manera.az
manera.az

“Tarixçeyi Növrəs” - İrəvan qalasının müdafiəsindən bəhs edən əsər

📅 27.08.2022 09:05

“Tarixçeyi Növrəs” - İrəvan qalasının müdafiəsindən bəhs edən əsər
Ümumtürk ədəbiyyatının önəmli qolu hesab olunan İraq-Türkman ədəbiyyatı ortaq ədəbi dəyərlər, folklor, dil və mövzu baxımından Azərbaycan ədəbiyyatı ilə sıx bağlıdır. Vaxtı ilə Azərbaycan ərazisindən köçüb İraqda məskunlaşan türklərin yaratmış olduğu ədəbiyyat Azərbaycan ədəbiyyatının ayrılmaz tərkib hissəsidir.

Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev 2000-ci ildə “Qardaşlıq” dərgisinə verdiyi müsahibədə Güney Azərbaycanı, Quzey Azərbaycanı və İraq türkmanlarını bir bütövün parçaları adlandırmışdır. Ulu öndərin bu sözləri ədəbiyyat tarixinin tədqiqi zamanı da öz təsdiqini tapır. Təkcə dil, ədəbi düşüncə, folklor baxımından deyil, mövzu etibarı ilə də İraq-Türkman ədəbiyyatı ilə Azərbaycan ədəbiyyatı vəhdət təşkil edir. İraqda yaşayan azərbaycanlıların XVIII əsrdə yaşamış böyük ədəbiyyat nümayəndələrindən biri olan Əbdürrəzaq Növrəsin yaradıcılığı dediklərimizi bir daha təsdiq edir.

Daha çox Növrəs Qədim kimi tanınan və şair kimi məşhurlaşan Əbdürrəzaq Növrəs nəsr yaradıcılığında da zəngin irs yaratmağa müvəffəq olmuşdur.

Onun ən məşhur nəsr əsərlərindən biri olan “Tarixçeyi Növrəs” Azərbaycana, daha dəqiq desək Azərbaycanın qədim şəhəri İrəvanın müdafiəsinə həsr edilmişdir. Əsər tarixi faktlar əsasında təhkiyə üsulu ilə qələmə alınmış və Səfəvi hökmdarı II Təhmasibin 1731-ci ildə İrəvan qalasına hücumundan bəhs edir. Əbdürrəzaq Növrəs həmin illərdə İrəvan qalasının müdafiəsinə təhkim edilmiş Diyarbəkir sərəsgəri Həkimoğlu Əli paşanın rəsmi məktublarını yazan “xidməti katiblik” vəzifəsini icra etdiyi üçün əsərdə qələmə aldığı hadisələrin birbaşa iştirakçısı və şahidi olmuşdur.

“Tarixçeyi-Növrəs” həm tarixi qaynaq, həm də ədəbi əsər kimi olduqca qiymətlidir. Bu günə qədər bu əsərin Berlin, Süleymaniyyə və İstanbul Universitetində saxlanılan 3 nüsxəsi aşkar edilmişdir. “Tarixçeyi-Növrəs”in əsas tədqiqatçısı Doç. Dr.Hüseyn Akkayadır. Alimin əsərlə bağlı 1996-cı ildə “Nevres-i Kadim ve Türkçe Divanı”, 2004-cü ildə isə “Tarihçe-i Nevres. İnceleme ve Tenkitli Metin” adlı kitabları işıq üzü görmüşdür. Hüseyn Akkayadan başqa Növrəs Qədimin yaradıcılığı ilə maraqlanan digər tədqiqatçılar da zaman-zaman bu əsərə müraciət etmişlər. Əsər XVIII əsrdə yazılsa da, onunla bağlı mübahisələr, qaranlıq məqamlar hələ də qalmaqdadır. Ən çox mübahisə doğuran məsələ əsərin adı ilə bağlıdır.

Hüseyn Akkaya yazır ki, əlimizdə olan 3 nüsxənin heç birində müəyyən bir ad yoxdur. Berlin nüsxəsində qeyd kimi “Növrəs əfəndinin tarixi” yazısı olsa da, bunu ad olaraq qəbul etməyimiz doğru deyil. Nüsxələrdə əsərin adına rast gəlinməsə də, bir çox tədqiqatçılar mövzuya uyğun ad seçiminə üstünlük vermişlər. Əsərin mövzusunun düzgün dəyərləndirilməməsi isə yanlış ad seçiminə yol açmışdır. Əbdürrəzaq Növrəsin əsərini Ömər Faruk “Həkimoğlu Əli paşanın iştirak etdiyi Təbriz səfəri”, Nihad Sami Banarlı “Təbrizin istirdadına dair bir başqa risalə”, Əta Tərzibaşı “Təbrizin istirdadına dair risalə”, Manfred Götz “Bu əsər Diyarbəkir valisi Həkimoğlu Əli paşanın Təbrizi almaq məqsədi ilə 1143 tarixində II Təhmasibə qarşı təşkil etdiyi səfərin hekayəsi”, Haluk İpəktən “Həkimoğlu Əli paşanın Təbriz səfərini anladır" kimi dəyrələndirmələri və izahları yanlış ad seçimi ilə nəticələnmiş və bütün bunlar əsərin “Təbrizeyi Həkimoğlu Əli paşa”, “Vaqeyi Təbriz”, “Təbriziyyə”, “Təbrizin istirdadına dair risalə” kimi adlandırılmasına səbəb olmuşdur.

Əsəri oxuyarkən aydın şəkildə məlum olur ki, söhbət Təbrizin deyil, İrəvanın Səfəvi qoşunlarından müdafiəsindən gedir. Bəs müxtəlif tədqiqatçıların yanlış olaraq əsəri Təbrizlə əlaqələndirmələrinə nə səbəb olmuşdur? Hüseyn Akkaya bunun izahını aşağıdakı kimi açıqlayır: “Süleymaniyyə nüsxəsinin səhifələri arasında “Həkimoğlu Əli paşanın Təbriziyyəsi” yazılı 30x25 mm. ölçüsündə bir kağız parçası tapılmışdır. II Əbdülhəmid zamanında Maarif Nəzarəti Cəliləsi tərəfindən çap olunan “Əsəd Əfəndi kitabxanası dəftəri”ndə isə əsərin adı “Təbriziyyeyi Həkimoğlu Əli paşa” olaraq qeyd edilmişdir”.

Bu istinaddan aydın olur ki, tədqiqatçıların bir çoxu Süleymaniyyə nüsxəsində tapılmış yazıya, bəziləri isə “Kitabxana dəftəri”ndəki qeydə əsaslanıblar. Lakin qeyd olunan faktların müasir tədqiqatçıları çaşdıracağı inandırıcı görünmür. Çünki onların əlində hər üç nüsxə və ən əsası əsərin tam mətni var. Əsəri oxuyarkən söhbətin Təbrizdən deyil, İrəvandan getdiyini anlamaq üçün alim olmağa da ehtiyac yoxdur. Frans Babinger adlı tədqiqatçı alman dilində yazdığı “Osmanlı tarix yazarları və əsərləri” adlı məqaləsində bu döyüşün Həkimoğlu Əli paşa ilə Nadir xan Əfşar arasında baş verdiyini yazır. Növrəsin əsərində söhbət Təbrizdən və Nadirdən getməsə də, tarixi məlumatlar göstərir ki, II Təhmasibin İrəvanda məğlub olması Marağa və Təbrizin də türklərin əlinə keçməsinə səbəb olmuşdur. II Təhmasibin İrəvan üzərinə yürüş etməsi və məğlubiyyəti Təbriz kimi şəhərin itirilməsinin başlanğıcı idi. Təbrizin osmanlılar tərəfindən fəthi Növrəs Qədimin öz əsərində təsvir etdiyi İrəvan hadisələrindən qaynaqlanır.

Həkimoğlu Əli paşanın adı Osmanlı tarixində İrəvanın müdafiəsindən daha çox Təbriz şəhərinin ələ keçirilməsi ilə yad edilir. Marağa və Təbriz kimi şəhərlərin Osmanlı qoşunları tərəfindən fəth edilməsi böyük hadisə hesab olunur və bu əməliyyata məhz Əli paşa başçılıq etmişdir. Berlin nüsxəsində aşkar edilmiş “Həkim oğlu Əli paşanın Təbriziyyəsi” qeydi də buradan qaynaqlanır. Yalnız 1732-ci ilin yanvarında imzalanmış sülh müqaviləsinə əsasən Təbriz və digər əyalətlər Səfəvilərə qaytarılır. Kembric Universitetinin professoru Lourens Lokkart yazır ki, Təbrizin Səfəvilərə qaytarılması Türkiyədə böyük narazılığa səbəb oldu. Bu bir daha sübut edir ki, osmanlılar Təbriz şəhərinin onlarda qalmasına nə qədər böyük əhəmiyyət verirdilər. Belə olan halda bu şəhəri fəth edən Əli paşanın adının daim Təbrizlə yanaşı çəkilməsi başadüşüləndir.

Fikrimizcə, “Tarixçeyi-Növrəs” əsərini bir çox tədqiqatçıların “Təbriziyyə”, “Vaqeyi Təbriz”, “Təbrizeyyi Həkimoğlu Əli Paşa” və yaxud “Təbrizin istirdadına dair risalə” adlandırılması da məhz buradan doğur. Həkimoğlu Əli paşanın adı birbaşa Təbrizlə bağlıdır və Təbrizin Osmanlı qoşunları tərəfindən zəbt olunması prosesi də İrəvanın uğurlu şəkildə müdafiəsindən və II Təhmasibin iki yüz minlik qoşununun məğlubiyyətindən başlamışdır. İstənilən halda söhbət konkret nəsr əsərindən gedirsə, o əsəri düzgün təhlil etmək və nəticə çıxarmaq başlıca məqsəd olmalıdır.

Həkimoğlu Əli paşa Təbrizi fəth etməklə nə qədər nüfuz qazanmış olsa da, bu nüansdan istifadə edib İrəvan qalasının müdafiəsi və orada baş verənlər haqda yazılmış əsəri Təbriz şəhərinin Səfəvilərdən alınması kimi dəyərləndirmək və bu cür izah etmək doğru deyildir. Təbriz şəhəri ilə bağlı hadisələr sonralar baş vermişdir. Növrəsin bu əsərində Təbrizin istirdadına dair heç bir işarə yoxdur. Həkimoğlu Əli paşanın Təbrizi fəth etdiyi zaman Növrəs Qədimin də orada olub-olmaması dəqiq bilinmir. Dəqiq bildiyimiz isə İrəvan hadisələridir ki, bunu da müəllif tam təfsilatı ilə qələmə alıb.

Əsər bədii cəhətdən də yüksək yazıçılıq məharəti ilə yazılmlışdır. Müəllif şahidi olduğu hadisələri təhkiyə üsulu ilə və maraqlı şəkildə qələmə almağa müvəffəq olmuşdur. Lakin əsər bu gün üçün bir qədər çətin anlaşılan dildə yazılmışdır. Əsəri oxuyarkən Hüseyn Akkayanın “ərəbcə, farsca kəlmlələr və ibarələr çox deyildir” fikri ilə razılaşmaq olmur. Əbdürrəzaq Növrəs bu əsərdə kifayət qədər ərəb, fars sözlərindən istifadə etmiş, uzun, bəzən də bir qədər qarışıq cümlələrə yer vermişdir.

Əslində əsərin belə bir dillə yazılması həmin dövrdə İraq-Türkman ədəbiyyatında nəsr yaradıcılığı üçün xarakterik idi. Təkcə Növrəs Qədim deyil, digər türkman ədiblərinin də nəsr əsərlərində ərəb, fars sözlərinin çoxluğuna təsadüf edilir. İraq-Türkman ədəbiyyatında nəsr əsərlərinin dilində sadələşmə və xalq danışıq dilinə yaxınlaşma Hacı Abdullah Safinin yaradıcılığı ilə başlamış və artan xətt üzrə davam etmişdir.

