Məcik böcək - Türkiyədəki zəlzələdə ölən türk yazarın hekayəsi

Əbdülqadir Özqan (Abdülkadir Özkan) - 1990- cı ildə Qəhrəmanmaraşda anadan olub. 2013- 2014- cü ildə qurucusu olduğu “Ayıkhane” dərgisinin baş redaktoru olub. Tənqidi yazıları və hekayələri müxtəlif dərgilərdə yayımlanıb. 2017- ci ildə “Ferfir” nəşriyyatında “ Elbistan Masalları” adlı əsəri, 2019- cü ildə “Asmaaltı” nəşriyyatında ”İsimsiz səslər” adlı hekayələr kitabı, 2021- ci ilin yanvarında isə “Artık zaman senfonisi” adlı şeirlər kitabı çapdan çıxıb. O, "Günümüz Azərbaycan öyküsü" ("Müasir Azərbaycan hekayəsi") adlı almanaxına daxil 30 Azərbaycan yazıçısınıın hekayəsini türkcəyə çevirib. Azərbaycanda onun "Saxta mafiya" romanı Qanun nəşriyyatı tərəfindən çap edilib. Gənc yazar-tərcüməçi Əbdülqadir Özqan 6 fevral 2023-cü il Kahramanmaraş zəlzələsində ailəsi ilə birgə vəfat edib.
MANERA.AZ Təranə Vahidin tərcüməsində mərhum gənc yazarın "Məcik böcək" hekayəsini təqdim edir:
Salamlar!
Bilənlər bilir, mənə dostlarım Məcik Böcək deyir. Mən hibrid böcəyəm. Atam taxtabiti, anamsa taxtaqurduymuş. Tanış olanda lap gənciymişlər.
Bilirsiniz, gənclik bəzən biz canlılara axırını ağlımıza gətirməyəcəyimiz şeylər etdirə bilir. Təbii olaraq atamla anamın sayəsində belə düşünürəm ki, dünyada məndən bircə dənə mövcuddur. Nəticədə mənə mənası sehrli olan “Magik” ləqəbini verən dostlarım sonra böcəyi də əlavə edincə, işlər lap düzəldi. Bu arada deyim ki, mənə Məcik demələrinin əsl səbəbi inadkar olmağımdan irəli gəlir. Çünki bu yerdə məcikin bir mənası da oğlaq deməkdir.
Doğulduğum evin böyükləri məni tualet qapısındakı bir koğuşdan tapıblar. Yaşadığım ev çoxmərtəbəli bina evidir... Əvvəllər eşitdiyimə görə, yuxarı evin tualet kafelləri arasındakı sement qarışığı köhnəlib aralandığından yaşadığım ev vaxtaşırı nəmlənir, mənim yaşadığım bu qapı nəmi birtəhər saxlayırmış...
Xeyli böyüdükdən sonra, yəni, zənn edirəm, beş millimetr civarında olanda yaşıdlarımla ova çıxdım. Əvvəllər ata-anasız olmağımın mənim üçün elə də isti-soyuğu yox idi... Ancaq sonralar yoldaşlarımla yaşadığım həyat tərzi ziddiyyətləri ortaya çıxınca məni buynuzlayıb dəstədən çıxardılar.
Buna baxmayaraq, ətrafımdakılarla yaxşı münasibət qurmağımın macərası belədir: Bir gün evdəki nadinc taxtaqurdlarının çıxardığı səs-küydən ev sahibləri bizim varlığımızdan xəbər tutdular. Tərslikdən bu aralar ev sahibinin iki yaşlı nəvəsi də diş çıxarırdı, bu da işə duzlu bibər səpdi. Qərara aldılar ki, evi dərmanlasınlar.
Onlar yaylağa gedən kimi dərman şirkətlərinin birindən bir neçə adam qapıbir qonşuya əmanət etdikləri evin açarlarıyla birlikdə içəri girdilər... Sonrası məlumdur. Hardasa bütün yaşlılarımızı öldürdülər. Geriyə bir ovuc dəstə qaldıq.
Yaz boyu evdə insan olmadığından taxtabitilərinin çoxu köçüb getmək qərarına gəldi. Əlbəttə, yarıdan çoxunun yolçuluğu uğursuzluqla nəticələnəcəkdi. Çünki ev doqquzuncu mərtəbədəydi.
Yerdə qalanın bir qismi arada evə baş çəkən ev sahibinin qızının yol çantasında İstanbula getdi. Xəbərlərini televizordan eşitdim, gərək görəydiniz. Aparıcı bir danışırdı, bir danışırdı... Allah, Allah!
