manera.az
manera.az

Ruğu Rügzö`dən YENİ HEKAYƏ – “Ultimantrop” | MANERA.AZ

Ruğu Rügzö`dən YENİ HEKAYƏ – “Ultimantrop” | MANERA.AZ
manera.az

ULTİMANTROP
(Distopik novella)


Yazı müəllifin ərəb mənşəli sözlərin orfoqrafiyasına və durğu işarələrinin işlənmə yerinə təklif etdiyi yeni prinsiplər əsasında işlənib və olduğu kimi saxlanılaraq dərc edilib.

Arxaik sözlər lüğətində “Ç” hərfinin altına “yeni” bir söz də artırılmışdı: çiçək.

Axırıncı çiçəyin açdığını öz gözləri ilə görən adam saçlarına çiçək tərkibli balzamla qulluq edən arvadının ayaqlarını hər gecə çiçək nektarından hazırlanmış kremlə ovxalayıb qəlbi cuşa gələndən sonra insanların təbiyəti korlaması haqqında şeyirlər yazaraq qoz ağacından hazırlanmış pianoda Vaqnerin bəstələrini ifa edən qadınını kədərləndirirdi.

Hündür evkaliptlər, yabanı qızılgül kolları, hətta alaq otları Yer üzündən silinmişdi. Sonuncu qaranquş otuz il əvvəl, sonuncu qarğa isə ondan iyirmi iki il sonra yoxa çıxmışdı. Arıların sancması bir yana, heç vızıltısını da eşidən olmamışdı. Yeni nəsil vampir ağcaqanadın nə olduğundan isə büs-bütün xəbərsiz idi. Axırıncı qarışqa yuvası bir ay qabaq dağılmış, sonuncu hamamböcəyi isə elə dünən məhv olmuşdu.

Hər tərəf başdan-başa daş, asfalt və betonla örtülmüşdü. Meşələrin yerində alış-veriş mərkəzləri, hava limanları, dənizlərin yerində isə böyük hovuzlar inşa edilmişdi. Qayaların yaşıl saçlarını qırxıb sonuncu yosunun qurudulmasından isə cəmi bir neçə ay keçirdi.

Axırıncı toyuğun qaqqıltısını eşidən adam axırıncı quzunun mələməsini eşidən adamdan on üç il qabaq ölmüşdü. Sonuncu yumurtanı qırıb qayğanaq bişirən adamın kimliyi tarixçilər üçün elmi mübahisə obyekti idi: bu barədə müxtəlif dissertasiyalar işlənir və elmi simpoziumlar keçirilirdi. Ancaq təsüf ki, alimlər hələ qəti bir qərara gələ bilməmişdilər.

Sonuncu dəfə pendirin dadına baxan adam isə on yeddi il idi ki, Ginnesin Rekordlar Kitabındakı yerini əldən vermirdi. Yarım kiloluq qaxac ət üçün isə zəngin adamlar bir çemodan qızıl ödəməyə hazır idilər. Kartof qızartmasının ekzotik yeməklər menyusuna əlavə edilməsindən beş il yarım ötürdü. Göbələk şorbası isə yalnız elit siniflərin süfrəsində tapıla bilərdi. Əvəzində isə hələ təxminən səksən il əvvəl Uzaq Şərqdə nəcisdən ət istehsal edilməsi üsulu ilə hazırlanan sintetik ət məhsulları bəşəriyəti aclıqdan xilas edirdi. İş o yerə çatmışdı ki, kanalizasiyalardakı siçovullar da qıtlıqdan qırılmışdılar. Adamlar sintetik ətin içindən siçan quyruğu çıxanda çimçənib sintetik ət kombinatını məhkəməyə də vermişdilər.

Axırıncı çiçəyin açdığını öz gözləri ilə görən adam təxminən iki əsir əvvəl ikinci dünya müharibəsində iştirak etmiş veteranların yerini almışdı. Onu ən çox qorxudan isə öləndə qəbrinin üstünə qoymağa bircə dənə də gül tapılmayacağı idi. Elə bu qüssə də Onu həyata küsdürdü. Axırıncı çiçəyin açdığını öz gözləri ilə görən adam öldü və qəbrinin üstünə plastmasdan hazırlanmış ala-bəzək bir gül çələngi qoyuldu.

* * *

Bir gün Nos yuxudan qalxıb gördü ki, heç kim yoxdur. Bu, Ona əvvəl gülməli görsəndi. San ki, köhnə filmlərdəki kimi doğum günü olan adama sürpriz eləmək üçün hər kəs əvvəlcədən sözləşib yoxa çıxmış və qəfildən ortaya çıxmağa hazır dayanmışdılar. Eyvandan küçəyə boylananda həmişə adamla qaynayan bistronun qabağını bom-boş görməyi şüuru qəbul edə bilmədi:

— Bu, yuxudur! Yuxudur, hə?! – acıqlanıb qışqırdı Nos.

Ancaq heç kim Ona cavab vermədi. Divarlar və binalar, yollar və küçələr, döngələr və dalanlar hamısı dilbir olub susmuşdu. Belə olduqda Nos yenidən çığırdı:

— Mən indi ora gələcəyəm və sübut edəcəyəm ki, siz hamınız oradasınız, lap elə birinci binanın tinində dayanıb məni gözləyirsiniz! Ay sizi cüvallağılar!

Di gəl ki, Onun hədələrinə qoz qoyan olmadı. Nos bir qədər gözlərini qıyıb ətrafa diqqətlə nəzər saldı. Heç kim gözünə dəymədikdə nümayişkaranə surətdə yenidən bağırdı:

— Rast ki, bu axmaq zarafatdan əl çəkmirsiniz, o zaman mən gəlib ilk qabağıma çıxanınızın üstünə işəyəcəyəm! Ananız bilsəydi, evdən çıxanda sizə çətir verərdi!

