Kürmükdən - Yeddikilsəyə qədər səfər turu - Azərbaycan alimlərinin gözü ilə | MANERA.AZ
Mədəniyyətlərin və dinlərin harmoniyasını inkişaf etdirmək siyasətini əsas götürən Azərbaycan Respublikası müxtəlif etnosların mədəniyyətlərinin və dinlərinin inteqrasiya məkanı kimi tanınmışdır.
Tarix boyu ölkə əhalisinin etno-konfessional tərkibinə daxil olan xalqlar həm dini, həm də mədəni tolerantlıq şəraitində yaşamışlar. Bu tolerantlıq Azərbaycan multikulturalizminin müqəddəm ilkin şərtlərini yaratmış, ölkədə və bütövlükdə dünyada müxtəlif xalqlara və konfessiyalara məxsus mədəni müxtəlifliklərinin qorunmasına, inkişafına və harmoniyasına, azsaylı xalqların subetnosların milli mədəniyyətinə inteqrasiya olunmasına kömək etmiş, sivilizasiyalararası dialoqun yaranmasında vasitəçiyə çevirmiş, Azərbaycan multikulturalizmi modelinin yaranmasının ana qatı olmuşdur.
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili” elan etməsi müxtəlif layihələri reallaşdırmaq imkanını yaratmış, vətəndaş cəmiyyətinin potensialından istifadə edərək tarix, mədəniyyət və dini abidələrin qorunub saxlanması prosesinə dəstək vermək üçün Respublikamızın bölgələrinə elmi turlar həyata keçirilməyə başlanmışdır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Prezidenti yanında Bilik Fondu, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Slavyan Universiteti ilə birgə 23-24 aprel 2016-cı il tarixində «Azərbaycanın maddi-mədəni irsi - Alban Apostol kilsəsi Qafqazın ən qədim kilsəsidir» layihəsi çərçivəsində Qax rayonuna bir qrup alim və tələbənin səfər turunu təşkil etmişdir. Turun məkanı olaraq Qax rayonu təsadüfi seçilməmişdir. Rayon Azərbaycan Respublikasının ən qədim, zəngin tarixi keçmişə malik əsas mədəniyyət mərkəzlərindən, etnik cəhətdən ən rəngarəng bölgələrindən biri olmaqla yanaşı tarixi abidələrilə də zəngindir. Rayonda 70-ə yaxın tarix və mədəniyyət abidəsi qeydə alınmışdır.
23-24 aprel 2016-cı il tarixində «Azərbaycanın maddi-mədəni irsi - Alban Apostol kilsəsi Qafqazın ən qədim kilsəsidir» layihəsi çərçivəsində səfər proqramı Qax rayon Tarix-Diyarşünaslıq Müzeyinin ziyarətindən başlandı. Direktor Mahir Qalib oğlu Əfəndi muzeyin yaradılması, onun eksponatları haqqında ətraflı və məzmunlu məlumat verdi. Məlum oldu ki, muzey 1981-ci ildə Allahverdi kilsəsi binasında (XIX əsr) cəmi 500-dək eksponatla fəaliyyətə başlamışdır. Hal-hazırda isə muzeydə Qax rayonunun 5000 illik tarixini əks etdirən 11000-dən çox əşya mühafizə edilir. Həmin əşyalar arxeoloji, etnoqrafik, numizmatik, elmi təbiət kolleksiyaları, fotomateriallar, təsviri və yazılı məxəzlər üzrə bölmələrdə sistemləşdirilmişlər. Mahir Əfəndi onu da qeyd etdi ki, muzeyin müasir havalandırma və işıqlandırma vasitələri ilə təchiz olunmasına böyük ehtiyac duyulur.
Sonra proqram üzrə nəzərdə tutulmuş Heydər Əliyev Mərkəzində «Kürmük Alban məbədi - Azətbaycanın maddi-mədəni irsidir» mövzusunda dəyirmi masa keçirildi. Tədbiri Qax rayon İcra hakimiyyəti başçısının müavini Vəfa Heydərova açdı. İclasın moderatoru, BBMM-nin baş məsləhətçisi Rəşad İlyasov tədbirin məqsəd və vəzifələrindən danışdı və mərkəzdə «Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları» kitabının və habelə «Azərbaycanın maddi-mədəni irsi - Kürmük alban məbədi» kitabçasının təqdimatını keçirdi. Kürmük abidəsi haqqında hazırlanmış məlumat kitabçasının təqdimatı bir daha göstərdi ki, yerli əhali arasında bu cür məlumat kitabçalarına böyük ehtiyac vardır. Dəyirmi masaya toplaşanlar, xüsusilə ziyalılar və gənc nəslin nümayəndələri həmin kitabçanı böyük rəğbətlə qarşıladılar. Tədbir Bakının müxtəlif elmi-təhsil qurumlarını təmsil edən alimlərin çıxışları ilə davam etdirildi. Çıxış edənlərin demək olar ki, əksəriyyəti Qax rayonunun Alban abidələrinin müasir durumunun acınacaqlı vəziyyəti haqda danışaraq bildirdilər ki, Azərbaycanın maddi-mədəni irsi olan bu abidələr üzərində bərpa və konservasiya işlərinin tezliklə həyata keçirilməsi vacibdir . Sonda alimlər dəyirmi masa iştirakçılarının suallarını cavablandırdılar.
