manera.az
manera.az

Yazığın gəlsin Haqverdiyevə, Cabbarlıya... | MANERA.AZ

📅 21.01.2016 14:36

Yazığın gəlsin Haqverdiyevə, Cabbarlıya... | MANERA.AZ

Ədəbiyyatımızın Straus və Dronqoları…

Starusu yırtıcı heyvanlar qovanda ondan xilas olmaq üçün başını quma batırır. Elə düşünür ki, yırtıcını görmədiyi üçün sanki düşmən yox olub…

Bir quş da var, adına Dronqo deyirlər. İstənilən quşu təqlid edə bilir. Düşmənlərinin səsini çıxarmaqla onları qorxudub qaçırır və qənimətlərinə rahatca sahib çıxır…

Keçək mətləbə!

Sənətin bütün sahələrində müxtəlif rəylər ola bilər. Konservatizm, realizm, novatorçuluq, modernizm…

Onlardan ən pisi odur ki, özündən əvvəlki sənət nümunələri ilə tanış olmadan "mən onları qəbul etmirəm və oxumuram da!" deyəsən. Bu cərayan deyil, sadəcə savadsızların ədəbi cərayan zənn etdikləri nihilizm yoluna yuvarlanmasıdır.

Zənnimcə, bu absurddur, belə yanaşma heç vaxt ciddi qəbul olunmaz! Və yəqin ki, bu fikrim də sələflərim hesab etdiyim əvvəlkilərin fikri kimi qəbul olunmayacaq. Vəziyyətdən çıxış yolu kimi gəlin, görkəmli fikir adamlarının hamı tərəfindən həqiqət kimi qəbul olunan fikirlərini bir daha xatırlayaq:

"İnsanın bildiyi və bilmədiyi şeylərin sərhəddi çox çətin məsələdir. Bu sərhəddi bilən insanlar həqiqət yolunun yolçularıdır. Bunu bilməyin yeganə yolu isə sənə qədər yaradılan əsərlərlə tanış olub, onu yaradan sənətçilərin çiyni üzərindən gələcəyə doğru boylana bilməkdir. Yalnız bu zaman biliyinin sərhəddini müəyyən edir və gedəcəyin yolu öyrənirsən. Başqa bir yol tutmaq iddiasında olan, özünü yaradıcı hesab edən adamın isə çürük ağacın gövdəsində yumurtadan çıxan, böyüyən, qidalanan, ölən və yuvasını dünya zənn edən ağacqurdundan qətiyyən fərqi yoxdur."

Sokratdan, Platondan, Heraklitdən… bu günkü filosoflara qədər hamı bu fikirdədirsə, sən nə fikirləşirsən, ay yeni "filosof"?!

Bildiyimiz kimi, Gürcü kinematoqrafiyasının çox zəngin təcrübəsi var.

Bir gün məşhur gürcü rejissorundan soruşurlar ki, nə əcəb, Şota Rustavellinin "Pələng dərisi geymiş pəhləvan" poemasını səhnələşdirməyə girişməmisiz? O çox maraqlı cavab verib: " Gürcü sənətçiləri hələ Şotanın əsərlərini səhnələşdirə biləcək səviyyəyə gəlib çatmayıb."…

Amma bizdə klassikləri bəyənməyən (özü də oxumayıb bəyənməyən!) "yazarlar" istənilən qədər tapmaq olar. Heç bu "tapmaq olar" sözü də fikri tam etiva etmir. Çünki onlar özləri peyda olub, car çəkirlər ki, mən filankəsi bəyənmirəm, oxumuram. Bir növ “qara piyar”a bənzəyir, yəni görün mən kimləri bəyənmirəm də!” Sanki kimsə minnət edib deməlidir ki, sən Allah, insaf elə, yazığın gəlsin Haqverdiyevə, Cabbarlıya, heç olmasa bir neçə səhifə oxu, yoxsa onlar ədəbiyyatdan yox olub gedəcəklər…

Hesab edirəm ki, mənfisiylə, müsbətiylə, uğuruyla, uğursuzluğuyla birlikdə özündən əvvəlki bütün ədəbi nümunələri sinənə yığmadan bu barədə nə isə söz demək cəhdi cəfəngiyyat, gülünclük və savadsızlıqdır.

İnkarı inkar qanunu daim fəaliyyətdədir. Sən özündən əvvəlkilərin yaratdıqlarıyla tanış olanda nəsə boşluq, qəlbindəki sözlərin döyüntüsünü hiss edir, yeni nəsə yaratmağa cəhd edirsənsə – budur inkarı inkar qanunu!

Lakin bunların heç biri hökm etmir ki, tanış olmadığın, oxumadığın bir şeyə pis deyəsən!..

İnsan bilmədiyinin düşmənidir. Yüz faiz əminəm ki, "Mirzə Cəlili qəbul etmirəm və onu oxumuram" fikri onu oxuyub dərk edə bilməyənlərin qənaətidir. Belə hallar tarixdə çox olub – dahilərin yaradıcılığından bəllidir.

Füzulini qəbul etməyən Axundov onu ən çox oxuyan, böyüklüyünə vurulan, dühasıyla fəxr edən birisi olub. Lakin Füzuli lirikasındakı kədər, nalə, fəlsəfə, İslam və.s elemetlərin, müasir Şərqin Avropayla ayaqlaşmasında ona mane ola biləyəcəyini zənn edirdi. Bu sadəcə siyasi dünyagörüş idi. Məlum həqiqətləri inkar etmək heç kəsi Axundov etməyəcək.

Belə çıxır ki, Füzuli əsərlərini Axundov qədər oxuyan, təftiş edən səviyyəli oxucular üçün yazıb. Mirzə Cəlil isə əsərlərini onu oxumayanlar üçün yazmayıb. Belə düşüncəli adamların Axundov, Sabir, Səməd Vurğun və s. əsərlərini oxuması müəlliflərə heç lazım da deyil.

Belələri "mən filankəsləri qəbul etmirəm,oxumuram" deməkdənsə, "mən onları oxuya bilmirəm, onları dərk etmək səviyyəsində yetişməmişəm" deyib öz üzərində ciddi işləməlidir.

Yoxsa siz onları tanımamaqla, həmin dahilər ədəbiyyat dünyasından yox olmayacaqlar, Staruslar!

Dahilərin çiyni üzərindən boylanmaq! Keçmişə və gələcəyə nəzər salmaq, öz yerini müəyyənləşdirmək, YOLU görmək!

Bax, budur HƏQİQƏT yolu!

Sim-sim.az


Baxış sayı - 2 006 | Yüklənmə tarixi: 21.01.2016 14:36
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031