manera.az
manera.az

Şeirsiz, ağrısız ömür hədərdir - Zəki Bayram Yurdçunun şeirləri

Şeirsiz, ağrısız ömür hədərdir - Zəki Bayram Yurdçunun şeirləri
Zəki Bayram YURDÇU - 60

* * *
Yeriyib, yıxılıb, qaçıb, durmuşam,
Mənzillər kəsmişəm, yollar yormuşam.
Əllinin kürəyin yerə vurmuşam,
İndi yavaş-yavaş yüzə vururam.

Onsuz da inanmır heç kim heç nəyə,
And olsun meşəyə, dənizə, göyə;
Bir sarsaqqulu iş düzəlsin, – deyə
Özümü yüz oda, közə vururam.

Adamlar içində sıxılır ürək,
Gəzib-dolaşıram divanələr tək.
Alova çırpılan pərvanələr tək,
Özümü şeirə, sözə vururam.

Görməzdən gələrək eşqi, ülfəti,
Daş-qalaq etmişəm bəxti, qisməti.
Özüm fövtə verib neçə fürsəti,
Sonra başa döyüb, dizə vururam.

Ağlaya bilmədim bir gün ömrümə,
Düşdü vaxtsız qırov, çiskin ömrümə.
Nimdaş köynək kimi miskin ömrümə
Dərdləri yamaq tək təzə vururam.

Mən şeir yazmıram hər daşa, dağa,
Sovulmuş bostana, talanmış bağa.
Hər cür saxtalığa, riyakarlığa
Qılınc qurşanıram, nizə vururam.

Mən də “qəmi alıb canı satıram”,
Dərdimlə sevişib kama çatıram.
Hərdənbir fələklə şeş-beş atıram,
Hərdən taleyimlə məzə vururam.


* * *
Xəzər tək bir yerdə qalmağa dəyməz,
Araz tək xəyala dalmağa dəyməz.
Qələmi əlinə almağa dəyməz,
Ürək pərvaz edib havalanmasa.

Şeytanı qəlbimə yaxın qoymaram,
Gözdən, gözəllikdən, nazdan doymaram.
O günü ömürdən-gündən saymaram,
Ürəkdə təzə söz yuvalanmasa.

Bunun bir yanlışı-yalanı varmı?
Haqdan gələn nuru zülmət boğarmı?
Oğul-qız ömrünə günəş doğarmı? –
Ata alxışıyla dualanmasa.

Bircə gün üstümə salmasan nəzər,
Beynimdə ilanlar, əqrəblər gəzər.
Varlığım qurumuş ağaca bənzər, –
Hər an gözlərindən şüalanmasa.

Şeirsiz, ağrısız ömür hədərdir,
Belə yaşamaqdan ölüm betərdir.
Şair şair deyil, – xalqının dərdi
Şeirində, sözündə sədalanmasa.

Kimin hər gün təzə dərd-səri olmaz, –
Onun yazdığının əsəri olmaz.
Sözünün qılınc tək kəsəri olmaz,
Qəlbinin qanıyla cilalanmasa.

YENİ İLİN KÖHNƏ ŞEİRİ

Gəldi vüsal vaxtı...ayrılıq dəmi...
Balamtək bağrıma basıram qəmi.
Bu yol ayrıcında aşıqlar kimi
Qəlbimə bir-iki yarpaq söz gəlir.

Mən çoxdan hazıram burda hər şeyə,
Qaranlıq gündüzə, qorxunc gecəyə.
Biz ha köklənsək də xoş gələcəyə,
Nədənsə il-ildən yenə pis gəlir.

Bu il də adladıq öküzdən şirə,
İflic arzuları qoyduq qəbirə.
Bir ömrü bölmüşük tək, cüt səbirə;
Ha vurub çıxırıq, yenə nəhs gəlir.

Ucuz xəyalların olma peşində,
Enişi olacaq yüksəlişin də.
Yalın yamaclara qırov düşəndə,
Uca zirvələrə duman, sis gəlir.

Xəzinə üstündə yatıb gürzələr,
Yenə iş başında molla Mirzələr.
Yenə at oynadır keçəl Həmzələr, –
Köhnə dəyirmandan təzə səs gəlir.

Ürək yarpaq kimi solub-sozalır;
Bu gəliş-gedişdən bircə söz qalır.
Günlər gödək olur, ömür azalır,
Sanki ölü cana son nəfəs gəlir.

Kim bizi tapşırdı qoca divlərə?
Kim qıydı cücərən fidan şivlərə?
Palçıq daxmalara, uçuq evlərə
Köhnə yas bitməmiş təzə yas gəlir.

ALTMIŞA GƏLDİM

Mən köhnə yüzilin ilan ilində,
Dəvə xurcununda, ya at belində?
Ata duasında, ana dilində
alqışa gəldim.

Mən ki, fərq qoymazdım payıza, yaza,
Taledən çəkdiyim zillətə, naza.
Günəşli günləri verib güdaza,
qar-qışa gəldim.

Düşsə min əhvala, girsə min dona,
Hardasa, necəsə çatacaq sona.
Məndəmi mənasız bu marafona,
yarışa gəldim?!

Müqəddəs bir yoldan, bir izdən gəlib,
Neçə dəfə gedər-gəlməzdən gəlib.
Bir uzun saçlını görməzdən gəlib,
qarğışa gəldim.

Bulaqtək çağlayıb, çay kimi axıb,
Əlüstü əllinin əlini sıxıb,
Dumandan, çiskindən, yağmurdan çıxıb,
yağışa gəldim.

Bu ürək nə qədər yalana uyub,
Başımı nə qədər kötüyə qoyub.
Davadan usanıb, savaşdan doyub,
barışa gəldim.

Ömrü fövtə verib dərdlə, kədərlə,
Boşuna uğraşdım gəldi-gedərlə.
Aşıq ata-ata qəza-qədərlə,
altmışa gəldim...
10.08.2025

MƏNDƏN UZAQ OLSAN DA...

Məndən uzaq olsan da, həmişə yanımdasan,
Varlığımda, canımda, ruhumda, qanımdasan.
Bilirəm ki, ən ağır, çətin zamanımda sən
Qoruyucu mələktək uzaqlardan baxırsan.

Ruha həyat bəxş edir bəzən adi yalan da,
Neçə adam içində tənha, qırğın olanda.
Nə yaxşı ki, əsəbi, yorğun, gərgin olanda
Ən ilıq bir duyğu tək ürəyimə axırsan.

Sənə görə seçilir yalanlarım, düzlərim,
Adına ismarlanır yağlı-yavan sözlərim.
Bir gözələ aldanıb baxar olsa gözlərim,
Könlümün göylərində şimşək kimi çaxırsan.

“Sənsizlikdən ölərəm”, – demək mənə ar gəlir,
Bir soyuq baxışından boran gəlir, qar gəlir.
Bəzən olur bur anda dünya mənə dar gəlir, –
Duyuram, doluxsunub gözlərini sıxırsan.

Hər xatirən qəlbimin qanı ilə “dağlanır”,
Heç bilmirəm canımın harasında saxlanır.
Neçə şeir başlasam, gəlib sənə bağlanır,
Hansı işi bitirsəm, içindən sən çıxırsan.

Mənim kimi bir dəli, bir avara olarmı?
Taleyi kəm, saçı ağ, günü qara olarmı?
Səndən əvvəl olubmu?.. Səndən sonra olarmı?..
Nə əvvəltək əvvəlsən, nə axırtək axırsan.


* * *
Gənc yaşlarında dünyayla vidalaşan qazi şair Həsən Kürün xatirəsinə

Elə ki, başında qar-sazaq olur,
Ən yaxın adamlar ən uzaq olur.
Tula da çevrilib yalquzaq olur,
Bir gün yalağında yal olmayanda.

Hanı güvəndiyim qarlı dağlar ki?
Gen dünya başıma o qədər dar ki...
Bülbülün qarğadan nə fərqi var ki? –
Nazını çəkməyə gül olmayanda.

Ya otuz yaşadın, ya da ki səksən;
Onsuz da dünyada tək oğlu təksən.
Yıxılsan, tapdanıb əziləcəksən,
Sənə dayaq duran qol olmayanda.

Yedi ömrümüzü “kaş”lar, “əyər”lər,
Düşdü məzənnədən uca dəyərlər.
Arı sürüsünü basıb yeyərlər,
Birdən pətəyində bal olmayanda.

İlahi, dönəlgən neçəyə dönür?
Nədən gündüzlərim gecəyə dönür?
Soyuqda islanmış cücəyə dönür,
Adamın cibində pul olmayanda.

