manera.az
manera.az

Navrasın dəlisi - HEKAYƏ | MANERA.AZ

Navrasın dəlisi - HEKAYƏ | MANERA.AZ
Rauf Qərib Alagöz

Sözlər boğazında düyünlənirdi. Sanki Dardanel boğazından ağır yük tankerləri üzbəüz gəlmiş və günlərcə sürəcək çətin keçmə manevri kimi handan-hana nəsə demək istəyirdi. Amma dinləyən kim? Sözü elə ağzında qalırdı. Bu şəhərə gəldikdən bəri onun qeyri-adi hərəkət və deyimləri ətrafdakılarda ona qarşı "dəli" təəssüratı yaratmışdı. Nə desə ciddiyə alınmaz, hətta zarafat obyekti olardı. O da hey nəsə donquldanardı aramca.

Şəhərdə qəribə hadisələr cərəyan etməyə başlamışdı. Kimi bunu Allahın qəzəbi,kimi də fəlakət kimi yorumlayırdı. Bəzən günlərcə yağmur yağır, hər yanı: mal-qaranı, tarlaları sel aparır, bəzən də həftələrlə elə quraqlıq olurdu ki, yağışın əzik-üzük etdiyi məhsullar yanıb yerə yapışır, torpaq ağız açıb yalvarırcasına çat-çat olurdu. Bir yandan da avto qəzalar, qətillər və soyğunlar şəhərin lənətlənmiş olduğunu gətirirdi ağıllara. Şəhəri tərk etmək istəyənlər hər hansı səbəbdən ya geri qayıtmağa məcbur qalır, ya da başqa bir diyara getməyi bacarırdılarsa, mütləq ölüm xəbərləri gəlirdi. İnternetdə, radiolarda, televiziyalarda-mətbuatda xəbərlərin bir nömrəli xəbər obyektinə çevrilmişdi başı bəlalı Navras şəhəri. Təkcə ölkə gündəminin deyil, dünya gündəminin də əsas müzakirə obyekti idi bu məsələ. BMT və AB-nin iclasları ard-arda toplanır, müzakirələr aparılır, çarə axtarılırdı qarantin altındakı Navrasın düşdüyü vəziyyətə. Qəza və hər hansı fəlakətdən yaralı qurtulmağı bacaranlarsa ya lal, ya dəli olurdular. Nəsə anlatmağa çalışsalar səsləri çıxmır, danışsalar da elə şeylər danışırdılar ki, heç kim heç nə başa düşmürdü. NATO qırıcıları şəhər üzərində mütəmadi reydlər keçirir, mütəxəssislərsə araşdırmalara davam edirdilər. Təkcə altı ay ərzində ölənlərin sayı yüz mini ötmüşdü. Bu da şəhər əhalisinin əlli faizini ötürdü. Qalanlar da artıq çarələri tükənmişcəsinə səbirsizliklə ölümü gözləyirdilər. Səbirsizliklə ona görə ki, yaşadıqları fəlakətlərdənsə, ölümün daha gözəl olacağını düşünürdülər. Gözəgörünməz qüvvələr peyda olmağa başlamışdı hər yanda. Hətta gözəgörünməz zənn edilənləri görənlər də olmuşdu. Heyvanlar dil açıb danışmağa başlamış, hər yanı alovlar əsir almış, çaylar qurumağa başlamışdı. Navrasda cəmi-cümlətana otuz min adam qalmışdı artıq. Onların da doxsan faizi on iki yaşın altındakı uşaqlar, gerisi də şikəst və qazilər idi. O isə şəhərin ən yüksək binasının üstünə çıxıb aylardır baş verənləri ac və susuz seyr edirdi. Nə hikmətdirsə, aclıq və susuzluq ona təsir belə etmirdi. Anasını və kiçik bacısını xatırlayır, heç görmədiyi atasını xəyal edir, bəzən gülümsəyir, bəzənsə hönkür-hönkür ağlayırdı. Gülümsəyəndə şəhər işığa, günəşə, gözəlliklərə qərq olurdu. Amma bu çox nadir halda baş verirdi. Ağlayanda isə fəlakətlər ard-arda gəlirdi.

Dan yeri təzəcə sökülürdü, Azanın səsi elə yanğılandı ki, bütün şəhər əhalisi yuxudan həyacan və didərginliklə oyandı. Hamı eyni yuxunu görmüşdü. Həmin gecə hər kəsin eyni yuxunu görməsi hər kəsin diqqətini "O"na yönəltdi. Amma nə qədər axtardılarsa bir daha heç kim gördüm demədi "Navrasın Dəlisi"ni.

MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031