manera.az
manera.az

Acı talelər ROMANı | MANERA

Acı talelər ROMANı  | MANERA

Yazıçı Nəriman Əbdülrəhmanlının "Qurban. Yüzilin "Əli və Nino" əfsanəsi" romanı yenicə çapdan çıxıb. Nə üçün "Qurban", yaxud "Yüz ilin əfsanəsi "Əli və Nino"?! Müəllif bununla nə demək istəyir? Bəlkə yetmiş ildən çoxdur ki, dünyanı dolaşan romanın gizlinlərini açır? Bəlkə bestsellerə çevrilən "Əli və Nino" romanının müəllifliyinə aydınlıq gətirmək istəyir?!

Ümumiyyətlə, əgər belədirsə, nə zamandan hər hansı bir əsərin müəllifliyini müəyyənləşdirmək bir roman mövzusu olub? Yazıçının və romanın üzərinə düşən bu missiyanı uğurlu hesab etmək olarmı? "Əli və Nino" romanı ilə bağlı yazılanların əsərin həcmindən yüz dəfə çox olması və hamısının da onun müəllifliyi ilə bağlı ziddiyyətli mülahizələrə yazıçı bir romanla necə nöqtə qoya bilər? Ortada əlyazma olmadığı halda yazıçının bədii versiyası romanı və onun müəllifini ədəbi uğursuzluq risqi ilə üzləşdirmir ki?! Suallar çoxdur, ancaq gəlin buna cavab verməyə tələsməyək. Elə N.Əbdülrəhmanlının belə bir romanının nəşr edilməsilə bağlı informasiyanı oxuyanda məndə də buna bənzər suallar yarandı. Məsələ burasındadır ki, "Əli və Nino" gizlinləri mənim də tədqiqat obyektlərimdəndir.

Romanla bağlı aparılan araşdırmaları iyirmi ildən çoxdur ki, izləyirəm. Özümün də mühacirət ədəbiyyatına aid araşdırmalarım var, elə bu romanın özü ilə bağlı da tədqiqatım və müəyyən elmi qənaətlərim var, özü də bu qənaətlər arqumentlərlə yetərincə əsaslandırılır. Hərçənd belə hesab edirəm ki, romanın müəllifliyi ilə bağlı aparılan araşdırmalar çox zaman siyasi xarakter daşıyır, bəzən məcrasından çıxdığı üçün məntiqi nəticə ilə tamamlanmır. Buna görə də "XX əsr Azərbaycan ədəbiyyatı tarixi" (Bakı, "Apostrof" nəşriyyatı, 2010) adlı ali məktəblər üçün yazdığım dərslikdə romanın müəllifliyi məsələsinə geniş toxunmamış və məzmunu, süjet xətti və obrazlarına daha çox yer vermişdim. Ən əsası isə, burada ilk dəfə olaraq "Əli və Nino" romanını bütün ziddiyyətli fikirlərə rəğmən, Azərbaycan mühacirət ədəbiyyatı nümunəsi olaraq tədqiqata cəlb etmişəm. Baxmayaraq ki, bu romanın müəllifi ilə bağlı dünyanın bir çox tədqiqatçıları tərəfindən aparılan bütün araşdırmalara rəğmən, yekdil rəyə gəlmək mümkün olmamışdır. Hətta roman ayrı-ayrılıqda Qurban Səid və Y.V.Çəmənzəminlinin adı ilə də dərc edilmişdir. Qurban Səid adı altında isə dünyada M.Əsəd bəy nəzərdə tutulur. O zaman belə bir qənaətdə idim ki, "...bu əsər Azərbaycan ədəbi faktına artıq daxil olmuşdur, özü də Qurban Səidin müəllifliyi ilə. Ona görə də tam həqiqət üzə çıxmayınca bu əsəri Qurban Səidin əsəri kimi təqdim etmək daha doğru olardı" (B.Əhmədov. XX əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı", "Apostrof", 2010, s. 398).

