Adına bir ümid yolladım, gәlir - Rəbiqədən yeni şeirlər
MANERA.AZ Rəbiqənin yeni şeirlərini təqdim edir.
Sənin şairinəm..
Mәnәm o pişiyin gözlәri ilә
Sәni qarşılayan hәr sәhәr yolda.
Mәnәm külәyindәn titrәyib әsәn,
Üşüyәn yarpağam saralmış kolda.
Başını qaldırsan, mәni görәrsәn,
Mәnәm pәncәrәdәn boylanan o qız.
Mәnәm naqil üstә oturmuş sәrçә,
Dua oxuyuram sәnә bir ağız.
Bax o işıq mәnәm yol kәnarında,
Yanıram sağının-solunun üstә.
Mәnәm, kәpәnәyin qanadlarında
Qonub dayanıram qolunun üstә.
Başının üstündә ağ bulud mәnәm,
Görmәsәn üzümü, qaralır qanım.
O dan yeri mәnәm, o qürub mәnәm,
Ağarır, qızarır, saralır canım.
Mәnim nәfәsimdi alışqanında,
Əlindә sönәcәk son kibrit mәnәm.
Sübhәdәk qalıram sәnin yanında,
Sәhәrlә açılan ilk ümid mәnәm.
Mәnәm gözündәki hәyәcan, tәlaş,
Könlündә uçunan sarı simәm mәn.
Sәnin şairinәm – şairlәrә baş,
Sәn yaxşı bilirsәn axı kimәm mәn.
Buzlu yağış
İndi ki әlim çatmır saçlarına, uzaqsan,
qoy elә oralara buz kimi yağış yağsın.
Sırsıralar bağlasın bütün yollar, küçәlәr,
sәhәrәdәk ağlasın qulağında gecәlәr.
Çaydanlar uğuldasın,
buğu yaxsın şәhәri,
yağsın bütün gecәni,
yağsın bütün sәhәri.
Bir-iki misra oxu küçәdә pişiklәrә,
sahibsiz qadınlara, yiyәsiz kişilәrә.
Ağac kötüklәrindәn topla göbәlәklәri,
göndәr yuxularıma bütün köstәbәklәri.
Nә qәdәr kabusun var,
bir mәktuba bük, gәlsin,
mәnә dә uzaqlardan hәdiyyәlik
yük gәlsin.
Bir daş salla boynuna – bәlkә,
hәsrәt boğuldu,
sonra da günәş çıxdı, ilıq yağış doğuldu.
Mənim havamdan gedir
Bir-bir qırdın bağları,
çiçәklәr harda bitsin?
Apar boz budaqları,
qoy uzaqlarda bitsin.
Əlim uzalı qalıb,
kәs at barmaqlarımı.
Sığallardan, boyadan
kasad barmaqlarımı.
Könlümә söz salırsan,
qulağa sәs çәkirsәn.
Mәnim havamdan gedir
harda nәfәs çәkirsәn.
Gözlәrini yumursan,
kirpiklәrim sıxılır.
Küsürәm, yenә sәnin
xәyalına sığınıb.
Gül dәrә bilmәyәndәn
gülşәn umur ürәyim.
Gәlmirsәn, gözlәrini
yenә yumur ürәyim.
Yuxu
Bozumtul körpünün gen qucağında
nazlanır beşikdә körpә kimi çay.
Köpüklәr doğulur dodaqlarında,
gün batır, işığa boğulur saray.
Əl-әlә yapışıb yaşıl yosunlar
yanıqlı bir şeir yazırlar çaya.
Uzaqdan-uzağa çәkir ovsunlar,
çәkib aparırlar başqa dünyaya.
Körpüdә dayanıb bir yuxu danış,
mәni görәcәksәn, gözlәrini yum.
Sonra bir mәktub yaz mәnә yatmamış,
elә yaz, çәkilsin bu gecә yuxum.
Yağış bir dә yusun nәm sәkilәri,
bir pişik dolaşsın ayaqlarına.
Qarson gecә sınan nәlbәkilәri
süpürüb aparsın zibil qabına.
Asta külәk әssin, sәn qıy gözünü,
mәnә boylan – suda işığa sarı.
Balıqlar sahilә çırpsın özünü,
qısqanıb xәyalda qovuşanları.
Adına bir ümid yolladım, gәlir,
bilirsәn, Rәbiqә – ip demәkdir, bağ.
Sәnin adın mәnә baldan şirindir,
söylәsәm adını, çaylar daşacaq.
Bir azdan bir dәli leysan yağacaq,
könlün islanacaq sәtirim altda.
Bircә dәfә mәnә baxsan, yağacaq –
durub gözlәyirәm çәtirin altda.