manera.az
manera.az

Möminə Xatun məqbərəsi araşdırmalar işığında

Möminə Xatun məqbərəsi araşdırmalar işığında
Azərbaycan memarlığının ən nadir və unikal abidələrindən biri Möminə Xatun məqbərəsidir. Görkəmli memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən inşa edilən və hicri tarixi ilə 582-ci ilin məhərrəm ayında (miladi 1186-cı il, aprel) tamamlanan bu məqbərə dünyanın monumental tarixi-memarlıq abidələrindəndir. Qeyd edək ki, orta əsr Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin yaradıcısı Əcəmi Naxçıvani inşa etdiyi abidələrin üzərində özünü "Əbubəkr oğlu Əcəmi, naxçıvanlı memar" kimi təqdim etmişdi.

XII əsrdə, Azərbaycan mədəniyyətinin və ictimai fikrinin çiçəkləndiyi bir dövrdə yaşayıb-yaratmış memarın inşa etdiyi bu abidə o qədər zərif, o dərəcədə yüksək bədii təfəkkür məhsuludur ki, ona tamaşa etməyə gələni öz cazibəsində saxlaya bilir. Çünki məqbərədə riyazi təfəkkürlə bədiiliyin vəhdəti duyulur. Abidəyə həndəsi ornamentlər böyük ustalıqla həkk edilib. Xarici səthləri bir-birindən ayıran tillərin memarlıq bölgüsünün dəqiqliyinə heyran qalmaya bilmirsən. Möminə Xatun türbəsini inşa edən Memar Əcəmi kufi xətli kitabələri həndəsi sistemləri xatırladan mürəkkəb naxış şəbəkələrinə uyğunlaşdırmışdı. Bütün bunlar abidənin ümumi kompozisiyasını tamaşaçıya sevdirə bilir. Həmin kufi xətli kitabələrdən biri bizi xəyalən 12-ci yüzilliyə aparır: "Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar". Bu inci yadigar Şərq memarlığı üçün məktəb oldu. Əcəmi yaradıcılığının təsiri ilə 1196-cı ildə inşa edilən Marağa Göygünbəzi, Culfadakı Gülüstan türbəsi (XIII əsr), XIV əsrdə tikilən Qarabağlar, həmçinin, Bərdə və Salmas türbələri bu gün də dünyanı heyrətləndirməkdədir.

Tarixdə unikum, yəni qeyri-adi şəxsiyyətlərin mürəkkəb taleləri olduğu kimi, unikal, yəni orijinal abidələrin də özünəməxsus taleləri vardır. Çox təəssüflər ki, Möminə Xatun türbəsi də bəzən Naxçıvana işğalçı kimi gələn xarici qoşunların qısqanclığına səbəb olmuş, ona silah tuşlayanlar və atanlar da tapılmışdı.

Naxçıvan xanlığı 1828-ci ildə Rusiya tərəfindən işğal edildikdən sonra rus hərbçi şərqşünaslar, etnoqraflar və arxeoloqlar bu abidədə axtarışlar və qazıntılar aparmışlar. Orta məktəbdə oxuduğumuz illərdən üzü bəri eşitdiyimiz elə söz-söhbətlər var ki, onlara biganə qalmaq olmur. Elə bu yazımızın əsas qayəsində də həmin axtarışlardan biri dayanır.

Möminə Xatun Azərbaycan Atabəylər dövlətinin yaradıcısı Eldəniz Şəmsəddinin (hakimiyyətdə olduğu illər - 1136-1174) həyat yoldaşı, Məhəmməd Cahan Pəhləvanın (hakimiyyətdə olduğu illər - 1174-1186) və Qızıl Arslanın (hakimiyyətdə olduğu illər - 1186-1191) anasıdır. O, Azərbaycanın diplomat qadınlarındandı, Atabəylər dövlətinin xarici və daxili siyasətində ərinin və oğlanlarının yaxın köməkçisi olmuşdu. Elə bu sədaqətinə görə əri Şəmsəddin Eldəniz onun məzarı üstündə əzəmətli məqbərə tikdirmək qərarı vermişdi. Möminə Xatun 30 sentyabr 1175-ci ildə Naxçıvanda əbədiyyətə qovuşub, ondan bir ay sonra Şəmsəddin Eldəniz Atabəy dünyadan köçüb. Özülü 1175-ci ilin oktyabrında qoyulan məqbərənin inşası onların sədaqətli oğlu Məhəmməd Cahan Pəhləvan tərəfindən başa çatdırılıb.
Möminə Xatun məqbərəsi araşdırmalar işığında
Möminə Xatun türbəsinin hündürlüyü 34 metr olub, sonralar isə 8 metr hündürlükdə xarici örtüyü dağılıb (daha doğrusu, dağıdılıb - bu haqda bir az sonra). Türbə iki hissədən - yeraltı və yerüstü hissələrdən ibarətdir. Arxeoloqlara görə, yeraltı sərdabə hissəsi onbucaqlıdır. Mərkəzdə yerləşmiş sütundan onbucaqlının hər bir küncünə doğru bir tağ salınıb. Türbənin yerüstü hissəsi xaricdən onguşəli, daxildən isə dairəvidir.