Bu yaxınarda N.Əbdülrəhmanlının romanının dərc olunduğu zaman "XX yüzil Azərbaycan ədəbiyyatı: mərhələlər, istiqamətlər, problemlər" (Bakı, "Elm və təhsil", 2015) monoqrafiyamda müəlliflik məsələsini yenidən gündəmə gətirmiş və romanın gerçək müəllifinin kimliyilə bağlı arqumentlər ortaya qoymuş, Məhəmməd Əsəd bəyə aid olması ilə bağlı təkzibedilməz faktlara əsaslanmışam. İndi budur, N.Əbdülrəhmanlı öz romanında yenidən "Əli və Nino" gizlinlərini gündəmə gətirir. Məsələ burasındadır ki, mən romanla hələ ötən əsrin 80-ci illərində Ədəbiyyat və İncəsənət arxivində çalışarkən tanış olmuşdum. Bu zaman əldə etdiyim faktlar tədqiqat apardığım zaman mənim köməyimə gəldi və hələlik ədəbiyyatşünaslığımızda romanın kimə məxsus olması ilə bağlı son elmi nəticədir. Bu günlərdə isə Almaniyada yaşayıb yaradan yazıçı, tədqiqatçı Orhan Arasın "Qurban Səidin ədəbi şəxsiyyəti və publisistikası" adlı dissertasiyası ortaya çıxmışdır. Bu tədqiqat işi Qurban Səid imzasına və onun publisistikasına həsr edilmiş sonuncu araşdırmalardandır. Məsələ burasındadır ki, Orhan Arasın alman dilini bilməsi və Almaniya arxivlərində araşdırmalar aparması bəlkə də bu istiqamətdə tədqiqatlara bir yekun olacaq. Çoxdandır dilimizlə yanaşı alman dilini də eyni dərəcədə bilən bir araşdırıcını səbirsizliklə gözləyirdim. Mənə elə gəlir ki, Orhan Aras bu istiqamətdə çox böyük işlər görə bilər. Bu günlərdə gerçəkləşən dissertasiyanın opponenti olaraq deyə bilərəm ki, şəxsən bir tədqiqatçı kimi, mənə aydın olan bu gizlinlərin aydınlığa çıxması üçün əlahəzrət əlyazmanın da bir gün tapılacağına heç bir şübhəm yoxdur...

N.Əbdülrəhmanlı da problemlə çoxdan maraqlanır; 90-cı illərdə məndən sonra bir müddət Ədəbiyyat və İncəsənət arxivində eyni şöbənin müdiri olub, arxivlə işləməyi və sənədlərin "dili"ni çox yaxşı bilir (elə sonuncu romanında da bunu aydın görmək olur). Üstəlik "Əli və Nino" ilə bağlı ssenari yazmış, bir zamanlar film çəkmək fikrinə düşmüşdü. Fikrimcə, yazıçı kimi onun çap olunan hekayə, povest və romanları son iyirmi ilin ən böyük ədəbi hadisələrindəndir, tədqiqatçı kimi də onun çoxlu araşdırmaları, məqalələri var; bu tədqiqatlarda onun faktlardan kifayət qədər yerində istifadə etdiyinin şahidi olmuşam. Ona görə də N.Əbdülrəhmanlının "Qurban. Yüzilin "Əli və Nino" əfsanəsi" roman-xronikası məndə olduqca maraq doğururdu. Lakin ən böyük maraq yazıçının mövzunun bədii həllinə necə nail olması, problemin bədii, elmi araşdırma komponentlərini necə birləşdirəcəyindən ibarət idi. Deyim ki, N.Əbdülrəhmanlının tədqiqatçılığı ilə yazıçılığı roman-xronikanın uğurlu çıxmasına imkan yaratmış, hər iki yazıçının (Y.V.Çəmənzəminli və M.Əsəd bəy) gizlinlərinə böyük ölçüdə aydınlıq gətirmişdir.

Yazıçı son dərəcə mürəkkəb və ziddiyyətli problemi iki müstəvidə araşdırmaqla həm "Əli və Nino" romanının gizlinlərini ortaya çıxarmaq, həm də romanın müəllifliyinə iddialı olan Y.V.Çəmənzəminli, M.Əsəd bəyin sirli, zəngin, intriqalı, keşməkeşli, nəhayət faciəli həyat yollarını paralel olaraq bədii təhlilə cəlb etməyi qarşısına məqsəd qoyur (əslində əsərin alt qatında yalnız bu iki şəxsiyyətin yox, Cümhuriyyətin, eləcə də Cümhuriyyət və repressiya dönəmində yaşayan bir çox insanların acı taleyi izlənilir). Yaxşıdır ki, yazıçı romanın müəllifliyi məsələsinə çox az yer ayırır; romanı bu informasiyanın əsasında qurmur, bütün hadisələri onun üzərinə gətirmir, yalnız yeri gəldikcə, tendensiyasız (bir neçə fəsil istisna olmaqla!) ona işarələr vurur. Bu mənada romanın adı oxucunu bir qədər aldadır; oxucu düşünür ki, müəllif romanı başdan-başa əsərin müəllifliyinə həsr edəcək. Elə romanla bağlı informasiyalarda da bu tezis qabardılır. Əslində isə romanda müəlliflik məsələsi çox doğru olaraq zəif bir xətt olaraq verilir. Elə buna görə də bu mövzuda müəllifə opponentlik etməyəcəm. Olsun ki, "Əli və Nino"nun dünya çapında məşhurluğundan istifadə edən yazıçı bununla öz romanının reklamını qurmaq istəyir, halbuki, fikrimizcə, buna yazıçının qətiyyən ehtiyacı yox idi.

