Çiçək açmış bir gün - Aynur Mustafanın hekayəsi

Günəş pərdəni yarıb düz onun yatağının üstünə düşürdü. Arada əsən isti meh adamın lap nəfəsini kəsirdi.
Yuxudan ayılanda saat on idi. Hələ dünənki işinin yorğunluğundan yerindən qalxa bilmirdi. Divarın yarım saatlıq seyrindən sonra belini dikəldib oturdu. Görünür, hələ yataqdan çıxmaq fikri yox idi. Sarışın saçları üzünə tökülmüş, istidən yanaqları qıpqırmızı olmuşdu. Hərdən əllərini saçlarına aparıb dağınıq tellərini səliqəyə sala-sala bugünkü planları və artıq bir ay ərzində parkda eyni yerdə, eyni saatda gördüyü balaca qız haqqında düşünürdü.
Ayağa qalxaraq pərdəni kənara itələdi. Dünən gecə yağan yaz yağışının yaratdığı torpaq qoxusunu ciyərlərinə çəkərək çiyinlərindəki yorğunluq hissini pəncərədən aşağı atdı. Bir fincan qəhvə içdimi, vəssalam, hər şey həll olunacaqdı. Hərgah o təkcə qəhvə ilə kifayətlənmirdi. Çalışma masasının üzərində nə qədər istəsən şeir kitabları vardı. Hər səhər iki-üç şeir oxuyaraq ruhunu dincəldərdi. Adəti üzrə ən sevdiyi kitablardan birini seçib, əlli yeddinci səhifəni açdı və oxumağa başlamışdı ki, qələmi tez əlinə alıb xoşuna gəldiyi misranın altından xətt çəkdi. Sonra isə həmin misraları pıçıldayıb, gözlərini yumdu.. “Günün şərəfinə süzülürəm şeirə”.. Bilmək olmaz hansı hissləri keçirirdi, ancaq ən mübhəm duyğuları yaşadığı gözlərini yumduğundan dərhal məlum olurdu. Axı deyirlər, ən gözəl hisslər gözlərini yumarkən yaşanılır.
Bir neçə şeir də oxuyandan sonra yenə balaca qızı fikirləşdi. Özü də bilmirdi onu niyə bu qədər çox fikrinə alırdı? Nə çox adam vardı parkda. Niyə məhz o? Niyə körpünün üstündə oturub ayaqlarını yellədə-yellədə səmaya baxırdı? Niyə yanında dayananda çönüb baxmadı? Niyə saatlarla elə o vəziyyətdə otururdu? Bu “niyə” sualları da bir başqa cür qəribə edirdi onu.
Düşünürdü, düşündükcə özündə böyük bir boşluq hiss edirdi. Kreslodan ağır-ağır qalxıb, gündəlik ev işləri ilə məşğul olmağa başladı. Bu gün işləri çox idi, evi başdan ayağa qədər yığışdırmalı idi. Sabah günorta saat ikidə hava limanında olmalıdır. Ailəsi ilə birlikdə qızının təhsili ilə bağlı olaraq xaricə - Almaniyaya getməlidir. Lakin getməzdən əvvəl parkdakı balaca qızla da tanış olmaq istəyirdi. Bunu hər şeydən çox istəyirdi. Sanki elə bilirdi ki, onları bağlayan nəsə var. O bağın nə olduğunu da öyrənməlidir.. mütləq öyrənməlidir.
Saatın beşə on dəqiqə qaldığını görüb, tez duş qəbul etməyə getdi. Qızı həmişə saat altıda gördüyü üçün, yenə həmin saatda onun orada olacağını güman edirdi. Əyninə ən rahat paltarını geyinib çölə çıxdı. Həyəcandan qapını bağlamağı yadından çıxardığı üçün yoldan geri qayıdıb, paltar dolabının aşağı gözünə qoyduğu çantasından açarı tapdı və qapını bağladığına əmin olduqdan sonra yenidən parka doğru gedən yola düzəldi. Ürəyi quş kimi çırpınırdı. Niyə həyəcanlandığına da təəccüb edirdi. Yəqin onu bu gün görə bilməmək qorxusu da vardı içində.
