manera.az
manera.az

İkinci Mahmud - Yersiz ölüm

📅 10.06.2023 10:18

İkinci Mahmud - Yersiz ölüm
(hekayə)

Tanıyanlar bilirlər, soyuqqanlı adamam, hər şeyi ürəyimə salan deyiləm. Həyatdı da, adamın başına hər iş gələ bilər. Sevərsən-ayrılarsan, varlanarsan-kasıblayarsan, lap elə yolla getdiyin yerdəcə yıxılıb ölə də bilərsən. Hər xırda şeyi dərd etməyə dəyməz, əvvəl-axır hamı öləcək... Nahaq yerə ölümdən söz saldım, düzünü desəm, ölümdən yaman qorxuram. Yadıma düşəndə tüklərim biz-biz olur...

Deyirlər, adam öləndə sonra qulaqları üç gün eşidir. Açığı, heç ağılabatan şey deyil, elə də şey olar?! Amma hər ehtimala qarşı vəsiyyət edəcəm ki, mən öləndə dəfn eləməyə tələsməsinlər, üç-dörd gün gözləsinlər. Olmadı elə, oldu belə... Yox, mən elə də sadəlövh adam deyiləm, bilirəm ki, ölünün vəsiyyətini tutan olmur. Bilirəm, gözümü yuman kimi tez-bazar bir molla çağıracaqlar, molla gəlib duracaq başımın üstündə, başlayacaq zırıldamağa. Zəhləm gedir mollalardan! Sonra da tez-bazar kəfələyib aparacaqlar basdırmağa. Basdırıb qayıdacaqlar, hərə öz işinin dalınca gedəcək...

Tutaq ki, birdən dirildim? Bəs onda? Doğurdan ha, birdən dirildim! Bir gün sonra dirilən ölülər haqqında o qədər əhvalat eşitmişəm ki. Sizi bilmirəm, mən inanıram. Ola bilər. Dirildi, dirildi də. Gərək vəsiyyət edəm ki, mənim ağzıma pambıq tıxamasınlar. Ölən mən deyiləm?! Kefim belə istəyir! Ölünün vəsiyyəti tutulmur, bilirəm. Lap elə tutaq ki, dirildim, başladım qışqırmağa, kim eşidəcək səsimi? Nə bilim e, qarışıq məsələdi...


Düzü, belə danışmağıma baxmayın, dərindən fikirləşəndə başa düşürəm ki, əvvəl-axır mən də öləcəm. Amma ölməkdən ölməyə də fərq var axı. Yaxşıca gün görəsən, yeyib-içəsən, gəzib-dolanasan, bütün işlərinin görüb qurtarandan sonra deyəsən, hə, yaşadım qurtardım, indi ölə bilərəm. Yoxsa, Əfqan dayı kimi? Yazıq Əfqan dayı! Vaxtsız getdi... Bir söz var e, deyir, hər ölüm elə vaxtsızdı, amma Əfqan dayının ölümü, doğrudan da, vaxtsız idi. Gərək elə həmin gün öləydi?! Lap bircə gün qabaq ölsəydi, məni bir elə yandırmazdı...

Yaxşısı budur, qoy lap əvvəldən başlayım... Əfqan dayı- hamı onu belə çağırardı, yaşlı da, cavan da- bizim işin yanındakı dayanacaqda dilənirdi. Hə, dilənirdi. Onu orda tanımışdım. Mən məsuliyyətli adamam, işə gecikməyi sevmirəm. Niyə də gecikməliyəm axı?! Nolar, bir saat tez duraram yuxudan, işə vaxtında çataram, lap bir saat da tez çataram, lap elə durub qapının ağzında gözləyərəm ki, gəlib qapını açsınlar.

Əfqan dayı məndən də məsuliyyətli adam idi, hər səhər o başdan gəlib dayanırdı həmin dayanacaqda. Avtobusadan düşüb görürdüm ki, odey, Əfqan dayı dayanıb papiros tüstülədir acqarına. Salamlaşıb hal-əhval tuturduq. Dayanacağın böyüründəki köşkün açılmağını gözləyirdik. Hər gün qəzet alırdım bu köşkdən, krassvord qəzetləri. Yaman dadanmışdım bir ara krassvorda. Sonralar krassvorddan da bezdim. Bezərəm də, əşi, belə də şey olar?! Çevir tatı, vur tatı... Bu dayanacaqda hər gün, eyni vaxtda, demək olar ki, eyni adamları görmək olar. Bir-birimizə o qədər öyrəşmişik ki, bir gün kimisə yerində görməyəndə narahat oluruq.