N.Əbdülrəhmanlı bu romanına qədər də bədii yaradıcılığında həm bədii təxəyyüldən, həm də sənədlilik və zəngin arxiv materiallarından istifadə edərək tarixi roman yazan müəlliflərimizdən biridir. Yazıçının 2006-cı ildə yazdığı "Könül elçisi, yaxud Don Xuan de Persia-Oruc bəy Bayatın hekayəti" romanı bunu deməyə əsas verir; hərçənd bu düşüncədəyik ki, son dərəcə orijinal üslubda yazılan bu möhtəşəm roman hələ də ədəbi tənqid və ədəbiyyatşünaslıq tərəfindən özünün həqiqi qiymətini almayıb.

N.Əbdülrəhmanlı romanın süjet xəttində iki yazıçının Y.V.Çəmənzəminli və Məhəmməd Əsəd bəyin zəngin tərcümeyi-hal materiallarından, sənədlərdən geniş istifadə edib. Doğrudur, yazıçı buraya Lev Nissimbaum və daha onlarla görkəmli insanların taleyini də əlavə edir, ancaq bütün bunlar süjet xəttində o qədər də geniş yer tutmur. Görünür, üçüncü şəxsiyyət kimi ortaya çıxan Lev Nissimbaumla bağlı kifayət qədər sənədlər olmadığından onun haqqında süjet xətti müəyyən bir yerə qədər davam edir, ondan sonra isə kəsilir. Bununla belə, N.Əbdülrəhmanlı mürəkkəb, ziddiyyətli hadisə və faktlarla zəngin olan bu iki şəxsiyyətin həyatını təsvir etmək üçün orijinal yolla gedir; hər iki yazıçının həyatını bir-birindən xəbərsiz eyni faciəli taleyə doğru yol getdiyini təsvir edir.

N.Əbdülrəhmanlının bu romanını yeni model üzərində qurur; bu struktur bir qədər "Könül elçisi" romanına da bənzəyir, ancaq orada yalnız Oruc bəy Bayatın taleyi əks etdirilirsə, burada paralel olaraq Y.V.Çəmənzəminli, M.Əsəd bəy, "Əli və Nino" romanının, eləcə də Cümhuriyyət və cümhuriyyətçilərin taleyi önə çəkilir. Bəri başdan deyim ki, roman bu cəhətdən çox nadir informasiyalarla yüklüdür, hətta deyərdim ki, Cümhuriyyətin Qurban obrazının yaradılmasına doğru gedir. Bütün bunları yazıçı özünəməxsus nadir təhkiyə quruluşunun hesabına edir; təhkiyənin tarixilik və müasirlik konteksti zəngin hadisə və informasiyaların çatdırılmasına imkan yaradır. Bu təhkiyə yazıçıya onlarla insan taleyini, sovet rejiminin insanları repressiyaya məruz qoymasını bütün gerçəkliklərilə təsvir etməyə imkan verir. Uzun illərin gərgin axtarışlarının məhsulu olan romanın 37 fəsildə verilməsi, eləcə də mətnin hər fəsildə paralel olaraq gah Y.V.Çəmənzəminli, gah da M.Əsəd bəyin üzərində gəzişmələri onun oxunuşunu asanlaşdırdığı kimi, hadisələrin də götürülmüş xətt üzrə davam etməsini şərtləndirir. Hər fəslin əvvəlində müəyyən qeydlərin verilməsi hadisələrin məcrasını göstərməklə yanaşı, romanın süjet xəttini da müəyyənləşdirmiş olur.

