmisən?, - deyə soruşdu.
- Bilmirəm. Hələ də bilmirəm hara gəlmişəm, niyə gəlmişəm...
Balaca bələdçi sanki həmsöhbətinin yorğun və bezikmiş görkəminə baxdı, halına acıdı, iki arzu məzarı olan səmti göstərərək ardınca gəlməsini işarə etdi. Xəyal başı ilə razılıq verərək oğlanın ardınca düşüb getməyə başladı. Bu qəbirlər qəbristanlıqdakı digər qəbirlərdən xeyli aralıda idi. Sadəcə iki arzu məzarı...Məzarın birinin arxasına kölgə düşürdü, digərinin arxasına isə parlaq bir işıq… Bir az da qəbirlərə yaxınlaşdıqda gördükləri onu tamam sarsıtdı.
Halsızlıqdan iki məzarın ortasında diz çökdü. Gözləri doldu. Belə bir mənzərə ilə qarşılaşacağını heç düşünməmişdi. Məzarların ətrafında iki mənzərələr fərqli idi: birində anası və balaca bir uşaq var idi; digər məzarda isə Xəyalın özü və anası... Əvvəlcə anası olan məzara diqqətlə baxdı. Anası uşağın ətrafına dolanır, gah sağına, gah soluna keçir, lakin onun əlindən tutmaq istəyəndə uşaq onu itələyir və qaçırdı... Digər məzarda dövr edən Xəyal daim nə isə axtarır, elə hey qaçırdı. Hər tərəfə baxır, lakin nə axtardığını, kimi istədiyini heç özü də bilmirdi. Dayanmadan gəzib dolaşan Xəyal tamam yorulub bir küncə çəkilib orada ağlayır. Sonra yenə də ayağa qalxır və təkrar edir.
Gördükləri qarşısında əlindən sadəcə ağlamaq gəldi. Qeyri-ixtiyari gözlərindən yaş axmağa başladı. Başına gələnlərdən tükənmiş halda başını qaldırdıqda bələdçi oğlanı yenə gördü. Yaş dolu gözlərini silərək dedi:
- Bu necə ola bilər? Mən səhv görürəm? Yoxsa gördüklərim həqiqətdir?
Bələdçi oğlan sakit, təmkinli halda dedi:
- Bəli, əmi. Bu gördüyün məzarların adı “İllərin axtarışı” və “Gecikmiş görüş”dür. Bu iki qəbirdə sənin və ananın arzuları dəfn olunub...
İki qəbrin arasında diz çökən Xəyal anladı ki, onun içində kök salan, hər gün ona əzab verən hadisələr qəlbinin bir küncündə yaşayan arzuları idi...
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.