Parka çatırdı. Saata baxdı, altıya beş dəqiqə qalırdı. Addımlarını bir az azaltdı, yavaş-yavaş körpüyə yaxınlaşırdı. Uzaqdan körpünün üstündə oturub ayaqlarını aşağı sallayan həmin qızı gördü. Qəribə hisslər qəlbini həmin saniyə elə sarıdı ki, ayaqları daha gedə bilmirdi sanki. Dayandı və dayanmağı ilə zamanı da dayandırmaq istəyirdi. Bir anlıq maddi dünyadan ayrılmışdı elə bil.. Düşünürdü ki, yaxınlaşanda ona ilk nə deyəcək? Ümumiyyətlə, niyə ona yaxınlaşmaq istəyirdi? Bilmirdi.. o vəziyyətdə heç nə bilmirdi.
Onun yanına getdi. Əvvəl nə edəcəyini bilməsə də, yanında oturub onun kimi ayaqlarını körpüdən aşağı sallamağı qərara aldı.
-Salam. - deyib, onun gözlərinə baxdı. O isə gözlərini səmadan aşağı endirib cavab verdi:
- Salam - bir neçə saniyədən sonra - bu parkı siz də sevirsiz? Həmişə siz də buraya gəlirsiz - dedi.
- Sən məni hər gün görürsən? Axı sən heç mən tərəfə baxmırsan.
- Yoox, sizi görürəm. Körpünün qurtaracağında olan o böyük ağacın altında hər gün ən azı yarım saat dayanıb mənə baxırsız. Niyə?
- Bilmirəm ki. Səninlə danışmaq istəyirəm.
- Hə.. mənimlə çox az adam danışır. Anam həmişə mənə tanımadığım adamlarla danışmamağı tapşırır. Amma sizə bir söz demək istəyirəm. Demək istəyirəm ki, siz yaxşı adama oxşayırsız.
- Çox sağ ol - üzündə şirin bir təbəssüm oyandı. - Mənim səndən xoşum gəlir, balaca..
- Mənim də sizdən. Bilirsiz, gözlərinizdən lap çox xoşum gəldi. Sizinlə dostlarımla danışdığım kimi danışa bilərəm? – bir az tərəddüd içində idi, yəqin ki, bu xahişinin bəyənilməyəcəyindən qorxurdu. - Böyük adamlara sən demək olmaz, bilirəm. Anam həmişə buna görə danlayır məni. Amma mən sizə sən demək istəyirəm. Olar? Əgər bu sizi əsəbləşdirsə, demərəm.. vallah, demərəm.
- Əlbəttə, deyə bilərsən. Sənə hər şey olar - deyib, onu bərk-bərk qucaqladı.
- Çox.. çox sağ ol.
Elə bil ilk dəfə idi ki, onun istəyini yerinə yetirən birini görürdü. Baxışlarında məsum cilvələr oynayırdı. Sakit və həyəcansız görünürdü.
- Yaxşı, balacam, de görüm hər gün bura gəlirsən? Bura sənin çox xoşuna gəlir?
- Hə.. həm də çox. Burda oturub göylərə baxıram. Dincəlirəm bir az. Həm burda nə qədər şeir yazmışam, bilirsən?.. Bura rahatlıq gətirir. Qeyri-adi bir yerdir. Çox xoşlayıram.
- Doğrudan? Şeir də yazırsan? – təəccübü parlayan gözlərindən hiss olunurdu. – Mən şeirləri çox sevirəm ee.. Mənə də göstərərsən şeirlərindən?
- Axı şeir dəftərim yanımda deyil, sabah yenə görüşəcəyik?
- Yaxşı, bəs neçə yaşın var? – sözü dəyişdi. Görünür, sualdan qaçırdı, cavab vermək istəmirdi.
- On dörd yaşım var. Ədəbiyyatı sevirsən, hə?
- Əlbəttə.
- Mən sevinirəm - deyib, səmaya sevinc dolu baxışları ilə təbəssüm yaydı.
- Niyə?