Növrəs Qədimin haqqında danışdığımız əsərinin bütövlükdə qəliz və anlaşılması çətin olan dil üslubunda yazıldığını iddia etmək də doğru olmazdı. Müəllif əsərdəki qəhrəmanlar arasında dialoqları çox rahat başa düşüləcək və sadə dildə qələmə alması, onun bir daha yüksək yazıçılıq məharətinin göstəricisi hesab olunmalıdır.

“Tarixçeyi-Növrəs”də təsvir edilən obrazlarla bağlı da bir neçə mülahizə yürütmək olar. Əvvəlcə onu qeyd edək ki, əsərdə yer alan qəhrəmanlar real tarixi şəxslərdir. Müəllif tanıdığı və birbaşa ünsiyyətdə olduğu şəxsləri obrazlaşdırıb və şahidi olduğu hadisələri qələmə alıb. Tarixi məlumatlara əsasən II Təhmasibin İrəvana hücumu zamanı Həkimoğlu Əli paşanın qəhrəmanlığı ön plana çıxsa da, əsərdə bunu sezmək bir qədər çətindir.

Əbdürrəzaq Növrəsin əsərində Əhməd ağa obrazı diqqəti daha çox cəlb edir. Səfəvi ordusunda yüksək vəzifə tutsa da, öz istəyi ilə osmanlılara qoşulur və əsər boyu igidliyi, şücaəti ilə yadda qalır. Müəllif Timur paşanın dili ilə Əhməd ağanın şəxsiyyətini bu cür təsvir edir: “.... Əhməd ağa elə bir dilavər-i qəhrəmandır ki, tövsiyyəsindən xəbər alup bir miqdar səbat göstərsəydik dedigi eləməz adam degildir, şahın başını kəsüp gətürürdi, o şöylə bir adamdır, böylə bir pəhləvandır, fülan səfərdə şu vəchlə bir dilavərlik eylədi, fülan cəngdə kəndindən şöylə bir ərlik zühura gəldi”. Timur paşa Əhməd ağanı bir saata qədər mədh edib, sonda fikirlərini bu cümlə ilə yekunlaşdırır: “Ah gəlmədi, əgər gələcək olursa Əcəmin əhvalına vüqufumuz olup məsləhət asan olurdı”. Əsərin sonunda Əhməd ağanın taun xəstəliyinə mübtəla olub dünyasını dəyişməsi də öz əksini tapıb. Növrəs Əhməd ağanın ölümündən sonra Həkimoğlu Əli paşanın çox ağır günlər keçirdiyini və hətta divana belə çıxmadığını xüsusi vurğulayır.
Tarixi məlumatlardan aydın olur ki, Əbdürrəzaq Növrəsin özü də hadisələr zamanı İrəvanda olmuşdur. Əsərdə də bu fakt öz təsdiqini tapır. Müəllif

“.... ardıma üç nəfər Əcəm atlusi düşüp ma-beynimiz iki mizraq qədər qalmış ikən mərhum-i müma-ileyh Hızr-ı fərah-avər gibi bir tərəfdən zühur edüp bir ləhzədə üçüni kəsüp bu bi-çarəyə bais-i nicat və vəsilə-i həyat olmış idi” yazmaqla özünün də hadisələrin mərkəzində olduğunu, bəzən həyatına da təhlükə yarandığını qeyd edir.

“Tarixçeyi-Növrəs” əsəri İraq-Türkman ədəbiyyatında Azərbaycanla bağlı yazılmış yeganə əsər deyil. Yuxarıda da qeyd etdiyimiz kimi dil, folklor, adət-ənənə yaxınlığı ədəbiyyata da sirayət etmiş, vaxtı ilə ortaq ədəbiyyatın sonralar ayrıca bir qolu kimi inkişaf etmiş İraq-Türkman ədəbiyyatı Azərbaycan ədəbiyyatından tamamilə qopub ayrılmamışdır. Bu səbəbdən də İraq azərbaycanlılarının ədəbiyyatı Azərbaycan ədəbiyyatının bir qolu kimi tədqiq edilib öyrənildiyi halda bir çox yeniliklərin və eyniliklərin aşkar olunacağı dəqiqdir.

Orxan İsayev
AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun dissertantı


Baxış sayı - 447 | Yüklənmə tarixi: 27.08.2022 09:05
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031