Ancaq və ancaq ki, bu dəfə də Nosun təhdidləri sükuta dəyib əridi. Nos lap özündən çıxmışdı. Cəld əynini geyinib aşağı düşdü. Küçəni aşağı-yuxarı gəzdi. Qabağına heç kim çıxmadı. Nə mağazalarda, nə də super-marketlərdə bir insan övladı gözə dəyirdi.

— Bu nə zırrama zarafatıdır axı?! Haraya rədd olmusunuz?! – Nos əsəbi şəkildə cırnadı.

Cavab gəlmədi. Hiddətlə qarşısına çıxan ilk mağazaya daxil oldu. Hər şey qaydasında görünürdü. Vitrinlər ağzına kimi ərzaq və qida məhsulları ilə dolu idi. Amma içəridə nə satıcı var idi, nə də alıcı. Kassirin də yeri boş, kassanın isə ağzı açıq idi. Mağazadan çıxıb bir az irəli getdi, o biri küçəyə döndü. Bu dəfə qabağına çıxan birinci super marketə daxil oldu. Bütün mərtəbə və şöbələri gəzdi. Bütün mallar səliqə ilə vitrindən gəl-gəl edirdi. Ancaq orada da heç kimi tapmadı. Üç mərtəbəli nəhəng bina başdan-başa yiyəsiz qalmışdı.

— Hər şey yerindədir və hər şey də qaydasında görünür. Bəs bu adamlar haradadırlar axı? – Nos yazıq-yazıq öz-özünə mızıldandı.

Bütün bunlar normal ola bilməzdi. Nə bir dağıntı var, nə bir tozanaq, nə də bir damcı qan izi – di gəl ki heç kim yoxdur! Axı bunu necə açıqlamaq olar? Nos bu barədə düşünə-düşünə yenidən küçəyə çıxdı. Təzədən axtarışa davam etdi. Hələ də inanırdı ki, heç olmasa, bir az aralı küçələrdə kimisə tapa biləcək.

Artıq saat günorta 12-yə qalırdı. Gəzə-gəzə az qala şəhərin bu-başından o biri başına gəlib çıxmışdı. Amma dəyişən bir şey olmadı: yeknəsəqlik bütün gücüylə davam edirdi – küçələrdə boş avtomobillər və avtobuslar, parklarda boş skamyalar, kinotearlarda boş oturacaqlar, metrostansiyalarda boş qatarlar bir-birini əvəz edirdi. Nə istəsən tapmaq olardı – bircə insandan başqa.

Nos kor-peşman mənzilinə qayıdıb saatlarca iş masasının arxasında oturdu. A4 kağızlara nəsə cızmaqara eləyib atdı. Görünür, stress atmaq üçün köhnə vərdişləri özündən asılı olmadan bərpa olumuşdu. Qaş qaralan vaxtı eyvana çıxıb var gücüylə bağırdı:

—Rast ki, hamınız rədd olub getmisiniz, eləysə bir daha geri qayıtmayın! Bu şəhər mənimdir! Artıq bu şəhərdəki hər şey – eşidirsiniz – hər şey mənimdir! Mən bu şəhərin tək ağasıyam! Dala qayıdanın da ataba-atasına lənət!

* * *

İlk günlər Nosun heç bir şeydən narahatçılığı yox idi. Hər şey qaydasında görünürdü. Ehtiyacı olan hər şeyi çox asanlıqla əldə edirdi:

Yaxşı bir şam yeməyi lazımdır? – Marketlər hamısı sənindir!

Kinoya baxmaq istəyirsən? – Bütün kinoteatrlar sənin xidmətindədir!

Bir az əylənmək istəyirsən? – Heç bir problem yoxdur, barlar, diskotekalar, bilyard salonları səninlə baş-başadır!

Kalori yandırmaq lazımdır? – Budur, şəhərin bütün trenajor zalları qapılarını taybatay açıb səni gözləyir!

Hə, əzizim Nos – bu boyda şəhər bütün gücüylə sənin qulluğundadır, adama başqa nə lazımdır? İstəyirsən, sürət həddini aş, istəyirsən qırmızıda keç, istəyirsən əks-hərəkət istiqaməti ilə sür – dalınca heç bir yol polisi düşməyəcək! Heç ünvanına cərimə haqqında raport da gəlməyəcək! İstəyirsən, lap arzusunda olduğun əntiq malları qarət elə, muzeyləri, antikvar dükanlarını soy – kim mane ola bilər sənə?! İstəyirsən, bütün şirniyat sexlərini yağmala, bütün tortları, pirojnaları mədənə ötür – kimdir sənə əngəl olan?! İstəyirsən, istəyirsən lap bütün bankomatları sındır, banklara hücum elə, xəzinələrini boşalt, bütün banknotları döşəyinin içinə doldur – kimin səsi çıxa bilər?! Kef sənindir! Öz dövranını sür, Nos! Bir də ələ düşməz bu fürsət! Bəlkə də, bəşər tarixində ilk adamsan ki, bir şəhər içindəki hər şey ilə bərabər yalnız sənindir! Sən tək və şəriksiz ağasan bu şəhərdə! Heç kim səni narahat edə, hüzurunu qaçırta bilməz! Burada nə axmaq-axmaq gülən uşaqlar, nə də böyürünü-başını tutub zırıldayan qoca kaftarlar var! Nə böhtan, nə şər, nə söyüş, nə qarğış! Nə o sarsaq müdirin, nə də axmaq iş yoldaşların var! Hamısı bu alçaq adamlarla bərabər yer yarılıb, yerin dibinə giriblər! Sən indi azad və xoşbəxtsən! Bəxtin gətirsin ki, başqa şəhərlərdən də bura heç kimin yolu düşməsin. Onda bura lap əsil cənnət olar, Nos, əsil cənnət! Kim bilir, bəlkə, tanrı daha Adəmin sürgününə son verməyi qərara alıb?..

