manera.az
manera.az

Min illərin Şahin Fazili - Ramiz Qusarçaylı yazır..

📅 28.03.2025 19:28

Min illərin Şahin Fazili - Ramiz Qusarçaylı yazır..
Bu il Azərbaycanın görkəmli alimi və şairi, tarix elmləri doktoru, professor, şərqşünas və tərcüməçi Şahin Fazilin 85 illik yubiley ilidir.

MANERA.AZ bu münasibətilə Ramiz Qusarçaylının Şahin Fazilə həsr etdiyi "Min illərin Şahin Fazili" adlı məqaləsini təqdim edir.

Min illərin o üzündən süzülüb gələn İşıq şair... İşıq alim... İşıq İNSAN!.. Qısası Min illərin Şahin Fazili!..

Təməli böyük mütəfəkkir Abasqula ağa Bakıxanov tərəfindən 1835-ci ildə “Gülüstan” ədəbi məclisi ilə qoyulan, - “Ay işığı “, “Ulduzlar”, “Şabran” və “Gülüstan” ədəbi məclisləri ilə daha da inkişaf edən bir bölgənin, eləcə də bütöv Azərbaycanımızın ən işıqlı yaradıcı simalarından biri olan Şahin Fazil!

“Divanlar Xəmsə“sinin müəllifi adını qazanaraq beş Divan bağlayan, qırxa yaxın şeir, tərcünə və elmi kitabın, onlarla tarixi araşdırmanın, elmi əsərin, monoqrafiyanın,bir çox bənzərsiz mahnı mətnlərinin müəllifi olan Şahin Fazil!

Yeddi cildlik “Azərbaycan tarixi” kitabının müəlliflərindən biri olan Şahin Fazil!

Dünya xalqlarının dillərində mövcud olan ilkin mənbə və tədqiqatlar əsasında yazılan “Azərbaycan və Osmanlı imperiyası XV- XVI əsrlərdə“ adlı kitabın müəllifi olan Şahin Fazil!

İskəndər bəy Münşinin, Həsən bəy Rumlunun, Jozef Tiflisinin və Yan Tadeuş Kruşinskinin əsərlərinin müxtəlif dillərdən Azərbaycan dilinə tərcümə edən Şahin Fazil!

IV əsrdən müasir dövrədək Qubada baş verən etno-siyasi, tarixi, idealoji, diplomatik hadisələri, ədəbi-bədii və mədəni prosesləri xronoloji ardıcıllıqla özündə əks etdirən “Quba tarixi” kitabının müəllifi Şahin Fazil!

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnistutunun “Məbəəşünaslıq və tarixşünaslıq şöbəsinin müdiri, tarix elmlər doktoru, professor Şahin Fazil!
“ Məcməüş-şüara” ədəbi məclisinin sədri , “Ay işığı” ədəbi məclisinin ən yaxın dostlarından biri Şahin Fazil!

Gözəl ziyalı, ləyaqətli ağsaqqal, etibarlı dost, böyük qubalı, bütöv Azərbaycanlı Şahin Fazil!

Min illərin Şahin Fazili!

Mən “Min illərin Şahin Fazili” ifadəsini işlətməklə düşünürəm ki, Şahin Fazil haqqında heç də ifrat mübaliğəyə yol vermirəm. Zənn edirəm ki, başqa qələm əhli haqqında öz səmimi və layiqli ürək sözlərimi yazıb onu “Min illərin şairi“ hesab edən dəyərli hər şairin özü də elə min illərin şairi adlana bilər.

Şahin Fazil mənə ithaf etdiyi “Sözləri ecazdı Qusarçaylının” kitabını, xüsusilə kitabın “Ön söz”ünü yazmaqla məni bir daha Vətən oxucularına tanıtdırdı, eləcə məni mənim özümə də tanıtdırdı və mən təzədən öz qiymətimi anladım sanki. Diqqət yetirin, barəmdə şeir diliylə nə deyir və necə deyir Şahin
Fazil:

“Bu kiçik kitabımın balaca məqaləsi. Qubada yazdım bunu. Vəsf etdim Vətənimin adı Ramiz qoyulan Qusarçaylı oğlunu.

Ramizin şeirləri!.. Şeirlərin Ramizi!.. Bir kitaba sığmayan, beş kitaba sığmayan bəndlərin, misraların, sətrlərin Ramizi”.

