manera.az
manera.az

Xoşbəxtlik iksiri - Günel Mehrinin hekayəsi

Xoşbəxtlik iksiri - Günel Mehrinin hekayəsi
Dünən axşam gördüyü fotolardan sonra içindəki səs bir an da olsun onu rahat buraxmırdı: “Getməlisən, qızım. Çatdırmalısan...”

Geniş otaqdakı bədənnüma güzgüdə solğun simasına göz atdı. Qara cins şalvar, qara dəri gödəkcə, zəncirli kiçik qara çantası və başının arxasında düyünlənmiş bəyaz butalı qara bandanıyla motosikl sürənləri xatırladırdı. Telefonu cükküldəyəndə gözləri sevinclə parladı: “İki saatın var, qızım. Di yolçu yolunda gərək”. Tez-tələsik telefonun işıqlanan ekranına göz atdı və qara yumru şüşəli eynəyini taxdı. Dəhlizdə ayaqqabılarını geyinəndə qonşu otaqdan səs gəldi:

– Hara belə?
– Sunay evdə təkdir. Anasıgil xəstəxanada növbədədir. Ona dəyib gəlirəm.
– Tez qayıt a. Sən Allah, vaxtlı get-gəl, atan əsəb keçirməsin.
– Qonşuya keçirəm də. Narahat olma, ay ana.

Liftlə aşağı enəndə elektron saatına baxdı. Əqrəblər sürətlə ikidən qarşıya qaçırdı. Əlində olsa, onları tutub saxlayardı. Telefonu yenidən cükküldədi. Səsli mesaj idi. Elə Sunaydan gəlmişdi: “Evdən çıxa bildin, Pəri? İstəyirdim birgə gedək. Amma bilirsən, mən də başqa ünvanda olacam. Hər şeyi götürmüsən? Birdən tələsdiyindən nəyisə unudarsan”.
Cavabı qısa oldu: “Arxayın ol”.

Liftdən çıxıb parkinq boyu düzülmüş bahalı maşınların arasıyla qaçdı. Cibindən çıxardığı açarın düyməsinə basınca qırmızı “Ferrari”nin işıqları yanıb- söndü. Əvvəlcə maşının yük yerini açıb dünən supermarketdən alıb yığdıqlarını diqqətlə nəzərdən keçirdi. Sonra sükan arxasına keçib avtomobili işə saldı. Çantasını açıb eşələdi: “Pulqabım, telefonum, bu da maskam”. Güzgüdən asılmış dua kitabını barmaqlarıyla sığallayıb pıçıldadı: “Allah, Məhəmməd, Ya Əli!”. Bir neçə dəqiqə sonra açıq şüşədən üzünə vuran sərin küləkdən xoşallanıb gülümsündü. Radionu işə saldı: “Koronavirusa yoluxanların sayı bu gün pik həddə çatıb”.

Növbəti dalğada da eyni cür xəbərlər oxunurdu: “Bu gün Xalq artisti Arif Quliyev məlum xəstəlikdən dünyasını dəyişdi”. “Allah rəhmət eləsin. Həyatın ironiyasına bax. Güldürə-güldürə yaşayan insan boğula-boğula getdi...” Bir anlıq sifəti gərildi. Diski işə saldı. Fortepianonun həzinliyi bütün ruhuna sığal çəkdi. Maşın selinin arasından peşəkar manevrlərlə keçsə də, tıxaca düşdü. Bəlli ki, qarşıda yoxlama postu vardı. “Google map”də axtarış verib gedəcəyi ünvanı dəqiqləşdirdi: “Bayıl qəsəbəsi, ev 31... Hm. İndi bu tıxacdan sonra gəl tap da oranı”. Yox, burda vaxt itirə bilməzdi. Avtomobili geri çevirib daha uzun, amma tixacsız yolla irəlilədi. “Bu da Bayıl. Amma evlərin çoxunda nömrə yazılmayıb ki. Tərslikdən söz soruşmağa da kimsə yox”. Telefona əl atdı:

– Alo. Salam, İra xanım...
– Salam.
– Mən qeyd olunan ünvana gəlsmişəm. Amma, deyəsən, azmışam. Sağda aptek var. Üzbəüzdə dayanacaq.
– Lap yaxındasız ki. Gözləyin, gəlirəm.
– Mən qırmızı maşındayam.
– Mən də qırmızı gödəkcədə.

