manera.az
manera.az

Çətin iş - Coşqun Xəliloğludan qısa hekayələr

Çətin iş - Coşqun Xəliloğludan qısa hekayələr
MANERA.AZ Coşqun Xəliloğlunun 2 qısa hekayəsini təqdim edir.

BIÇAQ

Atam rəhmətə gedəndə on beş yaşındaydım. Ailənin böyük uşağı idim, iki qardaşım və bir bacım vardı. Anam heç yerdə işləmirdi. Dolanışığımız çox çətinləşmişdi. Mən evə çörək gətirməliydim. Bir müddət çayçı Ağanovruza kömək etdim. Səhərdən axşama kimi işləsəm də mənə qəpik-quruş verirdi.

Sonra tikintidə işlədim. Bənna köməkçisi idim. İşimiz pis getmirdi. Yavaş-yavaş özümü düzəldir, evimizə bacardığım köməyi edirdim. Qonşumuz Zeyni da mənimlə birlikdə Sadıqağaya kömək edirdi. İşə Zeynidən çox can yandırırdım. Həm də ona nisbətən boylu-buxunlu, güclü olduğuma görə yorulmaq bilmirdim. Sadıqağa da tez-tez məni tərifləyir, - Ay Zeyni, Bahadur kimi işləmək lazımdır. Maşallah, od parçasıdır, deyirdi. Zeyni qızarır, pörtür, amma heç bir şey deyə bilmirdi. Ustanın işimi bəyənməsi, xətrimi istəməsi məni çox sevindirirdi.

Bir gün nahar vaxtı adətimiz üzrə evdən gətirdiklərimizi süfrəyə düzüb yeməyə başladıq. Sadıqağa şörək bıçağını axtardı, ciblərini eşələdi, təmiz paltarlarını yoxladı, amma tapmadı. - Lənət şeytana, dedi, belə də iş olar? Səhər tezdən cibimdə idi.

Birdən, Zeyni, gözlərini bic-bic qıyaraq:

-Usta, bəlkə, şeytan onu kiminsə cibinə qoyub?

-Nə danışırsan, mən nə Bahadurdan, nə də səndən heç vaxt şübhələnmərəm.

-İndiki cavanları bilmək olmur, özlərini mələk kimi göstərirlər, axırda məlum olur ki, şeytanın böyüyüdürlər. Bu saat mən bıçağı taparam.

Zeyni əvvəlcə qab-qacaq yığılmış şkafı yoxladı, sonra özünün təmiz şalvar-pencəyinin ciblərini eşələdi, hətta onları çevirdi də. Sonra keçdi mənim paltarlarıma, əvvəl şalvarımın, sonra pencəyimin ciblərini qurdaladı. Əlini qoltuq cibinə saldı və qışqırdı:

-Budur bıçaq! Oğru Bahadur yaxalandı.

Gördüyüm mənzərədən az qaldım dəli olam. Zeyninin tələsi idi. Özümü saxlaya, əsəblərimi cilovlaya bilmədim. Var gücümlə yumruğumu Zeyninin başına endirdim. O, yerə yıxılaraq huşunu itirdi. Sadıqağa kişi təlaşla:

-Ayə, Allah evini yıxsın. Nə etdin? Məni zibilə saldın.

Bir müddətdən sonra Zeyni özünə gəldi, gözlərini açdı və məni görən kimi yenidən bayıldı. Onu axşama yaxın güclə ayılda bildik. Həmin gün nahardan sonra işləmədik.

Növbəti gün səhər işə gələndə sahə müvəkkili Cəsarətin məni gözlədiyini gördüm. O, məni çox çək-çevir etdi. Bıçaq oğurlamadığımı, günahsız olduğumu sübut etməyə çalışdım. Cəsarət:

-Həm oğurluq, həm də xuliqanlıq etdiyinə görə səni gedər-gəlməzə göndərəcəyəm. Gedib orada sübut edərsən.- hirslə üzümə bozardı.

Üzünü Sadıqağaya tutub:

-Danış, ən doğrusun sən bilirsən.

Düşündüm ki, az qala böyük qardaş saydığım bənna danışacaq və hər şey mənim xeyrimə həll olunacaq.

-Yoldaş rəis, sözün düzü, Bahadur işləyən oğlandı, amma bir az əliəyriliyi var. Yetim oğlandı, insanlıq edib gətirdim yanıma. Keçən dəfə bahalı
fincanımı oğurlamışdı. Səsimi çıxarmadım ki, ayıbdı. Dünən də bıçağı oğurlayıb, təqsirini boynuna almaqdansa, düşüb yazıq Zeyninin üstünə, fağırı az qala öldürmüşdü-Sadıqağanın sözünü kəsmək istədim:

-Usta, nə fincan?

-Səsini kəs, alçaq.- Cəsarət üstümə qışqırdı.-guya bilmirsən?

Əlim üzümdə qalmışdı, ürəyimi sıxılırdı. Sadıqağanın Zeyninin hiyləsiylə məni oğru hesab etməsi alacağım cəzadan daha ağır idi.


ÇƏTİN İŞ

Hələ institutda oxuyarkən elmi işlərə böyük marağım var idi. Ona görə də diplom aldıqdan sonra cəmi üç il istehsalatda işlədim. Nəhayət, qərara aldım ki, elmi-tədqiqat institutunda işə girim. Dostlarımdan biri dedi ki, həmin institutda böyük alimlər çalışır, sənə onlarla işləmək asan olmayacaq.

