manera.az
manera.az

Xıdır Nəbi: Türk Dünyasının xüsusi bayramı

Xıdır Nəbi: Türk Dünyasının xüsusi bayramı
Türksoylu xalqların mifik düşüncəsində təbiətin oyanışını müjdələyən, yazın, yaşıllığın səbirsizliklə gözlənilməsini tərənnüm edən, bolluq, bərəkət, firavanlıq inanclarının rəmzi kimi uzun əsrlər boyu yurdumuzda keçirilən bayramlardan biri “Yazağzı Xızır”, “Xıdır Nəbi”, “Xıdır İlyas”, yaxud “Qışyarısı” bayramıdır.

“Xıdır Nəbi” yazın, yaşıllığın müjdəsi anlamındadır. Bu bayram tarixən əsasən kiçik çillənin hökm sürdüyü ərəfədə, təqribən fevralın 9-11-ci günlərində keçirilmişdir.

Xıdır Nəbi bayramının başlıca iştirakçısı olan Xıdır və ya Xızır əski türk mifoloji təsəvvürlərində ölüb-dirilən, zülmət dünyasından əbədi həyat bəxş edən dirilik suyunu tapıb içən və ölməzlik qazanan bir obrazı simvolizə edir. Türk mifik qaynaqlarında Xızır Yer, Su, Umay kimi bir vəli (övliya), yaxud hami ruh statusuna malik varlıq kimi səciyyələndirilir. Xızır və onunla bağlı inanclar Orta əsrlərdən başlayaraq istər türk, istərsə də Avropa və digər xalqların elmi tədqiqatçılarının diqqət mərkəzində olmuşdur.

Xıdır Nəbi bayramının mifik rəmzi olan Xıdır, yaxud Xızır barədə islam qaynaqlarında müxtəlif mülahizələr söylənir. Bəzi mənbələrə görə, hətta Xızırın məzarının bir neçə yerdə olması, yaxud onun əbədiyaşar şəxsiyyəti haqqında fikirlərə də rast gəlmək mümkündür. Bu obraz xalq tərəfindən sevilmiş və onun haqqında müxtəlif əfsanələr, rəvayətlər dolaşmışdır.
Xıdır Nəbi: Türk Dünyasının xüsusi bayramı
Xıdır Nəbi mərasimi hər evdə, hər ailədə qeyd olunmalı, Xıdırın şərəfinə məclis qurulmalı, süfrələr açılmalıdır. İnama görə, “əgər hər hansı bir evdə həmin gün süfrə açılmazsa, Xıdır küsüb gedəcək, baharın gəlişini yubadacaqdır”. Mərasimin əsas atributlarından biri qovutdur, buğda qovrulub qovut çəkilir və süfrəyə qoyulur. Erkən etiqadlara görə, Xıdır əlini qovuta çəkir, bununla da Yer üzünə özü ilə bolluq, bərəkət, xoşbəxtlik gətirir. Xıdır Nəbi mərasiminin əsas amalı insanların qışdan salamat çıxmasını, üzləşdikləri çətinliklərə sinə gərməsini, yazın gəlişini gözləməsini əks etdirməkdir.

Xıdır Nəbi mərasimləri ilə bağlı folklor mətnləri xalq arasında bugünümüzədək qorunub saxlanılıb. Onlardan birinə diqqət yetirək:

Xıdır, Xıdır xıd gətir,
Dar-dərədən od gətir.
Mən Xıdırın nəyiyəm,
Bircə belə dayıyam,
Ayağının nalıyam,
Başının torbasıyam.
Xıdıra Xıdır deyəllər,
Xıdıra çıraq qoyallar,
Xıdır Nəbi, Xıdır İlyas,
Bitdi çiçək, oldu yaz.
Mən Xıdırın quluyam,
Boz atının çuluyam...