Maşını söndürüb gözlərini yumdu. Qəfil qulağını dələn incə səsə döndü:
– Xanım, nə gözəl maşının var.
Üst-başı nimdaş, mavi gözlü sarışın bir qızdı. Ancaq 6-7 yaşı olardı.

Bir də baxdı ki, avtomobilin 4 tərəfini maraqla baxışıb, arabir pıqqıldayan körpələr sarıb. “İlin-günün bu vaxtı hardan çıxmışdılar. Camaat çörək almağa ehtiyat edir, bunlar burda sərbəst dolaşır. Özü də maskasız-zadsız. Bəs valideynləri hara baxır?” Maska demişkən, axşam anasına verdiyi sözü xatırladı. Nə olursa-olsun, maskasını geyinəcəkdi. Tələsik çantasından çıxardığı maskasını geyindi. Güzgüdən boylanan qara maska, qara eynək və qara baş yaylığındakı əksi lap yadplanetlilərə bənzəyirdi. Maşından düşdü. Uşaqlar bir himə bəndmiş kimi ətrafını sardılar. Hamısının da təbəssümü isti, çöhrəsi işıqlı idi. Onların yoxsul görüntülərinin arxasındakı sevgi dolu qəlblərini duyurdu. Çevrəsindəki insanlarda çox az rast gəldiyi təmənnasız və saf baxışlarla baxırdılar. Gör bir nə vaxtdır belə səmimi, belə içdən, belə duyğulu bir ünsiyyətə ac idi:

– Yaylığın da qəşəngdir.
Bayaq maşının şüşəsindən boylanan mavigözlü idi.
– Adın nədir?
– Günəş.
– Nə gözəl. Elə özün də Günəş kimisən.
– Günəş, alma istəyirsən?
– Hə.
– Mən də.
– Mənə də alma.
– Yaxşı. Gəlin bura.

Maşının yük yerini açdı. Meyvələrlə dolu torbaların içindən əlinə keçənləri bir-bir paylayırdı. Gülüşə-gülüşə hamısı meyvələrə daraşdılar. Arı dəstəsi şirəyə darışan kimi. Elə iştahla, elə marçıldada-marçıldada yeyirdilər ki, özü də iştaha gəldi. Maskasını çıxarıb, sonuncu torbadakı bananı yeməyə başladı. Ona elə gəldi ki, bu, indiyə qədər yediyi ən ləzzətli banandır. Uşaqlardan biri havaya sabun köpükləri üfürürdü. Günəşin şəfəqlərində bərq vuran köpüklər başları üstündən dövrə vurub səmaya yüksəlirdi. Hava sakit və yumşaq mehli idi. Hardansa yeni bişmiş çörək ətri gəlirdi. Bir də tar səsi: “Küçələrə su səpmişəm, yar gələndə toz olmasın...” Sanki hər şey xüsusi olaraq onun üçün qurulmuşdu. Sanki başqa zaman kəsiyinə, sadəcə gözəlliklərin mövcud olduğu başqa məkana düşmüşdü. Burda nə dərd vardı, nə kədər… Onların hay-harayına qapılarından təəccüblə boylanan böyüklər dinməz-söyləməz baxırdılar. Birdən gözü saatına sataşdı. “Aaa, zamanı unutmuşm ki. Son 45 dəqiqə”. Telefonun gur zəngi onu fikirdən ayırdı:

– Hardasan, qızım? Atan gəlib səni soruşur. Bir azdan tibb bacısı da gələcək. Saatdan xəbərin var?
– Yarım saata gəlirəm. Narahat olma.
Telefonu söndürəndə qarşısında duran slavyan simalı gənc qadın utancaq təbəssümlə gülümsünürdü:
– Salam.
– Salam. İra xanım, hə? Xoş gördük.

