manera.az
manera.az

"Qurşağından asılan xəncərlə çiçəyə əyilənlər"

📅 09.12.2021 12:11

"Qurşağından asılan xəncərlə çiçəyə əyilənlər"
İllərdir yazı-pozu ilə bağlı cavab tapa bilmədiyim çoxlu sorular vardır. Lap çox... Amma uzaq tuturam özümdən. Şükür Qafarla tanış olandan sonra yatmış sorular vulkanı yenidən püskürməyə başladı: İnsan niyə yazır? Yazmasa nə olacaq? Yazırsa nə olur? İnsanın yazmaq öhdəliyimi var? Özünü könüllü gətirib yunan mifoloji qəhrəmanlarından ən qəddarı olan Prokrustun cəza maşınına təslim etmək nə üçündür?

Cavablardan birini dahi İlyas Yusif oğlu öz adında kodlaşdırıb: “Nizami” adında. Biz sonsuz dünyada tapa bilmədiyimiz nizamı, harmoniyanı heç olmasa öz daxilimizdə görmək istəyirik; heç olmasa... Biz özümüzü “heç olmasa”lar səltənətində dəfn etməyə hazırlaşan əbləhlər kimi aparırırq...
Adətən, deyirlər ki, insan daha çox unudulmamaq üçün yazır. Bu fikirdə də nəsə çatmır. Çox şey çatmır. Guya yazsa, unudulmayacaq? Hamımız xoş günlərin birində unudulub gedəcəyik; külək kimi, xəzəl kimi, it hürüşü kimi, üçrəngli pişik balası kimi...

Dünyadakı ilk şeirin heca vəznində olduğuna tam əminəm. Nizam, düzən yaradan hecada.

Şükür Qafar da hecada yazır...

1974-cü ildə dünyaya göz açan, hal-hazırda Əlahiddə Ümumqoşun Ordusunun yüksək çinli zabiti Şükür Qafarla tanışlığıma vəsilə olan əziz dostum Ramiz Qasımova minnətdarlığımı bildirirəm.

Şükür Qafar nasirdir. Onun dördüncü – “Savaş zəfərlə bitdi” kitabı “Əcəmi” nəşriyyatında bu il nəşr olunub. “Savaş hələ bitməyib” tarixi romanının davamıdır. Kitaba Naxçıvan Yazıçılar Birliyinin sədri, istedadlı qələm adamı və ictimai xadim Asim Yadigar maraqlı bir ön söz də yazıb.

Gördüyü, şahidi olduğu hadisələri qələmə aldığından Şükür Qafarın əsərlərində sənədli nəsrə xas olan elementlər - tarixilik daha qabarıqdır. Lakin mən onun şeirlərindən danışmaq istəyirəm. Heç danışmaq da istəmirəm. O şeirlərin özü özü haqında danışacaq...

Elə ilk baxışdan onun şair olduğuna inanırsan. Hiss edirsən ki, havalıdır, gözgörünməyən bir hava şarı onu göylərə sarı çəkir. Çəkdisə, qeyb olunana qədər gedir...

O, şeir oxuyur, mən ona baxıram, əslində, baxmıram, yalnız onun səsini eşidirəm. Bilmək istəyirəm, onun şairliyi ilə hərbçiliyi bir yerdə harayacan yola gedə bilir? Və ya gedə bilirmi? Vaxtilə oxuduğum yapon hokkusunun havası naməlum uzaqlıqdan vurur məni:

İnsan əyilib çiçəyə -
Qurşağından asdığı xəncərlə...

Şükür Qafar şeir oxuyur. Onun simasında həm də ana Vətənin keşiyində ayıq-sayıq dayanan bir əsgər görürəm. Yenə də suallar deşir beynimi: Qələmlə güllə arasındakı məsafə nə qədərdir? Daxilindəki sonsuz gözəlliklərə rəğmən bu adam öz həmcinsinə silah qaldıra bilərmi?! Cavabım qətidir: Qaldırar, o yana da keçər, əgər qarşısındakı o qaniçən, zalım, qəddar və vəhşi qəbilənin üzvüdürsə!

Qarşımda şeir oxuyan Zəfər Savaşından qalib çıxan bir Azərbaycan əsəgəridir!

O yenə də gözəlliklər haqqında oxuyur...

Şeirlərindən bir neçəsini nüfuzlu Manera.Az-ın oxucularına təqdim edirəm.

Hörmətlə:
Mehman Qaraxanoğlu


Şükür Qafarın şeirləri..

PAYIZIN RƏNGİNƏ BÜRÜNƏN QADIN

Axır ki, rastlaşdıq biz bu payızda
Doğrusu, payızdan səni seçmədim.
Qəmli baxışların oxşadı məni,
Yaxşı ki, yanından ötüb keçmədim.

Dayandım, rənginə vurulub sənin
Payızın rənginə bürünən qadın.
Gözündə ilıq bir yaş qaynayırdı
Qəlbi payız ilə döyünən qadın.

Hər şeyi vaxtında zaman düşünür,
Zaman nizamlayır, zaman da bölür.
Payız bu gün girib, bəs niyə sənin
İndidən üstündən xəzəl tökülür?

Payızın rənginə bürünən qadın,
Bu bəxtdən, taledən qaça bilməzsən.
Köç edən quşlar da qanadın versə
Payızdan kənara uça bilməzsən.

