İndi bütöv Vətən var - Yeni şeirlər
MANERA.AZ Xanəli Kərimlinin yeni şeirlərini təqdim edir.
İNDİ BÜTÖV VƏTƏN VAR!!
Məmməd Araz ruhuna
Güney qalxıb ayağa,
Yatmış vulkan oyandı.
Oyanışın mübarək!
İki yüz əlli milyon
Türk arxanda dayanıb -
Bir canda çarpan ürək.
Torpaq mənim torpağım,
Bayraq mənim bayrağım -
Ucalığa gedən yol.
O bayrağı qaldıran,
O torpağı qoruyan
milyon-milyon məğrur qol.
Bu oyanış dağ seli
Gücü yer-göy oynadır,
Tarixi yaza-yaza.
Hər ürək od püskürür
Vətən qeyrət qalası
hər oğula, hər qıza.
Yağı düşmən illərdi
Taladı od yurdumu -
torpağımı, daşımı.
Zaman o zaman deyil,
İndi qardaş qoruyur
öz doğma qardaşını.
Daha Güney, Quzey yox -
İndi bütöv Vətən var -
Yenilməz Vətən andı.
Mübarəkdi, Təbrizim,
Urmu, gözümüz aydın,
Yatmış vulkan oyandı!!
24.03.2025.
YAŞAYAQ, GÖRƏK
Yaman kövrəlmişəm, çiçəkdən kövrək,
Dağların mehi də üşüdür məni.
Nə çayın nəğməsi, nə bulaq səsi
Ovuda bilməyir kədəri, qəmi.
Dəymədüşərliyəm uşaqsayağı,
Tez küsüb tezcə də barışıram mən.
Nə başıma sığal çəkənim qalıb,
Nə də əl uzadıb “sən qorxma” deyən.
Dəyişdi dünyanın astarı, üzü.
Dünən ağ gördüyün indi qaradı.
Hər gün oyun gedir, bilmirsən ki sən
Cəhənnəm haradı, Cənnət haradı.
Cəmiyyət bir yana, təbiət belə
Bir anda min rəngə, min dona girir.
Yağış yağa-yağa, qar yağa-yağa
Günəş də bir yandan “salama” gəlir.
Elə bilirsən ki,i ndiki güllər
Əvvəlki güllərtək açıb çağlamır.
Daha sirr deyil ki, bir çox sevənlər
Nakam eşqi üçün qara dağlamır.
Çəmənin, kövşənin duzu, ətiri
Sanırsan qeyb olub çəkilib göyə.
Nə əkin, nə biçin gözünə dəymir,
Torağay səsi də yatmır ürəyə.
Bir vaxtlar dağların çiyindaşıydı
Bulud yapıncalı çoban-çoluqlar.
Yaylaqlar çal-çağır, toy-büsatlıydı -
Mələşən quzular, kişnəyən atlar...
Onda beş-on yaşlı oğlan uşaqlar
Özlərin kişitək aparardılar.
Atı yəhərləyib, kəli çullayıb
Mahaldan mahala yol salardılar.
Hər kəsin qəlbində inam, etibar,
Hər kəsin sözünə güvənlik vardı.
Böyüyə ehtiram, qadına, qıza
Hamı göz olardı, hayan olardı.
O vaxt aldığımız öyüd, tərbiyə
Dəymir iki qara qəpiyə indi.
“Ağız deyəni ta qulaq eşitmir”,
İndi başqa aləm,başqa mühitdi.
Onunçün də zaman mənimkimləri
Sahilə tulladı ölü balıqtək.
Axırımız harda bənd alacaqdı?
Bəlkə, qismət oldu, yaşayaq, görək...
07.06.2025
MƏN ELƏ BİLİRDİM..
Bir vaxt xəyallarla qanad açardım,
İndi xəyallar ta xəyal olubdu.
Qismətimə düşən tale yazısı,
Məni xəyallardan uzaq salıbdı.
Mən elə bilirdim uşaq ağlımla
Yerləri, göyləri mən quracağam.
Mən elə birdim, elə bilirdim
Zülmün kəməndini mən qıracağam.
Mən elə bilirdim, cinlə şeytanı
Tas qurub haqq yola gətirəcəyəm.
Bütün yaxşılığı, xeyirxahlığı
Nəsildən nəsilə ötürəcəyəm...
Mən elə birdim... demə, bidiyim
Uzaq üfüqlərdə batan günəşmiş.
Uşaq inadına sığmayan arzum
Mənim qismətimdən gen düşəcəkmiş.
Ağlımın təzəcə morlanan çağı
Qayğılar leysantək yağdı üstümə.
Hələ qızınmamış od-ocağıma,
Tüstü burulğanı durdu qəsdimə.
Yaşadım,yaşaya bildiyim qədər.
Kimsəyə əl açıb köks ötürmədən,
Özüm öz süfrəmin möhtacı oldum,
Abrımı, həyamı heç itirmədən.
Sağ əlim sol ədən çəkmədi minnət,
Nəyi bacardısa, dedim “min şükür”.
Mən hələ əl tutdum neçə “əlsizə”
Əl tutanın Allah başından tökür.
Mənə hey deyərdi dədəm, babam da:
“Qapılar açan ol, qapı bağlama.
Bir əlinlə vurub yıxanda, oğul,
Bir əlinlə qaldır, heç kin saxlama.
Yaradan yaradıb dirriksizi də,
Yaradıb onu ki, görk olsun sənə.