Hər iksi bir-birini diqqətlə nəzərdən keçirdi. Maska üzünü tutsa da, gözlərindən bəlli idi ki, İra 20 yaşlarındadır. Gödəkcəsinin açıq yaxasından boylanan yumru qarnı ana olmağına sayılı aylar qaldığından xəbər verirdi.
– Deyəsən, bizimkilərlə əməlli-başlı dostlaşmısız.
İranın Azərbaycan dilində səlis danışmağı da gözündən yayınmadı. Pəri əlindəki bananın qabığına işarə vurdu:
– Hə, maşallah, şirin uşaqlardı. Amma heç yaxşı çıxmadı. Sizə gətirdiyim meyvələrin hamısını yedik.
– Lap yaxşı elədiz. Nuş olsun. Amma evimə qədər bir az yol var.
– Onda əyləşin maşına. Gedək.

Maşına minəndə uşaqlara əl yellədi.
– Sağ olun, uşaqlar.
Mavigözlü Günəş qaçıb əllərini qucaqladı:
– Çox sağ ol almaya görə.
Əyilib yanağından öpdü. Alma dadında idi Günəşin yanaqları:
– Bircə dəqiqə.

Yük yerindən götürdüyü konfet torbası ilə qayıtdı:
– Al, bunu da bölüşərsiz.
Günəşin gözləri günəş kimi parladı:
– Yenə gələrsən.
– Yaxşı. Özünü qoru.
Yoldan burulanda gözünə sataşan meyvə-tərəvəz dükanının qarşısında dayandı.
– Bir dəqiqə gözləyin. İndi qayıdıram.
Satıcı maşını təəccüblə süzənə qədər tələsik yeşiklərdən alma, armud, portağal və banan topladı:
– Zəhmət olmazsa, bunları hesablayın.
– Baş üstə, xanım.

Avtomobil dükandan uzaqlaşdıqda belə baqqal qəribə bir maraqla onların ardınca baxırdı. İranın miskin daxmasının kandarında maşının yük yerindəki ərzaq dolu torbaları boşaltdıqca elə bil kürəyindən yük götürülürdü. Birdən torbaların içinə maraqla boylanıb əllərini sevinclə şappıldadan balaca oğlan uşağını gördü. Uşaq torbadan tapdığı içməli yoqurtu başına çəkəndə səndələyib döşəməyə çökdü və dodaqlarını büzdü. Dodaqlarının ətrafında bəyaz süd pərdəsi yaranmışdı. Bu şirin mənzərə o qədər xoşuna gəldi ki, tez telefonunun yaddaşına həkk etdi. İra uşağın başını sığalladı:

– Oğlumdur. Raul.
– Maşallah. Allah saxlasın. O biri övladınızı da sağ-salamat qucağınıza alasız.
– İnşallah. Bəlkə, bir stəkan çay içəsiz?
– Tələsirəm. Evə çatmağa vaxtım az qalıb. Başqa vaxt, inşallah.
– Heç bilmirəm, sizə necə təşəkkür edim...
– Təşəkkürə ehtiyac yoxdur ki.
– Allah bütün yollarınızı açıq etsin. Canınızı sağ eləsin.
– Amin! Çox sağ olun! Mən qaçdım.

Nə qədər sürətlə sürsə də, saatın hər hərəkəti ürəyini sıxırdı. Ömründə bu qədər saata baxmamışdı. Amma neynəsə də, zamanı sürətlə daralırdı. Bir tərəfdən də telefonu susmurdu. Gah evdəkilərdən gələn mesajlar, gah zənglər... Hamısını da qorxusundan cavabsız qoyurdu. Posta çatanda iki saatlıq icazə vaxtından 15 dəqiqə keçmişdi. Diqqətlə növbənin başında maşınları yoxlayan ucaboy polisə sarı boylandı: “İnşallah, insaflı olar...” Polis diqqətlə sənədlərə və sistemə baxıb avtomobilləri buraxırdı.

