Nəsrin və poeziyanın cazibəsində - Şakir Əlifoğlu yazır

Pünhan Şükürlə nəşriyyatın mərtəbələrində həmişə rastlaşıb, səmimi salamlaşıb, keçmişəm. Bilmişəm ki, Sabirabad rayonundandır. 12 il Sabirabad rayonuna qonşu rayon olan Saatlıda müəllim işlədiyimdən, o bölgəni Cəbrayıldan sonra ikinci vətənim hesab etdiyimdən, o yerin adamlarına da həmişə öz doğmalarım kimi baxmışam. Elə Pünhana da beləcə doğma münasibətim vardı içimdə. Amma o, mənim bu duyğularımdan xəbərsiz, mən də onun iç dünyasından xəbərsiz... Çünki heç vaxt bir neçə dəqiqəlik də olsa, vaxt ucbatından dayanıb fərdi şəkildə söhbətləşməmişik axı...
Bir gün içimdəki ona qarşı bəslədiyim doğmalıq duyğularımın özümdən asılı olmadan ifadəsi olaraq ondan qəzetə boş bəyannamə hesabatı vermək üçün neyləməli olduğumu soruşdum. Bu atüstü sorğumdan sonra Pünhan müəllim mənə dedi ki, bir dəqiqə dayan, sənə təzə çapdan çıxan kitabımı bağışlayım. Tez-tələsik bir avtoqraf da yazdı. “Alim dostum Şakir Albalıyevə xoş arzularla kiçik sovqat. 07.07.2025”.
Bu bir cümlənin məğzində bir sıra mətləblər anladım. Avtoqrafdakı “Alim” ifadəsilə mənim yaradıcılığımla azdan-çoxdan tanış olduğu, “dostuma” ifadəsilə isə onun da mənə qarşı qəlbində bəslədiyi səmimi münasibətin dostluq səviyyəsindəki izharı açıq-aydın bəlli olurdu. Deməli, sıx təmasda olmasaq da, gözəgörünməz batini duyğular bizi bir-birimizə qarşı doğmalaşdırıbmış bir-birimizdən xəbərsiz. Xoş arzular işığında mənə bağışladığı “kiçik sovqat” adlandırdığı kitabı isə mənə, bir qələm-kitab əhli olan mənə əslində təvazökarlıqla “kiçik” dediyi, amma böyük bir sovqat idi. Məncə, elm adamlarının ən böyük hədiyyəsi elə kitabdır. O ki ola, içərisində dəyərli yazıları ilə diqqəti çəkən kitab ola...
Seçilmiş əsərləri kimi tərtib etdiyi bu “Mənə Şəhrizadın nağılın danış” (“Şərq-Qərb” ASC mətbəəsi, 2025) adlı kitabı gözdən keçirdikcə, bir daha Pünhan Feyzulla oğlu Şükürovun mənəvi dünyasının zənginliyini gördüm. Hekayələr, pritçalar, ədəbi tənqid nümunələri, uşaq ədəbiyyatı bölümündəki uşaqlar üçün yazdığı hekayələri, şeirlər və kəlamlar adlı bölümlərdən onun qələmini bir sıra janrlarda sınadığını gördüm. İxtisasca mühasib olan bu oğlanın əbəs yerə nəşriyyata meyl salmadığının bir daha fərqində oldum. Həm də Pünhana qəlbimdə bəslədiyim gizli simpatik duyğuların əsrarəngiz hiss olaraq qəlbimə damması onun bir ruh adamı, mənəvi dünya adamı olması imiş. Onun manifest olaraq özünə qəbul etdiyi “Ən Yuxarıdakının bəndəsiyəm, amma “yuxarıda” adamım yoxdur” cümləsi də onun kimliyini ifadə edən konkret göstəricidir. “Ən Yuxarıdakı” deyəndə uca Allahı nəzərdə tutub, Allaha şükranlıqla bəndəlik etdiyini, “yuxarıda” – yəni yuxarı başda – vəzifə başında isə heç kəsinin olmadığını deməklə özü öz namına – öz gücünə yaşadığını, yalnız Allaha tapındığını bildirmək istəmişdir.
Son dövrlərdə şeir adına cızmaqaraçılıq edənlərin çoxluğunu nəzərə alıb, eksperiment kimi onun “Ana” adlı şeirinə diqqət kəsilirəm:
Anacan, ayrılar ağıl ürəkdən,
Adın qədər həzin söz axtaranda.
Kor olar, ayrılar ağı bəbəkdən
Səndən müqəddəsin göz axtaranda.
Populyar bir mövzuda bunca uğurlu söz deyə bilməsi P. Şükürün həqiqətən də həssas könül adamı olmasını göstərir. Ana adı kimi həzin – nisgil doğuran söz axtaranda ağıl ürəkdən ayrılar, baş bir yana gedər, ürək bir yana. İnsanın ağlı məntiqinə tabedir, amma anasızlıq ağrısını həqiqət olaraq ürək qəbul etmək istəmir, ağıl ayrı sözü – acı həqiqəti diqtə edir, ürək isə bu yoxluğu qəbul etmək istəmir. Səndən müqəddəs kimsəni göz axtarsa, gözün ağı ilə qarası bir-birindən ayrılmış kimi olub kor olar, çünki görə bilməz anadan müqəddəs qeyri varlığı. Şeirin sonunda isə müəllif:
Ətirlər şahıdır südünün iyi,
Qısqanc ünvanıdır ətirşah üçün, -
deyərək Ana südünün qoxusunun məsum körpə dünyası üçün ən xoş, məstedici ətir – “ətirlər şahı” olduğunu bildirir. Ətirşah gülünün adında ifadə olunduğu kimi, “ətirlərin şahı” adlandırılan bu gülün hətta özü belə Ana südünün əsrarəngiz qoxusuna qısqanclıq edir. Lap sonda isə:
Sənə tərif verib, söz seçə bilmək
Çətin imtahandır mən məddah üçün, - deyib, Ananı vəsf eləməyin ən çətin bir imtahan olduğunu və bu sınaqdan keçə bilməyin mümkünsüzlüyünü bəyan edir. Burada həm təvazökarlıq hissi var, həm də ki, doğrudan da Ana adlı müqəddəs varlığı öyüb – vəsf edə bilmək üçün söz seçib, deyə bilməyin çox çətin olmasını etiraf etmək fikri var. Çünki nələr söylənsə də, bu müqəddəs varlığı vəsfə-tərənnümə gətirmək yenə də kifayət eləmir.
Pünhan Şükürovun “Oğul ana itirəndə” şeiri də çox mütəəssiredici ruhda yazılıb. Mötərizədə verilmiş “Anasını vaxtsız itirmiş oğlumun dilindəndir” ifadəsini oxuyanda anladım ki, Pünhan həyat yoldaşını da itirməklə anasından sonra bu ağır itki ilə ikinci dəfə də həyatdan yetim qalıb:
İşindən evə tələsmir,
Səmt küləyi daha əsmir.
Ağlı bir təsəlli kəsmir,
Oğul ana itirəndə.
Fikir verin: işindən evə tələsməyən oğul ( və ya həyat yoldaşı – bu məqamda hər ikisi eyni ağrı - acını daşıyırlar) ona görə tələsmir ki, daha onu evə çəkən hənirti – “Səmt küləyi” kimi mənalandırılan ana nəfəsi yoxdur ki, tələsib özünü o səmt küləyinə - ana nəvazişinə, ana nəfəsinə çatdırsın. Ana itkisi oğulu, övladı heç bir təsəlli ovutmayan sağalmaz bir ağrı-acıdır.
Atasına kini doğur:
“Kişi nə təmkinli durur?..”
“Amma”sı, “lakin”i boğur
Oğul ana itirəndə.
Bu bənddə sanki ata (müəllif) “oğlunun ürəyinə girib”, atasının el-camaat içində özünü zahirən təmkinli, sakit aparmasına təəccüb edib, uşaq aləmində bəlkə də atasına kin bəsləyir ki, “kişi nə cürə təmkinli dayanıb-durub” camaatın qabağında, heç ağlayıb-sıtqamır da. Halbuki bu “təmkinli duruş” zahirdə belədir, içində qan ağlayır. Ona görə də “Amma”sı “lakin”i boğur: - deyir müəllif. Burada “amma”, “lakin” qarşılaşdırma bağlayıcıları olmaqla mahiyyətcə bu ağır-üzüntülü məqamlardakı ata ilə oğulun vəziyyətlərinin – zahiri hallarının, görünüşlərinin qarşılaşdırılması səhnəsinə işarə edir. Ata həyatın bərkini-boşunu görmüş olduğundan, ağrı-acılarına zahirdə hakim kəsilə bilirsə, oğul vaxtsız ana itkisindən özünü-huşunu itirdiyindən özünə yer tapa bilmir, bu “amma”lara – “lakin”lərə bəraət qazandıra, cavab tapa bilmir. Məhz bu məntiqin nəticəsini şeirdə tamamlayıcı şəkildə belə ifadə edir:
Dönüb “Ana Muzeyi”nə
Qaçır evin quzeyinə.