N.Əbdülrəhmanlı romanda 30-40 ilin tarixi hadisələrini, şəxsiyyətlərini milli istiqlal düşüncəsi fonunda əhatə etməyə çalışır; Y.Vəzirin, demək olar ki, hər addımını izləyir, onun və ətrafında olan insanların (Mirhəsən Vəzirov, Haşım bəy Vəzirov, Ə.Ağaoğlu, Ə.Hüseynzadə, C.Hacıbəyli, N.Yusifbəyli, Qəzənfər Musabəyov, Nəriman Nərimanov, Mir Abdulla, Hilal Münşi, İbad Əliyev, Elfride Ehrenfels, Cümhuriyyətin xaricə oxumağa göndərdiyi tələbələr, eləcə də, əsrin əvvəllərindən 40-cı illərə qədərki baş vermiş hadisələr və s. ) zərgər dəqiqliyilə bir-birilə əlaqələndirilir və bağlanır. Yazıçı yalnız arxiv sənədlərində, mətbuatda, xatirələrdə donuq, səpələnmiş vəziyyətdə qalan faktları konstatasiya etmir, xronoloji hadisələrdən özü yeni bir tarix yazmağa müvəffəq olur. Dövrün lokal və qlobal tarixi hadisələrini bir-birinə asanlıqla bağlayır. Bu cəhətdən roman demək olar ki, dövrün epoxal tarixi hadisələrini tam əhatə edir. Özünün də qəlbən inandığı bu tarixə oxucunu çox asanlıqla inandırır. Bəzən tarixi hadisələri yığcam şəkildə çatdırırdı: "Bunun ardınca Osmanlı ordusu buraxılmış, tuthatut başlamış, ittihadçılar üzərində məhkəmə qurulmuş, yüksək rütbəli şəxslər Maltaya sürgün olunmuşdular. Yalnız Sultanın şəxsi mühafizləri olan yeddi yüz nəfərlik dəstə qalmışdı. Yunanlar Ayasoyanın qübbəsinə zəng taxmaq fikrinə düşəndə Vəhidəddin xan həmin dəstəni onlara qarşı göndərmişdi. Parisdə keçirilən Sülh konfransında İngiltərə və Fransa Osmanlı torpaqlarını özlərinə sərfəli şəkildə bölüşdürməyə çalışırdılar. Bu vaxt yaranacaq erməni, kürd, ərəb, Mesopotpmiya, Suriya və Hicaz dövlətləri problemi ortaya çıxmışdı" (səh.30).