İndi gəlib çatdıq əsl mətləbə - 1953-cü ildə Möminə Xatun türbəsində aparılan qazıntılara. Sözügedən qazıntıdan xəbəri olan insanların Naxçıvan şəhərində axtarışına başladıq. Çox axtarışdan sonra həmin qazıntılarda iştirak edən bir nəfərin - Ənvər Nəsir oğlu Bağırovun sağ olduğunu öyrəndik. Ənvər Bağırov 1927-ci ildə Naxçıvan şəhərində, Möminə Xatun türbəsinin yaxınındakı "Qala" məhəlləsində anadan olub. Babaları İrəvan mahalındandı. Ömrü boyu sürücü işləyən Ənvər əmi ilə zəngləşib görüşdük. Onun verdiyi məlumatlar çox maraqlı oldu: "136 il ömür sürmüş Hürzad xalam türbənin lap yaxınlığında yaşayırdı. 26 yaşım vardı və hər gün onlara gəlirdim. 1953-cü ilin qızmar yay günlərindən birində eşitdik ki, türbədə axtarışlar aparmaq üçün Moskvadan alimlər gəliblər. Məqbərənin üstünə çıxmaq üçün taxtabənd hazırladılar. Komissiya (ekspedisiya - müəllif), səhv etmirəmsə, 10 nəfərdən ibarət idi. Aralarında bir qadın vardı. Çox fəallıq göstərirdi. Taxtabəndi qurandan sonra məqbərənin üstünə çıxıb onun şərq hissəsini sökmək barədə fəhlələrə göstəriş verdilər. Çox çətinliklə qazılırdı. Biz gənclər də çıxıb baxırdıq. Bizə izah etməsələr də, baxmağa icazə verirdilər. Bir adam boyu qazandan sonra uzun bir taxta sandıq çıxdı. Onun ağzını açdılar. Hamısı qədim kitablar və nəyəsə bükülmüş sənədlər idi. Karton üzərinə çəkilmiş bir qadın şəkli də (3 ədəd) vardı. Rus alimləri çox sevinirdilər. Məqbərənin üzərində, günçıxan tərəfdə qazdıqları yer 3-4 gün qaldı. Mən oraya düşdüm ki, hündürlüyünü bilim. Sinəmdən yuxarı idi. Sonralar oranı Moskvadan gələnlər betonlatdılar.

Onu da deyim ki, o vaxtlar məqbərənin qapısı indiki yerdə, yeraltı sərdabənin giriş qapısı isə qərbdən idi. Sərdabəyə girəndə sütundan solda iki qoşa qəbir vardı. Üzəri minarənin tikildiyi kərpiclə örtülmüşdü.

Bir gün alimlərin başçısı mənə dedi ki, Bağırov, sən maşınınla bizi Culfaya apara bilərsənmi? Dedim, apararam. Biz maşınla Culfaya yola düşdük. Ancaq indiki quşçuluq fabrikinin tikildiyi yerə çatanda mənə dedilər ki, maşını yuxarıdakı təpəliyə tərəf sür. Dəmir teleqraf dirəklərinə çatanda maşını saxladıb yerə düşdülər. Mənə dedilər ki, bu teleqraf xətti Moskvadan Hindistana gedir. Maşınımda gələn 3 nəfərdən biri bayaq dediyim qadın idi. O, əlində bir kitab tutmuşdu. Kitabı açıb baxdı. Onu da deyim ki, bu dirəklərin üzərinə nömrə yazılmışdı. 20-62, yaxud 20-63-cü nömrənin yanındakı təpənin üstünü qazmağa başladılar. Çox nəhəng bir qəbir çıxdı. Onun sümüklərini yeşiyə yığdılar. Soruşdum, dedilər ki, müharibədə həlak olan bir Knyazın məzarıdır. Və biz Culfaya getdik. Onlar axırıncı dəmir dirəyin nömrəsini qeyd edib Naxçıvana qayıtdılar".

Arada soruşuram ki, Ənvər əmi, sən indi o təpəni tapa bilərsənmi? Deyir ki, taparam. Ənvər əminin 1964-cü ilə aid bir xatirəsini də dinləyirəm: "Biz bir neçə nəfər gənc Köhnə qalada ov edirdik. İndiki Nuh türbəsinin yerində uçuqlar içində bir qəbir vardı, üstü hündür tikili idi. Birdən yanımızda maşın dayandı. Naxçıvanda hamının ehtiyat etdiyi milis - erməni Aram maşından düşüb bizə acıqlandı ki, burada ov etmək olmaz, tez çıxıb gedin. Biz gedib qala divarının dalında gizlənib baxmağa başladıq. Onlar dediyim qəbir tikilisini vurub uçurdular və nəyisə oradan götürüb ağ parçaya bükdülər, maşına qoyub tələsik sürüb getdilər. Gəlib baxdıq. Orada iri bir çuxur vardı". Çox təəssüflər ki, Ənvər əminin dediklərini o vaxtlar "Şərq qapısı" qəzetində çap etdirsəm də, səsimizə səs verənlər olmadı. Çox doğruçul insan idi və mən ona inanırdım. Ənvər əmi sonda qeyd edirdi ki, Möminə Xatun türbəsində qəbirlərin qazılmasından xəbərim yoxdur. 1973-cü ildə Naxçıvan Şəhər Soveti niyəsə Rəhim xanın həyətindəki su kranını gətirib türbənin qərbində yerləşdirdi. Gecə-gündüz axan su onun bir tərəfinin əyilməsinə səbəb oldu.

MÜƏLLİF QEYDİ: Möminə Xatun türbəsinin yeraltı sərdabəsinə girişin qərbdən olması doğrudur. Hətta məxəzlərdə yazılıb ki, türbənin qərb hissəsi işlənmə xüsusiyyətinə görə fərqlənir. 1830-cu ildə çəkilmiş litoqrafik şəklində türbənin yeraltı sərdabəyə giriş qapısı şərqdən deyil (indiki yerdə). Türbənin günbəz hissəsi boşqab formasındadır. 1905-ci ilə aid şəkildə isə artıq belə deyil. Müəyyən qədər dağıdılmış formadadır. Orada saxlanılan kitablar, sənədlər hökmən Atabəylərə aid olub. Həmin ekspedisiyanın hesabatları, yəqin ki, haradasa saxlanılır və bu haqda məlumatlar var. Çox güman ki, bu arxiv-kitabxana Atabəylərə aid imiş. Rusiyada belə qədim kitabları, risalələri, əsasən, Sankt-Peterburqakı Saltıkov-Şedrin adına kütləvi kitabxanasının xüsusi fondlarında saxlayırlar. Məşhur Ərdəbil və Axalsıx paşalığının mənimsənilib aparılmış kitabxanası da burada saxlanılır.

Ənvər əminin dediyi bu arxiv-kitabxananı tapmaq üçün Naxçıvanda axtarışda olan elmi ekspedisiyaların hesabatlarını tapmaq və oxuyub öyrənmək kömək edə bilər.

Araşdırmalar göstərdi ki, məzarlar 1957-ci ildə qazılıb və deyilənə görə, sümüklər Sankt-Peterburqdakı Böyük Pyotr adına (sabiq kunstkamera) Antropologiya və Etnoqrafiya Muzeyinə aparılıb. Məzarların 1957-ci ildə açılması haqqında məlumatı bizə kinorejissor Tahir Əliyev vermişdi. O bu məqbərə haqqında sənədli film də çəkib.

Qazıntının şahidi olan Cəfər kişi bir müddət əvvəl dünyasını dəyişib. Onun vaxtilə dediyinə görə, qazılmış məzarın birində parıltılı, üstü ərəb hərfləri ilə yazılmış bəzək əşyası da varmış. Cəfər kişi hətta bunun ləl olduğunu da söyləyirmiş. Ermitaj adı ilə aparılmış bu bəzək əşyasının, yəqin ki, təsviri də haradasa saxlanılır. Axtarışlar əsas verir deyək ki, qoşa məzarlar Möminə Xatunın və onun əri Şəmsəddin Eldəniz Atabəyin məzarları imiş. Çünki onlar bir ay ara ilə vəfat etmişlər. İndi canlı arxiv kimi yaşayan Ənvər əmi bu qoşa məzarları görən yeganə şahid idi. Artıq Ənvər əmi də əbədiyyətə qovuşub.

Sonda maraqlı bir məqama da toxunmaq istərdik. XII əsrdə Azərbaycanda da qədim nücum elmi çox inkişaf etmişdi. Nizami Gəncəvinin və digər müəlliflərin yaradıcılığı buna əyani sübutdur. Əcəmi Naxçıvaninin də dəqiqliklə inşa etdiyi türbələrdə nücum elmi ilə bağlı elementlər mövcuddur. Burada həndəsənin sferik triqonometriya bölməsi ilə əlaqəli elmi izahını gözləyən məsələlər vardır. Bir sözlə, bu türbə göylər aləmi ilə də çox əlaqəlidir və onun dərin mənalara malik kosmik sirri var. /525.az/

Musa QULİYEV (RƏHİMOĞLU)
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
kuliyevm@yandex.ru
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930