Gənclərin iş tapmaq problemi - Ceyhun Məmmədov yazır...
Ceyhun Məmmədov, Millət vəkili
Müasir dövrdə dünyamız sürətlə inkişaf edir, hər gün bir çox sahələrdə müxtəlif yeniliklərin şahidi oluruq. Bu gün hər bir dövlətin, təşkilatın, ali təhsil müəssisəsinin qarşısında duran ən mühüm məsələlərdən biri bu yenilikləri izləmək, ayaqlaşmaq, həyata keçirdiyi siyasət və fəaliyyətdə tətbiq etməkdir. Bu yolu tutanlar irəliyə addımlayaraq inkişaf edir, ayaqlaşmayanlar isə ciddi sınaqlarla üz-üzə qalırlar.
Bu gün Azərbaycanda hər zaman geniş müzakirə olunan mövzulardan biri də universiteti yeni bitirən gənclərin iş tapmaqda yaşadıqları çətinliklərdir. Bir çox məzunlar uyğun işə qəbul ola bilmədiklərini, buna səbəb isə dil bilikləri və təcrübə tələb edilməsini göstərirlər. Bəs belə bir vəziyyətin yaranmasının səbəbi nədir?
Öncə qeyd edək ki, bu günün gəncləri gələcəyin liderləri və idarəçiləridir, Azərbaycan gənci kifayət qədər dinamik, potensiallı və ağıllıdır. Bu potensialı düzgün yönləndirmək və onların inkişafına dəstək olmaq əsas vəzifələrimizdəndir.
İndi isə yuxarıdakı suala cavab verməyə çalışaq. Öncə qeyd edək ki, hər bir ali təhsilə hazırlaşan tələbə ixtisas seçimində diqqətli olmalı və düzgün seçim etməlidir. Bir sıra hallarda gənclər daha çox humanitar elmlərə üstünlük verirlər. Bu da bir sıra hallarda eyni xitsas üzrə yüzlərlə gəncin məzun olmasına və təklifin tələbi üstələməsinə səbəb olur.
Bu gün dünyada bir çox yeni ixtisaslar yaranmaqdadır. Kompyuter elmlərinə, media sahəsinə və mühəndisliyə maraq daha da artmaqdadır. Bu reallıqları nəzərə alaraq gənclər yeni sahələrdə bilik və bacarıq qazanmağa üstünlük verməlidirlər.
Burada digər bir mühüm məsələ ondan ibarətdir ki, tələbələr ali təhsil aldıqları müddətdə universitetin verdiyi biliklərlə kifayətlənməməli, əlavə biliklər əldə etməli, daima üzərlərində işləməlidirlər. Bütün hallarda peşəkar mütəxəssis kimi yetişmək üçün onlar təhsillə bərabər, təhsil aldıqları ixtisas üzrə təcrübə keçməyi də unutmamalıdırlar. Hazırda ölkəmizdə bunun üçün kifayət qədər imkan və potensial var.
Bu gün biz informasiya texnologiyaları dövründə yaşayırıq. İnternet, kompyuter bizim qarşımızda yeni imkanlar açır. Evdən çıxmadan da yeni biliklər əldə edə, yeni ixtisaslara yiyələnə bilərik. Üzərimizə düşən bu imkanlardan doğru yararlanmalıyıq.
Bununla yanaşı hər bir tələbə dil biliklərini inkişaf etdirməlidir. Mütləq xarici dil bilməlidir. Bu gün əksər qurumlarda və şirkətlərdə obyektiv və subyektiv səbəblərdən bu tələblər irəli sürülür.
Digər bir mühüm məsələ informasiya texnologiyaları ilə bağlıdır. Hər bir tələbənin kompyuterdən yaxşı anlayışı olmalı, bu sahədə müxtəlif proqramları öyrənməli, yenilikləri izləməlidir. Qeyd etdiyim kimi dünyada sürətli inkişaf gedir, bu inkişafla ayaqlaşanlar öz sahələrində irəliləyə biləcəklər. Burada şirkətlərin də üzərinə ciddi vəzifə düşür. Onlar da gənclərə həssas yanaşmalı onlara özlərini formalaşdırmaq üçün mümkün qədər şans verməlidirlər.
Ümumi müşahidələrimə əsasən deyə bilərəm ki, bu gün Azərbaycanda ziddiyyətli bir vəziyyət yaranıb. İşəgötürənlər işçi, gənclər iş axtarırlar. Deyərdim ki, bu gün Azərbaycanda əksər müəssisələr uyğun və yaxşı işçi axtarışındadırlar. İşəgötürənlərin əksəriyyəti yaxşı işçi, məzunlar isə iş tapa bilmədiklərindən narazıdırlar. Qeyd etdiyim kimi, hər iki tərəfin üzərinə məsuliyyət düşür. Universiteti bitirən, bəzən öz ixtisasının sirlərinə bələd olmayan, dil və kompyuter biliklərinə yiyələnməyən məzunları şirkətlər bir çox hallarda işə götürməkdən imtina edirlər. Dəfələrlə özümün də iştirak etdiyim müsahibələrdə bəzi məzunların dil üzrə təhsil almağına baxmayaraq, həmin dili orta səviyyədə bilmədiklərinin şahidi olmuşam. Belə olan halda ixtisası olan dili bilməyən gənci işə götürməyən şirkəti qənamaq olmur. Şirkətin inkişaf etməsi üçün bilikli gənclərin işə cəlb olunması xüsusi önəm daşıyır.
Ona görə, dəyərli gənclər, davamlı üzərinizdə işləyin, dil və informasiya texnologiyaları sahəsində biliklərinizi artırın, mütləq bədii ədəbiyyat və fərdi inkişaf kitabları mütaliə edin. Gələcək daim üzərində işləyənlərin, bilik və bacarıqlarını artıranlarındır.
Bir daha qeyd edirəm, universitet sizə müəyyən biliklər əldə etməyə kömək etsə də, siz üzərinizdə ciddi işləməli, bilik və bacarıqlarınızı artırmalı, işəgötürənlərin “Səni nə üçün işə götürməliyik?” Sualına hazır olmalısınız.