Çarəsizlik nədir? - Valid Hüseynali yazır
İnsanlar az seviləndə nə olur?
Özlərini sübut eləməkçün fədakar olurlar.
Qarşısındakı görsün deyə yuxusuz qalır, ac qalır, susuz qalır, görülmək istəyirlər. Diqqət mərkəzində olmağa çalışırlar ki, sevilsinlər.
Bəs pis insan necə yaranır?
O isə az sevilməkdən, ya da heç sevilməkdən. Çünki fədakarlıq edir, nəticəsini görə bilmir. Qarşılıq görə bilməyəndə soyuyur insanlardan, ya da insanlıqdan. Beynində yarğılamağa başlayır həyatı. Axılar, niyələr, kaşlar girir araya. Beyin də, qəlb də yorulduqca yorulur və bir seçim etməli olur; ya təmannasız sevib yaxşı insan olmaq, ya da etdiklərinin tam əksini edərək pis insan olmaq. Onu da qeyd edim, pis insanlar daha iradəli olur.
Çünki pis insan olmaq o qədər də asan iş deyil. Vicdan acanda ağlayan körpə uşaq kimidir. Onu rahatlıqla susdurmaq olmur. Pis insan olmaq üçün əvvəlcə vicdanını susdurmalısan. Bununla da bitmir.
Hər insanın içində balaca bir uşaq olur. Yaxşı insanlarda o böyümür, daim balaca qalır. O balaca uşaq özünü hər kəsin yerinə qoyaraq insanlarla uzlaşa bilir. Amma pis insanlarda o balaca uşaq da böyüyür.
Ona görə də ətrafa təkyönlü baxır, öz bildiklərini doğru qəbul edirlər. Beləliklə pislik yaranır. Bəzi insanlar güclü olmaqla pis insan olmağı qarışdırır. Güclü olacam deyib kobud insan olurlar.
Bacardığımız qədər ətrafımızdakı istər insanlar, istər heyvanlar, istərsə də təbiətə sevgi ilə yanaşaq. Sevgi hər şeyi gözəlləşdirir.
Çarəsizlik nədən yaranır?
Əslində, yaşadığımız çarəsizliklərin hamısı real deyil. Sadəcə biz beynimizə elə düşünməyi əmr edirik. Çünki dayanıqlı, dözümlü olduğumuzu
qarşıdakı insana göstərməyə çalışırıq. "Hər şey edirəm, amma olmur" deyib mərhəmət etsin, istəyirik.
Səbəb?
Çünki çox sevirik, itirmək qorxusu var. Bu real çarəsizlik deyil. Axı bunun öhdəsindən gəlmək mümkündür. Sadəcə "Olmadı" deməyi bacarmaq lazımdır.
Sağalmaz xəstəliyə düçar olan biri nə etsə də, faydası yoxdur. Bax əsl çarəsizlik budur.
Valid HÜSEYNALİ