V.Vəzirin Kiyevdə konsulluq, İstanbulda səfirliyi dönəmi, mühacirət illəri, vətənə dönüşü, repressiyası və s. tarixi hadisələrlə şəxsi talenin fonunda əks etdirilir. Yazıçı əldə etdiyi arxiv sənədlərindən son dərəcə yerində və məharətlə istifadə edərək hadisələrin təsvirində sənədliliyi qoruyub saxlayır, lakin bunu qətiyyən bədiiliyin zəifləməsi hesabına etmir. Romanda yüzlərlə şəxsiyyətin, onlarla tarixi hadisənin təsviri belə romanın strukturuna xələl gətirmir, bəlkə də yazıçı ideyasının açılmasına xidmət edir. Ə.Ağaoğlunun Nuru paşanın siyasi müşaviri olması, Qafqaz İslam Ordusu Azərbaycandan çıxarkən Milli Hökumət başçılarının onu dilə tutmalarına rəğmən İstanbula qayıtması, Maltaya sürgün olunanda səlahiyyətlərinə daxil olmasa da, xariciyyə vəkili Əhməd Fərid bəyin hüzuruna gedib onun həbsinə etiraz etməsi, keçmiş tələbə yoldaşı Qəzənfər Musabəyovun bolşeviklərə qoşulması və s. onlarla hadisələr sənədlərə, xatirələrə, gündəliklərə əsasən verilir. Bəzən yazıçı hər hansı bir məqalədən, qəzet materialından və sənədlərdən passajlar da verməyi lazım bilir. Bu passajlarla yazıçı tarixi romanın əsas məziyyətlərindən olan tarixiliklə bədii təxəyyülün sintezini yaratmış olur. Yazıçı Y.Vəzirin Cümhuriyyətin süqutundan sonrakı həyatını da tarixi gerçəkliklərə dayanaraq təsvir edir. Cümhuriyyətin süqutundan sonra bir müddət qeyri-müəyyən vəziyyətdə qlan Y.Vəzir yeni hökumətlə əlaqə qurmağa çalışır. Hətta ərizə yazıb Batum konsulluğuna göndərir, yeni hökumətdə təmsil olunan Behbud bəy Cavanşirlə görüşərək ondan kömək istəyir. Behbud bəy ona maddi yardım etməklə yanaşı, Bakı ilə əlaqəyə girib ona yeni hökumətdə işlə bağlı Kirova müraciət edir. Lakin Behbud bəyin İstanbulda erməni terrorçusu Torlakyan tərəfindən öldürülməsi ilə işlər yarımçıq qalır. Ümumiyyətlə, yazıçı roman boyu Y.Vəzirin taleyindəki uğursuluqları tale işi olaraq təsvir edir. Aydındır ki, Y.Vəzir yeni hökumətlə işləmək istəmişdir, bunun üçün yeni hökumətə müraciət də etmişdi. N.Əbdülrəhmanlı getdikcə Y.Vəzirin cümhuriyyətçilərdən ayrılmasını daha çox onun maddi durumu və vətənə qayıtmaq düşüncəsilə bağlayır: "Vətənə qayıtmaq gözəl duyğuydu,-Yusif Vəzir də gəlib onunla üzbəüz oturdu, beynindən "Vətən düşmənlərin əlində olsa belə" sözlərini keçirdi" (s.171). Tələbə qardaşı Mir Abdullanın maddi və sağlıq durumunun yaxşı olmaması da olsun ki, onun müəyyən qərarlar verməsinə təsir göstərirdi. Onun Fransaya getməsi, Ceyhun Hacıbəyli ilə görüşməsi, səfirliyə maddi yardım edilməməsilə bağlı narazılıqlar etməsi və s. Y.Vəzirin düşdüyü durumdan irəli gəlirdi. Onun Parisdə M.Ə.Rəsulzadə ilə görüşməsi də Y.Vəzirlə Cümhuriyyətçilər arasında uçurumun yarandığından xəbər verirdi. Y.Vəzirin M.Ə.Rəsulzadə ilə görüşü sanki onun gələcək taleyini həll edir. Y.Vəzir M.Ə.Rəsulzadənin bu görüşdən məmnun olmadığını sezir və bunu Xəlil bəy Xasməmmədovun olub-keçənləri ondan əvvəl çatdırması ilə bağlayır. Görünürdü ki, M.Rəsulzadənin hər şeydən xəbəri vardı, Hilal Münşizadə də olub keçənlərlə bağlı məlumat vermişdi. Ona görə də M.Rəsulzadə ilə Y.Vəzir arasında keçən görüşü yazıçı çox qısa olaraq belə təsvir edir: "Xəlil bəy hökumət üzvü kimi bizə yardım eləmədi"."-Fikrimcə, Xəli bəyə qarşı düşüncənizdə haqlı deyilsiniz,-Məmməd Əmin bəy nəzakətlə dilləndi.-Unutmayın ki, o firqəmizin rüknüdü".

Nəzərdə tutmadığı sözlər ağzından qəfil çıxdı:
"Belə olan halda, mən rüknü Xəlil bəy Xasməmmədov olan firqədə qalmaq istəmirəm".
Məmməd Əmin bəy təəssüflə onu süzüb, elə bil, söhbətə xitam verdi:
"Qərar verməkdə sərbəstsiniz. Sıralarımız seyrəlsə də, mücadiləmiz davam edəcək" (223).

Yazıçı Y.Vəzirin mücadilədən qopmasının nədənləri kimi bəzən Xəlil bəy Xasməmmədovu, bəzən onun mövcud durumunu, bəzən isə vətən həsrətini göstərir və sanki Y.Vəzirin bu qərarlarına bəraət qazandırır. Halbuki Y.Vəzirin səfir kimi fəaliyyəti, dərhal bolşevik hökumətinə müraciət etməsi, eləcə də İstanbulda yerli hökumətlə münasibətlərinin (bu barədə Səməd Ağaoğlunun "Atamın dostları" kitabında müəyyən məqamlar vardır) üzərindən sükutla keçməsi müəllif mövqeyini ortaya çıxarır. Qardaşı Mir Abdullanının vaxtsız ölümü ilə Y.Vəziri mühacirətdə saxlamağa elə bir səbəb qalmır. O, vətənə qayıtmaq üçün yollar axtarır. M.Ə.Rəsulzadənin Xəlil bəyi "müsavatın rükünü" hesab etməsi, "İstanbulda çəkdikləri", Əlimərdan bəyin ona yardım etməməsi və s. Y.Vəziri vətənə qaytaran səbəblər kimi göstərilir. O, vətəninə qayıtmaq, xalqına xeyir vermək barədə düşünürdü. Y.Vəzirin "Fransadan məktublar"ı Qəzənfər Musabəyovun vasitəsilə onun geriyə, Bakıya gətirib çıxarır. Y.Vəzirlə müsavatçılar arasındakı münaqişə onun vətənə qayıdışını bir qədər də sürətləndirir. "Kommunist" qəzetində dərc olunmuş "Müsavatçı"nın şərəfsiz aqibəti" məqaləsində isə başqa cür fikirləşirdilər: "...aradan keçən iki il yarım müddət (bolşeviklərin gəlişindən sonrakı müddət nəzərdə tutulur-B.Ə.) ondan ötrü tərəddüd dövrü imiş, həmin müddətdə Müsavat firqəsindən çıxıb-çıxmamaq haqqında düşünürmüş, Rəsulzadənin məktubunu alandan sonra qəti qərara gəlib; deməli, səfir olduğu vaxt siyasətində sərbəstlik göstərirmiş, Azərbaycan hökuməti onun işdən çıxarılması barədə qərar verdiyi halda buna əməl eləyib vəzifəsində qalıbmış" (s. 291-292).