Lakin mənim elmi işlərlə məşğul olmaq arzumu heç bir maneə boğa bilməzdi. Çətinliklə olsa da iş yerimi dəyişə bildim.

... İllərlə arzuladığım günlərə qovuşmuşdum, necə də bəxtiyar idim. Adlı-sanlı elm adamları ilə, tanınmış alimlərlə bir yerdə işləmək xoşbəxtlik idi.

Laboratoriyada cəmi yeddi nəfər idik. Nadir Ənvərlinin rəhbərliyi ilə işləyirdik. Apardığımız tədqiqat işlərinin nəticələrini müzakirə edir, onların istehsalata tətbiqi üçün tövsiyələr hazırlayırdıq. İşimizlə bağlı çoxlu kitablar oxuyur, elmi jurnallarda nəşr olunmuş məqalələri nəzərdən keçirir, alimlərin dəyərli fikirləri ilə tanış olurdum. Bəzən elə olurdu ki, istirahət günləri də işləyir, əlavə təcrübələr aparırdım. Məndə elmə həvəs gündən-günə artırdı. Topladığım təcrübi materialları müxtəlif mənbələrdən əldə etdiyim elmi faktlarla müqayisə edib maraqlı nəticə aldıqda çox sevinirdim.

Bir dəfə qərara aldım ki, əlimdə olan kifayət qədər materialı ümumiləşdirib məqalə yazım. Belə də etdim. Bir müddət gərgin işlədikdən sonra məqaləni tamamladım.

Yazın nüfuzlu jurnallardan birinə göndərmək istəyimi laboratoriyamızın müdirinə bildirdim. O, gözləmədiyim halda, –otuz il burada can qoyanlar var, heç məqalə-zad yazmırlar, sən dünənki... O, nədənsə cümləsini tamamlamadı. Mən çaşıb qaqldım. Handan-hana o:

–Yaxşı, ver, baxaram, lazım bilsəm, göndərərsən. – dedi.

Ürəyimdə özümü danladım: “Nə üçün məqalə haqqında buna bildirdim”. O andaca fikrimdən daşındım. Necə olsa da labortoriyamızın müdiridir.

Bir həftə sonra Ənvərli məni yanına çağırdı. Mehribanlıqla dilləndi:

– Səməd, oğlum, məqaləni oxudum, o qədər də dolğun və mükəmməl deyil, amma başlanğıc üçün pis deyil, bəlkə, bir neçə gün də qalsın məndə, bir əl gəzdirim, fikirlərimi də əlavə edim. Bir də ki, - qımışdı, – mən bu sahədə respublikada tanınmış alimlərdən biriyəm. Jurnalda çalışan dostlarım var, kömək edərlər. Ona görə də gərək ikimizin imzası ilə təqdim edək.

Mən qəlbimdə narazı olsam da, dilimdə “hə” dedim.

...Üç gündən sonra Ənvərli məni yenə yanına çağırdı. Gözləri gülürdü.

– Məqaləni direktorumuz Mərdanlıya göstərdim. Onun da xoşuna gəldi. Səni təriflədim ona. Dedi ki, mən də sizin fikirlərinizə şərikəm. Elə
çoxdan bu mövzuda sanballı bir məqalə yazmaq istəyirdim. –Şöbə müdiri qarşısındakı kitabı vərəqləyərək sözünə davam etdi:

–Öz aramızdır, dağ boyda kişi bizi tərifləyirsə, bizimlə eyni fikirdədirsə, məqaləyə onun da imzasını artırmağı lazım bilirəm. Sən də ağıllı oğlansan, gələcəyin var, yəqin narazılıq etməzsən.

Beynim ildırım sürəti ilə işlədi, şüurumdan bir-birinə zidd fikirlər keçdi. İş-işdən keçmişdi, etiraz yeri deyildi. Təskinliyim bu oldu ki, adım məşhur bir alimin adı ilə bir çəkiləcək... Xəyalımda jurnalda çap olunacaq məqalə canlandı. Məqalə müəlliflərinin imzalarını təsəvvür etdim. Pis deyil, fəxr etmək olar.

Günlər keçir, intizarla jurnalda məqalənin çap ediləcəyini gözləyidim. Bir gün səhər tezdən instituta gələndə direktorumuz Mərdanlının məqaləsi haqqında söhbəti eşitdim. Mövzu mənə doğma olduğundan, həqiqəti bilmədəb sevinc hissi keçirdim. Fərəhimin hədi-hüdudu yox idi. Laboratoriyaya girdim. Hamı Ənvərlinin başına toplaşıb onu təbrik edir, tərifləyir, guya böyük elm adamı olmasından irişə-irişə danışırdılar.

Jurnalı əlimə aldım, vərəqlədim. İmzalara baxdım: Mərdanlı, Ənvərli və nazirliyin əməkdaşı Süleymanov. Mənim adım isə yox idi.

Hirs məni boğurdu, qınayan olmasa, ağlayardım. Məqaləni axıra kimi güclə, əsəbiliklə oxudum. Əlyazmanı qovluqdan çıxardım. Bir cümlə də dəyişdirilməmişdi. Çox götür-qoydan sonra işdən çıxmaq haqqında ərizə yazdım.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031