* * *

İki-üç həftə beləcə keçib getdi. Nə gələn vardı, nə gedən. Nos öz yalnızlıq şəhərində azadlığının dadını çıxarırdı. Kefi istəyəndə yatır, kefi istəyəndə dururdu. Elə ilk gecədəcə evindəki bütün zəngli saatları sındırıb zibilliyə atmışdı. Səssizlik dənizinin içində divar saatının əqrəbləri üzüb, yüngülvari titrəşimlər əmələ gətirən gec saatlarda Nos kef-damaq içində özünün “Tək adamlıq səltənət” adlı şeyir dekameronunu bitirdi. Şeyirə son düzəlişlərini də edəndən sonra ayağa qalxıb yüksək səs və mütəsiredici intonasiya ilə oxumağa başladı. Nosun səsi sap iynənin deşiyindən keçən kimi şəhərin bu başından girib o biri başından çıxdı. O, öz deklamasiyasını bitirib şəstlə güzgünün qabağında reverans da etdi. Ancaq heç kim əl çalmadı. Tənhalıq birinci dəfə idi ki, Nosu qorxutmuşdu.

Dördüncü həftədə artıq Nosun ürəyi tab gətirmədi. Bir gecə yarısı qalxıb əynini-başını yaxşı-yaxşı geyindi. Ən vacib əşyalarını götürüb bel çantasına yığdı. Qapını örtüb binanın zirzəmisindəki avtodayanacağa düşdü. Varlı qonşulardan birinin ən xoşuna gələn maşınını bir təhər açıb avtomobili işə saldı. Bu, bir aydan sonra şəhərdə səslənən ilk mühərrik uğultusu idi.

Nos, birinci, prospektin o biri başına tərəf sürdü. Burada nəhəng market var idi. Vitrinlərdən üç araba dolusu yeyəcəklər və içkilər, lazımlı əşyalar, qalın paltarlar, isti və möhkəm çəkmələr götürüb maşınının bütün yük yerini və arxa oturacaqlarını doldurdu. Sonra isə istiqamətini şəhərin mərkəzi meydanına tərəf çevirdi. Burada şəhərin əsas polis idarəsi var idi. Məqsədi polis idarəsinin ixtiyarında olan silah otağını soymaq idi. Çıxacağı yolda hər şeyə hazırlıqlı olmaq lazım gəlirdi. Buradan da bir neçə tapança və iki vinçester tüfəngi, bir xeyli də patron yeşiyi və silah yağı götürüb qabaq oturacağa doldurdu. Son olaraq isə meydanın o biri başındakı mərkəzi banka tərəf sürdü. Banka girib elə kassalarda olan pulları yığdı. Əlinin altında, bəlkə, yüz min pul var idi, bu, Ona ömrünün axırına qədər bəs edərdi. Bəlkə də, heç lazım da olmadı, amma gərək kişinin cibində pulu olsun. Burada da gərəyi olanları əldə edəndən sonra maşının üzünü yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə çevirdi. İyirmi dəqiqədən sonra avtomobilin yanacaq çəni ağızba-ağız dolmuşdu. İndi, O, öz bir aylıq tənhalıq səltənətini güvənclə tərk edə bilərdi. Nos insan axtarmağa gedirdi.

* * *

Üç aya yaxın idi ki, Nos yollarda idi. Əvvəl küçə-küçə, sonra qəsəbə-qəsəbə, sonra da şəhər-şəhər gəzdi. Hər yerdə, san ki, vahid qanun hökm sürürdü: heç yerdə heç kimsə yox idi. Az-qala bütün küçələri, bütün küçələrdəki binaları, bütün binalardakı mənzilləri yoxlamış, bircə nəfər olsun, insan tapmaq arzusu ilə yanıb-yaxılmışdı. Federasiyanın bir başından girib, o biri başından çıxdı. Tam mübaliğəsiz demək mümkündür ki, balaca uşaqlar kimi çarpayıların altına da əyilib baxırdı – bəlkə, bir insan övladı orada gizlənib qalıb? Ancaq nə çarpayıların altında, nə də əri evdə olmayanda aşnasını çağıran qadınların şfanerlərində, bir nəfər də olsun, insan tapılmadı. Səyahətinin altıncı ayında Onun federasiyada ayağı dəyməyən küçə, maşınının tüstüsünü udmayan şəhər qalmamışdı. Federasiyanın sonuncu şəhərində xəyal qırıqlığına uğrayandan sonra Nos əlini axtarışından lap nişanlı qızdan üzən kimi üzdü. Hər dəfə mənzillərin qapısını döyəndə – “indi bir insan görəcəm” – həyəcanı ilə saçında bir tel ağarmışdı. Sonuncu şəhərə çatanda isə başındakı axırıncı tel də pambıq rəngi aldı. Elə bu sonuncu şəhərdə Nos başa düşdü ki, O, böyük yanılğı içərisində olub: nəinki öz doğma şəhəri, hətta bütün federasiya insansızdır! Nos anladı ki, təkcə bir şəhərin yox, bütün federasiyanın tək və şəriksiz ağası Odur: ölkə Nosun sərəncamındadır.

Bunu düşünmək Nosda qəribə, qorxu qarışıq sevinc və bir az da xudpəsəndlik hissi yaratdı. Bir tərəfdən, bütün bir ölkənin təkbaşına sahibi olmaq Onu sevindirir, digər tərəfdən də, bu qədər varidata sahib olmuş ikən bütün bunları nə edəcəyini düşünmək, sahibliyin yaratdığı məsuliyət hissi içinə ağırlıq salır, Ona indiyə qədər dadmadığı bir narahatlıq verirdi. Ölkənin zavodları var – işçiləri yoxdur, ordusu var – əsgərləri yoxdur, məktəbləri var – məllimləri yoxdur, xəstəxanaları var – həkimləri yoxdur, idarələri var – məmurları yoxdur. Bir sözlə, ölkə var – insanları yoxdur! Bəs bu başıbəlalı Nos, işindən qovularaq xaric edilmiş bu əhli-kef adam bom-boş ölkə ilə nə etsin? Haradan başlasın? Ümumiyyətlə, nəyə başlasın? Bir dəfəsində isə:

— Amma, deyirəm, gör bir nə gözəldir bütün bu ərazilərə, şəhərlərə və onların sərvətlərinə sahib olmaq?! Əşi, nəyinə lazımdır axı insanlar? Çox da vacibdir sənin üçün? Başın dinc, qulağın sakit! Ye, iç, kef elə! Sən əlindən gələni eləmisən, əzizim! Altı aydır ki, dayanmadan yol gəlirsən. Daha kefin istəyən kimi dincəl! – Nos başqasına müraciyət edən adam tövrü ilə özünə pıçıldamışdı.