Gülümsədi. Onunla şəhər də gülümsəyirdi. Ağaclar belini dikəldib, başını ucaya qaldırdı, indi qollarını daha da geniş açmışdı. Sevincdən saçlarını o yan - bu yana dağıdaraq Tanrının sərin mehi ilə onların tellərinə sığal çəkirdi.
- Bilmirəm ki - uşaq kimi çiyinlərini çəkdi.
Bir qədər səssiz dayanıb bir-birilərinə baxdılar.
- Mənə göz vurursan?
- Yoox..
- Axı göz vurdun.. – gözlərini onun kimi qırpdı. – Belə eləmədin? Mən göz vurmağı bacarmıram. Bir də fit çalmağı. Düzünü desəm, heç göz vurmaqdan xoşum da gəlmir.
Onun sözlərindən dodaqlarında gülüşə bənzər kiçik bir titrəyiş oldu. Qonur gözləri çöhrəsinə özgə bir gözəllik bəxş edirdi.
- Balacam.. O göz vurmaq deyil axı. Göz vuranda birini bağlayıb, birini açıq saxlayırlar. Amma mən ikisini də bağladım.
- Yəni, elə-belə elədin?
- Yox, səni çox istəyirəm demək istədim.
Yanaqları qızardı. Utandığını biruzə verməmək üçün baxışlarını parkın kənarındakı izdihama qaçırdı. Amma insanları görürdümü? Öz dünyasında idi. Onunla nə qədər danışacaqlarını, hər gün burda görüşəcəklərini fikirləşdikcə qəlbi çiçək açırdı.
- Mənimlə dost olarsan?
- Dostuq.. – ürəyinin içindən iynə boyda sızıltı keçdi.
Üç-dörd dəqiqədən sonra – mən getməliyəm, balacam, gecdir. Sabah bura səhər saat onda gələ bilərsən? Getməmişdən qabaq səninlə görüşmək istəyirəm – dedi.
Nəsə soruşmaq istəyirdi, ancaq imkan vermədi.
- Heç nə soruşma, sabah görüşək. Hə, bir də az qalsın ki, yadımdan çıxmışdı. Adın nədir?
- Bahar.
Gözləri parıldadı. “Bilirdim ki, özün kimi gözəl adın olacaq” deyib, həmin an onu bərk bağrına basıb, yanağına şirin bir öpüş qondurandan sonra tez də ayağa qalxıb arxaya dönmədən çıxıb getdi.
Son baş verənlərdən Bahar heç nə başa düşmədi, amma onu tanıdığı üçün özünü çox sevincli hiss edirdi. Başını göylərə qaldıraraq “çiçək açmış gün üçün çox sağ ol, İlahi!” deyib, səmada üzən çərpələnglərə baxa-baxa evə yollandı.
***
Bahar onunla görüşmək üçün səhər tezdən qalxıb hazırlaşırdı. Parkla evləri arasında yarım saatlıq yol olmasına baxmayaraq, doqquzun yarısında evdən çıxdı. Görünür, onu görmək üçün səbirsizlənirdi. Yerdəki bir daşı təpikləyə-təpikləyə zamanın tez keçməsini istəyirdi. Körpüyə çatanda saat doqquz idi. Ürəyində “hələ bir saat var” deyib dərin köks ötürəndə uzaqdan onun gəldiyini gördü. Qeyri-ixtiyari qəhqəhələrlə ona doğru qaçdı. Baharın ona qaçdığını görüb qollarını açdı, bir-birilərinə balaca uşaqlar kimi sarıldılar.
- Səni çox istəyirəm, balacam. Səni hər zaman fikrimdə daşıyacam. Sənin üçün çox darıxacam.
- Niyə vidalaşanlar kimi danışırsan? – gözləri yaşardı. – Daha gəlməyəcəksən?
- Biz.. biz bu gün xaricə gedirik, balacam – səsi titrəyirdi.
