Ali məktəblərə ixtisas seçiminin nəticələri açıqlandı
Dövlət İmtahan Mərkəzi 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.
DİM-dən Manera.az-a bildirilib ki, abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Ali təhsil müəssisələrinə qəbul olunanların siyahısı «Abituriyent» jurnalının 6-cı sayında dərc olunacaq. Abituriyentlər jurnalı sentyabrın 5-dən etibarən əldə edə biləcəklər.
Dövlət İmtahan Mərkəzi tələbə adı qazanmış bütün gəncləri təbrik edir, onlara gələcək təhsillərində müvəffəqiyyətlər arzulayır.
Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələri üzrə qeydiyyatı onlayn qaydada – portal.edu.az platforması vasitəsilə aparılacaq. Qeydiyyat tarixləri barədə əlavə məlumat veriləcək.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.
Ali təhsil müəssisələrinin müsabiqəsində 66 464 nəfər iştirak edib. Onlardan 44861 nəfəri (o cümlədən 6810 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 21 856 (o cümlədən 920 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 23 005 (o cümlədən 5890 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci sayında dərc olunacaqdır.
Həmin yerlərə ixtisas seçimi sentyabrın 6-dan 10-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub.