Oğlan və qoca - Arnold Holmanın novellası

Arnold Holma ilk novellalarını 40 yaşında yazmağa başlayıb. Oxuculara təqdim etdiyimiz “Oğlan və qoca” novellası 1960-cı ildə keçirilən və Norveçin ən məşhur hekayə ustalarının qatıldığı novella müsabiqəsində birinci mükafata layiq görülüb.
Qoca balaca nəvəsinin əlindən tutub aparırdı; qara, qıvrım saçlı oğlanın başında papaq yox idi, totuq uşaq əli ilıqdı.
Onlar dustaqların uzun cərgəsinin ön sırasında addımlayırdılar. Qarşıda inək sürüsü otlayan çəmənlik gözə dəyəndə oğlan barmağını həyəcanla ora tuşladı:
- Baba, ata bax!
Qoca gülümsündü.
- At deyil, mənim balam, inəklərdi.
Oğlan şəhərdə doğulmuşdu, yeddi ilin hamısını boz daş evlərin arasında yaşamışdı. İndiyəcən heç vaxt inək görməmişdi.
Qoca dedi:
- İnəklər bizə süd verir.
Oğlan bunu bilirdi. O, inəklərə bir xeyli baxıb sonra zıqqıldadı:
- Baba, mən su içmək istəyirəm.
Qoca dedi:
- Bilirəm, mənim balam. Biz hamımız susamışıq. Bir az döz, yəqin, bir azdan oturub dincimizi alarıq, su da içərik.
Oğlan bir az sakitləşdi.
Payızın havası mülayim olsa da, nəm idi. Gecə yağış yağmışdı, onların getdiyi yol hələ tam qurumamışdı. Qoca nəvəsini gölməçənin yanından adlatdı: oğlanın çəkmələri cırılmışdı, altı qopmasın deyə, iplə sarımışdılar.
Yol boyunca sıralanan ağaclardan sarı yarpaqlar düşürdü. Bəzi yerlərdə dustaqlar qalın xəzəl qatının üstüylə getməli olurdular. Oğlan topuğacan batdığı sarı yarpaqları ayağıyla kürüməkdən xoşlanırdı. Amma qoca ona təpindi ki, düz yerisin, yoxsa çəkmələrin altı yeyilər, iplər qırılar.
- Bax ha, onda ayaqyalın getməli olacaqsan!
Oğlan sözə qulaq asıb daha dəcəllik eləmədi. Bir azdan soruşdu:
- Baba, bəs niyə ata burda yoxdu?
- Ata qalmalı oldu. Onu işə götürdülər.
- İndi biz daha atamla bir yerdə olmayacağıq?
- Yox.
Oğlan bir qədər fikrə gedib soruşdu:
- Bəs ata qalırdısa, onda biz niyə getdik?
- Bilmirəm, mənim balam. Bu qədər sual vermək lazım deyil. Biz danışanda əsgərlərin xoşuna gəlmir. Danıışmaq olmaz, qadağandır. Nəsə demək istəyəndə yavaşdan soruş.
- Yaxşı.
Bir azdan pıçıltıyla soruşdu:
- Əsgərlər bizə acıqlıdırlar?
Qoca başını tərpətdi.
- Niyə acıqlıdırlar? Axı biz onlara heç nə eləməmişik. Mən dəcəllik eləmirdim, həmişə sözəbaxan olmağa çalışırdım.
Qoca yorğuncasına cavab verdi:
- Ona görə ki biz dustağıq, onlar isə əsgərdilər, bizi qorumalıdırlar.
Oğlan bir qədər fikrə gedib sonra soruşdu:
- Bəs ata biz olan yerə gələcək?
- İndi yox. Bəlkə haçansa başqa vaxt gəldi. Bu barədə düşünmə. Biz onunla görüşəcəyik.
Qoca yavaşdan danışır, oğlanı sakitləşdirmək istəyirdi. Amma oğlan zarıdı:
- Mən atamın yanına qayıtmaq istəyirəm.