Nəymiş, əfəndim: Vampirlər geri dönürmüş! İnsanlar evinə gedərkən diqqət etməliymiş... Latınca adı “cimexlectularius” olan taxtabitiləri yenidən artıb çoxalıbmış. Əlbəttə, bir az təhlükəli olaraq başa salırdı; amma neyləyim, köksümü qabartmaqdan özümü saxlaya bilmədim. Necə olsalar da onlar mənim ata tərəfdən qohum-əqrəbalarımdır. Nəsə, sonrasını danışım. Mənim bu qohumlarım guya təhlükəli bir qəbilədənmişlər... “Beş-on dəqiqə içində bir insanın qanını sorub həyatlarına davam edirlər”, – deyir aparıcı. Sonra Amerikada gündəmə gəldiklərindən bəhs edir. Necə qorxuncdu! Mənim qohumlarımın fərasətinə bax sən! Nyu-Yorka qədər get, üstəlik “Forbes” jurnalında mövzu ol!
Bu belə. Ata tərəfim yaranışdan başdanxarab sosyopat tiplərdi; amma mən elə deyiləm. Yəni, əlbəttə, insan qanı sora bilirəm. Bir vaxtlar ova gedirdim. Amma sonralar yaşadığım evdə insanlardan sevgini öyrəndim. Vacib bir şeydir! Ev sahibinin arvadı yaşlı qadın bir gün nəvələrini dizinin dibinə yığıb danışarkən mən də qulaq müsafiri oldum: “Allah əşrəfi-məxluğu; yəni yaradılmışların ən şərəflisi insanı torpaqdan yaradıbmış. Hardasa otuz metrə yaxın boyu olan bu canlı ilk insanmış... Sonra ruhu yaradaraq cəsədin içinə girməsini əmr edir. Ruh Adəmin ağzından içəri baxmağına baxır, amma dibi görünməyən qaranlıqdan əməlli-başlı qorxur! Sonra Rəbb... Ruha sevgini ilham edir və bu lütf sayəsində ruh bir anda insanın içinə girir”.
Düşünün, sevgi necə böyük bir nemətdir! Əlbəttə, sevginin sadə, şifahi sözlərlə ifadə edilməsiylə yanaşı, hərəkətlərdə əks olunduğunu da öyrəndim. Beləliklə, bir gün gecələr adamların yataq, ya da yastıqlarına çıxaraq qanlarını sormaqdan əl çəkdim.
Sonralar ana tərəfdən aldığım genlərlə həyatımın yönünü müəyyənləşdirdim...
Taxtaqurdların taxtabitilərdən fərqi qan ilə qidalanmamalarıdır. Onlar daha çox ağac ünsürlərindən düzəldilmiş əşyalarla qidalanırlar. Mən də qərara aldım ki, qarnımı bu yolla doydurum və həyatımı bu şəkildə daha zərərsiz yola verim. Baxmayaraq ki, mənim adımı hələ də zərərvericilər siyahısında hallandırırlar, neyləyim, olsun.
İnsanların qanını soraraq onları xəstəliyə yoluxdurmaqdan, qaşıntılara, dərilərində izlərə, xüsusilə psixoloji rahatsızlıqlara səbəb olmaqdan da qurtuldum. Bilirsinizmi, bunun sayəsində ömrüm uzandı, daha uzun yaşamağa başladım. Belə baxanda taxtaqurdları beş yüz əlli günə qədər yaşaya biləcək varlıqlardı. Ancaq mən ağac məhsullarıyla qidalanmağa başlayandan bəri – əlbəttə, hibrid olmağım da əsas səbəblərdən biridir – bu müddəti aşmış oldum.
Yaşıdlarım ölüb getdi, amma mən hələ də yaşayıram. Yəni “Məcik” ləqəbim boş-boşuna deyil! Qidalanma üsulumu dəyişdirdiyim kimi, gərək yaşadığım çevrəni də dəyişdirəydim. Əvvəl dediyim kimi, yaz dərmanlanması və köçdən sonra evdə heç taxtaqurdu qalmamışdı. Çox az qismi tualetdə, hamamda başlarını girləyərkən mən imkan tapıb qonaq otağının qapısına keçdim. Burada evin sakinləriylə keçirdiyim vaxtın sayəsində və illah da evin nənəsinin təbirincə desəm, televizor deyilən bu mirat sayəsində çox şey öyrəndim.
Məsələn, insanlar haqqında, demək olar ki, hər şeyi bilirəm, yaranışlarından ta axirətə qədər. Belə baxanda ana tərəfdən taxtaqurdu olan irq gün işığını sevmir, yatır, gizlənir, gecələrsə yeyir. Hələ bu harasıdır, çox soyuq olanda il boyunca yarıyuxulu yata bilir. Amma mənim bunlara ehtiyacım yoxdur. Bütün bunlar insanların içində yaşamağım, yeməyim, gizlənməyim və diqqət çəkməməyimə kömək edir. Bu dövrlər, demək olar ki, bütün vaxtımı onlarla keçirdim. Danışarkən, kitab oxuyarkən, dalaşarkən, radio dinləyərkən... Həmişə onlarla birlikdə idim və öyrəndikcə daha çox öyrənmək istəyir, məlumata can atırdım... Dinlədim həmişə, oxudular dinlədim, yazdılar, cızdılar, güldülər yumor hissini öyrəndim, qəzəblənərkən sevgi də gördüm, kobudluq da. Bir sözlə, bu günə gəldim. Məcik Böcək! Budur, o mənəm.