Görən nolub? Bəlkə xəstələnib? Hər səhər bir-birimizlə salamlaşır, hal-əhval tuturuq. Amma söhbətlərimiz elə də uğurlu alınmır. Bu qısa və candərdi söhbətlər əsasən iki mövzuda olur: bugünkü hava durumu və avtobusun gecikməyi. Qəribədir ki, havanın necə olmağından asılı olmayaraq hamı narazılıq edir. Soyuqda soyuqdan, istidə istidən gileylənirlər. Vallah, adamlardan baş açmaq olmur! Avtobus da ki hər gün gecikir. Amma Əfqan dayı optimist insan idi; hər cür havada üzü gülürdü. Bir də görürdün, ayaqlarını sığallaya-sığallaya gələcəkdən xəbər verir:
-Deyəsən, yenə yağacaq, ayaqlarım yaman ağrıyır..

Hə, lap yadımdan çıxmışdı, Əfqan dayı şikəst idi, əlil arabasında gəzirdi. Hər gün köşkün açılmasını gözləyə-gözləyə xeyli söhbət edirdik. Bütün həyatını əzbər bilirdim. Vaxtilə yaxşı vəzifələrdə işləmişdi, öz dili ilə desək, bəxti yaman gətirmişdi. 24 yaşında şərab zavodunun direktoru qoymuşdular Əfqan dayını, öz dediyinə görə, dövlətin bir qara qəpiyinə də əyri baxmamışdı. Kişi kimi yaşamışdı, vicdanla. Amma 30 yaşında adicə qripdən yorğan-döşəyə düşmüş, ayaqları tutulmuşdu. Bəxtə bax ha! Sonra arvadı Əfqan dayını atıb getmişdi. Amma deyirdi ki, özüm boşandım, yola getmirdik. Bircə qızı var idi, varlı bir adama ərə getmişdi. Deyirdi ki, qızım məni evinə aparmaq istəyir, amma özüm getmirəm, heç kimə yük olmaq istəmirəm, onsuz da bu gün-sabah biletim cek-potu udacaq. Pulu götürüb gedəcəm İsrailə, ayaqlarımı müalicə etdirəcəm.

Hə, yenə az qala yadımdan çıxmışdı, Əfqan dayı lotoreya azarkeşi idi, hər həftə “Bəxt” lotoreyası alırdı. Özü də bir-neçə ədəd. Nahara qədər dilənir, sonra çıxıb gedirdi evinə. Qoy yadımdan çıxmamış deyim, Əfqan dayının evi də yox idi. Deyirdi ki, qəpiyi qəpiyə calayıb özümə ev tikmişdim, günün günorta çağı bir “Kamaz” yoldan çıxıb özünü çırpdı evimə. Evdə evlik qalmadı. Bəxtə bax ha! Şoferin heç burnu da qanamamışdı. Evin də sənədi yox, sünəti yox, hara getdimsə, bir kar olmadı. Düzünü desəm, Əfqan dayını anlaya bilmirdim. Axı bu adamın öz bəxtinə güvənməsi üçün heç bir səbəb yox idi.

Hər səhər Əfqan dayıya pul verirdik. Elə də çox yox, qəpik-quruş, onsuz da çox verəndə götürmürdü. O da pulu alıb əvəzində xeyir-dua verirdi bizə. Deyirdilər ki, Əfqan dayıya pul verən gün işlərimiz yağ kimi gedir. Düzü sınamamışdım, nə bilim, ola bilər...

Hə, onu deyirəm axı, yaman nikbin adam idi Əfqan dayı. Əyninə-başına yaman fikir verərdi, pal-paltarı tər-təmiz olardı. Hər gün üzünü taraş edərdi. Heç bir dəfə də, üzünü tüklü görməmişdim. Saçına bir daraq çəkirdi, gəl görəsən. Saç da saç idi ha! Meşə kimi...