Bir neçə həftə də gəldiyi son şəhərin dağların ətəyində yerləşən bir məhəlləsində dincələndən sonra yenidən öz şəhərindəki qüssə və tənhalıq qorxusu Onu bürüməyə başladı. Bu elə bir qorxu idi ki, san ki, ölkədəki bütün insanların tənhalığını yığıb Onun yaşadığı evin içərisinə doldurmuşdular. Bu tənhalıq pəncərələrdən və döşəmənin yarıqlarından axıb ta zirzəmiyə dolmuş, oradan da sarmaşıq kimi tavana qədər yüksəlmiş, evin tavanından isə bütün ölkəyə dağılmışdı. Nos nə yazdıqlarını kiməsə oxuya, nə də acığını kimdənsə çıxa bilirdi. Arada öz-özünə danışırdı ki, danışmağı yadırğayıb nitqini itirməsin. Monoloqlar tənhalığın dili olmuşdu indi. Bir ara istəmişdi ki, özü üçün tutuquşu tapıb bəsləsin və quşa danışmaq öyrətsin ki, heç olmasa, quşdan da olsa, bir insan səsi eşitsin. Ancaq sonra yadına düşmüşdü ki, O, tutuquşunu yalnız köhnə ensiklopediyadakı şəkillərdə görüb. Bir tutuquşu qədər doldura bilməmişdi tənhalığını.

* * *

Nos tənhalığa çox davam gətirə bilmədi. Bu boyda ölkədə təkbaşına olmaq nə deməkdir? Bu qaydada axı hara qədər davam etmək olardı? Ağlasığmaz vəziyətini bir neçə gün də götür-qoy edə-edə Nos öz-özünə deyirdi:

—Bəlkə, federasiyada adamların hara yoxa çıxmasını izah etmək mümkün deyil, amma başqa diyarlarda mütləq insanlar qalır. Sivilizasiya birdən-birə göyə sovrula bilməz ki! Bu nədir axı belə? Heç Nuhun tufanından sonra da bu qədər tənhalıq olmamışdı Yer üzündə. Onda, heç olmasa, bir gəmilik insan var idi. İndi isə mən bayquş kimi təm-tək qalmışam!

Yox, belə ola bilməz. O, tezliklə federasiyanı tərk edib öz insan axtarışlarına ölkənin sərhədlərindən uzaqlarda – yabanilərin – çöl adamlarının diyarında davam etməlidir. Orada mütləq ki, qaçaq-quldurdan da olsa, kimisə tapmaq olardı. Nos yeni qərarına ürəkdən sevindi. Onu yeni macəralar, yeni yerlər gözləyirdi. Bu günə qədər, O, heç federasiyanın ucqarlarına da gəlib çıxmamışdı. İndi isə əlinə fürsət düşüb ki, ölkənin sərhəddini keçib federasiyalıların, bəlkə, yüz ildir, ayaq qoymadıqları ucsuz-bucaqsız səhralara, çöllüklərə səyahət etsin. Əvvəlki qaydada sonuncu şəhərin canına düşüb lazım olan şeyləri hazır etdi. Yararsız şeyləri atıb, yeniləri ilə əvəzlədi. Gecə özü üçün yaxşı bir ziyafət təşkil edib, sərxoş oldu. Səhər dan yeri qızaranda içkinin verdiyi yanğı ilə yuxudan qalxdı. Yaraqlanıb-yasaqlanıb hava aydınlaşanda maşının mühərriyini işə saldı. Nos bilmirdi, amma bu mühərrik uğultusu federasiyanın eşitdiyi sonuncu səs oldu.

Günlər həftələri, həftələr ayları, aylar isə illəri əvəz etdi. Nos yol boyu bir neçə dəfə avtomobilini dəyişdirib, qida və geyim ehtiyatlarını yenilədi. Yenilənməyən tək şey isə bir pul, bir də silah ehtiyatı idi. Öz şəhərindən çıxanda necə götürmüşdüsə, eləcə də qalırdı. Altı ildən çox idi ki, Nos ucsuz-bucaqsız çöllərdə, qorxulu aşırımlarda, dolanbac dağ yollarında sərgərdan qalmışdı. Bu müddət ərzində hətta yabanilərin də torpaqlarını keçib, federasiyalıların o vaxtı “köhnə dünya” dedikləri yerlərə gəlib çıxmışdı. XXI əsrdən qalma şəhərlər, köhnə qəsəbələr, kəndlər bir-birini əvəz edirdi. Ancaq burada da müharibə hər şeyi dağıtmış və nəhəng xarabazara çevirmişdi.

Bu illər ərzində Nos bir neçə dəfə təkəm-seyrək ağaclıqlara rast gəldi. Ancaq nə bir dovşan gördü, nə bir tülkü. Cəmi bircə dəfə, yabani torpaqlarını tərk edib “köhnə dünya”ya keçəndə qurumuş bir ağacın koğuşundan yumruq boyda bir sərçənin uçduğunu görmüş, maşını o saat saxlayıb, quşun dalınca qaçaraq ona yalvarmağa başlamışdı. Nosa elə gəlirdi ki, bu qədər zamandan sonra, nəinki insanın, ümumiyətlə, bir dənə canlının belə tapılmadığı vaxtda bu boz sərçəyə rast gəlmək yaxşılığa doğru bir işarədir – bu nəsə müjdəli xəbər vəd edir. Ancaq nə qədər qaçsa da, sərçəyə çata bilməmiş, quş uçub gözdən itmişdi. Bu bap-balaca, qabaqkı vaxtlarda əhəmiyət vermədiyi cupbulu quşcığaz Nos üçün yeni ümid qaynağı oldu:

— Axır ki bir canlı tapdım! – O, həyəcanla dedi.

