manera.az
manera.az

"Ömrün zirvəsində" - Pakizə Əliyeva yazır

📅 05.04.2022 14:30

"Ömrün zirvəsində" - Pakizə Əliyeva yazır
“Şeirlərim haqqında heç vaxt dəbdəbəli məqalələr yazılmayıb. Tənqidi yazılarda isə zəif tərəflərimdən daha çox nədənsə, az-çox uğurlu hesab etdiyim, hər halda öz konkret imkanlarımın son həddi saydığım tərəflərə zərbə dəyib və təbii ki, bu zərbələrin ağrısı daha böyük olub. Belə vaxtda ömrüm boyu yol yoldaşım olan söz üzərində işimin hansı məqamındasa ayaq saxlayıb istər-istəməz düşünməyə məcbur olmuşam: bəlkə mən doğurdan da heç vaxt yaxşı şair olmamışam?...”

Bu fikirlər gözəl şair, dəyərli ədəbiyyatşünas alim Arif Abdullazadənin (1940-2002) 1988-ci ildə işıq üzü görən “Bəxtimizin kitabı” şeirlər toplusuna yazdığı “Söz sorağında” adlı giriş sözündəndir.

Ədibin yaradıcılığına və şəxsiyyətinə az-çox bələd olan kəslər, “Arzular” (1964), “Könüllərin dünyası”, “Hər yerdə, hər zaman”, “Ana dünyamız”, “Vseqda i vsyudu”, “Sevin Azərbaycanı”, “Səninlə sənsiz”, “Svet Abşerona”, “Bəxtimizin kitabı”, “Seçilmiş əsərləri”, “Ulu Qorqud”, “Tövbə duaları”, “Qatarla uçmaqdan yorulan durna” şeir kitabları, “Bir ovuc torpaq”, “Duyum”, “İşıq zolağı”, “Sınaq kürəsi”, “Qanlı yaddaş” romanları, 80-ci illərin əvvəllərində səhnələşdirilmiş “Evlərin axşamları”, “Aqillər” pyesləri, “Şair Cəfər Cabbarlı”, “Şairlər və yollar”, “Od nə çəkdi...”, “Novatorluq və üslub” və digər monoqrafiyaları, çoxsaylı məqalələri və tərtib kitablarının müəllifi olan insanın son dərəcə təvazökar fikirlərin səmimiyyətinə şübhə etməz.

Şairin üç il sonra çap olunan “Seçilmiş əsərləri”nə ön söz yazan, A.Abdullazadənin yaradıcılıq dühasını yüksək qiymətləndirən akademik Ağamusa Axundov “Nə qədər çətin olsa da, deyim ki, Arif Abdullazadə bizdə layiqli qiymətini almayan şairlərdəndir” qənaətini dilə gətirir. Bəs müəllif üçün qiymət, dəyər nə idi? O hansı qiymətin, dəyərin arzusunda idi?

“Şeir yazmağın paltarlı adamlar arasında çılpaq dolanmaq” olduğunu, şairin hər misrayla sanki soyunduğunu, çılpaqlaşdığını dilə gətirən Arif Abdullazadə oxucusu qarşısında mərhəmini – özünü, düşüncələrini tək-tək açarkən həmsöhbətinə tam güvənir, şeiri ilə özünü ifadə edir. Məlum olur ki,

Bir uçuq sarayın həndəvərində
Neçəsi ad tutub, san toplayanda,
Mən bir kor misranın dar orbitində
Fırlana-fırlana təkcə özümə
çata bilmişəm.


Deməli, ədibin məqsəd, niyyət və məramı ad-san, tanınmaqdan daha çox sözə xidmətdir. Əslində sözə xidmət ona görə, məqsəd deyil, içindən gələn, onu daim axtarışlara səsləyən söz vurğunluğu, söz ehtiyacıdır. O yazır ki, həyatı, fikirləri, elmi axtarışları, ətrafdakılarla (doğmalar və yadlarla) ünsiyyət və daha nələr kimi çoxsaylı qollara, şaxələrə parçalanıb gedərkən özünü şeirdə tapır, ona sığınır: “...Belə basırıqlıq içində hərdən çaş-baş qalır, hətta büsbütün itirirəm özümü. İtirdiyimi tapmaq isə o qədər çətin olur ki... Ancaq həmişə yeganə təsəllim ondadır ki, son anda özümü şeirdə tapıram və yenidən itirmək qorxusu ilə uzun müddət ayrılmıram ondan. Başqa bir təsəlli də var: saydığım bütün bu şaxələr sözlə bağlıdır, səviyyəsindən asılı olmayaraq ürəkdən və tam səmimi deməyə çalışdığım və yalnız özümün olan sözlə”.

Eyni fikri nəzmlə belə deyir:
Bu qərib misralar, bu daşlı yollar
Ağsa da, bozsa da, öz rəngindədi.
Səsim də, izim də, yanan sözüm də
Səs rəngi, iz rəngi, söz rəngindədi.

Nə qədər təsəlliverici olsa da, şair sözə sığınsa da, “özünün olan sözü”nü yazmaq heç şübhəsiz, əzabsız, məhrumiyyətsiz baş vermir, bu proses, etiraf, səmimiyyət mərhəmliklə bərabər, şairi anlamaq iqtidarında olmayanların, sözünü tərsdən anlayanların, bəzən heç tərsədən belə anlamağa cəhd etməyənlərin qısqanclığına, qınağına, tənəsinə hədəf edir:

Keçin günahımdan, əfv edin məni,
Mənli yollarıma bir ömür boyu
Daş töküb, üstündən çınqıl əkənlər,
Bu daşlı-çınqıllı yollar boyunca
Hasarlar dalınca hasar çəkənlər.