Uzun illər yaşadım. İnsanların təbirincə desəm, nəvəmin nəvəsini görənə qədər yaşadım desəm gülməyin. Çünki bu mənim iki həftəmi ancaq alar. Nəsə, zəvzəklik eləməkdənsə, dərdimi desəm yaxşıdır.
Düşünürəm ki, bu evdən köçmək vaxtıdır. Öz irqimin yüzlərlə nəslini görmüşəm, elə düşünməyin ki, bu tənhalıqdan qaynaqlanır. Hər anında rahatlıq tapdığım bu ailə ilə yaşamaq mənə fərqliliyimi və yalqızlığımı xatırlatmır. Köçməliyəm, çünki zamana belə boyun əyməyən mən hibrit böcək – Məcik... Təəssüf ki, kapitalizm və mədəni imperializm deyilən şeyə məğlub olub bu evdəki yerimi itirdim!
Evin ortancıl oğluyla yaşıd olan bir qapıda yaşayıram. Bu evdə yaşaya biləcəyim tək nəmli yer buradır. Görsəniz necə şirindir! Paxlava dilimində buxarlanmış və mixək şəklində qalın şüşələr, lövhənin altında taxta yonqarından hazırlanmış, keyfiyyətlə preslənmiş qızılı rəngli piltə və qapı dəstəyinin güzgü quruluşu... Hər açıb bağlayanda yağlamağı unutduqları həngəmənin çıxardığı cırıltı! Bu evdə eşitdiyim, gördüyüm və öyrəndiyim heç bir şeyi unutmaram! Amma gəl söz keçir ev sahibinə!
Mənim bu köçə qərar verməyimin əsl səbəbinə gələk. Firma qapının dəstəyini iki hissədən düzəldib. Mismar və boltu, bu iki parçanı mənim hardasa
iki qatım qədər bir dəmir parçası birləşdirir. Evin sakinləri qapı dəstəyini açıb-bağladıqca bu parça yerindən oynayıb düşməyə başlayırdı. Bir belə, iki belə, bir gün bu parça düşüb itdi. Nəticədə dəstəyin dörddəbiri qaldı qapıda.
Dəstəyini aşağı-yuxarı elədikcə qapının dili onsuz da laxlamışdı... Belə-belə qapını açıb-bağlamaq böyük bir problemə çevrildi... Əvvəlcə evdə yaşayan oğlanlar bu işi böyütdü, sonra ev sahibinin arvadı! Kiçik nəvələr də qapının arxasında ağlamağa başlayanda iş-işdən keçdi. Zamanla xırda şeylər üst-üstə yığılanda bir yerdən çat verir... Nəhayət, bütün günahlar mənim qapıma yükləndi!
Uşaqların anası əvvəlcə ərinə dedi ki, bir usta gətirib qapının tutacağını təmir etdirsin. Təbii ki, haqlıydı! Əri də: “Xanım, indi bir usta çağırsaq, əlli manat istəyəcək”, – dedi. Haqlıdır! Mən də insan olsam, pisimə gedər. Evi təmir edə bilmək ehtimalı da ən azı yarı-yarıya. Adamın ilk evidir, sahibidir! Evi təmir edərkən hər şeyin üstündə əsmişdi. Qapının dəstəyi altmış yaşındakı bir təqaüdçü üçün vazkeçilməz olmuş, hardasa müqəddəs mənəvi dəyərə çevrilmişdi. Neyləyəcəkdi? Digər otaqların qapı dəstəklərindən fərqli, sadə bir qapı dəstəyimi vurduracaqdı? Mümkünatı yoxdur!
Yəni bu qapını belə açıb-bağlamağa davam edəcəklər? Bu, mümkün deyil! Ya da iyirmiillik nəmdən şişmiş, sonra rəngi quruyub ordan-burdan atmış qapıları dəyişdirəcəklər. İndi son vəziyyət belədir: yaxınlıqdakı binanın altındakı dükandan qapının dəstəyini təmir etməyə gələcək usta sırf qapının dəstəyini dəyişdirmək lazımdır dediyi üçün əlli manat istəyəcək! Bunun müqabilində xarici bir markanın imtiyaz sahibi, sadəcə, bir dəstəyi qapısıyla birlikdə eyni qiymətə satmağı təklif edəcək! İnsan üçün hansı daha məntiqlidir, bunu bilirəm!
(...) Və indi çantamı yığışdırıb gedirəm. Kim deyərdi ki, Məcik Böcək bir gün bu evdən gedəcək! Sağlıqla qalın və məni unutmayın. Diqqət edin. Dəyişiklik zərərvericilərindən qaçın.