Nos tənha qalsa da, dəli olmamışdı, O inanırdı ki, əgər bu dəhşətli səssizliyin və tənhalığın içərisində Onun özündən başqa bircə dənə də olsun, canlı varlıq varsa, deməli, həyat davam edir və haradasa, bəlkə də, uzaqlarda o canlıların öz kolonizasiyası olmalıdır. Yəqin ki, həmin kolonizasiyada insanlar da yaşayır. İndi məqsəd bu tezisin ardınca gedib, özünü həmin insan qrupuna çatdırmaq olmalıdır. Ümidlərinin qapı arasında qaldığı bir vaxtda bu kiçik canlının qanadlarını, O, sevinclə dərib öz arzularına taxdı. Nos öz kəşfindən ötrü fərəhlənir və belə hesab edirdi ki, bu kəşif bütün bəşər tarixindəki ən vacib nailiyətdir – Yerin orbitinə kosmik liftin açılmasından da, insanın Marsa ayaq basmasından da...

Ancaq çox keçmədi ki, Onun içindəki bu ümid də öləziyib planetin səssizliyinə qarışdı. Nos qəbul etmək istəməsə də, get-gedə görürdü ki, dünya tamamilə kimsəsiz qalıb: çaylarda balıq, meşələrdə heyvan, şəhərlərdə insan tapılmırdı. Əvvəl küçə-küçə, sonra şəhər-şəhər, sonra ölkə-ölkə, sonra da qitə-qitə gəzib səyahətini başa vurandan sonra Nos uca bir dağın başına dırmanıb oradan üfüq xətti boyunca uzanan düzəngahlara, şəhərlərə və okeana baxıb astadan pıçıldadı:

—Sən sonuncu insansan, Nos!

O, bu cümləni pıçıltı ilə desə də, cümlədəki fikir bütün dünyada əks-səda verdi. Ona elə gəldi ki, hər yana Nosun sonuncu insan olması barədə xəbər yayıldı. Əslində, xəbərin filanın yayıldığı yox idi – Nos bilirdi ki, Onun sonuncu insan olduğunu, onsuz da, özündən başqa heç kim bilə bilməz, elə ona görə ki, O, sonuncu insandır.

Sonuncu insan olduğunu bildiyində Nos elə bir hiss keçirdi ki, həmin hissi milyon illər yaşı olan bəşər övladının heç bir nəfəri hələ keçirməmişdi. Dünyadan nə qədər əliqanlı krallar, kinli sultanlar, əzazil şahlar, hiyləgər şamanlar, şarlatan peyğəmbərlər, böyük sərkərdələr, nəhəng filosoflar, dahi alimlər, müdhiş bəstəkarlar gəlib-getmişdi – ancaq onlardan heç biri Nosun hiss etdiyi şeyləri hiss edə bilməmiş, Onun keçirdiyi hisləri yaşaya bilməmişdi. Başları özlərini öyməyə, yaxud da başqalarını sorğulamağa elə qarışmışdı ki, bu haqda heç, bir saniyə də dayanıb düşünməmişdilər. Nos indiyə qədər heç bir bəşər övladının yüksələ bilmədiyi bir zirvəyə – tənhalıq zirvəsinə yüksəlmiş, sonuncu insan olmuş və sonuncu insan olmağın fəziləti ilə bərabər, onun ağrısını da, acısını da, dəhşətini də dadmışdı. İndiyə qədər heç bir canlının, heç bir insanın dadmadığı bu müstəsna duyğu, əlahiddə yalnızlıq hissi bəşər tarixinin ən qatı və ən təzadlı qüdrəti kimi Nosun çiyinləri üzərinə çökmüşdü. Heç yüz ilin tənhalığında da bu cür tənhalıq olmamışdı. Bəşərin tarixi təcrübəsi DNT ilə Nosa sürü halında yaşamağı – cəmiyət bireyi olmaq hissini, çoxluğun parçası olmaq instinktini ötürə bilmişdi. Onun cəmiyətlə, insanlarla yaşamaq təcrübəsi, elə ya belə var idi. Ancaq tarixin heç bir mərhələsində Onun ulularının elə bir təcrübəsi yox idi ki, orada insan tək, yalnız və kimsəsiz yaşamış olsun. Nos öz homo sapiens şüuraltısının dərinliklərində “sonuncu insan” motivi ilə bağlı heç bir arxetip, heç bir “fayl” tapa bilmədiyinə görə təhtəlşüuru, san ki, error verir, naməlum proqramla üzləşmiş sistem kimi ard-arda “yenidənbaşlama” tələb edirdi. Amma bu “yenidənbaşlama”lar Nosun vəziyətini nə o yana, nə də bu yana dəyişə bilirdi. Nos üç gün, üç gecə dağın başından enmədi. Sonuncu olmağın gətirdiyi iki zidd hiss Onun beynini üst-üstə iki əməliyat sistemi yazılmış bilgisayar kimi absurd bir vəziyətə salmışdı. Bir tərəfdən, sonuncu olmağın verdiyi qüdrət – təkcə öz şəhərinə və öz federasiyasına deyil – bütün ölkələrə, bütün dünyaya təkbaşına və şəriksiz ağalıq, hüdudsuz sərvətlər, hər şeyin sahibi olmaq, sahib olduqlarını kiminləsə paylaşmama azadlığı, Yer üzünün müstəsnasız hakimi-mütləqi olmaq tünd bir şərab kimi Nosu ağıldan alır, özü öz əzəməti qarşısında, bənzərsiz hökmranlığı qabağında heyrətdən dəlilik həddinə çatır, bir tərəfdən də, sonuncu olmağın yaratdığı qorxu Onu görünməmiş təşvişə salır və sonunculuğun, əslində, elə son olduğunu çox aydın şəkildə Nosun gözünə soxurdu. Sonuncu olmağın dəhşətinin bənzərsizliyi elə onda idi ki, bütün qüdrət və ixtiyar sənin əlində cəmləşmiş ikən, əslində, bu hökmranlığın və şəriksiz səltənətin bir pox qədər dəyəri, bir zibil qədər mənası olmadığını anlayırsan. Bütün dünya sənin əlindədir, amma itaətə alacağın bircə nəfər də, heç bircə heyvan da yoxdur! Hər şeyin sahibi olduğun halda əslində heç nəyin sahibi deyilsən – bax əsil fəlakət budur! Sonuncu insan olmaq elə o deməkdir ki, təbiyət verdiyi hər şeyi insandan geri alıb. Artıq Onun təkbaşına səltənəti heç kimin qozuna da deyil! Çünki ortada “kimsə” sayıla biləcək heç kim qalmamışdır...