Xızır, yaxud Xıdır sözlərinin etimologiyası ilə bağlı maraqlı fikirlər var. Mirəli Seyidova görə, “Xızır” türkdilli xalqların sözüdür və yazın istisini, hərarətini, odunu, qüvvəsini gətirən kişi, qəhrəman deməkdir. Bundan əlavə, mənbələrdə fəsil bölgüsü ilə bağlı “Xızr” sözünün işlənməsi barədə məlumatlara da rast gəlmək olur. Türklərdə ilin iki hissəyə bölünməsi, xüsusən də ilin birinci hissəsinin Xızr (altı aylıq yay mövsümü) və Qasım (altı aylıq qış mövsümü) adlanan digər hissəsini əhatə edən mərhələlərin hesab edilməsi bu qəbildən sayıla bilər.

Xıdır Nəbi bayramında əcdadlarımız havaların tədricən yumşalması, sərt, soyuq qışın getdikcə başa çatması ümidi ilə Xızırı layiqincə qarşılamaq, bir-birinə kömək etmək, paylaşmaq amalı ilə bayram tədbirləri keçirərdilər.

Erkən inanca görə, Xızırın gəldiyi “Xızır yolu”nu görənlərin bütün arzu-istəkləri həyata keçər. Qədim adətə görə, Xıdır Nəbi bayramı günü heç kim işləməməli, əziyyət çəkməməlidir. İnanca görə, hər evdə ailə başçısı sübh tezdən yüksək bir yerdə qoyulmuş un və ya qovut üzərində “iz” görərsə, deməli, gecə Xızır gəlib və mübarək izini həmin una, qovuta çəkmişdir. Beləliklə də, özü ilə xeyir, bərəkət, xoşbəxtlik gətirmişdir. Həmin undan, qovutdan bir qədər götürüb səpin vaxtı buğdaya qarışdırıb səpmək üçün saxlayardılar ki, Xızırın xeyir-duası ilə torpaq bərəkətli olsun. Bu bayram gecəsində otların üzərinə düşmüş şehdən xəmir yoğrulardı ki, bu da bolluq-bərəkətə yozulardı.
Xıdır Nəbi: Türk Dünyasının xüsusi bayramı
Mənbələr göstərir ki, vaxtilə Azərbaycana gəlmiş əcnəbi səyyahlar, o cümlədən XIII əsrdə italiyalı Marko Polo, XVIII əsrdə alman Adam Oleari Xıdır Nəbi bayramının mərasimlərini seyr etmiş və öz yazılarında bəzi ayin və adətləri də təsvir etmişlər. Marko Poloya görə, bu bayram türklərin “Bəyaz” adı altında keçirdiyi bayramdır. Bayram adətlərindən danışarkən göstərmişdir ki, bayram axşamı bir sıra inanc və ayin icra olunurdu. Məsələn, yerə ağ süfrə sərilir, onun üzərinə un səpilir, səhərisi isə həmin süfrədəki unun üzərində Xızırın, yaxud Bozatın nalının izi axtarılır, izin olduğunu yəqinləşdirdikdən sonra isə həmin süfrənin üstündəki undan çörək, yaxud kömbə bişirib hamıya paylayardılar.

Bəzi araşdırmalara görə, Xıdır Nəbi həm də “taxıl və müqəddəs ağaclara pərəstiş” bayramı kimi qəbul edilir. Bu da təsadüfi deyildir, çünki erkən dövrlərdən Yaxın Şərqdə taxıla, buğda kultuna, dənli bitkilərə inanış mövcud olmuşdur.

Təsadüfi deyildir ki, islam qaynaqlarında Xızırın şəxsiyyəti ilə bağlı fikirlər arasında Xızırın ibtidai dinlərdə bitki Tanrısı kimi qəbul edilməsi də yer almaqdadır.

Araşdırmalar nəticəsində Xızır bir kult olaraq türk təfəkkürünün məhsulu kimi dəyərləndirilmişdir. Ölüb-dirilmə hadisəsilə bağlı olan Xızır tanrıçılıq görüşlərinin əsasında yaranan obrazdır.

