manera.az
manera.az

Zəfər ətirlidir döyüş meydanım - Balayar Sadiq

Zəfər ətirlidir döyüş meydanım - Balayar Sadiq

MANERA.AZ Balayar Sadiqin "Zəfər simfoniyası" poemasını təqdim edir:


Proloq

Milyonlara müjdəsən Şah Xətai elindən,
Səni təbrikə gəldim Şəhriyarın dilindən.
Göylər əyilib öpür dalğalanan telindən,
Sən ey azadlığımın gülümsəyən dodağı,
Azərbaycan bayrağı!

Səni görmək eşqinə çox ümidlər qocaldı,
Bir canda ünvan etdin üç hikməti, üç adı.
Sən ucalan ucalıq şəhidlikdən ucadı,
Hürriyyət kitabımın ilk mübarək varağı,
Azərbaycan bayrağı!

Üç rənginlə Tanrıya üç köynək yaxın oldun,
Milyonları isitdi bu hənirin, bu odun.
Neçə adsız şəhidin arzusundan doğuldun,
Sən bölünmüş yurdumun bölünməzlik sorağı,
Azərbaycan bayrağı!

Ey iman işığından köynək geymiş hilalım,
Sənin ucalığınla qanadlanır xəyalım.
Təbrizdən Dərbəndəcən göz oxşayan amalım,
Əbədiyyət ətirli həqiqətin duvağı –
Azərbaycan bayrağı!

Zəngəzurun, Göyçənin yuxusunda dalğalan,
Qarabağsız həsrətin qorxusunda dalğalan.
Sən Şuşanın, Laçının qoxusunda dalğalan,
Ey milli qeyrətimin ən ovxarlı yarağı,
Azərbaycan bayrağı!

Rənglərinlə yoğurdum şeirimin hər sətrini,
Ürəyimdən asmışam hörmətini, xətrini.
Dalğalan, duysun ellər azadlığın ətrini,
Milyon-milyon ürəkdə istiqlalın növrağı,
Azəbaycan bayrağı!

-1-

Qələbə köynəyi geyibdi yollar,
Vətəndən-vətənə körpüdü qollar.
Bu gün tarix yazır ərən oğullar,
Adınla başlanır qeyrət dastanım,
Min yaşa, müzəffər Baş Komandanım!

Ümid gülümsəyir könül bağımda,
Zəfər ətirlidir dərəm, dağım da.
Səni salamlayır Qarabağımda
Açılan səhərim, sökülən danım,
Min yaşa, müzəffər Baş Komandanım!

Sərkərdə oğlusan Dədə Heydərin,
Cürətin yenilməz, hikmətin dərin.
Üzünü güldürdün doğma ellərin,
Qorusun ömrünü ulu “Quran”ım,
Min yaşa, müzəffər Baş Komandanım!

Güzgüdü bu yurdun namusu, arı,
Sudan dupdurudu, Aydan da arı.
Səni salamlayır şəhid ruhları,
Qisasa tamarzı qalmadı qanım,
Min yaşa, müzəffər Baş Komandanım!

Səsin dalğalanır Cıdır düzündə,
Ümid qanad açıb göyün üzündə.
Vətən sevgisi var hər bir sözündə,
Zəfər ətirlidir döyüş meydanım,
Min yaşa, müzəffər Baş Komandanım!

Söylədin: “Qarabağ Azərbaycandır!”
Adi torpaq deyil, canımda candır!
Yolunu gözləyir, gör bir haçandır –
Arzu yollarımda ümid sarvanım,
Min yaşa, müzəffər Baş Komandanım!

Tanıtdın cahana öz ünvanını,
Yaşatdın millətə zəfər anını.
Üçrəngli bayrağım öpür alnını,
Adınla öyünür Azərbaycanım,
Min yaşa, müzəffər Baş Komandanım!

-2-

Səni əzizləyir könlüm həmişə,
Mən sənin ağsaçlı oğlunam, Vətən!
Misralar içindən uzanıb gedən
Qələbə ətirli yolunam, Vətən!

