manera.az
manera.az

İsrail yazıçısının hekayəsi: Usta-mələk

İsrail yazıçısının hekayəsi: Usta-mələk
Yakov Şexter

1956-cı ildə Ukraynanın Odessa şəhərində anadan olub;
1987-ci ildən İsraildə yaşayır;
28 nəsr kitabının müəllifidir;
Kitabları Rusiya, Polşa, Ukrayna və İsraildə nəşr olunub;
Yuri Naqibin adına ədəbi mükafatın laureatı, bir sıra ədəbiyyat müsabiqələrinin qalibidir;
Beynəlxalq PEN-klubun üzvüdür;
Tel-Əvivdə nəşr olunan “Artikl” ədəbiyyat jurnalının təsisçisi və baş redaktorudur.



* * *
Bu əhvalatı ravvin Xaim Kirenberqdən eşitmişdim. O, Ramat Qanda Tövrat dərsləri keçir. Bu yaxınlarda tələbələrindən hansısa ona başına gəlmiş bir hadisəni danışmışdı. Mən də həmin əhvalatı elə ravvindən eşitdiyim kimi, birinci şəxsin dilindən danışıram.

“Mən Ramat Qanda anadan olmuşam və həmişə bu şəhərdə yaşamışam. Bir gün döyüşlərdə iştirak etmək üçün Livanın cənubuna yollandım. Bosfor qalasında yaralandım, sonra da hərbə yararsız kimi tərxis olunub evimizə qayıtdım. Mən, əslində, dinc, sakit insanam, amma “Hizbullah”ın partlatdığı minanın qəlpəsi burnumun ucunu elə zədələmişdi ki, sifətimdə vəhşi bir ifadə yaranmışdı. Amma bu zədə nə sevdiyim qızla ailə qurmağıma, nə də dörd övladımın məni dünyanın ən yaxşı atası hesab etməyinə mane oldu.

Danışdığım hadisə otuz il əvvəl baş verib. Onda təzəcə ailə qurub usta işləməyə başlamışdım – köhnə boruları təmir edir, kranları, unitazları dəyişirdim. Peşəm həm çətin, həm də kirli olsa da, işimi xoşlayırdım. Bir dəfə məni yoxsulları ucuz mənzillə təmin edən dövlət şirkəti “Amidar”a dəvət etdilər. Tikililər bərbad vəziyyətdə idi, nəyə əl vursan, tökülüb gedirdi. Elə evlərə getməyi xoşlamasam da, nə edə bilərdim, iş işdir.

Bir gün qapını üzümə baxışlarından yorqunluq yağan, ortayaşlı, ənlik-kirşanlı bir qadın açdı. Elə xanımlar var, üzlərində iri hərflərlə yazılıb ki, mən ərimlə yola gedə bilmədim, ayrıldıq.

Xanım məni vanna otağına apardı. Baxdım ki, burada su birbaşa divarın içindən damcılayır. Məsələ aydın idi, divarı sındırmaq, köhnə borunu çıxarıb, yenisi ilə əvəz etmək lazım idi. İş haradasa üç-dörd saat çəkərdi. Qadına işin nədən ibarət olduğunu izah etdim, qiyməti deyib, razılığını aldım və başladım.

İki saatdan sonra işin ən çirkin və səs-küylü hissəsi bitəndə qapının zəngi çalındı. ​​Ev yiyəsinin oğlu məktəbdən qayıtmışdı. Vanna otağında sakitcə işimi görürdüm, qapı aralı qaldığından onun anası ilə söhbətini dəqiq eşitdim.

Uşaq evə girən kimi mətbəxə keçib, soyuducunun qapısını açaraq soruşdu:

– Ana, niyə burada təkcə soyuq su var? Bəs nahara nə olacaq?

– Oğlum, bu gün ayın 31-dir, sabah banka müavinət keçiriləcək, nə istəsən, ala bilərik. Sizə söz verirəm ki, çox dadlı yeməklərimiz olacaq. Ancaq bu gün səbir elə!

– Ana, axı mən acam! Məktəbdə verilən səhər yeməyinin hamısını yedim.

– Bir az su iç, oğlum, indi usta borunu düzəldər, sən də çimib rahatlanarsan.