İstəyir kəfən geyinə
Oğul ana itirəndə...
Beləcə, anasının əvəzinə özü öz əyninə kəfəni geyinmək – anasının əvəzinə özü ölmək istəyir oğul – övlad. Bu minvalla ana (və ya həyat yoldaşı) itkisinin doğurduğu emosional-psixoloji sarsıntıları şeirdə doğun şəkildə ifadə edir. Bütün bunlar da bir daha Pünhan Şükürü misralarından boylanan kövrək, qəlbi həssas, duyğulu düşüncə sahibi kimi bizlərə tanıdır.
Pünhan Şükürün “Kəlamlar” bölməsindəki cümlələrinə diqqət yetirirəm. Kəlam sözünün qarşılığı aforizmlər, ya da aydın şəkildə desək, hikmətli-müdrik cümlələr anlamında düşünülməlidir. Ancaq dərin mətləbləri andıran fikirləri bir cümləlik sözdə ifadə edə bilmək də hər qələm adamının hünəri deyil.
“Bəzilərinə adi bir həqiqəti başa salmaq üçün gərək tarixi başdan başlayasan: “Allah əvvəlcə yeri və göyü yaratdı...”” Bu kəlamda Dünyanın yaranışı haqdakı kosmoqonik mifə işarə ilə əslində kiməsə nəyisə başa salmaq üçün izah etmək istədiyin məsələnin özünü (mif mətni timsalında) gərək birər-birər açıb nağıl edəsən ki, bəlkə ondan sonra nəyisə başa sala biləsən. Başa düşməyən adamlara rəğmən söylənmiş kəlamdır bu.
“Ən azından gözəl insanlarla rastlaşmaq ehtimalı ilə hər gün evdən çıxmağa dəyər”. Bu cumlədə insana mənəvi baxımdan gündəlik stimulverici güc vermək missiyası daşınır. Yəni biz hər gün evdən çölə - iş dalınca və s. çıxası oluruq. Bəzən bezikmək də olar ki, bu nədir ey belə, “get naxıra, gəl axura” – hər gün eyni şey cansıxıcı olaraq təkrar olunursa, insan özündə belə bir düşüncəni yaşatsa, həyat maraqlı olar. Bu kəlamı başqa istiqamətlərdə də mənalandırmaq olar...
“Dirilərimizi qane edəcək qədər var-dövlət qazanmasaq da, ölülərimizə oxunacaq qədər rəhmət qazanmağa çalışaq”. Atalar sözü hikmətində olan bu kəlam insanın dünyadakı qazanacağı maddi və mənəvi qazanc qarşıdurması müqabilində həyat gerçəkliklərini əks etdirir. Bu, bir yaşam düsturu ifadəsidir. Yəni gündəlik maddi qazancımızı yetərincə əldə etməyə bilərik, amma əməllərimizlə, əqidə və davranışlarımızla, vicdanımızla elə hərəkət etməliyik ki, kənardan baxanların “Allah atana-anana rəhmət eləsin” alqışını (mənəvi qazancını) qazana bilək. Yoxsa ki, nifrin əməllər törədib, çiynimizə söyüş-qarğış torbası yükləməyək!..
Pünhan Şükürün “Mənə Şəhrizadın nağılın danış” kitabı da məşhur “1001 gecə” nağıllarındakı Şəhrizadın söylədiyi ibrətamiz nağıllar sayağı maraqlı-məzmunlu şeir və nəsr nümunələri ilə zəngindir.
Bu zəngin söz-sənət aləmində Pünhan qardaşıma yeni-yeni yaradıcılıq uğurları arzulayıram!
Şakir Əlifoğlu,
AMEA-nın aparıcı elmi işçisi,
AYB-nin üzvü