manera.az
manera.az

Ömürlük susmaq - Elşad Baratın HEKAYƏSİ |MANERA.AZ

Ömürlük susmaq - Elşad Baratın HEKAYƏSİ |MANERA.AZ
MANERA.AZ Elşad Baratın hekayəsini təqdim edir:

Adə, Yasin, sən ömründə lüt qız görməmisən, əlin qız belinə dəyməyib, de görüm, toy gecəsi neynəyəcəksən, hə? Ay bədbəxt, üç gündən sora da toyundu, - deyə İntiqam ayağa qalxdı. Dostu Yasin yenə də susurdu. O, sözünə davam etdi, - vallah, billah sən mənimlə bu gün o xarabaya getməsən, on altı illik dostluğumuza tüpürəcəm.

Yasin çıxılmaz vəziyyətdə qalmışdı, o, dostunun təklifinə razılaşmamış həyəcanlanırdı. Özünü çılpaq qadınla eyni yataqda təsəvvür etmək inanılmaz həyəcanlıq edirdi onu. Həqiqətən də o, ömrü boyu yarıçılpaq belə qız görməmişdi. Utandığından heç internetdə də baxmamışdı lüt qız şəkillərinə. Qəribə adam idi, nədənsə ömrü boyu susmaq, danışmağı tərgitmək istəyirdi.

Kimlərinsə Yasinə yazığı gəlirdi, kimlərinsə də onu peygəmbər adam kimi qəbul etməsi normal yanaşmaydı. Onun quran motivləri əsasında yazdığı kitab kənd ağsaqqalları yanında ona böyük hörmət qazandırmışdı. Ali təhsil alıb kəndə qayıdanda ərəb, fars dillərindən başqa rus və ingilis dillərini də öyrənmişdi. Elə bil kompyuter idi zalım oğlu. Onun oxumadığı kitabı tapmaq çətin məsələydi. Cibinin puluyla alıb oxuduğu bütün kitabları da kənd kitabxanasına bağışlamışdı. Daha çox kitab oxuduqca, dil öyrəndikcə daha az danışırdı. Sanki, ömürlük susmaq, danışmağı tərgitmək istəyirdi.

Elə az danışdığına görə də dost-tanışı ona lal Yasin deyərdilər. Həqiqətən də çox az danışırdı, təsadüfi hallarda bir-iki kəlməylə işini yola verərdi.

Bundan əlavə, o çox səliqəli geyinər, saçlarını çox səliqəli darayar, ayaqqabılarını parpar parıldadardı. Bütün işlərinə ciddi yanaşması var idi Yasinin. Hər işdə məsuliyyətini açıq-aydın görmək olurdu. Atasınının arzularına söykənib kənd məktəbində müəllim işləyirdi. Səhər başıaşağı işinə, axşam da həmin vəziyyətdə evinə tələsirdi. Onu kəndin çayxanalarında görmək qeyri mümkün idi, siqaretlə, içgiylə də aralarına qar yağmışdı elə bil. Uşaqlıq dostu İntiqam ona həmişə gülürdü, “sən cavanlıq eləmədən qocalırsan” deyirdi. Yasin isə dünyanın üçgünlüyünə inanmırdı nədənsə. Onu öz yolundan döndərmək çox çətin məsələydi. Həm də o, nədənsə ömrü boyu susmaq, danışmağı tərgitmək istəyirdi.

-yaxşı, İntiqam, gedək, - deyə lal Yasin də ayağa qalxdı. İntiqam özünü supermen kimi hiss edirdi. O, bayaxdan danışsa da, dostunu razı salacağını ağlına da gətirməzdi.

- adə, bir dayan görüm, öncədən zəng etməliyik, həm də qızların pulu var axı...

Yasin məsələni başa düşüb uzaqlara baxa-baxa – narahat olma, məndə pul var, - dedi. Amma, deyəsən məsələ pul məsələsi deyildi.

Yasinin müəllim işləməsinə baxmayaraq həmişə pulu olardı, bədxərc deyildi. Həm də atası azdan-çoxdan qazanırdı axı. Bütün kənd maşınlarının yağını yalnız onun atası dəyişirdi. Camaat onun atasına mazut Yavər deyərdi.