Bu söhbəti eşidib vanna otağında fikrə dalmışdım. Bunların yeməyə pulları yoxdursa, mənim haqqımı necə verəcəklər? Özü də boru dəyişmək qəliz iş idi. Digər tərəfdən, qadını da yaxşı başa düşürdüm, bizim iqlimdə iki gün yuyunmasan, özünü asmaq istəyəcəksən. Ac qalmaqdan təmiz olmaq daha yaxşıdır.

On beş dəqiqədən sonra qapının zəngi yenidən çalındı. Bu dəfə ev yiyəsinin qızı dərsdən qayıtmışdı. O da birbaşa soyuducuya tərəf getdi.

– Rəfiqələrindən birinin evinə qonaq get, orada nəsə bir şey yeyərsən, – ana məsləhət verdi.

– Rəfiqələrimin hamısının evində yemişəm. Daha gedə bilmərəm, indi də gərək biz onları dəvət edək, – qız cavab verdi.

– Yaxşı, usta gedəndən sonra, qonşulardan yemək istəyib sizi yedizdirərəm, – ana dedi.

Bu an dözə bilməyib vanna otağından çıxdım və qadına dedim ki, nahar eləməyə vaxtım yoxdur, işi mümkün qədər tez yekunlaşdırmaq istəyirəm. Mümkünsə, mənim üçün sosis qaynadıb salat hazırlasın. Əlimdəki pulu qadına uzatdım ki, qızını mağazaya göndərsin.

– Problem yoxdur, – ev yiyəsi cavab verdi.

– Üzr istəyirəm, amma mən çox yeməyə adət etmişəm. Qoy qız üç kilo sosis, iki çörək, iki kilo pomidor-xiyar, iki-üç dənə böyük istiot, beş dənə baş soğan, bir kilo kartof, bir qutu makaron və bir şüşə zeytun yağı alsın.

İştahanız pis deyil ha! – qadın təəccüblə dilləndi.

O, yemək hazırlayana kimi mən artıq işimi bitirmişdim və qəsdən vaxtı uzadırdım. Sosislərin qoxusu mənzilə yayıldı, lap ağzım sulandı. Nəhayət, yemək hazır oldu, qadın məni masa arxasına dəvət etdi. Mətbəxə keçəndə dedim ki, mən tək yeməyə öyrəşməmişəm, qoy uşaqlar da gəlsin. Sözümü təkrarlamağa ehtiyac qalmadı, masa arxasında əyləşib yeməyimizi yedik.

Bu arada boruların calaq yerinə vurduğum məhlul da bərkidi, kranları açıb suyun necə gəldiyini ona göstərdim.

– Nə gədər verməliyəm? Bütün gününüzü bu işə sərf etdiniz, – qadın soruşdu.

– İş orasındadır ki, mən böyük bir səhv etmişdim. Borunu başqa yerdə axtarırdım. Vaxtımı boşuna itirdim. Tapanda isə məlum oldu ki, boru bələdiyyəyə aiddir, ödənişi də həmin qurum etməlidir. İndi iş yerimə qayıdıb onlara ödəniş üçün qəbz yazacağam.

Qadın sevindi. Öz vizit kartımı ona verdim. O vaxt maqnitli plastik vizit kartları təzə çıxmışdı – soyuducunun üstünə yaxşı yapışırdı.

Nəsə lazım olsa, zəng edin, utanmayın.

Ancaq onlar zəng vurmadılar, mən də bu əhvalatı tamam unutdum.

Aradan otuz il keçdi. Tanrının köməyi ilə işlərim qaydasına düşdü. Hal-hazırda bir neçə dükanın sahibiyəm. Bu yaxınlarda çox münasib qiymətə Ramat Qanda villa da almışam. Mülkün sənədlərini imzalayandan sonra Ramat Qanın küçələrini maşınla yox, piyada gəzmək qərarına gəldim. Yolboyu nənəmlə babamı xatırlayırdım: onlar Odessadan Fələstinə bir qəpiksiz gəlmişdilər. Mənimsə indi şəhərin mərkəzində evim var idi.

