manera.az
manera.az

Həyatla əlaqə qurmağın vacib yolu | Şəhla Aslan yazır

Həyatla əlaqə qurmağın vacib yolu   | Şəhla Aslan yazır

Manera.az araştımacı-jurnalist, təhsil araşdırmaları üzrə doktorant Şəhla Aslanın "Təhsil və Cəmiyyət" yazısını təqdim edir:

Təhsil insanın təməl hüququdur; insanları bərabərsizlik və yoxsulluqdan qurtulmağa imkan verən bir vasitədir.

Təhsil uşağın doğulduğu andan ölümünə qədər - həyat boyu davam edən bir prosesi əhatə edir. Məktəb təhsili bitdikdə, iş həyatında çalışaraq, təcrübə qazanaraq yeni şeylər öyrənmək də bir növ təhsildir. İnsan həyatı təhsil və öyrənməkdən ibarətdir...

Təhsil insanlara müxtəlif mövzularda məlumatlar verir, onların dəyər sistemlərinə və inanclarına təsir edir, həyata baxışını hər baxımdan müəyyən edir. Daha önəmlisi odur ki, təhsil insanın cəmiyyətdəki peşəsini və statusunu, nüfuzunu müəyyən edir. Yaxşı təhsil eyni zamanda insanın həyat səviyyəsini də yüksəldir...

Demək olar ki, hər kəs təhsilin vacibliyini qəbul edir. Özləri yaxşı təhsil almayan imkanlı insanların bəziləri açıqlamalarında təhsil almanın vacib olmadığını desələr də, məlumdur ki, bu insanlar da övladlarının yaxşı təhsil alması üçün böyük səy göstərirlər. Roma filosofu P. Syrusun dediyi kimi: “Təhsili ancaq cahillər inkar edər”.

Təhsilin əhəmiyyəti və ya faydalarından danışarkən qeyd etmək lazımdır ki, təhsil çoxlu pul qazanmağa zəmanət vermir. Qanuni yolla çoxlu pul qazanmaq və yaxşı iş adamı olmaq təhsildən əlavə bir çox fərqli keyfiyyətlər də tələb edir. Bu baxımdan, bəxtlərin və təsadüflərin insan həyatında böyük rol oynadığına inananlar da var. Bunu iddia edənlər öz sözlərinə dəlil olaraq şans və ya təsadüf nəticəsində uğur qazanan tanıdıqlarını göstərirlər. Ancaq uğurlu insanların uğurunu “şans”, “təsadüf” və ya “başqalarının köməyi” kimi səbəblərlə izah etmək son dərəcə səthi və sadə bir yanaşmadır. Əslində, şans "doğru zamanda düzgün bucaqda dayanmaqdır". Uzaqdan bəxt və ya təsadüf kimi görünən bir çox uğurların arxasında insanların vəziyyəti anlamaqda və problemi həll etməkdə fədakarlığı, səyi, yaradıcılığı gizlənir. Bununla bağlı istisnalar olsa belə, böyük əksəriyyət bu nümunəyə uyğundur.

Bəzi insanlar miras ya da bəxt yolu ilə böyük sərvət əldə etmiş ola bilər, lakin bir çoxları da imkan və uğurlarına görə təhsilə borclu olduqlarını etiraf edirlər.

İnsanın təhsillə sahib olacağı peşə çox vaxt onu ruhən qane edir, maddi cəhətdən rahatlaşdırır. Bu vəziyyətin verdiyi imkanlar həyatdan daha çox həzz almağa şərait yaradır. Həyatdan daha çox həzz almaq üçün onu daha yaxşı başa düşmək, ona məna verməklə mümkündür. Bu da yenə təhsillə əlaqəlidir...

Keçmişdə təhsil həyata hazırlıq və peşəyə yiyələnmə prosesi kimi qəbul edilirdisə, indi təhsilin funksiyası bundan qat-qat artıqdır; Yaşadığımız əsrin informasiya əsri olması və biliyin insanlarda böyük fərqlər yaratdığının kəşfi təhsilin əhəmiyyətini artırıb. Hazırda təhsil həyatla əlaqə qurmağın ən vacib yolu hesab olunur.

...Yaxşı iş, yaxşı ictimai reputasiya təhsilli insanın sahib ola biləcəyi şeylərdən yalnız bir neçəsidir. Perspektivli, etibarlı gələcək üçün təhsil vacibdir. Deməyin ki, yaxşı iş üçün təhsil almaq şərt deyil. Təhsil müəsissələrində korrupsiya faktları da təhsilə lazımsız deməyə əsas deyil. Bu gün dünya iqtisadçıları: ‘çağımızda ən yaxşı investisiya təhsilə qoyulan investisiyadır’ deyirlər. Sözsüz ki, təhsilə sərmayə qoyuluşu sosial məsuliyyət tələbi olaraq fərd, təşkilat və cəmiyyət üçün qoyulan investisiyadır. Təhsilin lazımsız investisiya və vaxt itkisi olduğu fikri artıq keçərli deyil. Yaşadığımız dünyada cəmiyyətlərin inkişafını ancaq təhsillə müəyyən etmək olar. Bu nöqteyi-nəzərdən təhsil gələcək üçün ən yaxşı sərmayə kimi qiymətləndirilir.

...Pulun əl çirki olduğu deyilsə də, həyatın daha çox iqtisadiyyat üzərində qurulduğu da bir həqiqətdir. Bu səbəbdən həm iqtisadi rifaha nail olmaq, həm də bu rifahı idarə etmək və ondan maksimum yararlanmaq üçün təhsil çox vacibdir.

Eyni zamanda, təhsil maliyyə cəhətdən müstəqil olmağa və qərarları daha dəqiq şəkildə verməyə imkan verir. Təhsilin verdiyi reputasiya həm də insanın özünə güvənməsinə şərait yaradır. Diqqət yetirin ki, qorxular adətən məlumatsızlığdan qaynaqlanır. Bilmək isə həvəsləndiricidir; Yeni bir şeyi öyrənəndə görürük ki, əslində o qədər də çətin deyilmiş. Buna nail olmağın yeganə yolu yenə də təhsildir.

Qısacası, təhsil təkcə fərdi üstünlüklər deyil. Bu, həm də bir çox sosial faydalar təmin edir. Savadlı cəmiyyətlerdə problemlər daha asan həll olunur; Həyat keyfiyyəti daha yüksək olur, sosial sülh daha asan əldə edilir. Savadlı cəmiyyətlərdə cinayət nisbəti daha aşağıdır. İnsanlar sosial həyat tərzini, yaşadıqları mədəni və sosial dəyərləri o cəmiyyət üçün ideal şəkildə hazırlanmış bir təhsillə öyrənirlər.

Bəs təhsil alanlara yuxarıda sadaladığımız müsbət keyfiyyətləri qazandıra biləcək təhsil sistemləri necə qurulmalıdır? Bu haqda növbəti yazıda...

MANERA.AZ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31