Soldu xatirələr küncdə, bucaqda - Yavər Məmmədovun şeirləri

MANERA.AZ laçınlı şair Yavər Məmmədovun yeni çap olunmuş "İllər keçir ömrümüzdən" kitabından bir neçə şeirini təqdim edir.
O KARVAN HARADAN KEÇİR, GÖRƏSƏN
Yenə zalım fələk çirməyib qolun,
Kimin zəmisini biçir, görəsən?
O kimdir, dayanıb əlində badə?
Nəyin şərbətidir, içir, görəsən?
Hamı tələsir ki, ünvana çata,
Geriyə yol yoxdur, gələk həyata.
Varını, yoxunu yığıb tabuta,
O kimin köçüdür, köçür, görəsən?
Çox da uzaqlaşır, bizdən ötüşür,
Yenə də səsləri başıma düşür;
Bayırda köpəklər yaman hürüşür,
O karvan haradan keçir, görəsən?
ÖZÜ OLMAYIB
Adam var, ömrünü vurubdur başa,
Dünyanı dolaşıb, izi olmayıb.
Belində, boynunda fil gücü olub,
Amma bükülməyən dizi olmayıb.
Sanma yola gələr usanıb, bezib,
Mənliyin ayaqlar altında əzib.
Bir ömür doğrunun yanınca gəzib,
Özünün bir dənə düzü olmayıb.
Götürüb yaşayıb belə ömrünü,
Verib küləklərə, yelə ömrünü,
Seçib, qəbul edib kölə ömrünü,
Alovu olmayıb, közü olmayıb.
Dövlət də qazanıb, varı da olub,
Deməzdim, bəhrəsi, barı da olub,
Nə olsun, sevgili yarı da olub?!
Üzünə baxmağa üzü olmayıb.
Bir kərə Yavərə cavab veribsə,
Keçilməz yerlərdə köhlən sürübsə,
Hardasa xeyirxah bir iş görübsə,
Dublyoru olub, özü olmayıb.
EVİMİZ
Getmək istəyirəm öz evimizə,
Doğulub, boy atıb, bitdiyim evə;
Baharda quşlarla verib səs-səsə,
Hər gün eyvanında ötdüyüm evə.
Soldu xatirələr küncdə, bucaqda,
Qaldı uşaqlığın dadı damaqda.
Baş çəkəm – oynayıb dərədə, dağda,
Axşamlar qayıdıb getdiyim evə.
Toplayam bir yerə dürü, incini,
Elin ahılını, elin gəncini,
Atama yaşadıb toy sevincini,
Anamın gəlinin gətdiyim evə.
Uçulub, sökülüb – döz evimizə,
Axı kim yetirdi göz evimizə...
Getmək istəyirəm öz evimizə,
Yarın vüsalına yetdiyim evə.
A QOCA DAĞLAR
Ömrün bu çağında özümü sizə
Yetirib gəlmişəm, a qoca dağlar.
Mənə verdiyiniz gücü, qüvvəni
Bitirib gəlmişəm, a qoca dağlar.
İnsan dözümlüdür, insan mətindir,
Vətənsiz bu yaşa gəlmək çətindir.
Bu can sənin mənə əmanətindir,
Götürüb gəlmişəm, a qoca dağlar.
Xəyalımda neçə-neçə ağı var,
Nakam köçən dostlarımın dağı var.
Düşünmə ki, kişilərin sağı var,
İtirib gəlmişəm, a qoca dağlar.
Yavərə doğmadır ah da, həsrət də,
Tanrı hamısını yazıb qismətdə.
Dərdi də qoymadım qala qürbətdə,
Gətirib gəlmişəm, a qoca dağlar.
QOYDUN YANA-YANA MƏNİ
Nahaq yerə şübhələnib,
Yığma, gülüm, cana məni.
Alnım açıq, üzüm ağdır,
Çək sınağa, sına məni.
Ayrılığı ay elədin,
Əməyimi zay elədin,
El içində tay elədin
Gedib ona-buna məni.
Nə eləsən, haqdır elə,
Fərqi yoxdur bundan belə.
İstəyirsən, üzr dilə,
İstəyirsən, qına məni.
Bu canımı yorğun etdin,
Eşqimizdə qırğın etdin,
Məftun etdin, Vurğun etdin,
Ay yaşılbaş sona, məni.
Yelkənləri endirmədin,
Dinləmədin, dindirmədin.
Yavər deyir, söndürmədin,
Qoydun yana-yana məni.
YENƏ GƏLSİN
Duymasan da, çox demişəm,
Gülüm, qadan mənə gəlsin.
Nə olacaq, bu dəfə də
Mənim qadam sənə gəlsin.
Eşqim məni rahat qoymur,
Qeyrisinə könül uymur.
Bu sevgidən ürək doymur,
İstəyir ki, yenə gəlsin.
Xoşdur yardan gələn həsrət,
Borcumuzdur, çəkək zəhmət.
Həyatıma saf məhəbbət,
Görüm, dönə-dönə gəlsin.
Düşünərək gözəl yarı,
Gözləyirəm ilk baharı.
Yavər istər, arzuları
Yavaş-yavaş yönə gəlsin.