İSTƏK - Qərib Mehdinin hekayəsi

MANERA.AZ Qərib Mehdinin "İstək" hekayəsini təqdim edir.
Fələyin bağladığı qapını o müdhiş hadisədən sonra çətinlik çəkmədən beş yaşlı Narınc açdı. Qonşu qızın əvvəlcə üzü, sonra başı, daha sonra var bədəni göründü. Onun nə baxışı, nə də dili icazə istədi.
Deyəsən, anası onu ərköyün böyütmüşdü. Səliqəli geyimli, qoşa hörüklü, kəskin baxışlı qız narın addımlarla bu yay günü həyətdə masa arxasında oturmuş Nəcibə nənəyə doğru gəlirdi.
Masanın üstü şirniyyat ilə zəngin idi. Nənə diqqətlə hərəkətdə olan üzü təbəssümlü uşağı seyr edirdi. Nəcibə nənə bu gözlənilməz gəlişin nə ilə bağlı olduğunu anlamaq istəyirdi.
Nəcibə nənə uzaqda – dünyanın lap o başında olan nəvəsi Rəşidin ad gününə hazırlıq görmüşdü. Samovarın zümzüməsi bu təkadamlı məclisin üvertürası kimi səslənirdi. Süfrə aşırı zəngin olmasa da, Rəşidin sevdiyi tort mütləq bişirilmiş və onun payı rəmzi olaraq – şəklinin qabağındakı boşqaba qoyulmuşdu.
Öz payını da ayrıca çəkmişdi. Rəşidin fikirli sifətinə baxanda nənə gah kövrəlir, gah da özünə gəlirdi. Dodaqları çəkilmiş paya işarə ilə pıçıldadı: «Sənə qurban, ad gününə tort bişirmişəm. Payını da ayırmışam. Burda olsaydın, ləzzətlə yeyərdin. Kaş uzağın yaxın olaydı».
Narınc çay stoluna yaxınlaşdı. Dəvət gözləmədən özü uyğun stulda oturdu. Gözlərini Nəcibə nənəyə zilləyib ərklə dedi:
– Tortdan mənə də ver.
Nəcibə nənə təəccübünü içində boğdu. Bu cəsarətli körpəni dilləndirən nə idi? Tamahınımı saxlaya bilməmişdi? Nənə buna inanmadı. Sanki o, hansı qüvvə tərəfindənsə idarə olunurdu. Nəcibə nənə onun ricasını məna dolu məmnuniyyətlə yerinə yetirmək qərarına gəldi. Uşaq gözlənilmədən şəklə işarə ilə sorğuya keçdi:
– Bu, kimin şəklidir?
Nənə uşağın sualını cavabsız buraxmadı:
– O, mənim nəvəm Rəşidin şəklidir.
– İndi o, hardadır?
Bu sualla Narınc Nəcibə nənənin lap qaysaqlanmış yarasına toxundu. Qarı ufultuya bənzər bir səslə dedi:
– Uzaqlarda… lap uzaqlarda… Bu gün onun ad günüdür.
Tort payını da çəkmişəm. Uzaqda olduğu üçün bu pay sahibsiz qalıb. Bu süfrədə sənin də qismətin varmış. Sevincimizə şərik olsan, Rəşid balam da razı qalar.
Narınc qismətini özü istəmişdi. Üstəlik, Nəcibə nənə də təklifdə bulunmuşdu. Uşaq öz istəyindən və bu istəyi tamamlayan təklifdən keçmədi:
– Deyirsən, Rəşid əminin tortundan yesəm, ona xoş olar?
Nəcibə nənə sevincək dilləndi:
– Hə!..
***
Təyyarə uçuşu ilə bağlı o müdhiş hadisə olmasaydı…
Hadisə o vaxt baş verir ki, sükan sahibi başını itirir. Bu qəzadan da qaçmaq, yayınmaq mümkün olmadı. Yuxarı – göy, aşağının – yerin əmanətini saxlaya bilmədi.
Bu dəhşətli qəzadan yalnız bir nəfər – Nəcibə nənənin nəvəsi Rəşid salamat çıxa bildi. O da ki, əlləri Tanrıya sarı açılmış nənənin duaları sayəsində.
Dillə deyilən, yuxarı açılan əllə yola salınan duaların hamını xilas etməyə gücü çatmadı. Zalım fələk nəhəng süpürgəsi ilə çoxlarını, o cümlədən, Nəcibə nənənin əzizlərini süpürüb küləyin ağzına atdı.