- Olmaz, mənim balam.
- İstəyirəm.
- Olmaz! Sən hamıyla bir yerdə getməlisən. Yoxsa, əsgərlər gəlib səni aparar.
- Mən istəmirəm!
- Belə lazımdır!
Qoca oğlanın balaca əlini bərk-bərk sıxdı; oğlan sakitcə ağladı.
- Ana hardadı?
- Göylərdə.
- Mələklərin yanında?
- Hə, mələklərin yanında. Orda ona yaxşıdır.
Oğlan fikrə gedib daha heç nə soruşmadı. Tezliklə bu məsələni unutdu.
Qoca fikirləşdi: uşaq bəxtəvərdi ki heç nə qanmır. Ölümün nə olduğunu heç təsəvvür belə eləmir. Axı tezliklə yəqin özü də öləcək.
Sübh tezdən yola düşmüşdülər. Günorta balaca bir kəndin yanından ötüb çayın qırağına çıxdılar. Kənd çörəkxanası yolun kənarında idi, ordan təzə bişirilmiş kömbələrin ətri gəlirdi. Oğlan yenə zarımağa başladı:
- Baba, mən yemək istəyirəm.
- Bir az döz. Bizə axı düşərgədən çıxmazdan qabaq yemək vermişdilər.
- Bu gör nə vaxt idi, özü də mənə az vermişdilər!
- Bir azdan yəqin yenə verərlər. Sən nəsə başqa şey barədə fikirləş, onda aclığın yadından çıxar.
- Bacarmıram, baba. Mənim qarnım ağrıyır.
- Eybi yox, bir azdan keçər.
Kənd camaatı orda-burda topalaşıb durmuşdu. Adamların kasıb olduğu aşkar bilinirdi. Onlar bu uzun dəstəni dinməzcə, çarəsiz baxışlarla müşayiət edirdilər.
Yol ayrıcında iki qızcığaz oynayırdı. Qumun üstündə xanalar çəkilmişdi, bir ayaqları üzərində hoppana-hoppana qırmızı kərpic parçasını irəli itələyirdilər.
Dəstə qaşqabaqlı kəndlilərin yanından adlayanda oğlan babasının arxasında gizlənib xana-xana oynayan qızlara maraqla baxırdı. Böyüklərin gözündən yayınan qızlar öz işlərində idi, oyun oynadıqları qırmızı kəsəklərdən biri yolun qırağına düşmüşdü. Oğlan cəld əyilib onu götürdü. Amma qoca təlaşla dedi:
- At daşı yerə!
- Yox, - oğlan dedi. - Atmıram. Qəşəng daşdır.
- Belə eləmək olmaz. Bizə yoldan heç nə götürməyə icazə yoxdur. Bu daş qızlarınkıdı, sən onu niyə götürdün?
- Mən onu tapmışam, - oğlan inad elədi. - O mənimkidir!
- At deyirəm yerə. Tulla getsin. Əsgərlər onu necə götürdüyünü görsəydilər, səni güllələyərdilər.
Amma oğlan qulaq asmadı, daşı ovcunda sıxıb saxladı.
Yol cənuba tərəf burulurdu və indi çay boyunca uzanırdı. Suyu bol olan enli çay idi, üzü şimala axırdı.
Daha ağaclar gözə dəymirdi. Yolun da, çayın da hər iki tərəfi düzənlik və yaşıl çəmənlik idi. Küləkdə yellənən qızılı çovdar artıq yetişmişdi.
Onlar aralıdan biçinçiləri gördülər. Atlara, taxılbiçən və dərzbağlayan maşınlara baxan oğlan qısa müddətə aclığını unutdu. Sonra yenə astadan zarıdı, çünki indi lap çox acmışdı, ayağı da bərk ağrıyırdı. Çəkməsinin altı qopub aralanmış, içinə çınqıl dolmuşdu. Amma qoca ayaq saxlamağa, oğlana nə cürsə kömək göstərməyə ürək eləmədi. Əsgərlər dustaqların hər bir hərəkətinə göz qoyurdu; onlar bu cür qayda pozuntusuna dözməzdilər. Avtomatların qara lüləsi birbaşa dəstəyə tuşlanmışdı və qoca yaxşı bilirdi ki, bu elə-belə, xof yaratmaq xatirinə deyil. Odur ki nəvəsinə təskinlik vermək istədi.
