Bölgələrdə niyə kitab evləri açılmır?
Texnologiyanın böyük sürətlə inkişafı bu gün insanlara istədikləri mətnin elektron versiyasını çox asanlıqla əldə etmək imkanı versə də, kitab oxumaq industriyasının bir başqa yeri var. Kitab oxumaq, kitab almaq özü bir mədəniyyətdir.
Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra neçə illər istər regionlarda, istərsə də Bakıda kitab mağazalarının sayında zaman-zaman sürətli azalma müşahidə olundu. Bu proses uzun müddət davam elədi. Nəhayət, son illər paytaxtda kitab mağazalarının açılması istiqamətində müəyyən addımlar atılmağa başladı.
Bu gün Bakıda aşağı-yuxarı, təxminən 20-yə qədər kitab mağazası fəaliyyət göstərir. Böyük bir ölkənin paytaxtı üçün bu rəqəm həddindən artıq az olsa da, hər halda bu istiqamətdə addımların ardıcıl xarakter alması, eləcə də son illər mütəmadi olaraq müxtəlif səviyyələrdə kitab yarmarkalarının təşkili kitaba marağın artırılması baxımından çox əhəmiyyətlidir.
Lakin hələ ki, bu prosesin miqyası yalnız paytaxtı və bir neçə digər şəhəri əhatə edir. Bu gün respublikamızın bölgələrində ciddi kitab problemi yaşanır. Rayonlarda çox az sayda satış nöqtələrinə rast gəlinir, kitab mağazaları isə yoxdur. Bəs rayonlarda, kəndlərdə yaşayan insanların kitab problemi necə həll olunmalıdır?
Bölgələrimizdə yaşanan kitab qıtlığı problemindən danışan "Parlaq İmzalar" nəşriyyatın rəhbəri Nurman Tariq "525"ə açıqlamasında bunun səbəbini ilk növbədə tələb-təklif prinsipinin ödənilməməsi ilə izah edib: "Reallıq budur ki, bölgədə olan oxucuların sayı bir mağazanın ayaqda qalması üçün kifayət etmir. Gəncə və Sumqayıt kimi böyük şəhərlərimizdə mövcud olan bir neçə kitab mağazası belə normal dövriyyə yarada bilmir. Kitabın yanına məktəb-ofis ləvazimatları qoyaraq yaşamaq uğrunda mübarizə aparırlar".
Onun sözlərinə görə, problemin həlli üçün Elm və Təhsil Nazirliyinin müəyyən addımlar atmasına ciddi ehtiyac var: "Amma bu problem 1-2 ilə həll olunası deyil. Məsələyə daha köklü şəkildə yanaşmaq lazmdır. Kitabı oxutmaq üçün əvvəlcə məktəblərdən başlamalıyıq, kitab oxuma vərdişi məktəbdə yaranmalıdır. Sinif müəllimləri və məktəb kitabxanaları bu işin təməlidir. Müəllimlər uşaqlara əlavə oxu kitabları tövsiyə etməlidilər, bunun üçün isə onlar özləri də kitab dünyasını izləməlidilər. Təbii ki, həmin kitablar da məktəbin kitabxanasında olmalıdır. Görəsən, məktəb kitabxanaları sonuncu dəfə nə vaxt yenilənib? Orada yer alan kitablar hansı meyarla seçilib? Aktiv fəaliyyət göstərən nəşriyyatların yeni kitabları orada yer alırmı?"
Nurman Tariqin fikrincə, uşaqlar məktəb vaxtı kitaba yoluxsalar, məktəbi bitirədən sonra oxumağa və almağa yeni kitablar axtaracaqlar: "Həmin uşaqlar açılacaq mağazaların potensial müştəriləridir. Növbəti əsas qurum isə təbii ki, Mədəniyyət Nazirliyidir. Ölkəboyu kitabxanaların vəziyyəti heç də ürəkaçan deyil. Ağıllı telefonla böyümüş gənclik Sovet qoxuyan kitabxanalara getmir və getməyəcək. Kitabxanalar tamamilə yenidən qurulmalıdır və müasir kitablarla təmin olunmalıdır. Uyğun həllərdən biri həmin kitabxanalarda satış bölümünün yaradılması ola bilər. İstəyən kitabxanadan götürüb kitabı oxuyar, istəyən də satış bölümündən alar. Təbii ki, bu, müvəqqəti həll yolu ola bilər. Kitabçılığın inkişafı üçün müstəqil, rəqabətli kitab mağazalarının açılması mütləqdir, orda mütəmadi müəllif-oxucu görüşü keçirilməlidir. Kitab mağazaları təkcə satış obyekti deyil, ora bir mədəniyyət mərkəzidir".
Həmsöhbətimiz növbəti addım kimi rayon icra hakimiyyətlərinin, yaxud da Regional Mədəniyyət idarələrinin balansında olan ərazilərdə kitab mağazaları üçün pulsuz yerlərin ayrılması və həmin mağazaların İqtisadiyyat Nazirliyi tərəfindən vergidən azad olunmasını təklif edir: "Bunlar da köklü həll yolu deyil, dediyim kimi, ilk sual "oxucunu necə artıra bilərik"dir. Bu suala dövlət səviyyəsində cavab tapılmalıdır. O cavabdan sonra hansı qurumların nə etməli olduğu təbii şəkildə məlum olacaq.
Dövlət olaraq "kitablaşma hərəkatı" başlatmalıyıq. Yeri gəlmişkən, bildirim ki, "Parlaq İmzalar" nəşriyyatı olaraq "Azərbaycan Nəşriyyatlar Assosiasiyası" İB-nin idarə heyətində təmsil olunuruq. Assosiasiyamızın yarandığı 3 il ərzində dövlət qarşısında müxtəlif təkliflərlə çıxış etmişik. Hazırda yeni və kompleks təkliflər üzərində işləyirik. Düşünürəm ki, bu təkliflərə diqqət yetirilsə, yaxın 5 ildə ölkə kitabçılığında çox ciddi dəyişikliklər olacaq.
Onu qeyd edim ki, Birlik olaraq ilk gündən bizi düşündürən məsələlərdən biri məhz bölgə oxucularına çatmaq idi. Bunun üçün Sumqayıt və Gəncədə ard-arda iki il böyük və yaddaqalan sərgilər keçirdik. O sərgilərdə 10 mindən çox oxucu iştirak etdi. Nə qədər insan ömründə ilk dəfə nəşriyyat və müəllif görürdü... İndi isə "Birinci Lənkəran Kitab Sərgisi"nə hazırlaşırıq. Bölgə oxucularının aktivləşməsi və ildə bir dəfə də olsa, kitab cənnətinə düşməsi üçün sərgilər həddən ziyadə vacibdir. Sərgilərin digər bölgələrə də yayılması üçün Birliyə üzv olan dəyərli nəşriyyatlarımızın fədakarlığı hesabına yeni-yeni addımlar atırıq. Addım-addım, zərrə-zərrə ölkəboyu kitab əkəcəyimizi qarşımıza məqsəd qoymuşuq. Allah güc versin".
Kitab oxumaq, kitab almaq özü bir mədəniyyətdir. Paytaxtda yaşayan adamların sayını nəzərə alsaq, təqribən 300 min nəfərə bir kitab mağazası düşür. Əgər kitabların satışı normal olsa, bu işin peşəkarları yaxşı pul qazana bilsələr, kitab biznesindən uzaqlaşmaz, yeni-yeni kitab mağazaları açarlar.
Havar Şəfiyeva
525.az