Bahar tutuldu. Az qalsın nəfəsi kəsiləcəkdi. Eşitdiyinin yaratdığı “müdhiş həyəcan burulğanı”ndan dili ağzında qurudu. Təngənəfəs halda yalvarışlarla dolu gözləri ilə birlikdə danışmağa başladı:
- Gərək heç gəlməzdin. Dostluq belə olmur axı. Mən ilk dəfə idi birini çox istəyirdim. Bilirsən, səninlə danışacaqlarım o qədər idi ki.. Nəhayət, məni dinləyəcək, qəlbim qədər sevdiyim dostum olacaq demişdim.. Axı göz yaşlarına və təkliyə bürünmüş ürəyi bir də ağlatmaq nəyə gərək idi? Dünən niyə gəldin mənim yanıma?! – səsində çığırtı və titrəyiş vardı. – İndi də gedirsən.. Tanış olmaq axı nəyə lazım idi?!
Bir neçə dəqiqə ikisi də donub qaldı. Bahar onun gedəcəyini hələ də qəbul edə bilmirdi. Bir anlıq şəhərə də səssizlik çökmüşdü. Sanki bir neçə dəqiqə bundan qabaq parkdakı uşaqların qışqırıq səsi, maşınların uğultusu heç yox idi. Sükut çökmüşdü. O sükut ki, onun çırpınışları və hönkürtüsü eşidilirdi.
Nəhayət, özünü toplayıb, məhzun-məhzun:
- Elə insanlar var ki, onların üzündən göy qurşağının boyaları və günəş qığılcımı yağır. Sən o insanlar kimisən. Getmə, nə olar.. getmə.. Getsən, bir daha buralara yağış yağmayacaq, günəş göydən bizə boylanmayacaq, göy qurşağı da yerdəki gölməçələrdə öz əksini tapmayacaq.. mən bir daha bu körpünün üstündə oturub ayaqlarımı yellədə-yellədə səmaya baxmayacam. Mənim üçün bir daha saat altının yaratdığı şirin, bir qədər də ali hisslər olmayacaq.. bir də “bir dahalar” gəlməyəcək.. – dedi.
İlk dəfə idi belə həyəcanla danışırdı. Ürəyini dəhşətli qorxu dalğası bürümüşdü. Gözləri dolmuşdu. Ağlamamaq üçün özünü boğub dayanmışdı, amma qəhər boğazında zəncirlənərkən gözlərindəki damlalar uzun kirpiklərinin arasından süzülürdü.
- Qurban olum.. getmə də. Getməsən nə olacaq ki?.. – deyib, ümidini itirməkdən qorxurdu. Hələ də qəlbində “bəlkə” adlı zəhərli sevinc gəzirdi.
- Bağışla, balacam.. Getməliyəm. Məni unutma, yaxşı? Çalış həmişə yanında olum. Hər gün bu görüş yerimizə gələrsən. Mən də hər günün bu vaxtı xəyalən gələcəm bura.. sənin yanında olacam.
- Axı..
- Sakitləş – deyib, sözünü kəsdi. – Heç nə soruşma. Qorxuram suallarından.
- Yaxşı – dolmuş gözlərini aşağı dikdi, sanki bir daha qalxmayacaqmış kimi..
Əllərindən tutub, – vaxtdır, getməliyəm – dedi. Bahar kədərli halda:
- Bəs xatırlayanda.. səndən Tanrıya danışanda adının nə olduğunu deyə bilməyəcəm axı.. – dedi.
- Elnarə – qayğı dolu baxışlarını ona dikdi.
- Elnarə... – boğazına bərk-bərk sarıldı. – nə vaxtsa bura qayıtsan, saat altıda bu körpünün üstündə dayanıb Tanrıdan yağışı arzulayarsan.. Yağış yağan həmin gün mən bura gələcəm.
- Yaxşı – dərindən nəfəs aldı. Deməyə bir sözü yox idi.
Sağollaşıb ayrıldılar. Bahar son dəfə geri dönüb onun arxasıyca baxdı. Çünki ürəyinin içində onu bir daha görə bilməyəcəyini hiss edirdi. Bilirdi ki, onun yağışı bir daha yağmayacaq. İndi Bahar üçün hər şey elə bihudə və mənasız görünürdü ki.. Başını göylərə qaldırdı. Hönkürtü ilə buludların üzərinə boylanıb pıçıldadı:
- İlahi!
MANERA.AZ