Doğma torpağına qurd soyunda gəl - Yeni şeirlər

MANERA.AZ Osman Fərmanoğlunun yeni şeirlərini təqdim edir:
A DAŞA DAŞA
Əsgərim almağa qoca Qalanı
Kükrəyə sel təki, a daşa- daşa.
Ayağı altında ağlar qalanın
Adının üstündə ad aşa-daşa.
Könül bağladığım Haqqa-Birədi,
Tutaq ətəyindən, gedək birədi...
Düşmən düşmən deyil, bitdi, birədi,--
Əzib yapışdıra a daşa, daşa.
Osman, qələbənin yolu an, andı,
Qaliblər bu anı duyan, anandı..
Bura yurd yerindi,atan, anandı;--
Qovuşdur, yaraşsın adaş adaşa.
İNDİ BÜTÜN YOLLAR
Nə vaxtdı yollar boyu lövhələrə
üşüyə-- üşüyə,
ağrıya-- ağrıya baxan gözlərimiz indi
yolları yumaqlayır,
xarabaya dönən yurd yerlərini
kirpiklərimiz dırmıqlayır,
canımızı yaşaya bilmədiyimiz ağrılar cırmaqlayır...
Xudafərini keçdik,
nə qədər canımız qalıb Şuşaya?
Nə qədər dözümümüz qalıb
şeytanların daş-daş çiliklədiyi şüşəyə?
Əsgər boyu yollar uzanar
illərlə dağ çəkilən göz bəbəklərimizə,
Göz bəbəklərimız durula-durula,
əsgər-əsgər qayıdar bizə.
Önümüzdə barıtla süslənmiş daşlı torpaqlar,
Səni Vətən eləməyə ömrümüz çataydı
bizi ümid-ümid aparan yollar.
GƏLİRƏM
Paşam, ağrıların belini qırıb,
Bataraq dumana, çənə gəlirəm.
Qibləyə aparan yolları yorub,
Qoyulan ərkana, dinə gəlirəm.
Sidqini Tanrıyla düz tutan dərviş,
İnada söykənib murada ərmiş...
Gözüqıpıq olmaq nə ağır dərdmiş,
Kölgədən çıxaraq günə gəlirəm.
Nə qədər gözlədim gün saya--saya,
Həsrətlə boylandım bulanan çaya.
Qoşulub Şuşaya qoca dünyaya
Bir kərə gəlmişdim, yenə gəlirəm.
Osman, qəm yükünü daşımaq çətin;--
Üz qarasıylasan, dedin-- demədin...
Söykənib ruhuna Akif Səmədin
Gəlirəm, ay Şuşam, sənə gəlirəm.
NƏSƏ
Paşam, boşluq boylanır,
Nəsə keçir dilimdə.
Uzun-uzun sükutlar
Kəsə keçir dilimdə.
Yolum dönür yarıdan,
Kimdi məni yarıdan?!
Yarı gecə, yarı dan
Bəhsə keçir dilimdə.
Osman, havam bir əsim,
Qursaqlıqmış həvəsim.
Təntiyirəm nəfəsim
Səsə keçir dilimdə.
SÜKUTUN SƏSİ
Gediləsi yer,
çəkiləsi dərd,
qulaqları qıdıqlayan yel,
olmayan həmdərd
kimi gəlir sükutun səsi.
Canavarın zəhmindən
Dilini udmuş küçük kimi
Zingiltisi içinə axan,
Heç nə görməyə- görməyə
günəşə kor-kor baxan
yarasa heykəli- sükutun səsi.
Koru körpüdən keçirən kor,
Gələni-gedəni olmayan ot basmış yol,
Yiyəsini gözləyən gor,
Ümiddi kəsilib qol-qol,
kiminin sonudur, kiminin əvvəli; sükutun səsi.
Sükutun səsi,
qulağın duymadığı Qu səsi,
başımın tükünü ayağa qaldırır,
Siz Tanrı, kəsin bu səsi.
ALNIMDA
Paşam, yenə doldurubdur xətləri,
Yazı yazan çox söz yazır alnımda.
Alnım olub qaralama dəftəri,-
Hey bir ucdan yazır,pozur alnımda.
Tanrı çəkən kəsə verir dərdi ki,
Sayı demir, dərd birdi, ya dərd iki.
Dərdi çəkən dərd əlində dərdikir,
Çəkəcəyi dərdi azır alnımda...
Osman, boşdu xanaların bir çoxu,
İndən sonra çətin dola bu çuxur.
Elə bilir hər quyudan su çıxır,--
Ələ gələn yeri qazır alnımda.
ÇOX DA HAVALANMA
Çox da havalanma belə,
Daş da yerinə oturur...
Keçi keçidi öləndə
Kəsilir köhnə qoturu...
İndi oxuyan azalıb
Tanrıdan gələn yazını.
Götürən çoxa yüyürür,
İstəmir heç kim azını.
Çömçəlilər qarışdırır,
Qalaylı köhnə tavanı.
Yağlı yerindən çəkirlər,
Yerində qalır yavanı.
Biri ölür, o birini,
Pərdə dalından çıxarır.
