Sənsiz hər an qiyamətə bənzəyir! - Yeni şeirlər
MANERA.AZ Hüseyn Bağıroğlunun yeni şeirlərini təqdim edir.
Bu dünyanın qəribləri
Arif olsan, yerişindən biləcəksən,
O kədərli gülüşündən biləcəksən,
Eşq önündə duruşundan biləcəksən:
Şairlərdir, bu dünyanın qəribləri.
Göy üzündən aldığını Yerə paylar,
Ömrün-günün söz adlı o pirə paylar,
Hər sirrini zərrə-zərrə şeirə paylar:
Şairlərdir, bu dünyanın qəribləri.
Adəmlə bir yer üzünə şər gələndən,
Ağ üzlərə xəcalətdən tər gələndən;
Qərib olmaz, bu dünyaya hər gələndən:
Şairlərdi, bu dünyanın qəribləri.
O dərd onun təravətli gülüdür ki,
O şeirlər səhərə qalan külüdür ki,
Bu dünyada qərib olmaq zülümdür ki:
Şairlərdir, bu dünyanın qəribləri.
Deyirlər ki, lap əzəldə Söz olubdu,
Şair qəlbi o Söz ilə saz olubdu.
Bəlkə lövhi-məhfuzda da yazılıbdı:
Şairlərdir, bu dünyanın qəribləri.
Yenə də Gün doğacaq şanlı Turan ölkəsinə!
Oyanıb qaynayacaq o qızıl qan damarında,
Od-alov püskürəcək o qan hər an damarında,
Vətən eşqi axacaq nur kimi can damarında,
Yenə də Gün doğacaq şanlı Turan ölkəsinə!
Bu dünya toplanacaq bayrağının kölgəsinə.
Ay kimi nur çiləyən bayrağının rənginə bax!
Boylanıb tarixinə eylədiyi cənginə bax!
Üz tutub göylərə sən taleyinin bürcünə bax!
Yenə də Gün doğacaq şanlı Turan ölkəsinə!
Bu dünya toplanacaq bayrağının kölgəsinə.
Çatacaqdır əlimiz o ərşi-əlaya kimi,
Sözümüz həkk olacaq könüllərə qayə kimi,
Göylərin eşqi ilə nazil olan ayə kimi,
Yenə də Gün doğacaq şanlı Turan ölkəsinə!
Bu dünya toplanacaq bayrağının kölgəsinə.
Sönməz zülmün atəşi məzlumun göz yaşı ilə,
Qarı düşməni gərək vurasan öz daşı ilə.
O Tanrı dağlarından, Tanrının alqışı ilə,
Əbədi Gün doğacaq şanlı Turan ölkəsinə!
Bu dünya toplanacaq bayrağının kölgəsinə.
Bənzəyir
Nə gözəldi dəniz olmaq, dağ olmaq
Sevən adam təbiətə bənzəyir.
Gözlərinə baxa-baxa durulmaq,
Göz oxşayan ibadətə bənzəyir.
Sönən ocaq idim sönən huşumla,
Üstümə gəlirdi qəmlər qoşunla.
Dirildi bu ruhum bir baxışınla,
Bu da səndə kəramətə bənzəyir.
Sevənlər hər anı qərinə bilsin,
Sevməyənlər, lütvən, qeybə çəkilsin.
Qiyaməti danan kafir nə bilsin,
Sənsiz hər an qiyamətə bənzəyir!
Könül
Sevmirsə, əlbəttə, bir divanədi,-
Yolunu azmış bir devdi, bu könül.
Sevirsə ya şamdı, ya pərvanədi,
Ya da ki, nur dolu evdi, bu könül.
Bu fani dünyadan qopandan bəri,
Bu eşqi yoğurub yapandan bəri,
Elə bil ki, səni tapandan bəri,
Özünü itirib, kefdi, bu könül.
Sən gəldin, gərək bu Gün gedə, ey gül,
Getməsə qalacaq kölgədə, ey gül.
Bəlkə səni sevdi, bəlkə də, ey gül,
Səndən görünəni sevdi, bu könül.
Mələklər Allahı yarıdan kimi
Çox da ki, işığı Günəşdən gəlir,
Ayda olan o nur Gündə varmı heç.
Müəllif
Yerə düşən dəndə göyərmək eşqi,
Saçlarına düşən dəndə varmı heç.
Bayaqdan baxıram bir şey görmürəm,
Eşqin əlaməti səndə varmı heç.
Hər kəs yarı bədən, yarı can kimi,
Hər kəs yarı qürub, yarı dan kimi.
Mələklər Allahı yarıdan kimi,
Allahı yarıdan bəndə varmı heç?
Göylərdi hər zaman yerin pənahı,
Özün bilən bəndə sevməz günahı.
Aya bəxş etdiyin o nur, İlahi,
Deyirəm görəsən məndə varmı heç?
Bilir
Atəşə can atmaq nədi pərvanə bilir,
Haqqa çatmaq üçün eşqi bəhanə bilir.
Özünü bilməyən, əlbəttə, divanədir,
Divanəyə bax, Məcnunu divanə bilir.
Gör bir nə ilə öyünür indi o zalım,
Qanımı mey, ürəyimi peymanə bilir.
Harda eşq varsa ora cənnətdi, könül-
Eşq olmayan hər yeri viranə bilir.
Deyirdi meyxanə olmaz dünya bizlərə,
Şair məst olub, dünyanı meyxanə bilir.
Qartal
Yerə baxır, göyə baxır?
Bilən varmı niyə baxır?
Heyrət ilə nəyə baxır?
O qartal o dağ başında.
Nəsə deyir adamlara,
Göylərə daş atanlara,
Hər günaha batanlara...
O qartal o dağ başından.
Bu dünyadan qorunurmu,
Bu dünyanı qoruyurmu,
Öz-özünü ovudurmu,
O qartal o dağ başında.
Gör necə tənhadı, təkdi
Ucalarda nələr çəkdi.
Qartal deyil bir ürəkdi,
O qartal o dağ başında.
Yaxşı bax, qanlı gözünə,
Bəlkə söz verib özünə,
Yenməsin bu yer üzünə,
O qartal o dağ başından.
MANERA.AZ