Təkcə Rəşid… Bu da tale işidir. Tələ quran tale Nəcibə nənənin nəvə ətrini duymaq, arxa kimi kölgəsinə sığınmaq güzəştindən keçə bilməmişdi.
Sarsılan Rəşid bu səxavətdən «imtina» etmiş, nənəsini tək buraxaraq uzaqlara, lap uzaqlara yollanmışdı. Amma ümid yeri qoymuşdu: «Zaman keçəndən sonra geri dönəcəyəm, nənə», – demişdi. İllərdi ki, Nəcibə nənə tək-tənha bu qayıdışın yolunu gözləyirdi. Yalnız bu gün Narıncın qəfil gəlişi onun yaxasını təkliyin əlindən almışdı.
***
Narıncın növbəti gəlişi cəmi üç gün çəkdi. Nəcibə nənə qızdan ötrü darıxmağa başladı. Hərəkətlərini yada saldıqca gülümsünür, onun nəyəsə hesablanmış cəsarətindən məmnun qalırdı. İcazəsiz istəyini ortaya qoyması və bu istəyə nail olmaq cəsarəti kimsəsiz qarının ürəyindən xəbər vermişdi.
İstəyirdi ki, Narınc yenə gəlib onun kasıb, ancaq halal süfrəsində ərkyanalıq eləsin. Sığallı hiylədən «qaba» düzgünlük yaxşı deyildimi? Fələk gözaltı elədiyi qapıya batmanlıq qıfıl vurmur. Onun öz bağlanc ustalığı var. Yəqin bu ustalıqla üzləşən Narıncın qapını açmağa gücü çatmır. Ay-hay!.. Sən demə, paklıq paxıllıqdan güclüymüş.
Budur, qapı asta-asta açılır. Onun arxasından ərköyün Narınc görünür. Sevincdən riqqətə gələn qarı qonağı ürəkləndirmək üçün «Gəl!» demək istəyir. Özünü saxlayır.
Görür ki, Narıncın hərəkətdə olan ayaqları onları ayıran məsafəni «qayçılayıb» qurtarmaqdadır.
Bu dəfə uşaq nə ilə qarşılaşdı? Masanın üstü rəngbərəng güllərlə doludur. Ətir adamı bihuş edir.
Nəcibə nənə də bu gül yığınından dəstələr bağlayır. Ya satacaq, ya bağışlayacaq, ya da kiminsə adını anacaq. Narıncın gəlməsi ilə onların sayı üçə çatdı: Nəcibə nənə, Narınc və onları çərçivədən seyr edən Rəşidin şəkli. Qız onu xoşhallıqla qarşılayan qarıdan soruşdu:
– Nə çox gülün var, ay nənə? Kimə verəcəksən bu gülləri?
Nəcibə nənə səbrlə cavab verdi:
– Bir qədərini mürəbbə bişirəcəyəm. Yəqin sən gül mürəbbəsi xoşlayırsan. Hər bizə qonaq gələndə mürəbbəli çay içərsən.
Narınc hələ istəyinə tam çatmamışdı:
– Bəs qalanları?
– Arzusunda olanlara bağışlayacağam.
– Hamısını?
– Yox. Qalanlarını qurudub saxlayacağam. Birdən Rəşidim gələ bilər. Ovcuna tökəcəyəm ki, bu torpağın qoxusunu öz bağında bitən doğma güllələrindən alsın.
Narınc ani olaraq fikrə getdi. Ayılıb əvvəlki qətiyyətini özünə qaytardı:
– Nənə, birdən gülün qurtarar. O güllərdən bir dəstə də mənə ver.
Nəcibə nənə maraqlandı:
– Qadan alım, gül sənin nəyinə lazımdır?
Qız nağıllarda olduğu kimi – inandığını gerçək kimi önə çəkdi:
– Hər axşam durnalar danışa-danışa evimizin üstündən uçub uzaq yerlərə gedirlər. Atama deyəcəm, mənim gül dəstəmi evimizin damına qoysun. Durnalar ordan uçanda onlara desin ki, bu gül dəstəsini Rəşid əmiyə çatdırsın. Bu da ona mənim hədiyyəm olar.
Nənə əl boyda uşaqdan nələr eşidirdi?! Heyrətdən içini çəkdi. İri bir gül dəstəsi bağlayıb Narınca uzatdı. Uşaq sevindi və dönə-dönə Nəcibə nənəyə təşəkkürünü bildirdi:
– Sağ ol, nənə!..