Bundan sonra onun taleyi daha çox öz əlində deyil, rejimin əlində olur. Vətəndəki ilk illəri uğurlu olursa, sonrakı həyatında yenə də tale əsas rol oynayır; işsizlik, təqib, ideoloji günahlandırmalar, nəhayət repressiya Y.Vəzirin taleyini həll edir. Yazıçı Y.Vəzirin 30-cu illər həyatını təsvir edərkən dövrün qəzet və arxiv materiallarındakı faktlardan istifadə edir ki, bu da romanın xronikallığını daha da artırır. Bəzən yazıçının dövrün qəzetlərindən onun əsərləri və şəxsiyyəti barədə verdiyi çıxarışlar romanın ideyasının açılmasına xidmət edir. Onun ən çətin vaxtında belə Abdulla Şaiq yanında olur, ağıllı məsləhətlərilə ona yol göstərir.

Romanın bu hissəsini xüsusi qiymətləndirmək lazımdır; indiyədək bədii nəsrimizin bir neçə nümunəsində repressiya mövzusu işlənilmişdir. Y.Səmədoğlunun "Qətl günü", Elçinin "Ölüm hökmü" və s. romanlarından sonra repressiyaya qayıtmaq yazıçıdan yeni yanaşma tələb edirdi. Deməliyik ki, hər iki romanda repressiya sunamisinə sırf bədii cəhətdən yanaşılmışsa da, N.Əbdülrəhmanlının "Qurban. Yüz ilin "Əli və Nino" əfsanəsi" romanında xronikallılığa, sənədliliyə meyil repressiyanın anatomiyasını açmağa, bədii təsvirinə imkan vermişdir. Yazıçı burada repressiyaya 30 il əvvəl yanaşıldığı kimi, kimlərisə günahlandırmır və günahkar axtarmır, dövrün, mühitin xarakterini yaradır və mahiyyətini, fəlsəfəsini açmağa nail olur. N.Əbdülrəhmanlı burada həm faktları, qəzet və arxiv materiallarını, həm də xalq arasında gəzən söhbətləri bədii materiala çevirməyi bacarır: "Danışırdılar, Qəzənfər Musabəyova o qədər işgəncə vermişdilər ki, hər dəfə qapı döyüləndə binəva qaçıb çarpayının altına girir, qorxusundan tir-tir əsirmiş. Yejovun adamları Xalq Komissarları sovetinin sədri Hüseyn Rəhmanova belə rəhm eləməmişdilər. Deyilənə görə Mir Cəfər Bağırov onun həbsinə mane olmaq istəyibmiş, istintaq qrupu Moskvaya şikayət eləyib, nəticədə "respublikanın ağası"nın siyasi keçmişini araşdırmaq, özünü həbsə atmaq fikirləri də varmış, hətta on gün ev dustaqlığında da qalıbmış, güman ki, bu təhlükə köhnə dostu Beriyanın köməyilə sovuşub" (s. 505-506).