Nə qədər pis olsa, Vətən oğludu,
Qoyma möhtac qalsın yada,düşmənə.
İtin sahibi var, qurdun Allahı.
Allah yaratdığın hifz edər özü.
Sən öz yükünü çək çəkdiyin qədər,
Hər şeyi görəndir həqiqət gözü”
Xəyalla gerçəklik arasında mən
Yaxşılı,yamanlı ömür yaşadım.
Birinin yadında yaxşı adamam,
Birinin yadında pis qaldı adım.
Bəzən xəyallara qonaq oluram
Yaşın xoş çağında,xoş ovqatında.
Hərdən uşaqlığa qayıdıram mən
O kövrək xəyallar qanadlarında...
MƏN TÜRK ÖVLADIYAM...
Azərbaycan türk qızının dilindən
Anam Burlaxatun, nənəm Tomrisdir,
Oddan doğulmuşam, od qızıyam mən.
Öyüdüm alınıb Sara xatundan,
Yerin ülkəriyəm, göy ulduzuyam.
Varaqla tarixi sətirbəsətir,
Hər varağı mənim qan yaddaşımdı.
Mən türk övladıyam köküm dərində,
Gündoğan, Günbatan can sirdaşımdı.
Min dastan bağlanıb şan-şöhrətimə,
Keçdiyim yollarda izim qalıbdı.
Harda binə qurub yurd salmışam mən
O yurdda ocağım, közüm qalıbdı.
Nə yerə, nə göyə sığışmadım mən,
Tarixi mən yazdım tarixdən öncə.
Vətəndir, millətdir eşqim, amalım,
Bu eşqdir yaşadan məni ölüncə!..
01.02.2025
BU ÇAY HARA AXIB GETDİ BELƏCƏ?!
Əvəzsiz dost, istedalı qələmdaş, professor
Elbəyi Maqsudovun əziz xatirəsinə
Bu çay hara axıb getdi beləcə?
Bu çay mənə layla çalıb hər gecə.
Səsi, küyü nəğmə dolu bir aləm,
Məni məndən alıb getdi gizlicə
Bu çay hara axıb getdi beləcə?!
Nərəsindən səksənirdi qayalar,
Qəzəbi yer titrədirdi yerindən.
Ağ köpüyü ağ göyərçin qanadlı,
Min sirr açdı təbiətin dilindən.
Bu çay belə cövlan edtdi illərcə,
Bu çay hara axıb getdi beləcə?!
Ehtiyacı yox bahara, nə qışa.
Öz qışı var, öz payızı, öz yazı.
Tutqun-tutqun oxusa da arabir,
Heç vaxt kökdən düşməmişdi avazı.
Hər axışı, hər baxışı təzəcə,
Bu çay hara axıb getdi beləcə?!
...Bu çay axdı, nə gün bildi, nə gecə,
Can atırdı vüsalına qovuşa.
Varmış, bəlkə, kimsə onu özləyən,
Varmış, bəlkə, kimsə onu gözləyən
Onunçün də çırpıb özün dağ-daşa
Öz ömrünə ömür qatdı eləcə,
Bu çay hara axıb getdi beləcə.
Bu çay hara axıb getdi beləcə...
03.03.2025
PAYIZ NAĞILI
Başladı payızın yağış nağılı,
Təbiət yuyundu toz-torpağını.
Quşlar-köçərilər köçüb getdilər,
Qalanlar gözləyir qış növrağını.
Ahıllıq bürüyüb çölü, çəməni,
Dəlisov küləklər həlimləşibdi.
Ağaclar mürgülü baxışlarıyla
Bir az da, bir az da gözəlləşibdi.
Bulaqlar astaca pıçıldaşırlar,
Qorxurlar mürgüsü qaça dağların.
Nəğməli çayların dodaqlarında
Havası duyulur şaxtanın,qarın.
Təbiət başlayıb payız nağılın,
Çiskinli,dumanlı havası ilə.
Payızsa kövrəlib əlvida edir
Gələn görüşlərin səfası ilə.
Bir payız da yola saldıq beləcə,
Xonçası əllərdə köçən qız kimi.
Nigaran-nigaran əl eyləyirik
Göy üzündən axan bir ulduz kimi.
QAYIT
Əli Kərimin xatirəsinə
Sənin taleyinçün nigaranam mən,
Gör bir nə vaxtdır ki, görüşmürük biz.
Biz ki anlamışdıq bir-birimizi,
Ortada olmayıyıb nə incik, nə söz.
Qalıb xatirələr duyğularında
O kövrək baxışlar, o kövrək anlar.
Bizi qınayan o havayı kəslər
Hicran əzabını çətin ki anlar..
Hər günün öz rəngi, öz ahəngi var,
Mənim günlərimsə eyni rəngdədir.
Axşamım axşamdı, səhərim səhər,
Hamısı bir dəstdə, bir çələngdədir.
Biz ki nə yatmışdıq, nə yuxu görək,
Tale saldı bizi burulğanına.
Gözü yaşlı qalan qönçə arzular,
Dözmədi şaxtalı qış boranına.
Nə ünvanın bəlli,nə də sorağın,
Elə bil sən adlı adam yox imiş.
Mən səni qınaya bilmirəm,axı,
Görünür, taleyin bəxti beləymiş.
Yenə də səninçün nigaranam mən,
Eşitsən səsimi səsimə səs ver.
Ölmüsən, qalmısan, bilmirəm ki mən,..
Qayıt ruhumuza təzə nəfəs ver.
24.11.2024
MANERA.AZ