Baloğlan Cəlilin portret cizgiləri - Mehman Qaraxanoğlu yazır
MANERA.AZ Mehman Qaraxanoğlunun "Mənə şeir göndər" yazısını təqdim edir:
Onsuz da poeziya nədir? - sualına mütləq (“mütləq”siz də…) cavab tapa bilmirəm. Baloğlan Cəlili oxuyandan sonra bu bilməzlik kilidi lap dərinliklərə çəkilib qeyb oldu. Arxasınca getmək istədim. Qorxdum. Axı, mən nağıl qəhrəmanı deyiləm, kəndirim çoxdan kəsilib…
Burada “oxu”nu təkcə şeirlərini oxumaq anlamında qəbul etməyinizi istəmirəm. Sözün geniş anlamında aylardır ki, mən Baloğlan Cəlili oxuyuram; onunla mütəmadi ədəbiyyat söhbətləri edir, Vətəndən çox-çox uzaqda gün-güzəranının necə keçməsi ilə maraqlanır, öz səsində şeirlərini dinləyir və başlıcası, həyatda bircə dəfə də olsun üzünü görmədiyim bu insanın ən xırda detallara “dağılmış” obrazını özü də hiss eləmədən “yığ”mağa cəhdlər edirəm. Amma hər dəfə cəhdlərim boşa çıxır. Niyə?
İndi ilk dəfə sizə deyəcəklərimi sirr kimi də saxlamağınızı istəyirəm: Yaxşı şairlərin portretləri olmur! Əminəm ki, yeni xəbər deyil, Amma mən bunu ilk dəfə dilimə gətirirəm. Hətta portretləri gerçəkdən çəkilmiş şairlərə də bir az birtəhər baxıram. Özünə müqəddəs, məsum poza “əta eləyib” rəssamın qarşısında büt kimi durmaqla deyil. Gecə-gündüz Allaha xitab edən o qədər Allahsız şairlər görürük ki… Onlar ağılagəlməyən manipulyasiyalarla həqiqəti fahişəliyə məcbur edən söz dəllallarıdır. Yan-yörəmiz belələri ilə doludur.
Əsas fikir sobasından (bir az əvvəl çırtaçırtla yanırdı) bir millimeter də aralanmaq istəmirəm. Diskursun sonunda portret məsələsinə daha rəngli qayıdışımız olacaq. Həqiqət budur ki, indilikdə Baloğlan Cəlilin şair portretinin konturlarını cıza bilmirəm. Amma ümid var, həmişə olduğu kimi “əsas mətndir, yerdə qalanlar təfərrüatdır”. Həm də bu konseptual fikrə xırda bir əlavə etmək istəyirəm; bəzən mətn də səni bərq vuran saxta əlbisələr və sayrışam qammalar fonunda aldada bilər. Belə məqamda dadımıza yalnız yuxarıda qeyd etdiyimiz ümumi kontekst çata bilər.
Ürəyim od tutur, istimə gəlin,
Vurub göz çıxaran tüstümə gəlin.
Lap elə birləşib üstümə gəlin,
Sizə saz da çalım, paz da qadası...
(“Qadası”)
Bir “sürü ətrafı”na söykənib sözləri qırıb tökən, ödül almaq üçün şərəfindən keçən, lakin özü də hiss eləmədən qırıb tökdüyü sözlərin içərisində “həzin-həzin” çürüyən söz dəllallarına bundan tutarlı cavab ola bilməz. Söhbət əkcə “saz”la “paz”ın akustik assosiasiya yaratmasında deyil, həm də qürbətdə yaşayan bir söz adamının ədəbi cameədə yaşananlara çox kəskin reaksiya verməsində və bununla da öz portretinin dramatik tərəflərini heç bir qurama fon yaratmadan olduğu kimi - rəngsiz-boyasız verməsindədir.
İndi durub Baloğlan portretinin əsas ştrixlərini bu tip şeirlərdə - “Çoban tütəyi”ndə, “Mən şəhid sözlərə yas saxlayıram”da axtarıb, tapıb, ümumiləşdirib və sonda ondan bir “qəhrəman” yapıb “gülzari-cəmiyyət”ə təqdim etmək yaramaz, heç yaramaz. Ən azından, sovet rejiminin acı ədəbi təcrübələri bizə dərs olmalıdır.
İmperiya divarları arasında – xalqlar həbsxanasında hansı ədəbi simanı istəsəydin, onu şişirdib, yekəldib ondan bir ideoloji “dahi” yapmaq olurdu. Elə ki, o qəddar divarlar yıxıldı, məlum oldu ki, “dahi”lərimizin çoxu “çılpaq”dır. Amma yenə də izdihamın içərisindən biri tapılmadı ki, qışqırsın: “Kral lütdür!”
Bir neçə günün söhbətidir. Hörmətli ədəbiyyatşünas-alimimiz İradə xanım Musayeva sosial şəbəkədə Bertolt Brextdən belə bir ibrətamiz şeir paylaşmışdı:
Rejim, zərərli kitablar yandırılacaq deyə, əmr edəndə
və öküz arabalarına doldurulan kitablar yanğın yerinə aparılanda
bir şair dəhşətə gəldi yandırılan kitabların istisinə baxıb
orada öz adını görməyincə.
Masa arxasına keçdi qəzəblə
və bir məktub yazdı iqtidardakılara:
“Məni gözdən sala bilməzsiniz,
məgər mən hər zaman gerçəkləri yazmadımmı?
İndi mən necə zərərsiz ola bilərəm
Nə olar mənim də kitablarımı yandırın!”
Mən də kommet olaraq yazdım: “Mirzə Cəlilimiz Brextdən xeyli əvvəl zərərsiz kitablar və “zərərsiz” ziyalıların qalaq-qalaq yığıldığı ölkəni üç qardaşın timsalında (“Anamın kitabı”) məharətlə verir. Nə olsun ki? Hələ gör sovetlər dönəmində yandırılmağa - o müqəddəs alova layiq bircə kitabımız varmı?”
Ədəbiyyatı özlərinə iş, karyera, rütbə və “görüş” yeri seçənlərə baxb dəhşətə gəlirəm. “Qırmızı çarx” (Soljinitsın) burada da öz məkrli işini görüb; “şeir bülbülləri”ndən (Mirzə Cəlil) “şair xalq”a qədər olan siyasi-ideoloji məsafəni qət etmək bizim üçün o qədər də çətin olmadı. Əslində, bizi “şair xalq”la damğalamaq Tanrı cəzası, İlahi ironiyadır…
Yenə qayıdıram Baloğlan Cəlilin portretinə. (Əslində, dediklərim də həmin portetin “danışmayan” tərəfləri idi) Ən yaxşı halda, aşağıdakı misralara fokuslanmaqla onun şair obrazının əsas cizgilərini önə çəkmək olar:
Qürbətdə Baloğlan bir ovuc sudu ,
Bir gün görərsən ki, yağdı buluddan...
(“Sözlərim halaldı, ağdı buluddan”)
Elmi məqalələrdə açar sözlərin əvvəldə verilməsi diskursun genezisi və stixiyası haqqında oxucuya öncədən impulslar ötürür. Əgər biz Baloğlan Cəlilin mətnlərinə düşən açarları (sözləri) dışa-sahilə çıxarıb yığsaq, qum evciklərə bənzər bir şey alınacaq. Doğrudur, onların dayanıqlığı möhkəm olmayacaq, amma bu semitoloji proses müəllif reputasiyası haqda nəsə təsəvvür yarada biləcək: Vətən, payız, qürbət, bulud, məktub, yağış, şəkil, yarpaq, yaylıq, ağac vəs. Burada “Vətən” kəlməsi “qürbət” və “həsrət”in sinonimidir. Yerdəkilər də hər an köçüb getməyə hazır olan durna səfini xatırladır.
Göynərtili tablodur…
Özüm də bilmədim bu yerdə niyə məhz Türk dünyasının ünlü şairi Məmməd İsmayıl yadıma düşdü?! Baloğlan Cəlillə Məmməd İsmayılı eyni bir ortama gətirən metafizik bağlar çoxdur. Bu, böyük bir elmi məqələ mövzusudur… Tanrı hər ikisinə yardımçı olsun!
Sevgi məktubu”nun çoxunu cırdım,
Qoruyub saxladım yalnız birini.
Evdə uşaqlardan ehtiyat edib,
Daha dəyişirəm tez-tez yerini.
(“Badə yerinə”)
Hm, məhz bu şeirdən Baloğlan Cəlilin portreti bizə qocafəndi - “bic-bic” gülümsəyib göz vurur. Ehtiyat edib yerini tez-tez dəyişdirdiyi o məktublar kimi qarşımızda laməkan birisini görürük. Məktub metaforu mətnə eə dağılıb ki, onu yığıb yığışdırmaq qeyri mümkündür. Bu cür şeirləri misra-misra, bənd-bəndə təhlil etmək olmur. Çünki hislər bir bütövün, tamın içərisində fırlanır – karusel kimi… Karusel hərəkətə gələndən sonra onun başlanğıc və son nöqtəsini tutmaqmı olar?!
Baloğlan Cəlil iki dildə yazır; Talış və Azərbaycan dillərində. Bəlkə, rus dilində də qaralamalar edir, bilmirəm. Amma həqiqət odur ki, onun milli-multikultural, tarixi-kultruluji yaddaşı bütövdür, ikiyə, üçə, beşə bölünməyib. Nə dil mənəm-mənəmliyə, mənasız eqoya, dağıdıcılığa gətirib çıxarır (Kamal Abdullanın “Çəngəl çiçəyi” hekayəsində olduğu kimi), nə də fikir arabasının yerdən tərpənib uçuşuna (Krılovun “Qu quşu, durnabalığı və xərçəng” təmsilini xatırlayın! ) mane ola bilir. Baloğlan Cəlil harada olursa-olsun, Vətənini ləyaqətlə təmsil edir, bəşəriyyətə sevgi ilə yoğrulmuş azərbaycançılıq məfkurəsi onun simasında bərq vurur:
Mənə şeir göndər şəkil yerinə ,
Köhnə nağıl kimi uzun olmasın .
Nə zalım şahları görünsün gözə .
Nə də göy üzündə qızıl alması.
(“Mənə şeir göndər”)
İstər-istəməz Aqil Yaqubun aşağıdakı misralarını xatırlamalı olursan:
Şairin nəyi var şeirdən özgə,
Üzündəki nurdan, sehirdən özgə…
Şeirdən özgə heç nəyi olmayan şair nə istəyə bilər ki?!
Baloğlan Cəlil şeirindəki leksemlər – şəkil, nağıl, zalım şah və qızıl alma haradasa qəddar gerçəkliyi - maddi dünyamızı simvolizə edir. Amma şeir, saydığımız predmetlərin fövqündədir, ruhsal dünyamıza güzgü tutur. Bu cür də demək olar, Məlikməmmədin qoruduğu ağacda alma deyil, güzgü yetişir. Sən nə qədər əlləşib onun əksini qonşu pəncərəyə və ya sevdiyinin gözlərinə salmaq istəsən də, sonda o güzgü qayıdıb bütövlükdə səni - üzünü, əllərini, qəlbini şüalandıracaq…
Əvvəldə dedik ki, mətnin sonunda portret məsələsinə daha rəngli qayıdışımız olacaq. “Rəngi” dedikdə rəssamların avtoportetlərini nəzərədə tuturam. “Avtoportret” yunan sözü olub “öz” anlamını verir. Yəni, rəssamların öz portretlərini çəkməsi. Öz portetini çəkən rəssamlar arasında dahi Meksika rəssamı Frida Kalo ilk sıradadır. Bunun səbəbini çox sadə bir şəkildə izah edir: “Mən daha çox öz rəsmlərini çəkirəm. Çünki Frida ən yaxşı bələd olduğum mövzudur”.
Baloğlan Cəlilin də baş mövzusu məhz özüdür…
Mehman Qaraxanoğlu