Şəbnəmin oxuduğu son şeir - Tural Sahab yazır... | MANERA.AZ
Tural Sahab
(hekayə)
Hüznlü addımlarla yaxınlaşdı qayalıqlara və qaça- qaça gəldi ölümə. Bir az sonra bu qayalardan özünü dənizə atacaq, balıqları sevindirəcəkdi. Dənizi çox sevirdi, qargüllərinin mart ayını sevdiyi qədər. Onun üçün sonuncu yolculuğa da dənizdən çıxmaq istəyirdi. İndi özünü boşluğa buraxacaq, bir an da olsa qağayılarla bu qayalıqda, bu dənizin qucağında qanad çalacaqdı. Sonra aşağıya düşəcək və yeni bir başlanğıca- ölüm adlı ümmana qovuşacaqdı. Külək dinmədən əsirdi. Bəli, sadəcə əsirdi. Romantik şairlərin dediyini kimi “ canavar tək ulamırdı” sadəcə əsirdi, bir külək necə əsməlidisə, elə də əsirdi. Qayalıqda sadəcə qurumuş otlar yoxdu, fəsillərdən də payız deyildi. Bahardı- ətrafda cürbəcür güllər, göy üzündə şeir kimi mavi sonsuzluq. Aşağıda da özünü qayalara vuran, sevən bir qızın ürəyi kimi titrəyən dəniz. Sonuncu dəfə göy üzünə baxdı, günəş gözlərini qamaşdırdığı üçün həmişəki kimi sağ gözünü qıyaraq baxdı günəşə. Torpağa can versə də onu isindirə bimədi bu dəfə, üşüdüyünü hiss elədi. Gözünü yumub qağayıların dənizə qarışan səsini içinə çəkdi və özünü boşluğa buraxdı. Bir neçə saniyədən sonra aşağıdakı sal daşların üzərində hərəkətsiz uzanmışdı. Yalnız gözlərini hərəkət etdirə bilir, bir də düşüncələri getdikcə dumana qərq olurdu. Bir az sonra günəş batdı, beynindəki bütün düşüncələri silindi. Hər şeyi yazmaq, danışmaq olar, bircə ölümdən savayı. Ölümü, yoxluğu kimsə anlata bilməz. Ölüm yoxluq deyil əslində, ancaq bu başqa hekayənin sözləridi. Şəbnəmin hekayəsi isə burada bitdi.
***
Hər kəs 18 yaşlı bir qızın intiharından danışır bu gün. Tv kanalları xəbərlərdə, sadə insanlar isə sosial şəbəkələrdə yazdıqları statusları ilə bu məsələdən danışırdılar. Bir neçə gündən sonra unudlacaqdı, ancaq bu günlərdə gündəm bu idi və hər kəs bundan yazmalı, danışmalı idi. Günahkar kimdi?! Çoxalan intiharlar, boşanan ailələr, ailə daxilində baş verən zorakılıq və qətillər görəsən nədən xəbər verirdi. Bu suala cavab tapmaq üçün tvlər müğənniləri ekspert kimi öz verlişlərinə dəvət elədilər, onlar da əllərindən gəldiyi qədər bu problemin həllindən danışdılar. Di gəl ki, onlar nə qədər danışsalar da cəmiyyət getdiyi uçurumdan geri dönmək bilmirdi.
Bir neçə gün öncə oxuduğu fakültədə söhbət Mir Cəlalın “ Bahar”ından düşmüşdü. Müəllim belə bir sualla müraciət etdi tələbələrə “ Sizcə, Bahar indi yaşasaydı, bizim şəhərdə yəni... və o soyuq qış gecəsi çöldə qalsaydı ona yardım edən olardımı?” Şəbnəmdən başqa hamının cavabı “ bəli” oldu, bir tək o, “yox, dedi- yox insanlar yenə onun soyuqdan donmasını sadəcə izlərdilər” O, haqlı olduğunu öz ölümü ilə isbat elədi. Kimsə onu anlamadı, anlamağa cəh eləmədi. Nə yaşarkən, nə də ölümündən sonra.... İnsan özünü niyə öldürsün ki, 18 yaşlı bir qız xəyalları varkən, ölümü niyə, nə üçün seçsin? Bu sualı heç kimi düşünmədi, bəlkə də düşünmək istəmədi. İnancı olan hər kəs özünü öldürdüyü üçün onun cəhənnəmə gedəcəyini düşünürdü. Sanki özlərinin “ cənnət bletlər”i hazırmış kimi. Nə qədər maraqlıyıq, başqalarını mühakimə etməyə, günahlandırmağa. Şəbnəm hara gedəcək, bu Allahın işi idi, ancaq onun intihar etməsində günahkar kimdi?- onlar özlərini yaxşı bilirlər.