Romanda 30-cu illər hadisələrini təsvir edərkən yazıçı ən incə detalları belə nəzərdən qaçırmır, o dövrdə güllələnən, həbs edilən insanların adı çəkilir. Lakin burada bir məsələni qeyd etmək yerinə düşər ki, yazıçı bəzən hadisələrə bu günün prizmasından baxır, bu həbsləri, gülələnmələri təhlil edir ki, bu zaman dövr, mühit nəzərə alınmır: "...sentyabrın 28-də Mədinə xanım Qiyasbəyli haqqında ölüm hökmü çıxarıldı, elə həmin gecə də yerinə yetirildi; oktyabrın səkkizində Kiçikxanımın qonşusu Salman Mümtaz evindən aparıldı; oktyabrın onunda Ömər Faiq Nemanzadənin güllələnməsi barədə xəbər yayıldı..." (s. 505). Əlbəttə, bu cür passajları çağdaş dövrdə sənədlərə görə etmək mümkündür, ancaq filankəsin ölüm xəbərinin yayılması ilə bağlı xəbərlərin yayılması ilə razılaşmaq olmaz, ona görə ki, bu güllələnmələrin heç birindən aylarla, illərlə cəmiyyətin xəbəri olmurdu, ailə üzvlərinə belə xəbər verilmirdi.

Əvvəldə də qeyd etdiyim kimi, romanda bir neçə insanların taleyi göstərilir, bəzən roman içində romandan da istifadə olunur. Bu cəhətdən "Qurban. Yüzilin "Əli və Nino" əfsanəsi" romanı ən azı iki romandan ibarətdir. Yazıçı Y.Vəzirlə yanaşı "Əli və Nino"ya iddialı olan Məhəmməd Əsəd bəyin taleyini də qələmə alır. Deməliyəm ki, onların həyatı, fəaliyyəti, çəkdikləri əzab və nəhayət son aqibəti bir-birinə yaxındır. Onları birləşdirən yalnız tale yaxınlığı deyil, həm də Qurban Səid adı ilə dərc edilən "Əli və Nino" romanıdır. Onların heç biri taleyindən qaça bilmir; Y.Vəzir Qorki vilayətində sürgündə olarkən, M.Əsəd bəy isə İtaliyanın Positano şəhərində acınacaqlı vəziyyətdə can verir.

N.Əbdülrəhmanlı romanda retrospeksiya yolu ilə M.Əsəd bəyin uşaqlığından tutmuş son gününəcən taleyini təsirli şəkildə qələmə alır. Bununla bağlı yazıçının öz əsərlərindəki fantastik, inanılmaz təcümeyi-hal materiallarından, eləcə də onun keçmişi, milliyyəti, dini inancı ilə bağlı ziddiyyətli informasiyalardan istifadə edir. Bu yalnız M.Əsəd bəyin özünün ömürlülüyünün ziddiyyətliliyindən, bir-birini təkzib edən informasiyalardan irəli gəlmir, həm də bu fenomen yazıçı haqqında özündən sonra onun haqqında yazılan siyasi, məqsədli yazılardan irəli gəlirdi. N.Əbdülrəhmanlı da, demək olar ki, bu yazılanlara əsaslanaraq onun faciəli taleyini qələmə alaraq natural roman qəhrəmanının taleyini izləyir; onun Kiyev, Tiflis, Bakı, Qızılsu, Buxara, Ənzəli, İstanbul, Port-Səid, Məkkə, Mədinə, Praqa, Vyana, Paris, Berlin, Positano həyatını reallığa uyğun olaraq göstərir. M.Əsəd bəyin çox tezliklə Berlində yazdığı "Azərbaycan cümhuriyyəti", "Şərqdə neft və qan" əsərlərində siyasi romantika ilə gündəmə gəldiyini və cəmiyyətin diqqətini Qafqaz hadisələrinə yönəltməsi onu ədəbi mühitdə tanıtdırır. Belə bir vaxtda onun haqqında ədəbi mühitdə gedən söhbətlərin ziddiyyətliliyi onun keçmişinə və ədəbi istedadına şübhələri artırır. Çox az bir vaxtda ən məşhur publisistə çevrilən və "Ədəbiyyat dünyası" qəzetinin ən məşhur köşə yazarı olan M.Əsəd bəy haqqında "Kiyev yəhudisi", "ədəbi fırıldaqçı", "ədəbi dələduz", "müsəlman maskası altında gizlənən yəhudi" olması ilə bağlı söhbətlər ortaya çıxır. Bütün bunlar M.Əsəd bəyin şəxsi həyatı, ailə dramları fonunda baş verir. Burada Hilal Münşi ilə olan konfliktlərini də əlavə etmək gərəkir. Sanki yazıçının özü də onun haqqında yazılanlara qoşulur, onun yazıçılığına şübhə ilə yanaşmağa başlayır, kitablarının ünvanına deyilən "uydurma", "cəfəngiyyat", "pornoqrafik təsvir", "təhlükəli mənbə" kimi kəskin, məqsədli deyilmiş ifadələrə şərik çıxır. Halbuki təsvir etdiyi hadisəni bədii təxəyyülün gücü ilə son dərəcə sehrli, nağıl şəklində təsvir etmək M.Əsəd bəyin özünəməxsus üslubu idi. Məhz bu üslubuna, tarixi hadisələri və şəxsiyyətləri qeyri-adi təsvirlərinə görə o Berlində qafqazşünas kimi tanınmışdı. Tezliklə onun II Nikolay, Stalin, Məhəmməd peyğəmbər haqda kitabları da dərc olundu, İbn Səid, Ənvər Paşa, Böyük Pyotr, Mussoloni və başqaları ilə bağlı siyasi roman yazmaq haqqında düşünür. N.Əbdülrəhmanlının romanında M.Əsəd bəy-Erika münasibətlərinə də xeyli yer verilir, onların ailəlik həyatının tez başa çatmasında yazıçının xarakterinin mürəkkəbliyinə də işarələr vurulur. Bu qədər şəxsi problemlərin içərisindən cəmi bir neçə il ərzində M.Əsəd bəyin 15-ə qədər əsər yazmasının şübhə ilə qarşılanır, ədəbi mühitdə onun "Şərq məsələləri üzrə ekspert" qismində tanıtması müəllifsiz əlyazmaların ona verilməsinə gətirib çıxarır. Romanda M.Əsəd bəyin həyatı kimi son günləri də çox ziddiyyətli təsvir edilir: "Yasa gələnlər mərhumun Quran oxuya-oxuya bu dünyayla vidalaşdığından danışırdılar. görünür, şayiəni Əhməd Cəmil qəsdən yaymışdı, belə məsləhət idi...