Bu adamdan baş aça bilmirdim. Həyatı uğursuzluqla dolu idi. Bəxt sarıdan heç yarımamışdı. Heç qripdən də ayaq tutular? Deyək ki, arvadını başa düşdük, ömrünü şikəst adama qulluq edərək çürütmək istəməyib. İstəməyib də! Bəs qıza nə deyəsən? Düzdü, Əfqan dayı yalandan deyirdi ki, özüm qızıma yük olmaq istəmirəm. Amma mən anlayırdım ki, yalan danışır. Bunu anlamaq üçün onun gözlərinə baxmaq kifayət idi. Mən başa düşürəm.

Başa düşürəm ki, “qızım da məni atıb” demək bir ata üçün necə ağırdı. Başına bu qədər iş gələn adamın təzədən öz bəxtinə güvənməsini isə heç cürə başa düşə bilmirdim. Lotoreyanın adına bax: “Bəxt”. Pahoo! Bu adamda bəxt nə gəzir, a zalım?! Hərdən istəyirdim deyəm ki, ay Əfqan dayı, əl çək bu sevdadan. Sən o Cek-potu çətin udasan! Səndə bəxt nə gəzir, kişi! Yaxşısı budur, get özünü ver bir qocalar evinə. Bizim qəpik-quruşlarımızla sənin yaran sağalmaz. Onsuz da, yığdığın pulları hamısı verirsən lotoreyaya... Ay-hay! Gəl bunları Əfqan dayıya de, görüm, necə deyirsən?!

Deyəmməzdim. Deyəmməzdim, çünki Əfqan dayı əmin idi ki, Cek-potu udacaq. Hər dəfə biz ona pul verəndə arxayınlıqla deyirdi: -Narahat olmayın e, bu gün-sabah qaytaracam pullarınızı... Cek-potu udan kimi qaytaracam... Artıq hamı inanırdı ki, gec ya tez Əfqan dayı udacaq bu Cek-potu. Özü də hanısa uzaq gələcəkdə yox, bu yaxınlarda, lap elə gələn tirajda Cek-potu udacaq Əfqan dayının bileti..

Hər tirajın səhəri Əfqan dayı biletini həmin o köşkdə yoxladırdı. Öyrənəndə ki, bileti bu dəfə də Cek-potu udmayıb, heç kefini də pozmurdu. Bircə dəfə öz-özünə mızıldanırdı dodağının altında:

-Eybi yox, demək qismət bu tiraja deyilmiş... Sağlıq olsun!

4-5 gün idi ki, gözə dəymirdi Əfqan dayı. Düzü, hamımız narahat idik. Yazıq kişi! Kimi yox, kimsəsi yox... Kim bilir, başına nə iş gəlib... Köşkdəki oğlandan soruşmaq qərarına gəldim. Bilsə, bilsə, o bilcəkdi Əfqan dayı hara yoxa çıxıb neçə gündü. Necə olsa, hər gün burda olur axı. Ola bilməz ki, xəbəri olmasın... Köşkə yaxınlaşdım:

- Qardaş, bu Əfqan dayı vardı e, neçə gündü gözə dəymir, xəbərin yoxdu, hara yoxa çıxıb? -Hə, Əfqan dayı, öldü dəə!
-Necə yəni “öldü”, başa düşmədim?
-Öldü də, maşın vurdu... “Kamaz”..
-...
-Keçən tirajdan sonra gəldi bura, biletini yoxladım... Cek-potu udmuşdu..
-Nə?
-Hə də, udmuşdu Cek-potu... 46 min!
-Bəs sonra? Düz-əməli danış görüm..

-Nə danışım e?! Yoxladım, gördüm udub... Bileti götürüb dedi, mən getdim. Elə yolu keçəndə düşdü “Kamaz”ın altına... Öldü, getdi... Cumdum ki, heç olmasa bileti götürüm.. Bilet nə gəzir! Orda bilet, burda bilet, tapılmadı ki tapılmadı... Hə, belə...


Baxış sayı - 464 | Yüklənmə tarixi: 10.06.2023 10:18
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031