- Tezliklə çatırıq, onda ayaqların da dincələr.
Oğlan ağladı. Təsəlliverici sözlər daha işə yaramırdı. Amma qocanın ehtiyatda daha bir təsəllisi vardı, özü də çox ciddi təsəlli.
- Lap çox acmısansa, sənə yeməyə bir şey verərəm. Cibimdə bir dilim çörək var. Düzdür, bir az qurudu, amma sənin dişlərin batar.
Oğlan o dəqiqə ağlamağını kəsdi. Qoca gülümsündü.
- Bəlkə çörəyi qopardıb sənə loxma-loxma verim?
- Hə, baba.
Sonra yalvarıcı səslə soruşdu:
- Baba, səndə çörək çoxdu? Mənə dilimin hamısını verəcəksən?
- Əlbəttə. Amma əvvəlcə gözünü sil. Özün də elə ye ki heç kəs görməsin, yoxsa əsgərlər tutub əlindən alar.
Oğlan başını tərpədib çirkli əlləriylə gözünün yaşını sildi. Qoca əlini cibinə salıb quru çörəkdən bir tikə qopartdı; oğlan tikəni cəld ağzına soxdu.
Bu çox çəkmədi, çünki çörək dilimi nazik və balaca idi, oğlan isə cəld və acgözlüklə yeyirdi. Çörək daha qalmayanda qoca cibinin künclərini qurdalayıb qırıntıları topladı ki, özü yesin. Amma oğlanın irəli uzanmış əlini görəndə ürəyi əsdi, qırıntıları nəvəsinin ovcuna tökdü. Təsəlli öz təsirini göstərdi. Çörək bir müddətə oğlana ayağının ağrısını unutdurdu. Amma aclıq səngimədi, qırıntıları udandan sonra oğlan yalvarıcı səslə soruşdu:
- Baba, səndə yenə qalıb?
- Yox, daha heç nə qalmayıb.
Çay sakit, rəvan axırdı. Bəzi yerlərdə yol suyun düz qırağından keçirdi. Qoca bu yerlərə yaxşı bələd idi, oğlana dedi ki, bir neçə saatdan sonra körpüyə çatacaqlar. Amma oğlan çörək deyib zarıyırdı.
- Körpüyə çataq, orda yəqin ki dincələrik, yemək də verərlər.
Çay boyunca uzanan yolun qırağında ot dizə çıxırdı. Bir yerdə suda ördəklər üzürdü. Oğlan gözlərini bərəldib bu iri quşlara baxırdı. Qoca onu başa salmalı oldu ki, ördəklər pəncələriylə suya avar çəkə-çəkə necə üzə bilirlər, hərdən yem dalınca çayın dibinə necə baş vururlar.
Bir az gedəndən sonra isə o, anasından ayrılan və tək qalan ördək balasının nağılını nəvəsinə danışdı. Bu ördək balası bütün yay uzunu təkbaşına gəzib dolaşmış, heç vaxt görmədiyi gözəl yerlərdə üzmüş, başına çoxlu macəralar gəlmişdi. Amma nağıl qəmgin sonluqla bitirdi: ördək balası qaranlıq meşədə azır, ac tülkü onu tutub yeyirdi. Bu əhvalat oğlanın xoşuna gəlmədi. O başqa nağıl eşitmək istəyirdi.
- Baba, mənə Nisse-Yakobun nağılını danış.
Qoca gülümsündü.
- Axı bu, doğruçu nağıl deyil. Nisse-Yakobun başına gələnləri mən özümdən quraşdırmışam, onu sənin baban düzüb-qoşub. Onda sən lap balaca idin, dizlərimin üstündə oturmuşdun. Amma indi, maşallah, böyümüsən, yəqin daha sənə maraqlı olmaz... Bəlkə sənə nəsə başqa şey danışım?
- Yox, mən Nisse-Yakobun nağılına qulaq asmaq istəyirəm.
Oğlanın səsi qətiyyətli idi və qoca gülümsündü.
- Doğrudanmı, bu nağıl hələ də yadındadır? Onu sənə danışdığım vaxtdan gör neçə il keçib, az deyil.
- Hə, yadımdadı. Yenə danış, qulaq asmaq istəyirəm. Nisse-Yakobdan da danış, meşədə yaşayan bütün vəhşi heyvanlardan da.
- Hə, hə! Amma yadıma sal, görüm o necə başlayırdı. Yaman qocalmışam, yaddaşım əvvəlki yaddaş deyil.
Oğlan gülümsədi:
- Sənin yadında deyil Nisse-Yakob harda yaşayırdı?
- Necə yadımda deyil, yadımdadır. O, meşədə yaşayırdı.
- Balaca, qırmızı evdə, - oğlan dəqiqləşdirdi.
- Hə, elədir, - qoca başını yellədi. - Balaca qırmızı evdə... Meşə isə vəhşi heyvanlarla dolu idi... Əlbəttə! Orda pələnglər vardı, şirlər, ayılar, meymunlar, dünyadakı bütün vəhşi heyvanlar vardı. Elədirmi?
- Hə. Amma nağılda hamısı yox idi, təkcə tısbağa, şir, fil, bir də sığın vardı... - Hə, hə, elədir!
- Onda, danış.
- Qoy bir yadıma salım.
Qoca bir qədər fikirləşdi, sonra yadına düşənləri astadan danışmağa başladı. O hər gün meşədə gəzib-dolaşan, giləmeyvə və gül-çiçək yığan, rastlaşdığı bütün vəhşi heyvanlarla söhbət edən balaca cırtdanın nağılını danışırdı. Nisse-Yakobun ayağı ağrıdığı üçün daim axsayan, həmişə də giley-güzar edən tısbağa ilə, balaca cırtdanı qorxudan şirlə, çayın qırağında dayanıb xortumuyla öz üstünə su tökən fillə necə görüşməsindən danışdıqca oğlanın kefi durulur, şən halda gülürdü.
Amma sonra oğlan susdu və nəfəsini qısıb balaca cırtdanın sığınla görüşünə qulaq verdi. Bu sığın balaca cırtdana icazə vermişdi ki, onun belinə minsin, sonra da cırtdanı bütün meşədən keçirərək Yakobun yaşadığı evə gətirmişdi.
Qoca nağılı danışıb qurtaranda oğlan fikirli-fikirli dedi:
- Əgər biz sığına rast gəlsək, bəlkə o məni də belinə alıb gəzdirər?
- Ola bilər.
- Baba, bəs meşədə vəhşi heyvanlar çoxdur?
- Hə, çoxdur.
- Mənsə onları heç vaxt görməmişəm, - oğlan qəmli-qəmli dedi.
- Hə, sən onları görməmisən.
- Mən şir olmaq istəyirəm, onda bizi qoruyan əsgərlərin hamısını yeyərdim.
- Sakit ol, sakit ol! Belə danışmaq olmaz.
Oğlan susdu. Bu vaxt qabaqda gedən başısarıqlı cavan qanrılıb dedi:
- Nədən qorxursan, qoca? Onsuz da bir azdan hamımızı öldürəcəklər.
- Uşağın yanında belə söz danışma, - qoca ona cəmkirdi.
- Eybi yox. Bir azdan özü hamısını görəcək. Yoxsa sənin qulağına pambıq tıxanıb? Bəyəm arxada atəş səslərini eşitmirsən? Əsgərlər yeriməyə gücü qalmayanların hamısını öldürürlər.
Qoca hirsləndi:
- Eşidirəm də, bunun nə olduğunu bilirəm də. Amma uşağı niyə qorxudaq?
Bir müddət keçdi. Qoca yenidən nəvəsinə üz tutdu:
- Göyə bax. Gör nə gözəldir! Gör günəş buludların arxasından necə çıxır.
Oğlan başını qaldırıb yuxarı baxdı. Amma qoca onun başını qata bilmədi. Oğlan göz yaşının arasından dedi:
- Mən lap bərk acmışam, susamışam. Mənim ayağım ağrıyır.
Qoca köks ötürdü.
- Çalış ayağını yerə yüngül bas. Bir azdan körpüyə çatanda dincələrik. Onda sənin ayaqqabılarını qaydaya salaram. Orda bizə çörək də verəcəklər, su da.
Günəş qüruba yaxınlaşır, gün bitirdi. Göydəki buludlar da harasa çəkilmişdi. Yol indi qupquru və tozlu idi. Toz dumanı bütün dəstəni bürümüşdü. Qocanın paltarı qurşağacan bozarmışdı, oğlanın isə üzü də toz içində idi. O gedə-gedə ağlayır, amma ağzını açıb bir kəlmə söz demirdi, çünki toz ağzına, burnuna dolur, boğazı gicişirdi. Sonra ağlamağını da kəsdi. Üzündən hələ də yaş axırdı, sifətində cirkli şırımın izi qalmışdı. Qoca zəndlə baxsa da, nəvəsinin sifətini yaxşı görə bilmirdi, çünki oğlan başını aşağı sallamışdı.
Yol hələ də çay boyunca uzanıb gedir, suyun qıjıltısı lap yaxınlıqdan eşidilirdi. Onlar daha bir kəndin yanından adladılar. Amma oğlan bunu görmədi. Toz onun gözlərini də, qulaqlarını da örtmüşdü. O heç nə danışmırdı, heç yolun qırağında dayanıb dəstəni kirimişcə süzən adamları da görmədi.
Daha bir saat getdilər. Uzun sükutdan sonra qoca dedi:
- Mən artıq körpünü görürəm. Bir azdan körpüyə çatırıq.
Oğlandan cavab gəlməyəndə, qoca səsini qaldırıb bu dəfə bərkdən dedi:
- Bir azdan körpüyə çatırıq. Mən artıq onu görürəm. Lap az qalıb. Körpünün o üzündə böyük çəmənlik var. Orda biz dincələcəyik. Bala, məni eşidirsən?
Amma cavab gəlmədi.
Əgər babasının əli onun əlindən tutmasaydı, yəqin ki, yıxılardı.
Onlar artıq dəstənin ön cərgəsində getmirdilər; arxadan atəş səsləri indi lap aydın eşidilirdi. Oğlanın ayaqları körpünün yanındakı axırıncı təpəciyi də birtəhər aşdı, amma daha gedə bilmədi.
Qoca yenə cəhd elədi ki, nəvəsini ruhlandırsın, intəhası oğlan onu eşitmirdi. İşi belə görəndə qoca oğlanı qollarının üstünə alıb körpüdən keçirtdi.
Toz dumanı xeyli irəlidə görsənirdi. Dəstəni başdan-başa bürüyən ağ duman indi cənuba burulan və yenə çay boyunca uzanan yolda onlarla birgə gedirdi.
Qoca nəvəsini qollarının üstündə aparır, yaşıl otluqda inamsız addımlarla, yorğuncasına irəliləyirdi. O, arxada əsgər çəkmələrinin tappıltısını eşitsə də, bir dəfə də olsun geri qanrılmırdı.
Qaynar qurğuşun parçaları bədəninə işləyəndə oğlan atəş səsi eşitmədi, heç ağrı da hiss etmədi.
Qoca diz üstə torpağa enəndə oğlanın barmaqları aralandı və otun üstünə nəsə düşdü. Bu, qırmızı kərpic parçası idi.
Çevirəni: Mahir N. Qarayev