Çəkilir qəlbimin səmalarından
Arzunu üşüdən ölüm qorxusu.
Səndən söz açıram, Vətən əsgəri,
Hopur misralara qeyrət qoxusu.

Bu gün səngərlərin sinəsi üstə
Üçrəngli bayrağın eşqi ələnir.
Qeyrət qoxusuna, oğul ətrinə
Yaralı Vətənin səbri bələnir.

Doğma Qarabağda Vətən həniri
Qonub üz-gözünə torpağın, daşın.
Silaha sarılan yurd oğulları
Tozunu alıbdır ulu yaddaşın.

Qarabağ ətirli arzum böyüyüb
Vətən əsgərinin qolları üstə.
Səpirəm çiçəktək ümidlərimi
Qələbə gününün yolları üstə!

-3-

Şəhidlər qanıyla suvanmış yurdun
Ən ulu övladı sənsən, əsgərim.
Gecəli-gündüzlü səngərdə keçən
Döyüşçü ömrünə əhsən, əsgərim!

Hünər dünyasıdır əsgər həyatı,
Hər igid cürətin əlindən tutub.
Səslənir radio dalğalarında
Doğmalıq ətirli bir əlçim məktub.

Əsgər dinlədiyi məktub içində
Doğma bir insanın duyur səsini.
Bəzən komandirin əmriylə birgə
Məktublar öyrədir dözüm dərsini.

***
Səslənir radio dalğalarında,
Hər məktub bir arzu, ümid daşıyır.
Əsgər məktubunun sətirlərində
Bir kövrək, bir həzin sevgi yaşayır.

“Əsgər məktubu”nun qanadlarında
Neçə kövrək duyğu yetir ünvana.
Hər gün daşa basır hövsələsini
“Əsgər məktubu”nu gözləyən ana.

Ümid ətirlidir əsgər məktubu,
Od qatır oduna doğma ocağın.
Elə sevinir ki əsgər anası,
Müjdəli yollara açar qucağın.

Əsgər məktubunun qanadlarından
Səpilir evlərə oğul nəfəsi.
Şirniyyat paylayır qonum-qonşuya
Hər cəsur əsgərin ipək nənəsi.

Radioda səslənir “Əsgər məktubu”,
Çıxır köynəyindən arzu-diləklər.
Onun hər sözündən, hər cümləsindən
Vətən ətri gələr, yurd ətri gələr.

“Əsgər məktubu”nu dinləyən zaman
Sevincdən kövrəlir əsgər anası.
Dişləyir dodağın bu xoş xəbərdən
Qonşu həyətdəki bir su sonası.

Gözləri yol çəkər xatirələrin,
Mübhəm duyğulara gün düşür sanki.
İlk görüş yeritək qonşu çəpəri
Xəfıf bir həsrətlə üşüyür sanki.

Əsgər də səngərdir, səngər də əsgər,
Hünərin, qeyrətin ünvanıdır bu.
Bir evin kişilik salnaməsidir
Səngərdə yazılmış əsgər məktubu.

-4-

Səsindən güc alıb Baş Komandanın
Vətən əsgərinin yazdığı məktub.
İnam qoxuludu, hünər ətirli,
Qeyrətin köksünə basdığı məktub.

Böyük qələbənin ilk sorağıtək
Əsgər nərələri məktuba dönüb,
Təsəlli aparır əsir yerlərə.
Vətənin qürbətdə qalan torpağı
Qürbət havasını unutsun deyə,
Açıb yaxasını əsən yellərə.

Hər gecə bu arzu, bu istək ilə
Üz tutub göylərə kişnəyir dağlar.
Qələbə marşının sədalarına
Çoxdandır susayıb, təşnədir dağlar.

Əsgər məktubunu deyirəm, bəzən
Ucadan oxumaq gərəkdir, Vətən.
Sevinclə əlimə aldığım məktub
Bir parça kağız yox, ürəkdir, Vətən.