Vaxt-zaman yanından çay kimi axır,
Gözündə od yanır, ildırım çaxır.
Adam özü gedib kötüyə çıxır,
Getməyə başqa bir yol olmayanda.
21.06.2025

BİZ BİR YERDƏ OLANDA...

Biz bir yerdə olanda bayram edir məhəbbət,
“Can” deyib “can” eşidir sanki ətrafda hamı.
Rəngdən rəngə boyanıb cilvələnir təbiət,
Cənnəti xatırladır adi payız axşamı.

Şehli otlar, çiçəklər nazlanır ayaq altda,
Başı qarlı yamaclar göz oxşayır uzaqdan.
Günəş gülümsəyir ki, son kərə batabatda,
Üşüməsin ürəyin erkən düşən sazaqdan.

Biz bir yerdə olanda yollar açır köksünü,
Elə mehribanlaşır küçədə it, pişik də.
Palıd, çinar illərlə özləmiştək bu günü,
Sıralanıb “farağat” növbə tutur keşikdə.

Durdursaq da zamanı şeir, musiqi, söhbətlə,
Diksindirir ruhunu gah xəzri, gah gilavar.
Ömürdən çaldığımız beş-üç günlük möhlətlə,
Sən “çox xoşbəxt” olursan, mənsə bir az bəxtəvər.

Biz bir yerdə olanda şirinləşir meyvələr,
Əlin dəyən hər təam bal dadır, gül qoxuyur.
Gecə qəribliyində canlanır xatirələr,
Radio da tərs kimi ilk sevgidən oxuyur.

Biz bir yerdə olanda hüzur tapır kainat,
Başa vurur ömrünü soyuq, isti savaşlar.
Eyni dildə danışır iqtidar-müxalifət,
Səngiyir Ukraynada, Qəzzada iğtişaşlar.

Gəl, bir yerdə çox olaq ki, çoxalsın şəfqətlər,
Müharibələr kəsilsin, atəşkəslər uzansın.
Hökm eləsin dünyada sevgilər, mərhəmətlər,
İblislərin arzusu, eşqi gözündə yansın.


* * *
Mən bir ömür vermişəm sənsizliyin badına,
Dönə-dönə baxmışam turşa-şirin dadına.
Hərdən minib xəyalın yel qanadlı atına
O qayğısız günlərə dəli kimi çapıram.

Bəzən ikiləşirəm öz-özümdən ayrılıb,
Gizlənmək istəyirəm adamlardan, qeyb olub.
Sənsiz keçən illərin dumanından sıyrılıb,
Elə qoyub gəldiyim yerdə səni tapıram.

Bəzən də bircə anda dartılıram yay kimi,
Baş götürüb gedirəm geri axan çay kimi.
Son nəfəsdə inləyən körpə torağay kimi,
Quzğunlar caynağından səni göydə qapıram.

Həyat necə gözəldi o gözəl çağlarında,
Birgə islandığımız yağışında, qarında...
Hər yaz bir çadır qurub Kəpəz yaylaqlarında,
Kəndimizdə adına “Qış sarayı” yapıram.

Hərdən könül dağıma çıx, seyr elə, gör, nə var;
Gözlərini quzeydə qamaşdırar qar, nə var...
Səndən gələn dərdləri əzizləyib, hər nə var,
Məlhəm kimi acışan gözlərimə təpirəm.

Çox vurmuşam dişimə tanrıları, dinləri,
İnsan qiyafəsində şeytanları, cinləri...
Səninlə yaşadığım barmaq sayı günləri
Götürüb tutya kimi həyatıma səpirəm.

Nədəndir, doymaq olmur o işvə-nazlarından?
Ruhuma nizam verən nizamsız sözlərindən.
Xəyallarda süzülüb yol çəkən gözlərindən,
Mənə görə üşüyən ürəyindən öpürəm.

YAŞADIM

Şələ tutdum şəfqətdən,
Qaçdım kindən, nifrətdən.
Mən sevgidən, ülfətdən
Tutub maya, yaşadım.

Bitmədim ot-alaq tək,
Bir kötüyə calaq tək.
Daim qaynar bulaq tək
Axıb çaya yaşadım.

Vətənimdə qürbəti,
Bir ömürlük möhnəti,
Bir sevgili həsrəti
Doya-doya yaşadım.

Yaylar kimi gərildim,
Sürgünlərə sürüldüm.
Hər gün ölüb-dirildim,
Aydan-aya yaşadım.

Qədər qara yazıldı,
Yuxum tərsə yozuldu.
Yerdən əlim üzüldü,
Baxıb göyə yaşadım.

Gördüm xortdan, xoxanı,
Dünyaya kor baxanı.
Bu xalqa xor baxanı
Söyə-söyə yaşadım.

Özüm boyda bir ürək;
Yaşamadım çoxu tək.
Dərdlərimi yuxu tək
Deyib suya yaşadım.

Qəflətdən ayılmadım,
Heç kəsə əyilmədim.
Yaşayıb duyulmadım,
Duya-duya yaşadım.

Canı şam tək əritdim,
Ölü canlar diriltdim.
Neçə ömür çürütdüm,
Neçə dünya yaşadım.

Mən bir Yurdçu oğuldum,
Öz qanımda boğuldum.
Mən də dünyada oldum,
Mən də guya yaşadım.


* * *
Bir az sınıq, bir az ötkəm, bir az tək;
Yaşayırdım mən bu ömrü sınaq tək;
Qəfil gəlib çağrılmamış qonaq tək
Təpələdin, dərələdin, nə olsun?

Sən nə qoyub, nə gəzirdin bu yanda?
Varlığımı alt-üst etdin bir anda.
Ürək verib, can alınan bu canda
Ayağına yer elədin, nə olsun?

Öz hökmü var hər zamanın, hər yaşın,
Öz yeri var bu divarda hər daşın.
Aramızda yazdığını göz yaşın,
Öz əlinlə qaraladın, nə olsun?

Hər gələnə çevirməzlər kürəyi,
Hər deyənə tapşırmazlar sürəyi...
Azı yüz yol yaralanmış ürəyi
Bir yol da sən yaraladın, nə olsun?

Mən uymadım hər laylaya, bəstəyə,
Könül verdim bir ilahi dəstəyə.
Dost-tanışı bölüb neçə dəstəyə,
“Kərə”lədin, “kürə”lədin, nə olsun?

Öyrənmişə yoxdur qələt-qadağa;
Bülbül kimi qanad açdın bu bağa.
Gəlib qondun könlümdəki budağa,
Bir-iki ağız “qar” elədin, nə olsun?

Görməz oldum gözündəki qurdları,
Bir-bir gəzdin bu xaraba yurdları, –
İçimdəki yanğıları, dərdləri
Kimlərəsə car elədin, nə olsun?

Çox bənzədin erməni tək kirvəyə,
Qəlbi sərdim əlindəki zivəyə.
Quş qonmayan, gün dəyməyən zirvəyə
Yağış tökdün, qar ələdin, nə olsun?

At bağlayım gözlərinin tirinə,
Dəniz yetməz ürəyinin kirinə.
Dünyalara sığışmayan birinə
Bu dünyanı dar elədin, nə olsun?

***
Ağlıma gəlməyən başıma gəldi,
Suçu nə özümdə, nə səndə bildim.
Dünyamı uçuran ilk zəlzələni
Titrəyib boğulan səsində bildim.

Tale sapandına qoydu bizləri,
Əsdi, taqətimim əsdi dizləri.
Bəxtimə yansıyan qara gözləri
Lalədə axtardım, süsəndə bildim.

Kim sevib unutdu kimin nəyini?
Kim kimə içirdi hicran meyini?
Məni ölümünə sevəcəyini
Həyata göz yumub küsəndə bildim.

Verdim bayqulara könül bağımı,
Göz yaşım söndürdü od-ocağımı.
Bu eşqə dastanlar yazacağımı
Bir zaman bu eşqə susanda bildim.

Dağıldı mərəkə, pozuldu oyun,
Hərə öz dərdiylə oldu qolboyun.
Mənə bir sevginin tutduğu toyu
Ölən sevgilərin yasında bildim.

Dil açdı saçımda gəzəndə əlin,
Gül açdı növrəstə arzun, əməlin.
Köksündə ürəyin, ağzında dilin
Xəzan yarpağıtək əsəndə bildim.

Kimlər ağlar günə qoydu vətəni?
Döndərdi könlümə boranı, çəni.
Qırx arşın quyuya sallayıb məni,
Sonra kəndirimi kəsəndə bildim.

Tural Adışirinin təqdimatında...






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Tarix:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
1234567
891011121314
15161718192021
22232425262728
2930