Misal gətirdiyim bu misralar nəsr cümlələridirmi? Xeyir! Bunlar və sonradakılar da nəsr cümlələri yox, şairin şeirlə ifadə etdiyi yeni bir şeir nümunəsi deyilmi? “Ön söz“də sözünü davam edir:

“Mən həmin yazılara, mən həmin sətirlərə qayıtdım yalavac tək, üz çevirdim ac kimi, yön tutdum dönə-dönə, yazdım özümə məxsus neçə- neçə şeirimi... Yazdım bu mərd şairin, bəzən mülayim olan, bəzən də sərt şairin, bəzən çiçəyə vurğun, bəzən arıya məftun, bəzən quşla danışan, bəzən daşla danışan, bəzən Təbrizdən yazan, bəzən Dərbənddən yazan, bəzən əcəmdən yazan, bəzən ərəbdən yazan, Füzulini yad edib, Nəsimini düşünüb Bağdad-Hələbdən yazan, bəzən dağda-dərədə, bəzən bağda dolaşan, çeşmə tək aşıb-daşan, bəzən Qudyal çayının şırıltısından yazan, bəzən ildırımların gurultusundan yazan, çaxnaşan şimşəklərin parıltısından yazan bir səmimi şairin, bir vətəndaş şairin, qəlbi yanar şairin, Qubasevər şairin şeirlərindən coşub, sözlərinə söz qoşub, gah “nəzirə adlanan, gah “bənzətmə” deyilən, ”gah ”oxşatma” söylənən xəlqi şeirlərimi, milli şeirlərimi”.

İndiyəcən bu tərzdə, bu üslubda n söz” yazan görmüsünüzmü? Şeirlə yazılan məqalə! Şahin kitabın annotasiyasının sonunda elə özü də belə deyir:

”Kitabın əvvəlində gedən məqalə nəsr şəklində gözə dəyirsə də, elə bir şeirdir ki, belə məqalə forması məhz Şahin Fazilə məxsusdur”.

Budur şair qiyməti, şair səmimiyyəti, şair haqqında söz deyən şair səlahiyyəti! Mən bu sözləri yazarkən, deyəsən elə Şahinə məxsus ifadə cazibəsinə, ifadə təsirinə və ifadə sehrinə düşdüm. Şahin yenə yazır:

“Ey Ramiz Qusarçaylı, kitabların önümdə cild-cild, qalın-qalındı, bu kiçik məqaləni yazdım mənsur olmadı, nəsə mənzum alındı, nəsr ola ya nəzm ola, mənim gözümdə birdir, şablon məqalə yazmaq qələmimə yaraşmır, hamıya bəlli olsun: Şeirim məqalə deyil , məqaləmsə şeirdir”.

Ey qədirbilən oxucu! Elə mən özüm də şair dostum haqqında qələmə aldığım bu məqaləmi şablon tərzdə yazmağa çalışacağam. Alınacaqmı?

Şair Fazil ilk şeirini Qubada oxuduğu 3 saylı məktəbin divar qəzeti üçün yazıb.1952-ci ildə yazıb. Özü də rus yazıçısı N.V. Qoqolun vəfatının 100 illiyi münasibətilə yazıb. Cəmi dörd sətirlik ilk bədii qələm təcrübəsi.

Şahin Fazilin ilk mətbu şeiri isə 1958-ci ildə qələmə aldığı, elə özünün sonralar bir bayatısında dediyi kimi:

Ürəyimdə köz qalıb,
Dodağımda söz qalıb,
Qızlar qadınlaşdılar,
Qızbənövşə qız qalıb.


“Qızbənövşə” adlanan cazibədar bir meşə məkanına həsr etdiyi və “Qızıl Quba” qəzetində dərc olunan kiçik bir şeirdir.

Şahinn Azərbaycan Dövlət Unversitetinin Şərqşünaslıq fakultəsinin Fars dili şöbəsinə qəbul olunduğu 1959-cu il. Tələbəlik həyatı. Özündən 4-5 yaş cavan olan Abasəli Sarovlu, Əlibala Hacızadə, Əliyar Səfərli, Əli Abbasov (hamısının adında Əli var ki,) kimi şəqşünaslarla dostluğu. Dostluğu və onların təsiri ilə fars ədəbiyyatına məftunluğu.

Sonralar Əfqanıstan həyatı. 5-ci kursda oxuduğu fakultədən birdən- birə göndərildiyi yad ölkədəki tərcüməçilik fəaliyyətinin başlanğıcı.1963-cü il. Onun ilk qürbəti olan və bu tarixdən başlayaraq fasilələrlə 13 il davam edən (1988-ci ilədək) Əfqanıstan həyatı. Şahin sonralar özünün “Beşinci Divan”kitabında yazmışdır:

“Vətənimə sonsuz məhəbbətim var. Çox-çox illər qürbət ellərdə (Əfqanıstan, İran, Türkiyə, Yaponiya, sabiq Sovetlər İttifaqının bir neçə respublikası və s. yaşasam da, vətənim mənə hər yerdən əziz olub:

Hərdən Vətən dərdi çəkmək qürbətdə
Mənə taleyimin göstərişidir.
Əfqanıstan kimi bir məmləkətdə
On üç il yaşamaq kışi işidir.