Bazar yenə işindədir,
Sayılır gəlir-çıxarı.
Tapan tapır ağrıların
Boxçadakı çarasını.
Atı qaşovlayan kimi
Sığallayır yarasını...
Gedənə baxıb sevinmə,
Yerində göyərir qəbir.
Dilində sözün dolaşır;--
Kim idi gətirən səbir?.
ÖZ BOYUNDA GƏL
Paşam, gözləyərək nə alacaqsan,-
Nolar, təmizliyin öz boyunda gəl.
Sən özün olanda odsan, ocaqsan,
Doğma torpağına qurd soyunda gəl.
Ucalıq görəndə önündə əyil;--
Bu hörmət gətirər, əskiklik deyil.
Ya bulaq olaraq nəğməyə çevril,
Ya da kükrəyərək dağ çayında gəl.
Xarabaya dönən yurdlar sar alan,
Daha dərdlər olub dərdə sarılan.
Gözləyir gözünün kökü saralan,
İlin ən uğurlu bir ayında gəl...
Bu yerlər sənindi, anla dərindən,
Öp daşlı, kəsəkli, tozlu yerindən.
Dördəlli yapışıb Xudafərindən,
Dolan o tayında, bu tayında, gəl.
Osman, içi ağlar, gül məməkətin,
Yiyəsiz ayağa qalxması çətin...
Payızda gəlmədin, qışda gəlmədin,
Barı azadlığın yaz payında gəl.
SUÇƏKƏNDİMİ
Paşam, yel əsərək töküləndə qoz ,
Verdim bir şəhərlik suça kəndimi.
Buludlar qaralıb olanda göz-göz.
Dərdim ayağına su çəkəndimi?
Göylərdən ömrümə gələn pay ağır,
Qurum dura-dura yaşıma yağır...
Əl qabar- qabardı, dil yazıq yağır,
Tanrı söz evimə suç əkəndimi?..
Osman, oyun olur bu ötür-ötür,
Sonuncu nəğməni qu ötür-ötür.
Karvan gedərgisə, dur ötür, ötür,--
Kövrəlmə, gözlərin suçəkəndimi?
İPİNƏ QƏDƏR
Paşam, yağlı deyimiş
aşın dibinə qədər...
Yolun beş qarış imiş;
kasıb cibinə qədər.
Gələn könül oxşayan,
gedən könlü daşıyan...
Kimdi dözüb yaşayan
ömrü küpünə qədər.
Alıb ələ ələyi
vaxtı çəkir, ələyir.
Bildirçinin bəyliyi
əkin, səpinə qədər.
Adama bax, çörəyi
Ölçü-biçiylə yeyir.
Sonalayır hər şeyi,
ən son dəbinə qədər.
Osman, dərd canın varı,
aşmaq olmur divarı...
Ayaq başı aparır
Darın ipinə qədər.
BİR AZ AĞIL VER
Üzümü tutmuşam durduğun yerə,
Yuxusuz gözümə yetik nağıl ver.
Uşaq olmasam da başımı aldat,
Nağılın içində üçcə noğul ver...
Dəmir çarıq geyib, alsa da əsa,
Öz içində itib, batan çoxdusa...
Sözünə ağalıq edən yoxdusa,
Əyri əməllərə şaqul- çuğul ver.
Əllərim açıqdı, ürəyim ləlik,--
Könlümdən dilimə axır köləlik.
Eyləyə bilmədim yurda yiyəlik,--
Bu yurdu qoruya bilən oğul ver.
Adını tutaraq çıxmışam yola,
Osmanı dərdlərin başına dola.
Ehtiyat fondundan olsa da olar,
Tanrım, mən fağıra bir az ağıl ver.
SÖZÜNÜ
Paşam, harda düyün düşdü dilinə,
Vurdu dodağında nə don sözünü?
Yüzillik kötük tək verib əlinə,-
Kim idi söyləyən, di yon sözünü?
Əlacsız canından gəlməyəndə iş,
Hansı ağlı kasıb sözünü yemiş?
Gözəllik ondusa, bəzək nə imiş,
Yuxarı tutdunmu bə, on sözünü?
Kölgə axtarana işıq saçmaz Dan,
Umacağına bax, xandan, ağadan.
Özgə geyimində dolan sərgərdan,
Yesin için-için bu ton sözünü...
Osman, nə umursan uçulu pirdən,
Qarabağ götürüm düşübsə dərdə...
Gərnəşib qalxaraq yatdığın yerdən,
Nə vaxt deyəcəksən, de, son sözünü?
QALDI
Paşam, çırpdım ömrümü,
Astarsız üzüm qaldı...
Qaranlıqlar içində
Bomboz gündüzüm qaldı.
Sevinci dənələdim,
Qalmadı, dənə nədi?
Seçən seçdi, ələdi,
Dərd düzüm-düzüm qaldı.
Yansam da şam olmadım,
Tüstüdə çıxdı adım...
Birə cavab axtardım,
Cavabsız yüzüm qaldı.
Osman, nəyi neylədim,
Bu sümüyüm, bu ətim...
Nə varım, nə dövlətim,
Nə kəlməm, sözüm qaldı.