Bu uzun xitabdan sonra şair yazır ki, həmin bədxahların çarpışdığı, vuruşduğu özlərindən başqa kimsə deyil, şair onsuz da bu daşlı-çınqıllı əkin yerinə dən səpməyəcək, o, bu dünyanın adamı deyil, çünki “hasarlar dalından üfüqə baxır”. Bəzənsə şair istəyir taleyini özü yaza:

Ömrüm yazılmamış kitab olaydı,
Onu mən bilərdim hardan başlayıb,
Harda öz əlimlə nöqtəsini də
özüm qoyardım.


O bəzən “çoxu hələ ağ qalan varaqlar”ın fikrini çəkir, zamanın yetməyəcəyini düşünür, bəzən gələcəklə bağlı öncəgörməsini, “dünyaya həmişəlik gəldiyini”, “öz sözü”nün ona ölməzlik qazandıracağını yazır, bəzən ömrün çox uzun sürdüyünü, yorulduğunu dilə gətirir, Yardanla söhbətləşir, gah da gileylənir:

İlahi, özün bax, özün götür say,
Cəmi üç fəsillik bircə ömürdə
Uşaqlıq, cavanlıq, qocalıq adlı
Bu zülmət, darısqal, tənha qəbirdə
Nə qədər rəng seli sıraya durub
Çiyinlərdən qopub, əllərdən düşər,
Beşgünlük dünyada yüz yoldan keçib
Neçə barlı, barsız fəsil dəyişər...


Arif Abdullazadənin şeirlərindəki əhval dəyişkənliyi, fikir bolluğu müəllifin ətrafda baş verənlərdən təsirləndiyini, şeiri ilə dərdləşdiyini əks etdirir, bəlkə də kənardakıların gözündə seyirçi, passiv müşahidəçi olaraq qalır, amma şeirində hər hadisəni, hər dəyişimi yaşayır, fikir bildirir, təhlil edir, çoxsaylı suallara cavab axtarır. Anasına vəfatından sonra xitabən yazdığı şeirlərdən birində oxuyuruq:

Səksənmə, ay ana, yuxuna qurban,
Qorxma, bu dəfə də ölə bilmədim,
Sənin lal yuxunla can sağlığımı
Yenə aramızda bölə bilmədim.
Yuxunu dəyişmə, yuxuna qurban,
Gündüzümlə gedən açıq döyüşdə
Bu gecəm də qansız-qadasız keçdi,
Torpağın altı da beşik kimidi,
Hələlik bu beşik tək səni seçdi.


Arif Abdullazadənin bəzi şeirlərində gələcəklə bağlı öncəgörməsi ilə qarşılaşırıq. 62 yaşında dünyasını dəyişən şair şeirlərindən birində yazmışdı:

Altmışlarda ömrə şair doğulan
Elə altmışıncı uçuşunda da
Gözü görə-görə buluda doldu,
Qatardan ayrılan durnalar kimi
Bu tənha uçuşdan bezdi, yoruldu.

Arif Abdullazadə poeziyası tənhalıqdan yoğrulub sanki. Tənha ömür sürən, onu o qədər də yaxşı tanımayanların gözündə özünə, öz tənhalığına sığınan şair, bir çox məsələlər kimi tənhalığı, təkliyi də ovqatdan asılı olaraq mənalandırmağı bacarır.

Yaradıcılığının ilk dönəmlərinə aid nümunələrdə tənhalıq qorxuludursa, zamanla tənhalıq onunçün sığınacağa çevrilir. Onun deyimində, yozumunda “ulduzlar da göydə tənha doğulur”, insan kimi Tanrı da təkdir:

Əbəsdi hər şeyi Allahdan ummaq,
O da bizim kimi tənhadı, təkdi,
O qədər boşuna Allah dedik ki,
Yenə üz döndərib bəndələrindən
Qapılıb əbədi tənhalığına
Dünyanın üzünə pərdələr çəkdi.


İnsanların, şairlərin, ulduzların, dünyanın, Tanrının təkliyindən yazan şair tənhalıq gerçəyini qəbullansa da, bəzən hiss olunur ki, bu onu yorur:

Qoynunda minlərlə ulduz karvanı
Dünya səhra kimi tənha yaşadı,
Amma tənhalıq da bir tamaşadı, -
Onu gəzə-gəzə dünyanı sevdim,
dünyadan bezdim,
torpağa qaldım...

Bəlkə də məzar daşında – “yeraltı evinin qapısı”nda yazılan, bir çoxlarının Arif Abdullazadə deyəndə yadına düşən məşhur misrada deyildiyi kimi, “Bir də bu dünyaya gəlməyə tövbə” etdirən də tənhalıqdır. Şairin qəbullandığı, yaşam tərzinə çevirdiyi və yəqin ki, doya-doya yaşadığı tənhalıq, tənha ömür:

Bu tənha dünyaya tənha gəlmişdim,
Bu yetim dünyadan yetim gedirəm... etirafı ilə tamamlanır. Sadə, adi, real gerçəyin ifadəsi ilə.

Getsə də, 62 il ömür sürmüş, çoxsaylı yaradıcılıq uğurlarına imza atmış, “baharına yağan qarlara, qışına gün saçan gülsüz bahara tövbə” deyən, “kostyumun açığı, köynəyin sarısı, gözlərin qarası, saçların dalğası, səhərin çəhrayısı, gecənin mavisi, səsin şəffaflığı, sükutun gümüşüsü”nü sevən, rəngarəng duyğulu insan – ARİF ABDULLAZADƏ özündən sonra qalan yazıları ilə onu dərk etmək iqtidarında olan oxucuların qəlblərində sevimli şairi kimi hələ çox yaşayacaq.

Pakizə Əliyeva


Baxış sayı - 1 200 | Yüklənmə tarixi: 05.04.2022 14:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031