Mən Şahini çoxdan tanıyıram. Ədəbi və elmi yaradıcılığına bələdəm. Bu haqda şair-alimimiz Qiymət Məhərrəmli dissertasiya işi (“Şahin Fazil Divanı və klassik ədəbi ənənələr”) yazıb və 2007- ci ildə filologiya üzrə fəlsəfə doktoru olub. Gözəl şairin gözəl də elmi işi! Onun monoqrafik əsərini bir də oxudum. Qiymət xanım tam haqlı olaraq Şahin Fazili müasir qəzəlin ərəb-fars sözlərindən, çoxmərtəbəli izafət tərkiblərindən təmizlənməsinin zərurətini dəfələrlə bildirməsindən söz açır və yazır: ”Bəzi qəlizdil şairlər... müasir qəzəl şairləri əruz vəznli ədəbiyyat yaradarkən daha qəliz, daha mürəkkəb yol tutur, qəzəllərini əcnəbi kəlmələrlə yükləməkdən, onları mücərrəd, anlaşılmaz izafətlərlə ”bəzəməkdən” sanki zövq alır, onu inkişaf etdirməkdənsə, ədəbi proseslərə daha da mane olurlar. Bu isə dilimizin nüfuzuna, qorunub-saxlanılmasına , eləcə də dünya dilləri sırasında məhz poeziya dili kimi hər cür imkanlara malik olmasına, bir daha təsdiq edilməsinə əngəl törədir. Şairlər dilimizin təəccübküşləri, cəfakeşləridir. Onu hər cür yad ünsürlərdən qoruyub hifz etmək, dil sadəliyini şeirin əsas faktoruna çevirmək söz adamlarının birbaşa vəzifəsidir. (Qiymət Məhərrəmli. Şahin Fazil Divanı və klassik ədəbi ənənələr, Bakı, 2007, səh. 93-94). Qiymətin tabirincə desəm, “söz adamı” olan Ş.Fazil bütün yaradıcılığı boyu mühafizəkar qəzəlxanları tənqidə məruz qoymuş və bu mücadiləsini bu gün də davam etdirməkdədir. Bu şairin bir qəzəlinin dörd beytinə diqqət yetirin:

Meyarım olubdur sözümün saflığı dildə,
Meyarımı dillərdə şüar etməyə gəldim.

Nəzmin dili” düşvar” idi , eyvah, qəzəldə,
“Düşvar” o dili mənsə hamar etməyə gəldim.

Mən doğmalara doğma adam, yadlara yadam,
Yad sözləri şer içrə kənar etməyə gəldim.

Şahin, cahana bəlkə də heç gəlməyəcəkdim,
Xəlqi qəzəli ölkədə var etməyə gəldim.


Yaxşı ki, Şahin bu cahana gəldi və Azərbaycan qəzəlini öz yaradıcılığında tamamilə saflaşdırdı. Kaş başqaları da elə olaydılar. Kaş onların da qəzəl dili yad ünsürlərdən təmizlənəydi. Axı biz müasir dövrün söz adamalrıyıq. Qəzəl yaradıcılığında Şahinin kredosu belədir:

Yaz sadə ki ,düşsün başa alim də, çoban da,
Şahin, belə bir yolda sənə qoy uğur olsun”.


Bəli, Şahin Fazil orta əsrlərin oturuşmuş ədəbi şeir dilindən tam uzaqdadır. O yazır: “Keçmişlərin önündə ehtiramla baş əysəm də, mən müasirlik tərəfdarıyam. Bəzi divanlarım haqqında elmi məqalələr, dissertasiya və monoqrafiyalar yazmış alimlərdən akademik Bəkir Nəbiyev, professorlardan Sabir Əliyev, Tərlan Quliyev, Teymur Əhmədov, yazıçı- publisist Hacı Rafiq Şirvani, şair-tədqiqatçı Qiymət Məhərrəmli və digər söz biliciləri vurğulamışlar: “Şahin Fazilin qələmindən çıxan divanlar müasir divanlardır.”