Nos lap yaxşı başa düşürdü ki, Yer üzündə Ondan başqa heç kimsə qalmayıbsa, deməli, əslində zaman bitmişdir:

— Sonuncu insan həm də zamanın sonu deməkdir. Sonuncu insan gələcəyin gəlməyəcəyi deməkdir. Gələcək – insan özünü nüsxələyib yeni nəsillər, yeni varislər yaradanda meydana çıxır. Nüsxələyə biləcəyin heç kim yoxdursa, səndən sonra sənin sahib olduqlarına sahib çıxacaq bir adam mövcud deyilsə, “sənin irsin” deyə bir şey də ola bilməz. İrs varisin mövcudluğu ilə şərtlənir. Eləysə, bu sahib olduqların heç biri, əslində, sənin deyil, Nos! Sən özünü hər şeyə sahib imiş kimi görsən də, əslində, elə özün bu şeylərin bir parçasısan və onlardan səni fərqləndirən tək şey – varisinin ortadan qalxmağı artıq səni də onlarla eyniləşdirib. İndi sən təbiyətin ağası yox, onun dıqqılı bir parçasısan, Nos! – sonuncu insan dağ başında keçirdiyi ilk gecədə özünə bu cür pıçıldamışdı.

Beləcə, Nos bütün planetdə tək-tənha olduğunu başa düşəndə Onun qəlbinə dəhşətli bir qorxu doldu: yaşamağın heç bir mənası yoxdur! Axı nə üçün yaşasın Nos? Onsuz da, bilir ki, Yer üzündə özündən başqa bir insan övladı yoxdur. Nə mübarizə aparası, nə müttəfiq olası, nə dost olası, nə düşmən olası heç kimsə yoxdursa, öyrənəcək və öyrədəcək bir adam yoxdursa, kömək edəcək və köməyini alacaq bir insan yoxdursa, yaşamağın hansı mənası ola bilər axı? Bəşəriyət Onu tərk edib. İndi, O, növünün tək örnəyidir. Qırmızı kitaba ən başda Nosun adını yazmaq lazımdır. O, öz-özünə nə çoxala bilər, nə də yeni insan yarada bilər:

—Ah! Heç olmasa, heç olmasa, bircə qadın olsaydı! Mən
Onunla bəşərin tarixini yenidən başladardım. Yeni insanlar, yeni nəsillər doğub törədərdik. Kim bilir, bəlkə, Adəmlə Həvvanın da macərası elə bu cür başlamışdı?

Ancaq heç bir qadın tapılmamışdı. Bəşərin yenidən dirçəlməsinin son ümid yeri Nosun testesteronları idi. Ancaq son insan mayası tənha Nosun qıl basmış xayalarında israf olub bəşəriyəti tarixin arxivinə göndərmək üzrədir. Milyon illərlə təkamül keçirmiş, canlıların yeganə ali şüurlusuna çevrilmiş, minlərlə müharibələr törətmiş, milyardlarla həmnövünün qanını axıtmış, əzəmətli tarix yazmış, şanlı zəfərlər qazanmış, ağır məğlubiyətlər yaşamış, mədəniyəti meydana gətirmiş, rəsim çəkmiş, musiqi bəstələmiş, şeyir yazmış, texnologiya icad etmiş, kosmosa çıxmış, ən əsası isə gülməyi və yalan danışmağı icad etmiş bəşəriyət indi acizanə bir şəkildə təsadüfi, avaragor bir adamın qadınsız qalan daşşaqlarında məf olub gedirdi. Gör bir təbiyət ona olmazın işgəncələr verib, bütün övladlarını öldürən insandan necə amansız, necə soyuqqanlı və necə sadə bir qisas aldı! Bircə qadın, lap belə üzü ancaq çağrı mərkəzində operator olmağa yarayan bircə qadın tapılsaydı, Nos, bütün insanlıq tarixi boyunca ad qazanmış hər kəsin toplam şöhrətindən daha çox nam salar, daha hörmətlə anılar, bəşəriyətin həqiqi Adəmi sayılardı.

Bu düşüncələr Nosun ürəyini sıxdı. Düşündükcə dəhşətə gəldi. Vəziyətin nə qədər absurd, nə qədər ağlasığmaz olması Onun qəlbini ilk insanın ildırım qarşısında keçirdiyi hiss kimi əzdi. Faktiki olaraq, daha gələcək Nosun özündən o yana yox idi. Nos gələcəyin finişi idi. Nos axır zaman idi. Nos elə qiyamətin özü idi. Bəşəriyət üçün sonuncu insandan daha dəhşətli nə ola bilərdi ki?..

