manera.az
manera.az

Mənim ünvanımı ürəyinə yaz - Qiymət Məhərrəmlinin şeirləri

Mənim ünvanımı ürəyinə yaz - Qiymət Məhərrəmlinin şeirləri
MANERA.AZ şair, folklorşünas alim Qiymət Məhərrəmlinin şeirlərini təqdim edir.

Bu yolda işıq görünür

Gecə üzümə gün doğur,
Gecələr şair oluram.
Bu dünyadan oğurlanıb,
Allaha dair oluram.

Tanrım, məni qəbul eylə,
Qapına elçi düşmüşəm.
Eni-uzunu bir qarış
Ömrümə ölçü düşmüşəm.

Yaşanan ömür-gün deyil,
Dərddi-ələmdi, qardaşım.
Əzabları yarılayan
Dəftər-qələmdi, qardaşım.

Yaxşı ki, əvvəlin sonu,
Sondan o yana qapı var.
Yaxşı və pis əməllərin
Dəlil-sübutu, çapı var.

Bu yolda işıq görünür,
Dur gedək, qalmayaq geri.
Mən gündüzlər söz yığıram,
Yol ölçürəm gecələri...



* * *
dağın dağ dərdi varsa,
düzün də düz dərdi var.
dərdsiz bəşər görmədim,
hər kəsin öz dərdi var.

kimi sözün acıdı,
kimin sözü acıdı.
kimi söz əlacıdı,
kiminsə söz dərdi var.

dünyada düz varmı ki?
düzə gündüz varmı ki?...
hər kəsdə üz varmı ki? –
üzsüzün üz dərdi var.

kim ki Allah tanımaz,
savab-günah tanımaz.
axşam-sabah tanımaz,
gecə... gündüz... dərdi var.

ölənin qəbir dərdi...
qalanın səbir dərdi...
ağlayanın bir dərdi...
gülənin yüz dərdi var...



* * *
Hərdən elə dəyişirəm,
tanımır heç görən məni.
Əl götürməz – dərd hücrəmə
kərpic-kərpic hörən məni.

Açılmamış düyün olar
qəlbimdəki yara hərdən.
İmistiykən ürək, gəl ki
dönür buza, qara hərdən.

Dağılıram muncuq kimi,
yığan olmur yerdən məni.
Bu ürəyi parçalayan
aparacaq birdən məni.

Addımımı yavaşıdım,
onsuz da gecdi qalmağım.
Bu gün qiyamət günüdü,
çatıbdı candan olmağım.

Bu ruhu bu bədən neynir,
çıxarım, verim yellərə.
Gözlərimi çaya atım,
tənimi qızılgüllərə.

Qəsdim budu, özüm ilə
savaşdan üzüağ çıxım.
Əzrayıla iş qalmasın,
ölüm, ölümdən sağ çıxım.



* * *
Əlimdən qurtar canını,
Get, sənə əlim dəyməsin.
Üstümə tökmə qanını,
Canına ölüm dəyməsin.

Yeri, qatil olammaram,
Diri qafil olammaram,
“Mərə kafir” olammaram,
Adına dilim dəyməsin.

Bu yer haman o yerdimi?
Söyləyəmmirəm dərdimi.
Tanrı aldığın verdimi? –
Qalana zülüm dəyməsin...

Dözəcəyəm

Eh, sənin də dözümündən heç olmaz,
Şaxtamısan, ya buzmusan, a zalım?!
Gözlərinin ovsunundan doyulmaz,
Sən aymısan, ulduzmusan, a zalım?!

Can qəsdinə durmaq səndə həvəsdi,
Bu gen dünya mənə sənsiz qəfəsdi.
Dözəmmirəm ta zülmünə, di bəsdi,
Əzabında sonsuzmusan, a zalım?!

Dözəcəyəm sitəminə ölüncə,
Sən imana, sən bir dinə gəlincə.
Bu sevgidən yanıb külə dönüncə,
Görərsən ki, uduzmusan, a zalım!...



* * *
Bəlkə xətrinə dəymişəm,
Onunçün çıxıb getmisən.
Həsrətini nar suyutək
Qəlbimə sıxıb getmisən.

Göynəyin mənə uyğunu, –
Aləmə bəlli duyğunu, –
Mənimçin kim olduğunu
Başıma qaxıb getmisən.

Ölsəm, gen qazı qəbrimi,
Bircə gün çəkmə qəhrimi.
Onsuz da dağca səbrimi
Ovcuna yığıb getmisən.

Dözüm var, dözüm hələ ki,
Xeyirə yozum hələ ki.
Getsən, ürəkli söylə ki,
Evimi yıxıb getmisən.

Bir gün qayıdaram

Qayıdıb gələrəm ömrünə bir gün,
Qayıdıb gələrəm ilk bahar kimi.
Görərəm hələ də görüş yerindən
Boylanıb baxırsan durnalar kimi.

Gələrəm həzin bir yaz yağışında,
Gələrəm nərgizlər açılan zaman.
Əriyər buzlar da yaz baxışında,
Gülərsən ömründən çəkilər duman.

Qayıdar ömrünün yaz gülüşləri,
Ulduzlar səpilər təbəssümündən.
Nərgizə bələnmiş o görüş yeri
Məhəbbət qoxuyar bil ki, o gündən.

Qırıb inadımın qanadlarını,
Dönərəm o sonsuz yollardan bir gün.
Açıb ürəyimn qapılarını,
Deyərəm: – dünyaya gəldim səninçün!

Sənsiz

Yaman kövrəlmişəm, yaman dolmuşam,
Daha ürəyimin odu qalmayıb.
Bilsən ayrılıqdan nеcə doymuşam?!
Sənsiz həyatımın dadı qalmayıb.

Qayıt ki, bu şəhər sənsiz boş qalıb,
Sükuta qərq olub hər tərəf, hər yan.
Yoxsa ki, Tanrı da nəzərdən salıb, –
Asılıb qalmışam duyğularımdan.

Adını dilimdə əzbər еtmişəm,
Dinəndə çaşıram sözümü hərdən.
Qayıtsan, görərsən – çıxıb gеtmişəm,
Sənə boylanıram xatirələrdən…

Sən də günahkarsan...

İllər ömrümüzdən qopdu... üzüldü...
Payızda saralan yarpaqlar kimi.
Son görüş, son vida sanki yüz ildi,
“Yüz ildi” həsrətin üzür qəlbimi.

O görüş yerində bizdən intizar
Tənha söyüdün də qəddi əyilmiş.
Sevgi günlərimiz ötsə yüz bahar,
Bir daha geriyə dönən deyilmiş.

Kimi acılayım, indi mən kimi,
Sənmi günahkarsan, mənmi günahkar?
Daşlara çırpılan o ilk eşqimi
Qəlbimdən nə sellər, nə sular yuyar...

Oyar ürəyimi qəm gizli-gizli,
Daşları ovulan dağa bənzərəm.
Özünə taparsan başqa sevgili,
Mənsə... səfil kimi çöllər gəzərəm.

Gün gələr, “həyatım düşər yoluna”,
Qoyular nöqtəsi o “sənsizliyin”.
Mənim də “sevgilim” girər qoluma,
Ataram daşını kimsəsizliyin...

Fəqət, ürəyimdə bir nisgil yaşar,
Hərdən qərib-qərib anaram səni...
Sənin də gözündə göz yaşları var:
Tapa bilməmisən səadətini...

Nə sən bəxtiyarsan, nə mən bəxtiyar,
Ürəkdən gülməyi unutmuşuq biz.
Sən də günahkarsan, mən də günahkar:
Tez dolub, tez yağan buludmuşuq biz.

Niyə düşünmədik biz dərin-dərin,
Nakam məhəbbətə kimdir səbəbkar?
“Ürəksiz” yaşayan bu ürəklərin
Günahı nə imiş, kimdir günahkar?
Həm sən günahkarsan... həm mən günahkar...

“SƏN” adlı könül səsim

Sənsiz nə yol yoldu, nə də ki iz iz,
Getmisən, çaşbaşdı dünya gözümdə.
Niyə ayrılığı dəf etmədik biz,
Məəttəl qalmışam, vallah, özüm də.

Hansı əl, hansı dil, hansı söz ilə
İşimiz bu qədər düyün düşübdü.
Bir baxış bəs imiş… nəmli göz ilə
Həsrət limanında köz görüşübdü...

Hələ yuxuluyam, hələ ki məstəm,
Çapılan, talanan sanki özgədi.
Mənmi xəbərsizəm, düşdüyüm aləm
Bir ayrı qitədi, ayrı bölgədi.

Hələ ayılmağa tələsmirəm mən,
Şirin aldanışa alışmasam da.
Yaxşı ki, “sən” adlı könül səsimsən,
Yaxşı ki, xatirən donur masamda...

Tural Adışirinin təqdimatında..


Baxış sayı - 303 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
1234567
891011121314
15161718192021
22232425262728
293031