Şərq - islam dini sistemində Xızır dirilik suyunu içdiyinə görə peyğəmbər statusu qazanmışdır. Hətta islamda onun Məhəmməd peyğəmbər (s.ə.s.) və Həzrət Əli ilə görüşməsi haqqında müxtəlif mülahizələr də vardır. 1647-ci ildə Azərbaycana gələn türk səyyahı Övliya Çələbi Xıdır-Zində pirini ziyarət etdikdən sonra “həmin türbədə yatan Xızırın bədəninin təzəliyinin hələ də qorunduğunu” qeyd etmişdir. 1858-1859-cu illərdə Qafqaza gəlmiş fransız Aleksandr Düma da həmin türbəni ziyarət etmiş və onun şirvanlıların müqəddəs hesab etdikləri bir ziyarətgah olduğunu yazmışdır.

Mənbələrə görə, hər 500 ildənbir Xızırın cismi yenilənir, təzələnir, o, yaşıl geyimdə, boz at belində səma məclislərinə qoşulan bir obraz kimi təsvir edilir.

Türk xalq inanclarında Xızırla bağlı çoxsaylı mətn vardır ki, onların əksəriyyətində Xızır çətinlikdə qalmış insanları dardan qurtaran mübarək üzlü xeyirxah bir varlıq kimi təqdim edilir. M.Təhmasibə görə, “hətta Xəqaniyə, Nizamiyə yol göstərən, Xətainin əlindən tutan, Füzuliyə ilham və təxəllüs verən də Xızır övliyadır”.

Xızır Xıdır Nəbi bayramının əsas iştirakçısı olmaqla yanaşı, həm də xalq yaradıcılığında geniş yayılmış mifioloji obrazdır. Əski inanclara görə, Xızır şəfa verən, xeyirxah varlıqdır. Qırğızların “Manas” dastanında Manasın dünyaya gəldiyi gündən Xızırın ona dualar etməyinin şahidi oluruq. Xalq dastanlarında, o cümlədən “Şah İsmayıl və Gülzar”, “Tahir və Zöhrə” dastanlarında Xızır qəhrəmanları müşküllükdən xilas edir.

Qışın oğlan çağı sayılan kiçik çillənin ortalarında keçirilən Xıdır Nəbi bayramında “Xızır süfrəsi” açılar, müxtəlif xəmir xörəkləri bişirilərdi. Əski inanclara görə, “Xızır gəlsin ocağına, şadlıq versin bucağına” deməklə bayrama hazırlıq görülər, xüsusən də Xıdır Nəbi günlərində səməni bişirilərdi. Bayramda adətə görə, oğlan evindən qız evinə “Xızır xonçası” gedərdi. Bu bayram qədim türk mifik düşüncəsində mövsüm mərasimləri arasında məhz kiçik çillə dövründə keçirilən, təbiətin oyanmasını, Günəş və istilik etiqadlarına bağlı olan böyük bir mərasim kompleksidir.

Təqdirəlayiqdir ki, qədim tarixi köklərə malik Xıdır Nəbi bayramı çağdaş dövrdə həm Azərbaycanın müxtəlif bölgələrində, Naxçıvanda, həm Cənubi Azərbaycanda yaşayan həmvətənlərimiz, həm də Anadolu türkləri tərəfindən qeyd olunur. Göründüyü kimi, Xıdır Nəbi bayramı yazın gəlişi ilə bağlı erkən əkinçilik inanc və etiqadları ilə zəngin olan, türk mifik təfəkkürünün ulu qaynaqlarından xəbər verən mövsüm mərasimlərinin toplusu kimi çağdaş dövrümüzdə də öz aktuallığını itirməmiş və əbədiyyət qazanmışdır.

Ülkər NƏBİYEVA,
Bakı Dövlət Universitetinin professoru


Xıdır Nəbi bayramının qəribə adətləri, mətbəxi və inancları - VİDEOREPORTAJБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031