Həyat yuxu kimi ötəri hissdir
Yuxuya dalmısan kədər dadından.
Bu qəmdən, kədərdən oyanmaq üçün
Gərək mütləq öpüm dodaqlarından.

SƏNİN SAÇLARINDA SEVDİM PAYIZI

Sənin saçlarında sevdim payızı
Sevdim yarpaqların sarı rəngini.
Sevdim saman kimi saralıb gedən
Ömrün xəzan olmuş bu ahəngini.

Küləkli havada uçub rəqs edən
Sarı çiçəklərin tozunu sevdim.
Allahın sevdiyi rəngə boyanmış
Sənintək sarışın qızını sevdim.

Dünyaya nur saçan Günəşə, Aya
Görəsən nə üçün sarı geyilib?
Bəlkə də bitkinin sarılığından
Adəm tərəfindən buğda yeyilib.

Bu rəng niyə belə hopub ömrümə?
Sanki həyatımda tək bu rəng qalıb.
Sənə son yazdığım eşq məktubu da
Cibdə qaldığından rəngi saralıb.

Nə qədər saysan da artmayacaqdır,
On barmaq sayılır sayanda sayda.
Əgər qismətində ayrılıq varsa
Saç ucun düysən də bundan nə fayda?

Hardan bilərdik ki, ayrılığın da
Köksündə köklənən sim sarı simdir.
Nə yaxşı gözünün rəngi yaşıldır
Cənnətdə qovuşsaq mənim bəsimdir.

SƏNİN QOLLARINDA ÖLMƏYƏ GƏLDİM

Bəlkə də səhv etdim, bəlkə də ki, yox
Açıb bəyan etdim duyğularımı.
Ən azı bildin ki, sevirəm səni
Bildin ki, tapmışam səndə yarımı.

Bəlkə də səhv etdim, bəlkə də ki, yox
Görəsən, gəldimmi sənin xoşuna?
Sanki illər boyu gəzdiyim sevgi
Sənin surətində çıxmış qarşıma.

Bəlkə də səhv etdim, bəlkə də ki, yox
Nə edim, başqa bir yol qalmamışdı.
Bu sevgi yolunda bir qol çəkmişdim.
Başqa çəkiləsi qol qalmamışdı.

Bəlkə də səhv etdim, bəlkə də ki, yox
Sevgi hisslərmi bölməyə gəldim.
Heç bir şey düşünmə, qucaqla məni
Sənin qollarında ölməyə gəldim.

GƏZDİR MƏNİ XƏYALINDA, NƏ OLAR

Tənhalığa məhkum olmuş qəlbimi
Yalqız qoyma qəm halında, nə olar.
Çoxdandır ki, səyahətə çıxmıram
Gəzdir məni xəyalında, nə olar.

Elə gəzdir ilk görüşə bənzəsin
Əllərinin titrəməsi, əsməsi.
Əvvəlkitək piçıltıyla duyulsun
Dodağında iniltili eşq səsi.

Elə gəzdir vicudumu, ruhumu
Bihuş etsin dodağının bal dadı.
Xəyalda ki, mane olmur bir kimsə
Niyə quraq ayrılığa saatı?

Elə gəzdir nəfəsini hiss edib
Damarımda istəyindən qan coşsun.
Gör nə vaxtdır görüşmürük, al məni
Bas bağrına kölgəmiz də qovuşsun.

Gəzdir məni xəyalında, nə olar
Düşüncəndən hisslərinə yol çəkim.
Səfil oldum eşq yolinda, izn ver
Ürəyində yaşamağa qol çəkim.

Tənhalığa məhkum olmuş qəlbimi
Yalqız qoyma qəm halında, nə olar.
Çoxdandır ki, səyahətə çıxmıram
Gəzdir məni xəyalında, nə olar.

MƏNDƏN YAY FƏSLİNDƏ ŞEİR İSTƏMƏ

Məndən yay fəslində şeir istəmə
Mənim ilham pərim payızda gəlir.
Lap on dörd gecəlik ay kimi nurlu
Gülərüz, mehriban bir qızla gəlir.

Sarımtıl, qırmızı yarpaqlar kimi
Gəlir küləklərin sərt qanadında.
Darayır saçımı barmaqlarıyla,
Könlümü oxşayır “sevgi” adında.

Bəlkə də dörd fəsil mövcuddur deyə
Allah dörd qadını halal buyurub.
Həvva Adəm üçün tək olduğundan
Payız da mənimçün tək fəsil olub.

Torpaq, külək, alov, bir də şəffaf su
Hər ünsür bir fəslə uyğun seçilib.
Od yaya, su qışa, torpaq bahara,
Küləksə payıza libas biçilib.

Fəsildə, ünsürdə seçim olarsa,
Səmada istisiz, susuz qalaram.
O mənim küləyim, mənim havamdır,
O olmasa necə nəfəs alaram?

Sevin dəli könül, artıq az qalıb,
Görüşə yenə də həmin qız gələr.
Məndən yay fəslində şeir istəmə,
Bir az da səbr elə, bax, payız gələr.

MANERA.AZ


Baxış sayı - 1 239 | Yüklənmə tarixi: 09.12.2021 12:11
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031