Əsgər məktubları beləcə doğma,
Xatirə köynəkli, duyğu qanadlı.
Əsgər məktubundan Vətən görünür –
Burda inam uca, ümidlər atlı.

Qələbə ünvanlı, zəfər soraqlı,
Səngərlər bir şanlı məktubdur, Vətən!
Qartal caynağıtək hər bir cümləsi
Qeyrətin əlindən tutubdur, Vətən!

-5-

Bir oğlun dönmədi döyüşdən bu gün,
Torpağın bir ovuc isindi, Vətən.
Bir çopur daşında qan çiçəklədi,
Yaddaşın bir yarpaq diksindi, Vətən.

Bir oğlun dönmədi döyüşdən bu gün,
Bir alın yazısı torpağa düşdü.
Qorqud qopuzunda əridi bir tel,
Səngərdə bir əsgər yeri üşüdü.

Bir oğlun dönmədi döyüşdən bu gün,
Şəhid ətri gəldi “oğul” sözündən.
Göy üzü əyildi bir ana kimi,
Böyük bir hünərin öpdü gözündən.

Bir oğlun dönmədi döyüşdən bu gün,
Hünərvər ömrünün yolları döndü.
Səsini kəsməyə Səhl Sumbatın
Babəkin kəsilmiş qolları döndü.

Bir oğlun dönmədi döyüşdən bu gün,
Torpağın bir boy da ucaldı, Vətən.
Bir ana dilində “oğul” kəlməsi
Sənin yaşın qədər qocaldı, Vətən.

Bir oğlun dönmədi döyüşdən bu gün,
Ümid əllərini çırpdı dizinə.
Damarı kəsildi cığırın, yolun,
Sanki qan çiləndi bəxt dənizinə.

Bir oğlun dönmədi döyüşdən, Vətən,
Köksündə güllələr alışdı köz-köz.
Bir ata ürəyi çat verdi sanki,
Bir ana dilində çilikləndi söz.

Bir oğlun dönmədi döyüşdən, Vətən,
Döyüş nəğməsinə bələndi çöllər.
Mübarək şəhidlik ətrini yaydı
Torpağın alnından öpdükcə yellər.

Bir oğlun dönmədi döyüşdən, Vətən,
Səngərə sığmadı hünərin sözü.
Qələbə günləri yaxındır deyə,
Dikilib yollara ümidin gözü.

Bir oğlun dönmədi döyüşdən, Vətən,
Gün kimi parladı döyüşçü andı.
Böyük Qələbənin yolları üstə
Ümidin, inamın işığı yandı.

Bir oğlun dönmədi döyüşdən, Vətən,
Qol-boyun olubdur torpaqla, daşla.
Bir oğlun əbədi döyüşlərdədir,
Onun hünərini durub qarşıla.

Epiloq

Yuxusuz-yuxusuz gecələrimi
Səngər dodağınla içmişəm, Vətən.
Alın yazısını öz əllərimlə
Ömrünə-gününə biçmişəm, Vətən.

Sarıdım yaramdan axan qanımla
Torpaq yarasını, daş yarasını.
Götür bu sevgimlə sarı, sən Allah,
Körpə yanaqlarda yaş yarasını.

Gümüşü nəğmədi ağca suların,
Bir ömür səs olub ona qarışım.
Sənin daşların da çiçəkmiş, demə,
Kəpənək-kəpənək qonur baxışım.

Götür bu canımı, canımın canı,
Təzədən doğulmaq istəyir ürək.
Şah İsmayıl duran sərhədlərində
Ömür kirpik-kirpik asılsın gərək!

Ömrünə ağ atlı bir gün yol gəlir,
Çiçəyi çırtlamıs o günə bir bax.
Hər əsgər ürəyi güzgüdür, Vətən,
Səngərdən asılmış güzgünə bir bax!

/"Ulduz" jurnalı.-2020.-dekabr/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31