Qəbristanlıqdan Tirren dənizinə şahanə mənzərə açılırdı...

Qəbrini, Əhməd Cəmilin tapşırığıyla üzü Kəbəyə doğru qazmışdılar, amma qəbir yeri qəbiristanlığın hasarından kənardaydı, çünki müsəlmanlığı qəbul elədiyinə, həm də özünü amerikalı təqdim eləyən yəhudi olduğuna görə "ari ölülərdən" sayılmırdı..."

N.Əbdülrəhmanlı roman boyu hər iki yazıçının taleyini ən xırda detalına qədər təsvir etməyə nail olur; lakin yazıçı sanki bu talelərə eyni cür, bərabər səviyyədə yanaşmır, bir çox təsvirlərdə, yanaşmalarda "doğmalıq-yadlıq" kriteriyası önə keçir, onların "Əli və Nino" romanının müəllifliyinə ortaqlığı bir-birindən həm də ayırır. Əgər Y.Vəzirə və onun taleyinə müəllifin münasibətində bir yaxınlıq, doğmalıq hiss olunursa, M.Əsəd bəyin taleyinin göstərilməsində ironiya qarışıq təsvirlər yer alır. Görünür ki, yazıçıya "Əli və Nino" romanının müəllifliyilə bağlı yazılan tədqiqatların da təsiri az olmayıb. Halbuki ayrılıqda götürdükdə M.Əsəd bəyin taleyi də romanın aparıcı qollarından birini təşkil edir və mənim fikrimcə, Azərbaycan mühacirət ədəbiyyatının ən görkəmli nümayəndəsi (lap "Əli və Nino" və "İstanbullu qız"sız təsəvvür etsək belə!) M.Əsəd bəyə, onun şəxsiyyətinə, yaradıcılığına münasibətimizi dəyişməliyik. Romanın süjet xəttində Y.Vəzirin yazıçı, M.Əsəd bəyin missioner olaraq təsvir edilməsi də fikrimcə məhz bu yanaşmadan irəli gəlir. Təsadüfi deyil ki, N.Əbdülrəhmanlı romanın sonuncu fəsillərini də məhz bu cür adlandırmışdır: "Müəllifin ölümü" fəslində yazıçı Y.Vəzirin, "Missionerin ölümü" fəslində isə M.Əsəd bəyin ölümü təsvir olunub. Bu fəsillər həm də N.Əbdülrəhmanlının hər iki yazıçı haqqında son qənaətləri kimi təqdim edilir. Son dərəcə düşündürücü sonluqdur...

Bədirxan Əhmədli,
filologiya üzrə elmlər doktoru, professor


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2023    »
 12345
6789101112
13141516171819
20212223242526
2728