Bəzi maşınları isə kənara çəkib saxlatdırırdı. Nəhayət, növbəsi çatdı. Dərindən nəfəs alıb sənədlərini açıq pəncərədən uzadanda bədənindən necə tər axdığını hiss edirdi. Eynəklərini çıxarıb diqqətlə polisin üzünə zilləndi. Bu baxışlarda ümidqarışıq xahiş, xahişqarışıq təlaş vardı. Onu narahat edən verilən zamanı ötdüyünə görə ödəyəcəyi məbləğ deyildi. Burada ilişib qalmasından, evə bir az da yubanmasından ehtiyat edirdi. Çünki bu icazəsiz “gəzinti” üçün evdə onu nələrin gözləyəcəyini təxmin etmək çətin deyildi. Polis nəfəri səhərdən diqqət kəsildiyi sənəddən başını qaldırıb onun məsum çöhrəsini nəzərdən keçirdi. Sonra təbəssümlə sənədlərini uzatdı:

– Vətəndaş Pəri Abbasova, buyurun sənədlərinizi. Yolunuz açıq olsun. Amma bir də gecikməyin. Zaman önəmlidir!
– Çox sağ olun anlayışınız üçün...

Təəccübdən ağzı açıq qalmış vəziyyətdə avtomobili yerindən təpətdi. Zaman... Bəlkə də, adını bilmədiyi bu polis nəfərinin ağlına da gəlməz ki, zaman onun üçün burdan keçənlərin əksəriyyətindən qat– qat dəyərlidir. Həkimin qoyduğu 3 aylıq zamandan bu yana hər gününü təqvimdə qeyd edir və hər sabah son üç ayını dörd divar arasında necə rəngləndirəcəyi barədə düşünürdü. Yalnız ilk dəfə bu gün bu barədə düşünmürdü, çünki düşündüklərini yaşayırdı. Məst idi. Sanki xoşbəxtlik iksiri içmişdi... Tez telefonu götürüb “Yardım qrupu”na mesaj atdı: “Bayıldakı tənha hamilə xanıma yardım çatdı. Siz başqa ünvanlarla məşğul olun. Pəri”.

Elə kandardaca atasının əsəbdən qızarmış siması, anasının qorxmuş baxışlarıyla rastlaşdı:
– Hardaydın sən? Səhərdən hamını ayağa qaldırmışıq?
– Sakit ol, Arif.
– Necə sakit olum? Bu qız başa düşmür ki, ona bu dəqiqə hər ünsiyyət təhlükəlidir. Sistemin vaxtı keçir, xanım qız, Allah bilir, haralarda gəzir...

Atası qolundan tutub silkələyirdi. Tibb bacısı otaqdan ehtiyatla boylanırdı. Anası ərini sakitləşdirmək üçün kürəyini ovuşdururdu. Qəribə idi. Əsəbiləşmirdi. Qorxmurdu. Ağrılar da, narahatlıqlar da uçub getmişdi sanki. Birdən telefonuna mesaj gəldi. Atası qızının qolunu buraxdı, telefonu əlindən alıb səsli mesajı açdı: “Allah o gözəl qəlbinizə görə versin, Pəri xanım. İra xanım mesaj atıb, nə qədər alqış edib sizə. Biz evimizdə rahat oturmuşuq, ağlımıza gəlmir ki, indi bir tikə çörəyə möhtac olan nə qədər insan var... ”

Səs otaqda dalğa-dalğa yayıldıqca evdəkilərin bənizi ağarırdı. Otağına keçib güzgünün qarşısında dayandı. Əl atıb bandanasını və eynəyini çıxardı. İlk dəfə idi tüksüz başını sığallayıb gülümsünürdü.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30