***
Fələk açarını balaca Narınca etibar etsə də, o, neçə gün idi ki, bu fürsətdən istifadə eləmirdi. Nəcibə nənənin açıq qapısı bağlı qalmışdı – nə gələn vardı, nə gedən.
Narınc nənənin bol süfrəsini «talan» eləyib onu sevincə bürümürdü. Deyəsən, fələk də ondan incimişdi. O, hər adamın üzünə qapı açmır. Özü də mat qalmışdı ki, görəsən, bu səxavətindən Narınc niyə bəhrələnmir? Nəhayət, günlərin birində fələyin bağladığı qapı qızın əlinin sehrinə tab gətirmədi, açıldı.
Narınc yenə icazə istəmədən xırda və asta addımlarla uzun ayrılıq məsafəsini biçə-biçə, masanın arxasında oturmuş qara geyimli Nəcibə nənənin hüzurunda peyda oldu.
İlk baxışdanca gördükləri onu çaşdırdı. Nənə yan tərəfdən qara lent kəsiyi ilə yenilənmiş nəvəsi Rəşidin şəkli ilə pıçıltı ilə danışırdı. Qarı çox dəyişmişdi. Bu dəyişiklik Narıncın nəzərindən qaçmadı.
Nənənin arıq vücudu bir az da arıqlamış, ağ saçları bir az da ağarmış, əyili qaməti bir az da əyilmişdi. Fələk getdikcə yaşamın şirin payından kəsir, onu acılarla yükləyirdi.
Nənənin ürəyi uzaqdan gələn daha bir acı xəbərlə yüklənmişdi. O, qorxduğu sonuncu zərbəni də almışdı. Son ümid yeri olan Rəşidi təkcə nənəsi ilə deyil, bütün həyatla vidalaşmışdı. Bundan sonra onun sükuta dalmış qara haşiyəli şəkli nənəsinin aramsız suallarına necə cavab verəcəkdi?
Nənənin sonuncu ümidinin acısı yaşa dönüb gözlərindən yanağı ilə aşağı axırdı. Nəcibə nənə durmadan ağlayırdı. O, heç Narıncı qarşılamaq halında deyildi. Bunu balaca Narınc da duydu. O, səssizcə, nənənin aramsız axan göz yaşlarına tamaşa edirdi.
Uşaq, qəlbinin həssaslığı ilə nə baş verdiyini duymuşdu:
– Niyə ağlayırsan, nənə?
Nənə nə qədər çalışsa da, baş verəni gizlədə bilmədi.
Rəşidin qara haşiyəli şəklinə işarə edib dedi:
– Fələk son yadigarıma da qıydı. Artıq o, həyatda yoxdur.
Narınc nə düşündüsə, birdən dilləndi:
– Nənə, göz yaşlarından mənə də ver…
Bu qeyri-adi səsləniş, istək Nəcibə nənəni diksindirdi.
Narınc ondan göz yaşı istəyirdi. Bu, nə istəkdir? Uşaq indiyə qədər onun süfrəsinə şərik olmuşdu, bunu başa düşürdü. İndi isə körpə onun acı göz yaşlarına şərik çıxmaq istəyini gizlətmədi. Nənənin qulaqları, bəlkə, yaxşı eşitməmişdi? O, qızın istəyini aydınlaşdırmaq qərarına gəldi:
– Bəlkə, sən tort istəyirsən?
– Yox.
– Bəlkə, sən gül buketi istəyirsən?
– Yox.
– Bəlkə, sən qırmızı don istəyirsən?
– Yox.
– Bəlkə… Bəlkə… Bəlkə…
– Yox… Yox… Yox…
– Nənə qurban, bəs sən nə istəyirsən, bala?
Narınc fikrini dəyişmədi. Açıq dedi:
– Nənə, deyirəm, göz yaşlarından mənə də ver.
Nəcibə nənə uşağın son istəyindən sarsıldı, birtəhər özünü ələ alıb dedi:
– Qurban olum, nəyinə lazımdır mənim göz yaşlarım bala?
Narınc qara çərçivədən boylanan şəklə baxıb kövrək bir səslə dilləndi:
– Mən də Rəşid əmi üçün sənin kimi ağlamaq istəyirəm.
Nəcibə nənə susdu. O, süfrəsinin və dərdinin şərikinə cavab verməyə söz axtarırdı. Elə bir söz ki…
08.06.2024