Turun ikinci günü - aprelin 24-də Qax rayonu ərazisində yerləşmiş 4 alban xristian abidəsinə ekskursiya başlandı. Birinci olaraq, tur iştirakçıları Yeddikilsə abidəsini ziyarət etdilər.
Yeddikilsə monastır kompleksi Ləkit-Kötüklü kəndi yaxınlığında yerləşmişdir. Kompleksə dini (2 bazilika tipli məbəd və 5 sövmə) və mülki tikililər daxildir. Bələdçilərin verdiyi məlumatlardan aydın oldu ki, movakanlara (müklərə) aid olan bu monastırın sövmələrinin bir qrupunda qəbirlər yerləşmiş və həmin sövmələr mavzoley funksiyasını daşımışdır. Səfər iştirakçıları monastırı əhatə edən müdafiə divarının bir hissəsinin də qorunub saxlanıldığının şahidi oldular. Ziyarət zamanı bələdçilər onu da diqqətə çatdırdılar ki, Yeddikilsə adı ilə məşhur olan möhtəşəm alban monastır kompleksi uzun müddət alban kilsəsi yepiskopluğunun mərkəzi olmuşdur. Bu abidə XII əsrədək dini tikili kimi fəaliyyət göstərmişdir. Məbədin tarixi ilə bağlı kifayət qədər məlumat zamanımıza qədər gəlib çıxmasa da bələdçilər bildirdilər ki, bu abidənin xristianlığın Qafqaz Albaniyasinda çiçəkləndiyi bir dövrdə, IV-V əsrlərdə inşa edildiyi güman edilir. Alban Arşakiləri sülaləsindən olan hökmdar III Mömün Vaçaqan hakimiyyətə gəldiyi dövrdə Qafqaz Albaniyanın hər yerində möhtəşəm kilsələr və monastırlar inşa edilmiş, dini təhsil verən məktəblər açılmışdır. Məhz Yeddikilsə monastır kompleksinin də o zaman inşa edildiyi düşünülür. Yeddikilsə monastır kompleksini müşahidə edərkən səfər iştirakçıları belə bir nəticəyə gəldilər ki, onun dağılması prosesi sürətlənmişdir. Hazırda abidə qəzalı vəziyyətdədir və təcili bərpa olunmalı abidələr siyahısına salınmalıdır.
Növbəti ziyarət edilən abidə Qum kəndinin mərkəzi hissəsində, Qum çayının sahilində yerləşən Qum məbədi idi. Bələdçi M.Xəlilov səfər iştirakçılarının diqqətinə çatdırdı ki, Qum məbədi üç nefli bazilika tipli məbədlər sırasına daxildir və qeyd etdi ki, gürcü tədqiqatçıları, ilk növbədə, D.L. Musxelişvili Qum bazilikası və Ləkit dairəvi məbədlərini VIII əsrin 40-cı illərində bu ərazidə İberiya hakimi Arçilin inşaat fəaliyyəti ilə əlaqələndirmişdir, daha doğrusu ilk orta əsr gürcü abidələri kimi dəyərləndirmişdir. Lakin bələdçi onu da qeyd etdi ki, tarixə mənbələr Qum məbədinin IV-VII əsrlərdə inşa edildiyini göstərir və mütəxəssislər Mousey Kalankatlının "Albaniya tarixi" əsərinə istinad edərək bildirirlər ki, məbəd Alban çarı III Mömün Vaçaqanın göstərişi ilə inşa olunduğu ehtimal edildiyindən, habelə Mousey Kalankatlının əsərində qeyd edilən Qomenk yaşayış məskənində inşa edilmiş məbədlə eyniləşdirildiyindən abidənin albanlara (movakanlara) aid olması şübhə doğurmur. Bələdçi Qax rayon Diyarşünaslıq muzeyinin müdiri Mahir Əfəndi onu da səfər iştirakçılarının diqqətinə çatdırdı ki, abidə ilk dəfə əsaslı şəkildə XX əsrin 40-cı illərində bərpaçı-memar Pyotr Baronoviski tərəfindən tədqiq olunmuş və bərpa işlərini aparmışdır. Bələdçilər belə bir həqiqəti vurğuladılar ki, bu məbəd də yaxın zamanlarda bərpa olunmasa, onu dağılmaq təhlükəsi gözləyir.