Villanı əsaslı təmir etmək lazım idi. İlkin smeta hazırlamaq üçün bir neçə şirkətdən nümayəndə çağırdım. Təmir üzrə podratçılara gərək yaxşıca göz qoyasan, o qədər aldanmışam ki, sayı-hesabı yoxdur. Ən çox bəyəndiyim ən xırda şirkətin təmsilçisi idi. Gənc olmasına baxmayaraq böyük təcrübəsi vardı. Evə diqqətlə baxıb tez bir zamanda smeta hazırladı, alınacaq tikinti materiallarının siyahısını tutdu, çox münasib qiymət dedi. Hiss olunurdu ki, işdən yaxşı başı çıxır. Söhbət zamanı bəlli oldu ki, şirkətin sahibi də elə özüdür. Həqiqətən, hörmətə layiq idi, cavan yaşında bu cür işləri hər adam bacarmazdı. Ancaq sifarişimi etməyə tələsmirdim, çünki hec vaxt işi yerindəcə həll etmirdim, mütləq növbəti günə saxlayırdım.

Səhəri gün öz işlərimlə məşgul olub, saat on birə qalmış villama yollandım. Çatanda gözlərimə inanmadım: evin yanında bir yük maşını dayanmışdı, içindən də tikinti materiallarını çıxarırdılar. Bu nədir belə, görəsən, kim göstəriş verib? İşçilər mənə sənədlərini göstərdilər, orada yazılmışdı ki, filan şirkət tərəfindən göndərilib. Gördüm ki, dünən tanış oldugum cavan oğlanın şirkətidir.

– Bunları yığışdırın, haradan gətirmisinizsə, ora da aparın, – dedim.

Məəttəl qaldılar, heç cür razılaşmırdılar. Deyirdilər ki, sifariş

verilib, onlar da yerinə yetirir. Malı geri qaytarmaq istəyirəmsə, mütləq ödəniş etməliyəm.

Əsəbiləşib həmin şirkətin ofisinə getdim. Oğlanı kabinetində görəndə özümü güclə toparladım.

– Bu nədir belə, mən sizdən heç nə almamışam! Biz yalnız ilkin smeta haqqında danışmışdıq. Mən sizə pul verən deyiləm, – dedim.

– Ehtiyac yoxdur, bütün xərclər ödənilib, – şirkətin sahibi cavab verdi.

– Başa düşmədim? Ödənişi kim edib? – mən az qala qışqırdım.

– Necə yəni kim? Bələdiyyə, – oğlan gülümsəyərək dedi.

– Bələdiyyə nədir? Dolamısan məni?

– Siz məni tanımadınız?

Elə bil tanış gəlirdi.

– Yox, tanımadım. Bəyəm biz tanışıq?

– Əlbəttə. Özü də çoxdan! Yadınıza gəlir, otuz il əvvəl “Amidar” evində bizim borunu dəyişmişdiniz?

Bir anda mənə hər şey aydın oldu.

– Sizin vizit kartınız uzun illər soyuducunun üstündən asılmışdı. Anam sizi usta-mələk adlandırırdı. İştahanızı, bələdiyyə haqqında dediklərinizi yaxşı başa düşmüşdük. Anam sonradan sizə zəng vurub təşəkkür etmək istəyirdi, ancaq cürət etmədi. Kartınız sonralar itsə də, adınız, soyadınız ömür boyu yadımda qaldı…

Çox söhbətləşdik, xatirələrə daldıq, qəhvə içdik.

– Qulaq as, birdən səhv edib məni soyadımız eyni olan başqasıyla qarışdırarsan ha! Onda necə? – oğlana dedim.

– Sizi heç kəslə səhv salmaq mümkün deyil, – deyib barmağı ilə burnuna işarə etdi.

– Yox, mən bu cür bahalı hədiyyəni qəbul edə bilmərəm. Sosislər, boru hara, bunlar hara?!

– Əksinə, onlar bunlardan qat-qat dəyərli idi. Sizin o hərəkətiniz mənim də, bacımın da gözlərini açdı. Biz dünyanı qəddar, amansız bilirdik, amma siz onun digər üzünü göstərdiniz. İnanmaya bilərsiniz, ancaq ömrüm boyu hansısa bir işi görəndə həmin o usta-mələyi yadıma salırdım. Elə bacım da mənim kimidir. Bu tikinti materialları nədir ki?.. İnsan mərhəmətinə inam bundan qat-qat üstün sərvətdir”.

Tərcümə edən: Arzu RəcəbovaБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31