...Yaşamağın absurdluğu Nosu altına salıb vəhşicəsinə zorladı. Böyük imarətdə tək qalmış balaca uşaq kimi qorxdu sonuncu insan və Nos özünü öldürmək istədi:

— Rast ki, daha mənim irqimdən heç kim yoxdur, rast ki mən bu boyda planetdə yapa-yalnız qalmışam, eləysə bu komediyanı daha bitirmək lazımdır!

Sıldırımın lap ucuna çatanda Nosun gözləri qaraldı, başı gicəlləndi. Səntirlədi. Ayağı sürüşüb yıxıldı. On metrlərcə aşağıdakı lüt qayalıqlar ağzını açıb Onu udmaq istədi. İntihar etmək üçün özünü atmağa hazırlaşan adam təsadüfi bir büdrəmədə qeyri-ixtiyari yıxılıb öləcək ikən ölüm Onu dəhşətə gətirdi. Həyat instinkti Nosu vadar etdi ki, ixtiyarsız olaraq sıldırımın kənarlarından yapışıb özünü saxlasın və xilas olsun. Ölməyə gələn adam yenidən həyatın dadına baxıb yaşamağa təslim oldu.

Sonralar O, özünə haqq qazandırmaq üçün yaxşı bir dəlil də tapmışdı:

—Əgər bu boyda planetdə, yüz milyardlarca canlıdan, milyardlarla insandan geriyə bir tək mən qalmışamsa, deməli, seçilmişəm! Hər kəs müəmmalı bir yoxluğa çəkilmiş ikən mən hələ də torpağa ayaq basa, havanı ciyərlərimə sovura bilirəmsə, deməli, təbiyətin mənim yaşamağım barədə hökmü qətidir. Ölməyim lazım olsa, mən də milyardlarla başqa insan kimi bir göz qırpımında izsiz-tozsuz yoxa çıxardım. Təbiyət məni sağ buraxıbsa, mən, heç olmasa, öz insanlığıma xatir bəşərin tarixini konspektləşdirib onu möhkəm bir yerdə qorumalıyam. Kim bilir, bizdən sonra da bəlkə, yeni həyat, yeni sivilizasiya formalaşdı, bəlkə də, başqa Günəş sistemlərindən başqa canlılar sahibsiz planetimizə pənah gətirdi. Qoy belə olan halda onlar bizimlə bağlı nəsə tapsınlar. Bu boyda mədəniyətin birdən-birə hara yoxa çıxması barədə və indiyə qədər qazandıqlarımız barədə onlara bir sənəd qoyub gedim.

Bununla da, Nos özünə yeni bir məşğuliyət tapmış oldu. Köhnə dünyanın ən yaxın şəhərlərindən birinə gedib xarabalıqlar içərisində qismən salamat qalmış bir kitabxana tapdı. Günlərcə, həftələrcə və aylarca kitabxandakı kitabları gözdən keçirib, toz basmış rəflər arasında əyləşərək “Bəşərin Müxtəsər Tarixi” adlı beş cildlik bir əsər yazdı. Sonuncu nöqtədən qabaq isə belə bir cümlə qeyd edərək əsəri bitirdi:

— Əgər bu kitabı tapıb oxuya bildinizsə, elə yaşayın ki, siz də bu cür kitab yazmalı olmayasınız.

Köhnə şəhərdən ayrılıb Tənhalıq dağına qayıtmağa hazırlaşdı. Bir gündən sonra yolu yarılayıb avtomobili şam etmək üçün saxladı. Yolun kənarında süfrə açıb, yük yerindən qurumuş çörək, konserva və bir butulka da su götürdü. Elə təzəcə oturmuşdu ki, axşamın ala-qaranlığında bir qaraltı gözlərini boyadı. Nos döyükdü. Elə bildi ki, qarabasma görür. Gözlərini bərk-bərk ovuşdurdu, yumub açdı. Ancaq gözlərini açanda qaraltı Ona daha da yaxınlaşıb böyümüşdü: bu, bir canavar idi! Nos heyrətdən qışqırdı:

— Ola bilməz! Ola bilməz! Ey uzaq ulduzlar! Mən burada illərdən sonra ikinci bir canlı görürəm! Nə böyük bir səadət!

Elə bunu demişdi ki, uzun müddətdir ki, ac qalmış olduğu hiss edilən, arıqdan arıq, xəstə görünüşlü canavar da son gücünü toplayıb öz səadətinin – Nosun üstünə atıldı. Nos sevinməyə macal tapmamış yırtıcı dostu dişlərini az qala Onun lap ətli boynuna keçirəcəkdi. Bircə saniyə cəld tərpənməsə, Nosun kəlləsi artıq canavarın ağzında idi. Həyat instinkti və ölüm qorxusu Nosun şüurunu aydınlaşdırdı. O, başa düşdü ki, ikinci canlının nə demək olduğu canavarın daşşağına da deyil. Ona sadəcə ət lazımdır. Nos təpiklə canavarı vuraraq cəld belindəki tapançanı çıxartıb qurdun ayaqları altına atəş etdi. Canavar atəş səsindən hürküb ani olaraq dayandı. O bilmirdi ki, tapança və atəş açmaq nə deməkdir. Ancaq hiss edirdi ki, bu diri ət parçasının hərəkətlərində nəsə qorxulu bir şey var: əgər bayaqdan əl-qol atan bu piyli ət torbası indi inamlı şəkildə əlindəki bir dəmir parçası ilə ona meydan oxuyursa, deməli, ehtiyatlı olmaq lazımdır. Ancaq canavarın heyvani şüuru bundan artığını aydınlaşdırmadı onun üçün. Qurd yenidən irəli atılıb Nosun üstünə cumdu. Nos təkrar atəş açdı. Canavar sağ pəncəsindən yaralanıb uladı. Tənhalığın içində, bu, Nosun eşitdiyi ən dəhşətli səs idi. Qorxudan və dəhşətdən gözləri bərələ qalmış Nos üçüncü dəfə atəş açmaq istəsə də, tənhalığı sonuncu qarşılaşdığı canlını öldürməyə imkan vermədi. Qurdu təbiyətin hökmünə buraxaraq, tez maşına atlayıb mühərriyi işə saldı. Az sonra Nos kilometrlərcə uzaqlarda idi.