Səfərin sonrakı ziyarət obyekti Ləkit kəndinin cənubundakı uçurumun kənarında yerləşən Ləkit məbədi idi. Bələdçilər turun iştirakçılarına məbəd haqda ətraflı məlumat verərək bildirdilər ki, bu memarlıq tikilisi dairəvi, mərkəzi günbəzli məbədlər tipinə aiddir. Məbəd ərazisindən tapılmış daş sütun cütlüyünün birinin üstündə alban hərfini xatırladan işarə cızılmışdır. Bu faktı qeyd edən bələdçi Mahir Əfəndi təəssüflə qeyd etdi ki, həmin unikal xarakterli materialın aşkar olunmasından uzun illər keçməsinə baxmayaraq məbədin ərazisində baxımsız halda qalmaqdadır və bu daş sütun cütlüyünün Qax muzeyində yerləşdirilməsi çox vacib və həlli çox asan olan məsələdir və Ləkit məbədinin bərpasından sonra həmin sütunu yenidən məbəddə yerləşdirmək bələdçinin fikrincə, elə bir çətinlik yaratmayacaq. Məbədin inşa edilməsi tarixinə toxunarkən, bələdçilər bu abidənin VI-VII əsrə aid olduğunu qeyd edərək, bu abidənin movakanların – albanların mədəniyyət nümunəsi olduğunu göstərdilər.
Tarixin amansız təbii və süni dağıntılarına məruz qalmış Alban abidələrindən biri də inşaat tarixi I-III əsrlərə söykənən Qax rayonunun Əmbərçay kəndi ərazisində yerləşən Kürmük məbədidir.Bələdçilər səfər iştirakçılarının diqqətinə çatdırdılar ki, bu abidə öz adını yaxınlıqdan axan eyniadlı çaydan götürmüş və xalq arasında “Aya sitayiş” məbədi kimi qəbul edilmişdir. Xristianlığın geniş yayılması ilə əlaqədar olaraq bu məbəd kilsəyə çevrilmişdir.
Tarixin müxtəlif mərhələlərində dağıntılara məruz qalan məbəd XIX əsrin son rübündə yeni bir transformasiya yaşamışdır. Bu zaman Rusiya imperiya- sı tərəfindən buraya təhkim edilmiş inşaatçılar Kürmük məbədinin çay daşı, gəc və əhəng məhlulu ilə tikilmiş özülünün həndəsi biçiminə məhəl qoymadan onun daxilində yeni rus-provaslav kilsəsi ucaltmışlar. Bələdçi M.Xəlilov onu da qeyd etmişdir ki, Kürmük məbədində 2005-ci ildə təkrar rekonstruksiya işləri aparılmış, abidənin əvvəlki görümünə yenidən xələl gətirilmişdir. Belə ki, məbədin günbəzi və üstündəki xaç dəyişdirilmişdir. Dəyişdirilmiş xaç məbədin daş divarı üzərindəki xaça heç cür uyğun gəlmir. Abidə ilə bağlı yol verilmiş təhrifləri səfər iştirakçılarının diqqətinə çatdıran bələdçi bildirmişdir ki, məbədin günbəzinin üstündəki xaç mütləq dəyişdirilməli, məbədin divarındakı xaç formasında olmalıdır.
Ziyarət zamanı bələdçilər onu da qeyd etdilər ki, Kürmük məbədinin çay daşları ilə inşa edilmiş ilk hasarının qalıqları yeni kilsənin yanında indi də durur. Bu məkanı yerli əhali hər ilin may və noyabr aylarında ziyarət edir və Qara daşın önündə qurbanlar kəsir. Ziyarətçilər arasında müxtəlif xalqların nümayəndəsi olsa da burada azərbaycanlılar çoxluq təşkil edir. Bələdçilər onu da vurğuladılar ki, müqəddəs Alban məbədinin bir neçə xalq tərəfindən eyni vaxtda ziyarət edilməsi bir daha Qafqaz Albaniyasının polietnik və polikonfessional və müasir Azərbaycanımızın tolerant ölkə olmasını təsdiqləyir.
Sonda Bakıya qayıdan səfər iştirakçıları Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin «Azərbaycanın maddi-mədəni irsi - Alban Apostol kilsəsi Qafqazın ən qədim kilsəsidir» layihəsi çərçivəsində təşkil etdiyi Qax elmi turu yüksək qiymətləndirdilər. Səfərin nəticələri ilə bağlı tədbir iştirakçıları qeyd etdilər ki, turun proqramına uyqun olaraq maarifləndirmə işi yüksək səviyyədə aparılmış, Azərbaycanın maddi-mədəni irsi – Alban məbədləri haqda dəyərli məlumatlar onların diqqətinə çatdırılmışdır.
Məhəbbət Paşayeva - tarix elmləri doktoru
Mübariz C. Xəlilov - tarix üzrə fəlsəfə doktoru
Abuzər Ələkbərov - tarix üzrə fəlsəfə doktoru
Rizvan Qarabağlı - memarlıq üzrə fəlsəfə doktoru, dosent
Asif Bayramov - BDU-da baş müəllim