Məğər belə deyilmi? -deyə Şahin Fazil öz-özündən soruşur və sualına cavabını özü də verir: -Müasir dövrdə yaşayan, müasir düşüncə tərzi ilə düşünən, müasir ədəbi mühitin nümayəndəsi olan və müasir divan şövqü ilə qələmlər əridən şair müasir divan bağlamaya bilərmi? Çox-çox təəssüflər olsun ki, müasirimiz olan, lakin ərəb-fars söz və çoxmərtəbəli izafət tərkibləri ilə dolu əruz şeirləri yazan bəzi “qeyrimüasir” qəzəlxanlarımız vardır. Məgər onlar bilmirlərmi ki, müasir oxucu müasir dövrdən çox da uzaq olmayan bir əsrdə XIX yaşamış Məşədi Murtuza Qarabağının bu beytinin mənası bu günün oxucusu üçün anlaşılmazdır.

Qoyub əl pici-nafə bir yavaş növ ilə tərpətsəm,
Ze sər ta pa həmə əza, libasü həm bədən titrər.


Müasir oxucu axı nə bilir ki, ”piç”- qırış, “naf”- göbək, ”Ze”- dan, dən şəkilçisi, ”pa”- ayaq, ”əza”- bədən üzvləri deməkdir. Mən məhz bu çətinliyi nəzərə alıb qəzəlimin dilini tam sadələşdirdim”(“Doğruya doğru” kitabı, Bakı, 2018,səh. 340-341)

Mən məqaləmi şairin bir qəzəli ilə yekunlaşdırıb ona həsr etdiyim bir neçə şerimlə bitirmək istərdim:

Şahin Fazil yazır:

Söz zərgəri oldum deyə zər var qəzəlimdə,
Zər var deyə şer içrə zəfər var qəzəlimdə.

Gül- bülbülü seyr etmədəyəm tazə nəzərlə,
Köhnə nəzərə tazə nəzər var qəzəlimdə.

Bəzən mənə yar oldu sevinc hissi təbii,
Bəzən də ələm, qüssə, kədər var qəzəlimdə.

Üstünlüyümü tazə əsirdə biləcəklər,
Bir mən bilirəm indi nələr var qəzəlimdə.

Bağçamda çəpər görməyəcəklər mənim, amma
Yad kəlmələrə qarşı çəpər var qəzəlimdə.

Şahin qəzəli tər axıdıııb “divan” edibdir,
Vəznim qədəri bəlkə də tər var qəzəlimdə.



* * *

İndi başlayıram Şahin Fazilə ünvanladığım öz şeirlərimə:

Şahin Fazil

Yenə söz-söz süzülür Qübbədə Şahin Fazil,
Qovuşur bir əbədi məbədə Şahin Fazil.

Ürəyi Şah düzüdü, hər gözü bir Atəşgah
Dayanıb Minarə tək körpüdə Şahin Fazil.

Səsini od həvəsiylə yüz ocaqdan keçirir
Bəlkə bir daş ürəyi tərpədə Şahin Fazil.

Div olub divan tutanlar devirə Divanı,-
Divanı çox divana abidə, Şahin Fazil.

Dəb oyun, dəb havası bəd gətirər fəlsəfəyə
Dəbiylə təb gətirir hər vədə, Şahin Fazil.

Qubanın qübarını Ramiz bataqlıqda yazır,-
Quba salnaməsini türbədə, Şahin Fazil.

“Gedəsən dünyanın axrınacan” kitabımdan, 2017, səh 222

Qəzəl

Deməsinlər qocaman şairimizdir Şahin,
Məncə, məndən də cavan şairimizdir Şahin.

Təbini bənzədirəm gur sulu Qudyal çayına
Şah dağımtək ucalan şairimizdir Şahin.

Qubanın tarixini yazdı vətəndaş sayağı,
Adı tarixdə qalan şairimizdir Şahin.

Beş Divan yazdı və altıncı da dəftərlərdə
Nəzm edən çoxlu Divan şairimizdir Şahin.

Nə qədər elmi sözü millətə qalmış miras,
Fikri tam, elmi əyan şairimizdir Şahin.

Bir qəzəl mülkü tikibdir özünə saf, şəffaf,
Daşı daş üstə qoyan şairimizdir Şahin.

Qeyri-xəlqi sözü atmış lüğətindən çoxdan
Söyləyən xəlqiyə “can” şairimizdir Şahin.

Yaxşıya qarşı bilin yaxşısıdır yaxşıların,
Yamana qarşı yaman şairimizdir Şahin

Bir adamdır eləyən cəngi dəmadən inkar
Və edən sülhü bəyan şairimizdir Şahin.

Neçə ildir Qarabağ mülkü yad əllərdə qalıb,
Nigərandır, nigəran şairimizdir Şahin.