Dəfn mərasimi də həyatı kimi solqun keçdi. Bir tək anası ağladı onu doyunca, bir tək anası yandı. Atası sadəcə papağını düşünürdü. Axı deyəcəkdilər ki, bu qız yəqin ki, hamilə olub, kimsə onu aldadıb atıb.O, da özünü öldürməyə məcbur olub. İndi o, insanlar içinə necə çıxacaqdı. Bəli, nə qədər acı olsa da ata övladının ölümünü, onu itirdiyini yox, bax bunları düşünürdü. Dəfndə iştirak edənlərdə istədiklərdindən yox, söz toplamaq üçün gələnlərdi. Hələ birdə ataya gic- gic suallar verən jurnalistlər vardı. Qızının dəfn mərasimində bir ataya “ qızınız nə üçün intihar etdi?”sualını vermək üçün gərək insanlığını unudasan. Ancaq onları insanlıq yox, xəbərlərini daha çox insana oxutmaq düşündürürdü.
***
Oxuduğu qrupun deyil, hətta fakültənin, universitetin ən gözəl qızı deyildi, ancaq özünə məxsus bir gözəlliyi vardı. Gözlərinə baxıb da onu istəməmək, arzulamamaq imkansızdı.Bu gözəlliyi qorumaq çox çətindi, həm də lap çox. Kişilər gözəl bir qız, qadın görəndə sadəcə onunla yatmaq, ondan istifadə etmək haqqında düşünür, kimsə o qadının gələcəyi haqqınnda düşünməzdi. Bir dəfə yoldaşları ilə danışanda bu hala çox pis olmuşdu. “ Hər kəs deyir gəl öpüm, oxşayım sonra xoşuma gəlsə evlənərik. Bircə adam da demir ki, ay Şəbnəm namuslu olduğun üçün səninlə evlənmək istəyirəm” deyə- deyə ağlayırdı. Bu zamanda gözəl qız olmaq çətindi, ancaq namuslu olmaq ondan da çətindi. Cəmiyyətin bütün dəyərləri çökmüşdü- daha doğrusu çökdürülmüşdü. Bir qadın əldə olunursa quş, olunmursa əxlaqsız damqası ilə qaralanırdı. Qeyrətdən namusdan danışanlar gündə bir gəlinlə, qızla gəzməsələr yata bilmirdilər. Kişilik əclaflıqla yer dəyişdirmişdi...
Nə zamandı ona mühazirə deyən müəllimlərindən biri onu pis- pis süzür, baxışları ilə taciz edirdi. O müəllimdən bütün qız tələbələr qaçır, onunla danışmaq istəmirdilər. Çünki qarşısındakı qızın gözlərinə baxmaq əvəzinə bütün bədənini süzür, söhbət əsnasında onu çay içməyə dəvət edirdi. Ancaq Şəbnəmlə olan münasibətlərində bir az da irəli getməkdə qərarlı idi deyəsən. Digər qızları gözləri ilə taciz edirdisə, Şəbnəmə toxunmaq, sahib olmaq istəyirdi. Fakültədə hörmət sahibi idi. İndi gedib onu şikayət eləsə kimsə ona inanmayacaqdı. Çox çarəsizdi, ürəyini açıb deyəcəyi kimsə yoxdu. Ali məktəblər elm- irfan yuvası olsa da belə hallar çox tez- tez baş verirdi. Hətta yaddaşlarda bu işlərlə qalan xeyli dekan, müəllim olmuşdur. Bu hal əslində yüngül xasiyyətli bəzi qızların işinə yarayırdı. Onsuz da o yuvanın quşu idilər. İmtahanlardan oxumadan və pul xərcləmədən niyə keçməyəydilər ki?! Ancaq namuslu bir qız üçün atası yaşda bir kişinin ona ilişməsi, pis gözlə baxmağı ölümə bərabər idi. Dəfələrlə çaya dəvət edildi, rədd etdi. Onun üzündən sosial şəbəkələri tərk etməli oldu. İndi açıq aşkar onu əldə edəcəyini söyləyirdi.
Qarşıdan gələn imtahanlar necə olacaqdı. Ilk imtahan onun dərsindəndi. Bu əclaf onu kəsməyə çalışacaqdı bir bəhanə ilə. Hava yaman buludlu idi bu günlərdə onun üçün dualarə göy üzünə qalxa bilmir, göz yaşlarında boğulurdu. Günlərdən birində kafedraya çağrıldı, gedəndə onu otaqda tək görüb geri çıxmaq istədi, ancaq daha gecdi. Qapını kilidləyib, onun qaçmasına izn vermədi. Yavaşca ona yaxınlaşdı, belindən tutub nazik dodaqlarını siqaret çəkməkdən ayaqyolunu xatırladan ağzına apardı. Bir göyərçinə tamah salıb, onu ovlayan bəzi yekəpər heyvanlara bənzəyirdi. Şəbnəm onun qollarında bax elə göyərçin kimi çırpınırdı, ancaq ovçu rəhm eləmək bilmir, kirli əlləri ilə onun təmiz bədəninə toxunurdu, lakin birdən göy üzündəki buludlar dağıldı, duaları göy üzündən Tanrıya ulaşdı. Qapı döyüldü, müəllimlərdən kimsə otağa girmək istıyirdi. Çarəsizcə qızı buraxıb, qapını açdı. Göyərçin ovçunun əlindən xilas olmuşdu olmasına, ancaq qanadları əzilmiş, ürəyinə qorxu düşmüşdü.
Daha əvvəlki kimi göy üzünə qalxıb, uça bilməyəcəkdi. Qorxu içində çölə qaçdı. İndi neynəyəcəkdi bilmirdi. Bir daha bura qayıda bilməzdi. Onunla təkrar qarşılşsa buna dayana bilməzdi. Əəsbləri alt- üst olmuş özünə nifrət edirdi. Günahkar o, deuyildi, ancaq kirlənən o idi. Yekəpərin biri onu kirləti, ümidləri- xəyalları ilə oynadı.
Görəsən ailəsinə desə nə baş verərdi. “ Daha burada oxumaq istəmirəm” desəydi- necə qarşılayacaqdılar. Axı səbəbini soruşanda nə deyəcəkdi. Onlanları danışa ona inanmayacaq, onu günahkar bilən atası bəlkə də başını kəsəcəkdi. Çox qorxurdu. Rəngi ağappaq olmuşdu. Bir təhər evlərinə qədər gəlməyi bacardı. Qapının zəngini çalıb, yerə yıxıldı. Qapını açan anası ağlayıb, fəryad edə- edə onu evə apardı. Uzun müddət xəstə yatdı. Yekəpərin xəyalı gözlərindən silinmir, inanılmaz bir acı çəkirdi. Anası nə qədər and- aman eləsə də ağzından təl kəlmə ala bilmədi. Hər gecə kabuslarla yatıb, qalxır, hər gün özünə bir az daha nifrət edirdi. Onu anlayacaq, dərdlərini paylaşacağı heç kimi yoxdu. Atası ilə aralarındakı sərhəd o qədər dərindi ki, onu qucaqlasa, öpsə yəqin atası vurardı onu. Yazıq ana isə... onsuz yetərincə dərdi vardı. Onu üzmək istəmirdi. Bir müddət sonra ruhu olmasa da, bədəni sağlığına qovuşmuşdu. Yəni, universitete getmək lazımdı, ancaq o, getmək istəmirdi. Bunu evdə deyəndə qiyamət qopdu. Atası ağzına gələni söylədi, anası ağlayıb yalvardı. Atasının sözləri bir yana da, anasının göz yaşlarına dayana bilmədi. İstəksiz şəkildə ailəsi ilə razılaşdı. Bütün kitablar yalan danışırdı ona görə, bütün sözlər riyakar, ikiüzlü idi. Bir çox insan ali məktəb bitirənlərə həsədlə baxır, onları çox böyük insanlar zənn edirdilər, ancaq həqiqətənmi bu beləydi? İki ildə gördüklərindən, eşitdiklərindən sonra belə olmadığı fikrinə gəlmişdi. Tarix boyu ali məktəblərdən qovulan onlarca adam vardı ki, öz adlarını qızıl hərflərlə yazmışdılar. Elə oxuduğu yerdə, tarix fakültəsindən bir tələbə qovuldu. Hansı ki, o, nəinki digər tələbələrdən, hətta oradakı müəllimlərdən belə savadlıydı. Bunu bir müddət sonra oxunması çətin olan dillərin birini oxumaqla isbat etdi. Kitablar adam olmaq üçün kifayət etmirdi.
