manera.az
manera.az

Yaşamaqdan bezən kimdi? - Yeni şeirlər

Yaşamaqdan bezən kimdi? - Yeni şeirlər

MANERA.az Sabir Yusifoğlunun yeni şeirlərini təqdim edir:


ÖLÜ DƏNİZ

Mən ölü dənizəm –
ölən arzuların batan dənizi.
Coğrafiya dərsində,
xəritədə
sevdiyim o qızın barmağı
yatan dənizi.

İllər arxası üstdə uzanıb
sevgi məktublarımı oxuyur,
döşü dolu buludlara həsrət
göy üzünə.

Gəmim yox, yelkənim yox,
duzlu, duzsuz xanımların
vurulacağı görkəmim yox –
ölü dənizəm!..

Bulud-bulud illərim
üstümdən uçub getdi,
suyumu içib getdi.
Xanım-xanım gəmilər,
gəmi-gəmi xanımlar
üstümdən keçib getdi –
mən ölü dənizəm daha...

BÜRKÜLÜ ŞEİR

Beli bükülən ağaclar
alıb dizinin üstünə
yelpikləyir kölgəsini.
İndi saya salan yoxdu
kimsəsizi, kölgəsizi.

Bürkü tutub hər tərəfi,
dinən yox, danışan yoxdu.
Gün vuranların içində
günəşlə dalaşan yoxdu.

Kölgədə tövşüyən itlər
bir pişik səsindən ürkür.
Hamının əl-ayağını
yığıb-yığışdırıb bürkü.

Çiçəklər nəfəs almağa,
arılar uçmağa qorxur.
Hamıdan çox danışanlar
ağzını açmağa qorxur.

Ta heç kimnən işi yoxdu,
əl içi boyda kölgədə
qıvrılıb yatıb ilanlar.
Sancmağı, zəhərləməyi
başından atıb ilanlar.

Xanımların üst-başında
dənizə tələsir bürkü.
Qışdan donu açılmayan
canların həvəsi: bürkü.

Bu bürkünün ləzzətini
dəniz çəkir, çay aparır.
Bu yay alıb canımızı,
Yerdən göyə pay aparır.

QƏLBİNDƏN ÇIXIB GEDİRƏM

Mən bu talan olunmuşun
dərdindən çıxıb gedirəm.
Quzeyindən, güneyindən,
qərbindən çıxıb gedirəm.

Bir az dərdlidi üst-başım,
neynək, arxamca danışın.
"Can-can" deyən dost-tanışın
qəlbindən çıxıb gedirəm.

Nə can qədrini biləndim,
nə də heç nədən öləndim.
Ələndim, tamam ələndim,
xəlbirdən çıxıb gedirəm.

BAXIB HƏKİMİN ÜZÜNƏ

Deyirsən, ürəyim yoxdu,
bə burda göynüyən nədi?
Adam kimi yaşamağa,
ölməyə qoymayan nədi?

Mən adda, mən boy-buxunda
bircə gəmin, adan olsun.
Bu dünyada alacağım
səndən gələn qadan olsun!..

Ürəyimin tutduğu sən,
ürəyim tutub, həb gətir.
Baxıb həkimin üzünə,
saxla özünü, tab gətir.

Ürəyin yoxdu, deyirsən,
bə bu saralan yarpağı,
oxşayıb ağrıyan kimdi?
Yol qırağındakı daşa
boylanıb ağlayan kimdi?!

Ömrüm – ürəyimin şəkli,
sevgi – tuşlanan bir oxmuş.
Deyirsən, ürəyim yoxdu...
Deyəsən, ürəyim yoxmuş!..

BELƏ...

Çox ip tutdular boyuma,
yenə o boyda olmadım.
Nə bir ipə-sapa yatdım,
nə qanun-qayda
olmadım.

Doğmalar atıb-tutdular,
bəxt atanda tutmadı heç.
Ömür
cavanlıq şəklimin
ürəyinə yatmadı heç.
Hər yetən bir ağıl verdi,
ağıla baxan olmadı.
Sən Allah kimi baxdığın
oğula baxan olmadı...

Dişimə necə sıxsam da,
dilim dinc durmur, neyniyək?!
Yaşamaq üçün ölürəm,
ölüm dinc durmur, neyniyək?!

QARIŞQADAN DƏN DİLƏNİB

Çox yaşamaq istəmirəm,
cavan ölmək istəmirəm.
Mən sevənlər dəbdən düşüb-
cavan olmaq istəmirəm.

Cavan olmaq istəmirəm,
o dağım yox, dərəm yoxdu.
O səmtə üz tutub gedən
qayığım yox, bərəm yoxdu.

Çatışmır, nəsə çatışmır,
o çatmayanı gəzirəm.
İçimdə nəsə çat verib,
o çatlayanı gəzirəm.

Kəpənəkdən gün dilənib,
qarışqadan dən dilənib,
qırış-qırış kündələnib
çox yaşamaq istəmirəm.

Çox yaşamaq istəmirəm,
Şəhidlər yatan torpaqda.
Cavan ölmək istəmirəm
hər daşı Vətən Torpaqda.

YAŞAMAQDAN BEZƏN KİMDİ?

Özümü harda öldürüm,
Allah, xəbərin olmasın?!
Qara xəbər əl-qol açıb
bəyaz telləri yolmasın.

Bu əliboş ömrümün də
günahı izimdə qalıb.
Yazdıqlarının çoxusun
silsəm də, gözümdə qalıb.

Sənə yaxın olmağın da
uzağı buymuş, öyrəndim.
Dünyanın hər üzü gözəl,
içini gördüm, iyrəndim.

Balamın üzü solmasın,
anamın gözü dolmasın.
Özümü harda öldürüm,
Allah, xəbərin olmasın?!

Deyirsən, belə gedəcək,
yəni xoş gün olmayacaq?!
Qalan ömrü nəyə vursaq,
yenə beş gün olmayacaq?!

"Harda qırılar, qırılar,
harda ölərik, ölərik".
Burda ağladan günlərin
yerinə orda gülərik.

Kimdi ki ölümdən qorxan,
Yaşamaqdan bezən kimdi?
Ay Allah, Sən deyilsənsə,
bəs bu canı çoxdan çıxmış
adamları Yer üzündən
dəstə-dəstə üzən kimdi?..

İYDƏLƏR ÇİÇƏKLƏYİB...

İydələr çiçəkləyib, get
fevralda körpənlə qayıt.
Məni yaza girov qoyub
get o biri mənlə qayıt.

Ulduzlar adam aldadır,
adamlar- ulduz ölüsü.
Hər qız bir oğlan tabutu,
hər oğlan bir qız ölüsü.

Saçların dağınıq getdin,
al-yaşıl örpəklə qayıt.
Məndən qoparıb getdiyin
o mələk körpəylə qayıt!

Ömrün bu qış çağında da
gülür iydə çiçəkləri.
Əlindən tutub yuxuma
gəlir iydə çiçəkləri...

Yaxanda özü-özünə
qırılan düymənlə qayıt.
Yenə mənə qarğış elə,
yenə də o MƏNlə qayıt!..Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031