Qayəsi saflıq olubdur həmişə, ey Ramiz,
Necə olmuşsa, haman şairimizdir Şahin.

Min illərin Şahini

Şah dağının sirr daşı, Şah düzünün dürr daşı,
Babadağın pir daşı,Tufandağın hürr daşı,
Min illərin Şahini...

Ağ zirvədi, ağ bulud, ağ kölgə, ağ qaranlıq,
Ağ ulduzdu, ağ üfüq, ağ səhər, ağ toranlıq,
Min illərin Şahini...

Yeddi çalar, yeddi rəng, yeddi hava, yeddi yol,
Yeddi dastan, yeddi səs, yeddi keçid, yeddi qol,
Min illərin Şahini...

Yerdə yastı balaban, telli saz, qara zurna,
Göydə tel-tel bayatı, lələk, üçtelli durna,
Min illərin Şahini...

Ahı “Kəsmə şikəstə”, nərəsi “Mahur-hindi”,
"Məcməüş-şüəra"dı, “Təzkireyi-Şahin”di
Min illərin Şahini...

Alim,şair, tarixçi, tərcüməçi, şərqşünas,
“Dədə Qorqud”, “Koroğlu”, “Oğuz Xan”, “Alp Ər”, ”Manas”,
Min illərin Şahini...

Qədim Manna, Midiya, Atopatena, Alban,
“Qanlı dərə”, ”Çənlibel”, “Çanaqqala”, “Çaldıran”,
Min illərin Şahini...

Otuz yeddi kitabdı, bir “Xəmsə”- beş “Divan”dı,
Bu tayda “Sandıq təpə”, o tayda “Kənduvan”dı
Min illərin Şahini...

“Azərbaycan haykusu”, canlı “Quba tarixi”,
Və Həsən bəy Rumlunun “Əhsənüt-təvarix”i
Min illərin Şahini...

“Səfəvilər dövründə din və dövlət” əsəri,
Əfqanıstan notları,- “Zəfər təranələri”,
Min illərin Şahini...

Qəlbində “Allah eşqi, peyğəmbər məhəbbəti,
imam sevgisi”, “Yenə görüşərik” biz gülüm,
“Əllərini ver mənə”,
Min illərin Şahini...

“Qırxnamə”,- qırx şeirdən ibarət elegiya,
“İlnamə,” sənsizəm mən, nə deyim bu dünyaya...
Min illərin Şahini...

Kitab-kitab güllənir hər nazın tarixindən,
Bu “Dünyanı bəzəyən Abbasın tarixi”ndən
Min illərin Şahini...

“Mir Veys və Şah Hüseyn” Tiflisinin naməsi,
“İran səfərnaməsi”, “Yapon səfərnaməsi”,
Min illərin Şahini...

“Xristian səyyahın tarixi” və “Qəzəllər”,
Çiçək-çiçək boylanan məlahətli gözəllər,
Min illərin Şahini...

Əruzun söykənc yeri, hecanın güvənc yeri,
“Qoşma”ların nurani, haykuların gənc yeri
Min illərin Şahini...

“Yazıçı”, ”Azərnəşr”, ”Əbilov qardaşları”,
”Gənclik”, ”Elm və təhsil” , -kitab cəfadaşları,
Min illərin Şahini...

“Ay işığı”, Gülüstan”, “Ulduzlar”dı, “Şabran”dı,
Bir az bağdı, bir az bar, bir az da “Bağiban”dı,
Min illərin Şahini...

Təbriz, Daşkənd, İstanbul, konfranslar, çıxışlar,
Polşa, Kipr, Rusiya, kürsü-kürsü baxışlar,
Min illərin Şahini...

Vəlvələdi, Qudyaldı, Qusarçaydı, Samurdu,
Ural, Sibir, Tundra, Yeniseydi, Amurdu,
Min illərin Şahini...

Dağ yolları, dağ çayı, duman-duman pərdələr,
Dəli-dolu nərələr, havalı kişnərtilər,
Min illərin Şahini...

Afurca şəlaləsi, Təngə qayalarıdı,
Qız bənövşə nağılı, Səttar boyalarıdı
Min illərin Şahini...

Ömrün səksən yaşında yüzün inadındadır,
Sevginin yüyənində, eşqin qanadındadır,
Min illərin Şahini...

Ramiz Qusarçaylıya yetdi sözün ecazı,-
Bir dünyadı, bir özü, bir də Tanrıdan yazı,
Min illərin Şahini...
31.01.2020

“Qocalığın mübarək”, (Bakı, 2021, səh.427)


Baxış sayı - 421 | Yüklənmə tarixi: 28.03.2025 19:28
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031