Ankarada görkəmli qazax şairinın yubileyi qeyd olundu - Fotolar
Görkəmli qazax şairi Muxtar Şahanovun anadan olmasının səksəninci ildönümü münasibətilə Ankarada yubiley mərasimi keçirilib. Mərasimdə rəsmi şəxslər, dövlət təmsilçiləri, səfirlər, türk dünyasının tanınmış simaları iştirak ediblər.
MANERA.AZ xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Mərkəzi Qərargahında keçirilən mərasimin rəsmi açılışında TÜRKSOY-un baş katibi Sultan Rayev, Türkiyə Prezidentinin Baş müşaviri Yalçın Topçu, Türk Dil Qurumunun rəhbəri Gürer Gülsevin, Azərbaycanın, Qazaxıstanın və Qırğızıstanın Türkiyədəki səfirləri - Rəşad Məmmədov, Yerkebulan Sapiyev və Qurbanıçbəy Ömüralıyevin çıxışları dinlənilib.
Çıxışlarda türk dünyasının görkəmli şəxsiyyətlərinin beynəlxalq aləmdə tanıdılması istiqamətində TÜRKSOY-un gördüyü işlər yüksək dəyərləndirilib, yubilyar şair Muxtar Şahanovun yaradıcılığı, gələcək həyat və fəaliyyəti barədə xoş sözlər ifadə edilib.
Şairin həyat və fəaliyyəti barədə fikirlərini, düşüncələrini bölüşən çıxışçılar diqqətə çatdırıblar ki, şair Muxtar Şahanovun bütün yaradıcılığı türk dünyasının nadir ədəbi xəzinəsidir.
Çıxışlarda səsləndirilən xoş sözlərə, yaradıcılığına verilən yüksək dəyərlərə görə minnətdarlığını ifadə edən şair Muxtar Şahanov türk dünyasının ədəbi qüdrətinin zənginliyinin qorunmasının vacibliyini vurğulayıb.
Baş katibi Sultan Rayev şair Muxtar Şahanova TÜRKSOY-un “Şərəf” medalını təqdim edib.
Çıxışlardan sonra mərasim zəngin bədii proqramla davam edib.