manera.az
manera.az

Kənan Hacı – Fironun dəftəri

Kənan Hacı – Fironun dəftəri


Kənan Hacının Fironun dəftəri əsərini oxudum. Kitabın ilk yarısı məni uzaqlara, uşaqlıq illərimin çətin günlərinə apardı. Baxçaya getdiyim vaxtlardan, mahnıda deyildiyi kimi duyğulu, qayğısız məktəb illərinə kimi gedib çıxdım. Kənan Hacının cümlələrlə ustadcasına oynaması, xüsusi işləmələri, yeni, az işlənən və arxaik sözlərdən istifadə edərək cümlələri muncuq kimi ard-arda düzməsi adamı valeh edir. Bu da Kənan Hacının geniş mütaliə bazasına sahib olmasından xəbər verir. Bir yazıçı kimi müşahidəsinin xırdalıqlarını romanda hiss etmək olur. Kənan Hacı hadisələri janqlyor kimi qələmi ilə elə oynadır ki, oxucu özünü tufanda yırğalanan gəmidə hiss edir. Gah göyə qalxırsan, gah da yerə çırpılırsan. Gülməkdən uğunduğum hissələr olduğu kimi, kövrəldiyim, dəhşətə gəldiyim məqamlar da oldu. Kənan Hacı fikrini tövsiyə, təklif kimi yürüdərək oxucunu bezdirmir, əksinə hadisələr, hekayələr danışaraq oxucunun özünün anlamasını, hiss etməsini gözləyir...
Kitabın ilk 9 səhifəsi qatarda baş verən hadisələrə əsaslanır. Qatarın xüsusi abu-havası olduğu üçün həmin auraya düşürsən. Qatarın ritmlə hərəkəti insana nostalji hisslər bəxş edir. Kitabda Kənan Hacı incə zövqü ilə bu atmosferi yarada bilir. Firon adlı kişinin ayağını bilərəkdən tabdalayıb tanış olmaq məsələsi əsl yazıçı istəyidir. Çünki yazıçı hər zaman maraqlı obrazlar axtarışındadır. Uzaqdan müşahidə apardığı kimi, yaxından tanış olub bütün həyatı öyrənmək istəyi yazıçının əsas amalıdır. Ona görə yazıçı yazıçılarla oturub durmağı sevmir. Əksinə tanımadığı bir ölkədə tanımadığı bir adamla tanış olmaq və gözləmədiyi hadisələr içində var-gəl etmək yazıçı həyatı üçün əvəzolunmazdır.
Kənan Hacı bütün obrazları yaşamış yazıçıdır. O ağırlığı əsərin bütün hissələrində duymaq olur. Mərməri mum kimi yumşalda bilən dahi heykəltaraş Berninidən soruşurlar ki, insanları necə müşahidə edirsən? Bu suala Bernini gözəl bir cavab verir. O deyir ki, bir insanın heykəlini düzəltməyə başlamamışdan öncə günlərlə onun danışmağına fikir verirəm, üz mimikalarına göz qoyuram. Çünki insan danışarkən olduğu kimi olur. Gizlənə bilmir. Kənan Hacı da bütün obrazlarını müşahidə edir, öz ürək və beyin sügəcindən keçirərək hazır şəkildə oxucuya təqdim edir.
Kənan Hacı “Fironun dəftəri” romanını 3 ilə yazıb. Martin Paj yazır ki, əsəri bir günə yazıb qurtarmaq olar. Lakin onu formaya salmaq, cümlələr artırmaq, bəzi yerlərini silmək illər aparır. Ancaq istisna hallar da var ki, yazıçı bir aya roman yazıb bitirir. Yazmaq iradə məsələsidir. Bu baxımdan Kənan Hacıya iradəli insan demək olar. Sanki bir dülgər kimi ağacı dəfələrlə yonub incəsənət nümunəsi yaradır.
Əsərdə heç biri şişirtmə hadisəsi görmədim. Hər şey təbii, hadisələr öz adı ilə, olduğu kimi yazılıb. Bütün çılpaqlığı ilə əsər daş ürəyi olan insanı da ovuda bilər. “Fironun dəftəri ” romanı həm də tarixi hadisələrdən, rəvayətlərdən geniş təsvir yaradır.
Əsərini oxuduğun müəllifi tanımaq özü bir böyük hadisədir. Kitabı oxuya-oxuya müəllifin hərəkətləri, danışıq tonu, baxışları gözlərim önündə canlanırdı. Sanki Kənan Hacı özü mənim üçün kitabını oxuyurdu.
Xarici əsərləri Azərbaycan dilində oxuyanda şirinliyi hiss etmirsən. Yerli ədəbiyyatı oxuyanda o şirinliyi, dərinliyi daha yaxşı duymaq olur. Ona görə öz ədəbiyyatımıza çatan ədəbiyyat görmədim. Lakin Kənan Hacının sözü gedən romanını xarici dillərə tərcümə edilməsini istərdim. Bizim ölkəni yüksək səviyyədə təmsil edə bilər.
“Fironun dəftəri” 110 səhifə olsa da, qalın-qalın romanların qarşısında at oynadır. Xırda bir hadisənin mahiyyətini müəllif elə izah edir ki, adamın ağzı açıq qalır.
Əsərdə demək olar bütün obrazlar gücsüz, kədərli məxluqlar kimi göstərilir. Bu qədər obraz içində bir xoşbəxt insan görmədim. Bu məni xeyli üzdü. Heç olmasa bir obraz gözəl günlər görərdi.
Əsərdə tez-tez yuxulardan söz açılır. Obrazlar yuxu görür. Yuxu özü müəmma olduğu üçün haqqında çox danışmaq olar. Yuli Sezarın arvadı Kalpumiya yuxuda görür ki, onun ərini öldürüblər. Səhəri gün Sezar Senata getməyə hazırlaşanda yuxusunu ona danışır və ayaqlarına düşüb evdə qalmasını xahiş eləyir. Bu səhnənin şahidi olan Brut xanımın zəifliyinə gülməyə başlayır. Sonra Sezarı özüylə aparıb Senatda başqa qiyamçılarla birgə öldürür. Yuxulara nə qədər inanmasaq da, bəzən yuxuda gördüyümüz həyatda baş verir. Son cümləni elə-belə yazmadım. Kitabı oxuyanlar anlayacaq, oxumayanlar isə oxuyub anlayar...

Nemət Mətin
Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30