Yavər kişi əvvəllər İrandan kələğayı, parça, qartallı jaketlər gətirib satırdı, vəziyyəti də çox yaxşıydı. İndiysə onun pulu mazutdan çıxırdı.
Mazut Yavər az da olsa uzaqgörən adama oxşayırdı. O, oğlu Yasinin gələcəyini düşünərək kəndin ən varlı adamı hacı Rəcəbin qızı Mələyi nişanlamışdı oğluna. Üçcə günə də toyları olacaqdı. Bütün toy tədarüklərini də görmüşdülər.

Hacı Rəcəb öncələr daş atıb başında tutsa da, sonradan qızını mazut Yavərin oğluna verməyə razılaşmışdı. Deyəsən ona kimsə yaxşı dərs keçmişdi. Hətda, tələsirdi Mələyi Yasinə ərə verməyə.

Mələk də ki, nə Mələk, yemə-içmə, gecə-gündüz qapqara gözlərinə, ay cəmalına tamaşa elə. Demə görmədim, elə bil bütün dünyanın rəssamları işlərini atıb bu qızın üzərində çalışmışdılar. Allah bir eyib verməmişdi bu qıza. Elə bil kiftəburun hacı Rəcəbin qızı deyildi. Dərisi qara olduğundan hamı onu qara Mələk deyə çağırırdı. Açıq-saçıq geyimləri onu daha da gözəl və cəlbedici göstərirdi. Lal Yasindən fərqli olaraq o, çoxdanışan, zarafatçıl, şən qız kimi görünürdü. Bir az da şeytanlığı var idi. Bircə baxışla əlli il namaz qılan adamı küçələrdə süründürə bilərdi. Yəni, bu qədər əcaib gözəlliyi var idi. Kəndin bütün cavan oğlanları bu qızdan sino gedirdi, gözəlliyindən misal da çəkirdilər söhbətlərində.

Mələk hacının tək övladıydı, bəlkə də ona görə bu qədər ərköyün böyümüşdü. Bütün günü gəzir – dolanır, ürəyi istəyəndə şəhərə gedirdi. Hətda, bir neçə xarici ölkəni də gəzmişdi təkbaşına.

-Pivə içirsən? – İntiqam soruşdu. Amma, cavab almamış əlavə etdi: - iç, iç, adə, Yasin, mən ölüm, sən qorxursan? Onsuz da əvvəl-axır bir xanımla yaxınlıq eləməlisən də... zəhmət olmasa ordan iki pivə, çoxfaizli olsun. Adə, mənə bax e, sən kişisən, bir az ürəkli ol, indi pivə də kefini açacaq, görərsən.

İntiqam Yasindən də çox həyəcanlı görünürdü. Elə Yasin də bunu hiss etmişdi. Otelin restoranında onlardan başqa müştəri yoxuydu. Bu sakitlik aradakı həyəcanı daha da şiddətləndirirdi. Qızların gəlməsinə çox az qalmışdı. İntiqam pivənin hər qurtumundan sonra əlindəki siqareti dodaqlarının arasına alıb özünü ələ almağa çalışırdı. Yasin də ki həmişəki kimi susmuşdu. Otelə gələndən bəri bir kəlmə də olsun danışmamışdı. Hərdən bir qurtum pivədən alıb dodaqlarını büzüşdürürdü. O, nədənsə ömrü boyu susmaq, danışmağı tərgitmək istəyirdi.

Nəhayət qızlar restoranın qapısından içəri girdilər. Elə hər şey bununla başladı, elə bununla da bitdi. Yasin qızları görəndə mazut rəngi aldı, İntiqam isə başını yuxarı qaldırmırdı ki, qaldırmırdı. Lal Yasinin bu dəfə qeyrəti danışmağa başladı. O, içdiyi pivə butulkasını gələn qızların birinin başına vurdu, azmış kimi, sınmış butulkanın şüşəsiylə qızın boğazını kəsdi.
Lal Yasin susmaq bilmirdi ki, bilmirdi.

Bir əlində qanlı şüşə, digər əlində can verən qızın saçları, dizləri üzərinə çöküb hansısa vəhşi heyvan kimi bağırırdı. Bağırıb ağladıqca boynunun damarları daha da şişiri. Cəmi üç gün, bəli, üç gün sonra evlənəcəyi qadını öldürmüşdü.

Deyilənə dörə bir həftə sonra İntiqam qara telehli qara Mələyin məzarı üstündə intihar edib. Canına qıymamışdan qabaq da həbsxanaya – dostu lal Yasinə məktub göndərib.

O məktubda yazılanları indi bircə lal Yasin bilir. O da ki, həbsxanaya düşəndən sonra ömürlük susub, danışmağı tamamiylə tərgidib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI