Ailə – Gi de Mopassanın hekayəsi
Manera.az Gi de Mopassanın "Ailə" hekayəsini təqdim edir:
Mən 15 ildən bəri görmədiyim köhnə dostum Simon Radevini görməyə gedirdim. Bir vaxtlar o mənim ən yaxın dostum idi. Bir-birimizin bütün sirlərini bilirdik. Onunla uzun, xoşbəxt gecələr keçirmişdik, bir-birimizdən gizli sirrimiz yox idi. Sevgi münasibətləri haqqında fikirlərimizi də bölüşürdük.
Demək olar ki, biz ömrümüzün 5 ilini bir yerdə keçirmişdik. Bir yerdə yaşamış, səyahət etmiş, xəyallar qurmuşduq. Eyni şeyləri xoşlayır, eyni şeylərə heyran olur, eyni kitablarla maraqlanır, həyəcanlı xəbərləri eyni cür qarşılayırdıq. Maraqlı adamlara baxanda sadəcə bir-birimizə göz vurub gülərdik.
Sonra mənim dostum evləndi. Hə, o evləndi, qəflətən, heç gözləmədiyim halda. Əyalətdən olan, ər axtarmaq üçün Parisə gələn balaca bir qızla ailə qurdu. Hələ də başa aça bilmirəm necə oldu ki, belə balaca, heç bir fərli xarakteri olmayan, gözləri heç nə ifadə etməyən, o yaşda olan minlərlə qızdan heç nə ilə fərqlənməyən bu qız oxumuş, ağıllı, cavan oğlanın ürəyini ovladı? Kimsə bunun sirrini mənə deyə bilər? Kimsə bu sirri anlayar? Şübhəsiz, mənim dostum, incə, sədaqətli bir qadının qolları arasında sakit, sadə, uzun illər davam edən xoşbəxt bir həyat yaşayacağına ümid etmişdi. O, bu sarışın saçlı məktəbli qızın gözlərində öz gələcək həyatını yalnız belə görmüşdü.
Ağlına da gəlməyib ki, bir vaxtlar aktiv olan, oxumuş bir insan axmaq reallığı dərk edəndən sonra hər şey ona cancıxıcı görünər, belə həyatdan bezə bilər. Ya da heç ağlına da gəlməyib ki, belə şəraitə düşən insan o qədər kobudlaşar, o qədər sərtləşər ki, necə həyat yaşadığının fərqinə də varmaz.
Öz-özümə sual verirdim: Görəsən, o, nə qədər dəyişib? Görəsən, yenə də əvvəlki kimi fəal, hazırcavabdır? Yoxsa, uzun illər əyalətdə yaşadığından beyni də o şəraitə uyğunlaşıb, süstləşib? Hər bir insan 15 il ərzində müəyyən dərəcədə dəyişə bilər.
Qatar balaca bir stansiyada dayandı, mən vaqondan düşəndə kök, hə, çox kök, qırmızıyanaq, bığlı bir kişi qollarını açıb mənə sarı qaçdı. Onu qucaqladım, ancaq tanıya bilmədim. Az sonra təəccüblə dedim:
– Aman Allah! Deməli, sən arıqlamamısan?
O, sözlərimə gülə-gülə cavab verdi:
– Bəs, sən nə gözləyirdin? Əla həyat, əla yemək, əla gecələr! Yemək və yatmaq– günlərim belə keçir!
Ona bir az da diqqətlə baxdım. Enli üzündə bir vaxtlar mənə əziz olan ifadələri tapmaq istədim. Onun gözləri yenə də əvvəlki kimi idi, fərq onda idi ki, gözlərində o vaxtkı ifadə yox idi. Öz-özümə dedim: Əgər gözlər, həqiqətən də, ürəyin aynasıdırsa, deməli, indi onun ürəyi də əvvəlki kimi deyil. Beynində də əvvəlki, mənə məlum olan fikirlər yoxdur.
Onun gözləri yenə də işıqlı idi, gözlərindən sevinc yağır, ziyalı, oxumuş bir insanın gözlərinə bənzəmirdi. Qəflətən dedi:
– Mənim böyük uşaqlarımla da tanış ol, – yanındakı uşaqları mənə təqdim etdi.
14 yaşlarında olan qız, demək olar ki, arvada oxşayırdı. 13 yaşındakı oğlu isə lisey uniformasında idi. Atalarının sözündən sonra onlar utana-utana mənə yaxınlaşdılar.
Dostumun qulağına pıçıldadım:
– Bunlar sənin uşaqlarındır?
– Əlbəttə,– o, gülə-gülə cavab verdi.
– Neçə uşağın var?
– Beş! Üçü də evdədir, – o cavab verdi.
O, son sözlərini fəxrlə, özündənrazı, qalib ədası ilə dedi. Həmin anlarda onun uşaqlarına yazığım gəldi, bu yazıqlıq hissinə bir az nifrət hissi də qarışmışdı.
Mən onun karetasına mindim, özü sürürdü. Biz stansiyadan yola düşdük, küçələrdə itlər və bir neçə qadın qulluqçular vardı. Başqa heç kim gözə dəymirdi. Hərdənbir isə kiçik dükanın ağzında dayanan mağaza sahibləri diqqətimi cəlb edirdi. Yanlarından keçəndə hər bir mağaza sahibi şlyapasını götürüb təzim edir, Simon da onun salamını alıb həmin kişinin adını mənə deyirdi. Heç şübhəsiz, bildirmək istəyirdi ki, bu kiçik şəhərin bütün sakinlərinin adlarını bilir. Birdən yadıma düşdü ki, dostum bir vaxtlar deputatlığa namizəd olmaq arzusu ilə yaşayırdı, deməli, indi bütün arzularını bu kiçik şəhərin küçələrində basdırıb.
Tezliklə, biz şəhərdən çıxdıq, kareta parka oxşar bir bağa tərəfə döndü, biz böyük, qəsrə bənzəyən bir evin qarşısında dayandıq.
– Bura mənim yuvamdır, – Simon dedi. Mənim kompliment deməyimi gözlədi.
– Gözəl evdir, – dedim.
Pilləkəndə bir qadın göründü. Təzə paltar geyinmişdi, hiss olunurdu ki, qonaq qarşılamğa hazırlaşır. Elə bil deyəcəyi sözləri də qabaqcadan planlaşdırmışdı. O daha mənim 15 il əvvəl kilsədə gördüyüm sarışın saçlı qız deyildi. O kök, qıvrım saçlı bir qadın idi. Savadsız, avam, hansı yaşda olduqlarını təyin etmək mümkün olmayan qadınlardan biri...Qadın olduğunu xatırladan bir ifadə yox idi baxışlarında. Uşaq istehsal edən maşın. Uşaqların qayğısına qalmaqdan və yemək bişirməkdən başqa heç nə haqqında düşünə bilməyən kök bir qadın.
Qadın mənimlə görüşdü, biz zala daxil olduq, zalda yaşına uyğun boy sırası ilə düzülmüş başqa üç uşaq da vardı. Sanki yanğınsöndürənlər şəhər merinə hesabat verirdilər.
– Bunlar o biri uşaqlarındır?
Simon məmnun halda uşaqları mənə təqdim etdi:
– Jan, Sofi və Gontran.
Qonaq otağının qapısı açıq idi, otağın bir küncündə təkərli kresloda oturan bir kişi gördüm. Əl-ayağı əsirdi. Başa düşdüm ki, iflicdir.
Dostumun arvadı madam Radevin irəli gəlib kişini mənə təqdim etdi:
– Cənab, o mənim babamdır. 87 yaşı var.
Sonra o, əl-ayağı əsən kişiyə tərəf əyilib bərkdən dedi:
– Ata, o Simonun dostudur.
Qoca kişi mənə "Salam” deməyə cəhd etdi, ancaq sözü düzgün tələffüz etmədi, bir əlini yellədi: "Saa, saa” . Mən stol arxasında oturub dedim:
– Cənab, tanış olmağıma çox şadam!
Bu vaxt Simon da qonaq otağına daxil oldu, gülə-gülə dedi:
– Aha! Deməli, baba ilə tanış olmusan. Bu qoca kişi əsl xəzinədir. O, mənim uşaqlarımı çox əyləndirir . Deyim ki, çox tamahkardır, nahar vaxtı yeməkdən ötrü hay-həşir salır. Sən bilmirsən, onu özbaşına qoysaq nə qədər yeyər. Hə, hə, sən hər şeyi öz gözünlə görəcəksən. O, bütün şirniyyatlara elə baxır, elə bil onlar cavan qızdır. Sən heç vaxt belə gülməli şey görməmisən, tezliklə, hər şeyə özün şahidlik edəcəksən.
Mənə hansı otaqda qalacağımı göstərdilər, otağa girib paltarımı dəyişmək üçün pilləkənlərlə yuxarı qalxanda arxamda səs eşitdim, Simon da yuxarı çıxırdı, uşaqları isə onun arxasınca. Şübhəsiz, məni razı salmaq üçün belə edirdilər.
Otağımın pəncərələri ucu-bucağı görünməyən buğda, yulaf tarlalarına baxırdı. Bir dənə də olsa ağac yox idi.
Zəng səsi gəldi. Nahar vaxtı idi, aşağı düşdüm. Madam Radevin ədəblə mənim qolumdan tutdu, biz yemək otağına girdik. Qulluqçu oğlan qoca kişi oturan kreslonu itələyə-itələyə yemək otağına gətirdi. Qoca kişi stol arxasında oturan kimi acgözlüklə yeməklərə nəzər saldı. O, gah meyvələrə, gah müxtəlif desertlərə baxanda başını güclə döndərirdi.
Simon ona baxıb əllərini bir-birinə sürtdü:
– Dostum, sən əməlli-başlı əylənəcəksən.
Uşaqlar gülüşdülər, sevinirdilər ki, mən qoca, tamahkar qoca kişinin hərəkətlərinə baxacam. Uşaqların anası isə yalnız gülümsədi və çiyinlərini çəkdi.
Simon qoca kişiyə əl eləyib qışqırdı:
– Bu axşam dadlı düyü pudinqi də yeyəcəyik!
Qoca kişinin qırışmış üzü işıqlandı, bu dəfə daha möhkəm titrədi əl-ayağı. Başdan-ayağa qədər hər yeri əsdi, sanki göstərmək istəyirdi ki, Simonun sözlərini başa düşüb, məmnun qalıb. Nahar başladı.
– Sən bir ona bax, – Simon qulağıma pıçıldadı.
Qoca kişiyə sup gətrdilər, lakin o supu yeməkdən imtina etdi. Amma qoca kişi sağlamlığı üçün supu içməyə məcbur idi, qulluqçu oğlan supu zorla da olsa onun boğazına tökür, qoca isə ağzına tökülənləri geri qaytarır, supu udmaq istəmirdi. Beləcə, sup stolun üzərinə, onun yanında oturanların üstünə dağılırdı.
Uşaqlar bu səhnəyə baxıb gülməkdən uğunub gedirdilər, Simon da bu mənzərədən çox məmnun halda məndən soruşdu:
– Bax, qoca kişi gör necə komikdir?
Nahar ərzində uşaqlar qoca kişi ilə məzələndilər, ona atmaca atdılar. Yazıq qoca kişi stolun üstündəki yeməkləri gözləri ilə yeyirdi, titrəyən əlləri ilə yeməkləri özünə tərəf çəkməyə çalışırdı.
Yeməkləri bilə-bilə ona yaxın qoymuşdular, əli çatan yerə. Sanki kişinin uğursuz cəhdlərindən həzz alırdılar. Kişi yeməklərin iyini hiss edəndə, yeməyə baxanda, parça salfetin üstünə ağzından tüpürcək axanda uşaqlar gülürdülər. Kişi dodaqaltı nəsə deyəndə onlar qəşş edirdilər. Bütün ailə bu dəhşətli mənzərəyə baxıb əylənirdi.
Onun boşqabına çox az yemək qoydular, kişi acgözlüklə yedi. Pudinq ortalığa gələndə kişi dodaqlarını yaladı, Gontran ona dedi:
– Sən bu axşam çox yemisən, sənə daha heç nə verilməyəcək.
Hamısı özlərini elə aparırdı ki, guya daha ona heç nə verməyəcəklər. Qoca kişi ağlamağa başladı, bütün bədəni əsdi. Bu vaxt uşaqlar ona baxıb gülürdü.
Nəhayət, uşaqlar çoxlu güləndən sonra kişinin pudinq payını verdilər. Lap balaca tikə, lap balaca.
O, pudinqi yeyəndə qəribə səslər çıxarır, qəribə hərəkətlər edirdi, ördəklər boğazlarında nəsə qalanda necə səs çıxararlarsa, o da elə səs çıxarırdı.
Pudinqi yeyib qurtarandan sonra qoca kişi təpiyini yerə vurdu, bununla yenə də pudinq istədiyini demək istəyirdi. Mən bu kədərli, acı mənzərədən çox sarsıldım. Qoca kişini müdafiə etməyə çalışdım:
–Yazıqdır, ona yenə də pudinq verin!
Ancaq Simon mənə belə dedi:
– Ah, əziz dostum, o çox yaşlıdır, çox yemək ona ziyandır.
Deyəcəyim sözləri dilimin ucundan qaytardım. Ah, etika qaydaları! Ah, məntiq! Ah, müdriklik! Ah, onun yaşı!
Onlar bu yazıq qocanın sağlamlığını qorumaq üçün onu çox şeydən məhrum edirdilər. Guya bununla onun sağlamlığını qoruyurdular. Guya onun qayğısına qalırdılar? O bundan sonra nə qədər yaşayacaq? On gün, iyirmi gün, əlli, yoxsa, yüz gün? Nə üçün belə edirlər? Onun sağlamlığı üçün?
Bəlkə belə edirlər ki, ailə üzvlərini daha çox əyləndirsin?
Bundan sonra o qoca kişinin çox arzusu yox idi. Yalnız ölənəcən doyunca yemək!
Nahardan sonra neçə saat kart oynadıq. Sonra mən öz otağıma getdim. Özümü çox qəmgin hiss edirdim. Kədərli idim! Çox kədərli!
Pəncərənin qabağında oturdum. Heç bir səs eşitmədim, yalnız çox uzaqdan gələn quş səsi eşitdim. Heç şübhəsiz, erkək quş yumurta üstə yatan dişi quşu məmnun etmək üçün nəğmə oxuyurdu.
Quşun nəğməsini dinləyəndə yazıq dostumun beş uşağını fikirləşdim. Dostum göz önümə gətirdim. Yəqin ki, indi çirkin arvadının yanında uzanıb xoruldayırdı.
İngiliscədən tərcümə edən: Sevil Gültən