Kitab insana zəka verir, ağıl deyil. Ağıl yaxşı insalara məxsus bir şeydi, zəka isə şeytan da daxil olmaqla qaranlıq dünyanın sakinlərinə... Təbrizli Şəms onun üçün Ruminin kitablarını suya atdı, Türkmən bilgə Yunus onun üçün kitablarını gölə atdı...
Fakültənin pilləkənlərini ağır- ağır qalxarkən onunla rastlaşdı. Ürəyinin bulanıb, başının hərləndiyini hiss elədi. Daha irəli gedə billməyərək, qaça- qaça binadan çıxıb metroya tərəf yollandı. Metro hərəkət etdikcə qaranlıq divarlarda bu qısa ömrünü görür, sanki öz həyat filmini izləyirdi. Nəhayət “Sahil” də düşüb, dəniz kənarına doğru addımlağa başladı. Hər tərəf betonlarla örtülmüşdü. Baharı hiss eləmək üçün mamırlı qaya, torpaq qoxuyan güllər gəzdi, ancaq tapa bilmədi. Qağayılar necə də gözəl uçurdu. Onlar xəzərin neftli sularına aşiq olan varlıqlardı. Bir an gözlərini yumdu, xəyalında qağayılardan biri onu qanadlarında betonların olmadığı qayalıqlara apardı. İlhahi, necə gözəldi hər tərəf. Yaşıl otların içində nəğmə oxuyan güllər, göy üzü... Yavaşca qayalıqlara yaxınlaşdı...
Özünü dənizə atandan sonra oğlanlardan bir neçəsi dəniz atılsa da onu xilas etmək mümkün olmadı. Şəbnəmin şeiri bu bahar çağında bitdi. Bəli, bitdi, çünki kimsənin hekayəsi yarım qalmır bu dünyada. Hər kəs öz şeirini oxuduqdan sonra əbədi yolçuluğuna çıxır..
Bir gül solanda, başqası mütləq baş qaldırmalıdır torpaqdan. Bir tikan da həmçinin. Kənan bu il birinci kursda oxuyurdu. Sevdiyi bir qız vardı. Uşaq olanda, yaşı az olanda nolacaq ki, çox sevirdi onu. Müəllimin gözü bu dəfə də onun sevdiyinə düşmüşdü. Bir gün onu kafedraya çağıranda Kənan “ qorxma” dedi. Get, mən də səni izləyəcəm. Otağın qapısı kilitlənsə də, bir təpiklə açıldı. Kənan yekəpər müəllimi 9 cu mərtəbədən aşağıya atmışdı. Onun sevdiyi Şəbnəmin yaşadıqlarını yaşamadı, sadəcə sevdiyinin ona gələcəyi günü gözləyirdi.
Şəbnəm hara getmişdi görəsən? Cənnət, ya cəhənnəmə?! Qəlblərimizi təmizləyək onun hara getdiyini bir tək Allah bilir.