Hava tamam qaralanda O, gecələmək üçün maşını kənara çəkib saxladı. Amma gün çıxana qədər gözünə yuxu getmədi. O, bəlkə də, qos-qoca planetdəki ikinci bir canlını yaralayaraq döyüş meydanında yoldaşını qoyub qaçan qorxaqlar kimi qaçmışdı. Bəlkə də, sonuncu insanın sevgisi o bədbəxt qurdu sağalta bilərdi. Ona lazım olan sadəcə ət idi. Əgər Nos tamamilə Ona qalmış bu dünyada bir azca səxavət göstərib öz konservalarını qurdla bölüşsə, o da Nosu ət torbası kimi görmək fikrindən əl çəkib Yer üzünün tək sahibini parçalamaq eşqinə düşməzdi. Günəşin tutqun buludlar arasından ilk şəfəqləri görünəndə Nos mühərriyi işə salıb geri döndü.

Gəlib çatanda Nosun gözləri kəlləsinə çıxdı: canavar ağız-burnu qanlı halda, pəncələri qan içində tənbəl-tənbəl uzanıb mürgü vururdu, pəncələrinin də arasında parçalanmış gənc bir qadın cəsədi.

Qurd nə tərpənir, nə də durub hücum etmək istəyirdi. Günlərlə, bəlkə də, həftələrlə sürən aclıqdan sonra yaralı halında təbiyətin ona verdiyi bu ənam canavarın qarnını doyuzdurmaqla yanaşı, qurdu başqa ova qarşı, hətta düşmənə – özünün ölüm təhlükəsinə qarşı da laqeyidləşdirmiş, belə demək mümkünsə, hətta kütləşdirmişdi. Nos dəhşətdən sarsılmış, bir tərəfdən canavarı sağ buraxdığına hiddətlənmiş, digər tərəfdən isə illərcə axtardığı ümidini qanlar içində, axmaq bir canavarın pəncələri arasında ölü vəziyətdə tapdığına görə görünməmiş dəhşətə düşmüşdü:

—Mərhəmət öldürür! – Nos başını əlləri arasına alıb, saçlarını yola-yola bəşəriyətin öz yoxluğu bahasına eşitmək istəmədiyi böyük bir həqiqəti ucadan qışqırdı.

Canavar isə yaralı pəncəsini yalaya-yalaya başını qaldırıb Onu laqeyidliklə süzərək cəsədin qabırğasından bir tikə də qoparıb həftələrdir qan dəyməyən iti dişləri arasında gəvələdi. Nos eyforiyalı vəziyətdə ani olaraq kabinəyə keçib, içəridən bircə dəfə də atmadığı vinçester tüfəngini götürdü. Köhnə zamanların vestern filmlərindəki kovboylar kimi cəld bir hərəkətlə tüfəngi şaqqıldadıb qurdun düz alnının ortasından nişan alaraq –

— Qurdnan qiyamətə qalmışam, demək, elə mi?! Al bu da sənin qiyamətin, oğraşın malı! – deyib atəş açdı.

Yaralı canavar o saniyə tir-tap yumbalanıb arxadakı kolluğa düşdü. Nosun qəzəbi isə yeri-göyü titrədirdi. O ard-arda patronu lülə qutusuna ötürüb tüfəngi şaqqıldatdı. Vinçesterdən çıxan bu dəhşətli şaqqıltıları nə Vaterlonun top atışlarında, nə də Stalinqrad döyüşlərinin bombardmanlarında eşidilməmişdi. Canavarın çoxdan canı çıxan cəsədi ətrafında beş giliz düşüb qalmışdı. Nos canavara yetişib, hərbi çəkməli ayaqlarıyla qurdun leşini təpiklədi. Axırda yorulub əldən düşdü. Qadının didilib-dağılmış cəsədinə tərəf gəldi. Onun başını dizləri üstünə alıb tanınmaz hala düşmüş yırtıq üzündən hönkürə-hönkürə öpdü. Nalə qopardı. Bu fəğan bəşəriyətin ən məşum hönkürtüsü idi, ancaq bəşəriyyət bunu bilmirdi.

Nos dəqiqələrcə dayanmadan ağladı, Onun da üz-gözü parçalanmış qadının qanına boyandı. Nosun əlləri insan tapılmadığı bir vaxtda insan qanına batmışdı. O, özünü xatirəsini əziz tutduğu bəşəriyət qarşısında günahkar bilir və insanlığın ikinci bir şans götürüb yenidən canlanmasına axmaq bir səflə əngəl olduğu üçün özünü bağışaya bilmirdi. O, tapa biləcəyi ən dəyərli şeyi itirmişdi: ikinci insanı.

Birdən Nos sakitləşdi. Səsini tamam kəsib dayandı. Diqqətlə qadının meyidinə baxdı. Sonra qəfil atəş açılmış top kimi guruldayıb gülməyə başladı. Qəh-qəhəsi uzaq dağlarda, uzaq qitələrdə əkis-səda verdi. O qədər güldü ki, qarnı lap ağrıdı. Gülə-gülə tüfəngini götürüb, qatarındakı sonuncu patronu silahın xəzinəsinə qoydu. Tüfəngi şaqqıldadıb çənəsinin altına tutdu. Atəş açıldı. İllərdir, sonuncu insan olduğuna inanan insan al qanlar içində canavarın parçaladığı qadının cəsədi üstünə düşüb qaldı. Tüfəngin axırıncı səsi eşidilən kimi arxadakı təpənin üstündə təlaşlı və gecikmiş bir kölgə göründü: Nosun və bəşərin sonuncu şansı.

Ruğu Rügzö
MANERA.AZ


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031