Bir də gəlməm sənə dünya... - İTHAF | MANERA.AZ
![]()
manera.az
(Təsəvvüf şeiri)
Məmməd Dəmirçioğluna ithaf
Bu surətlər bazarında çox insanı satdı dünya.
Qoca, cavan fərq qoymadı, qul kimi işlətdi dünya.
Uduzdumu, ya uddumu bu dünyanın tək tüccarı?
Alim, nadan bir qiymətə, eyni küncə atdı dünya.
Boş qoymadı qul meydanın, boşaldıqca hey doldurdu.
Rişxənd etdi, məzə tutdu, halımıza güldü dünya.
Kimsə sirrin dərk etmədi, pəncərədən baxıb ötdü,
Pəncərədən boylanana acı sillə çəkdi dünya.
Hikkəsindən silkələndi, nərə çəkib od püskürdü,
Ağzı qüdüz köpək kimi, sel-su olub daşdı dünya.
İlk baharda çiçək açan, payızında xəzan oldu.
Qızılgüllə it qanqalın eyni bağa əkdi dünya.
İt kökünə saldı bizi. Boğuşdurdu, didişdirdi,
Qızıl, pulu sümük kimi aramıza atdı dünya.
Nəfsimizə şərik oldu, verdiyinə haram qatdı.
Cəhənnəmi, cənnətiylə baş girlədi xəsis dünya.
Bir abırsız ləçər kimi gözün zilləyib əlimə...
Tüpürərdim bəbəyinə, əzməsəydi məni dünya.
Heç kimə rəhmi gəlmədi, güvənmədi bir kimsəyə.
Sənə gözəl deyən ölsün, bir də gəlməm sənə dünya...
Rəşid Bərgüşadlı