manera.az
manera.az

Senyor Qeybullayev - Hekayə

Senyor Qeybullayev - Hekayə
Bu fransız sevdası onda uşaqlıqdan cuşa gəlmişdi. Kimi görsə öncə fransızca,sonra anlaşıqlı dildə salam-kalamını verib öz işinin dalınca yollanardı.

Xoşu gəlirdi ki,kimsə onu görəndə nəsə fransızca,ya da fransızcaya bənzəyən kəlimələr istifadə edib könlünü oxşasın. Elə, evdə də Qabriel Forenin şəkillərini öz otağının divarlarına yapışdırar, Jak Jan Russodan düşündürcü fikirlər səsləndirərdi. Düzdü,ona elə də əhəmiyyət verən olmurdu,yeri gəlsə üstünə çığırıb kitab-dəftər dalınca göndərərdilər. Hərhalda,o bununla fəxr edir,bunu yaşam tərzinə çevirmişdi.

Məktəbdə ona senyor Qeybullayev deyə çağırırdılar. Müəllim heyəti də,sinif yoldaşları da. Qısası o,Qeybullayev Səidağa yox,senyor Qeybullayev idi.

Senyor Qeybullayevlə gündəlik rəftar,eyni ilə Qərbi Avropada olduğu kimi etik qaydalara əməl olunaraq edilirdi. İnsanlarla məsafəli görüşür,qarşısındakı şəxsin cinsindən asılı olaraq "senyor","senyorita" deyə xitab edirdi. Bir dəfəsində,məhəllənin ortasındaca qonşuluqda qalan bir qızla salamlaşarkən əlini öpmüşdü.

Əli öpərkən özündə xüsusi aristokratlıq duymuşdu,bir anlıq klassik orta əsrlərdəki bir neçə mülkə sahib hersoq yerində görmüşdü özünü. Hətta,gələn görüşlərdə də təkrarlayacağını düşündüyü əməli ürəyindəcə ilişib qalmış,ümidsizliyə qapılmışdı.

Çünki,əl öpməyinə görə məhəllənin sayılıb-seçilən uşaqları ona qulaqburması vermiş,gələn dəfə baş verə biləcək hadisələrdən ötrü onunla başqa cür hərəkət ediləcəyinə çatdırmışdılar. Cəza tədbirləri isə nə inkivizasiya dövründə olduğu kimi gilyotinlə başı kəsiləsi,nə də kral qarşısında əzablara düçar olub qırmanclanasıydı.

Bunlarla qarşılaşmayacağı həqiqəti onu bir qədər rahat etsədə,gələn dəfə edə biləcəyi yanlışları ona baha başa gələ bilərdi. Ən azından həmyaşıdları arasında şöhrətinə xələl gələcəkdi,küçədə-bacada rahat dolaşa bilməyəcəkdi. Məhz,bu səbəbdən də
əl öpmək və ya hər hansısa qadına iltifatlar yağdırmaq cəhdi ölkəmizdə uğurlu alınmadı.

Əvəzinə,xaricdə yaşayan qohumlarından xahiş edib gətizdirdiyi fransız şapkasını başından əksik,gözündən də kənar qoymazdı. Bir tərəfi alnını örtən bu şapkalar hamıda ona qarşı maraq oyandırmışdı,bəzən qısa şalvar,yay-qış parlayan üçkünc ayaqqabılarını şapkasına uyğunlaşdırıb şəhərə çıxardı. O zaman şöhrətpərəsliyinin əsl zirvəsini duyar,yeni geyimlər gözdən keçirərdi.

Beləliklə,onun fransız macəraları nəyinki tanış-bilişi arasında,getdikcə bütün Bakıya yayılaraq öz simasını yaratdı.​

Hamı onun geyim tərzini özündə sınayıb göz qabağına çıxmağa çalışırdı,hətta bir ara nəzakətsiz italyanca danışıb uzunqol düyməli köynək geyinən gənclərdə peyda oldu. Onlar senyor Qeybullayevdən fərqli olaraq qrup halında gəzir,çiyinlərindən də gitara əksik olmurdu.

Geyindikləri markalar elə İtaliya istehsalı olan "Gucci","Prada" və sair dəbli geyim dükanlarından aldıqları gündəlik küçə geyimləri olurdu. Uzunqol köynəkləri kimi saçlarını da uzadıb toppuz yığırdılar. Şəhər camaatı onlara "italyan" deyə səslənərdi.

Olub-keçənlər Sovet dövründən ilişib qalan rus elitasına qarşı haradasa iriçaplı inqilab sayılırdı. Daha Bakının gəncləri arasında gündəlik danışıq normalarında rus kəlimələrindən çox fransız,italyan deyimlərinə rast gəlinirdi.

Mağazada rusca danışan birini görən yerli fransız və italyanlar ağızbüzənlik edib onlara dinc təzyiq göstərərdilər. Bu bir növ qərbə meyillilik,Avropa həyatına böyük axının başlanğıcı sayılırdı.​

Hərəkat illər ötdükcə geniş vüsət almağa başladı,yerli əcnəbilər həftəlik öz yığıncaqlarını təşkil etməyə cəhd göstərdilər. Hüquq mühafizə orqanları onlara mane olması,işi bir az da qəlizləşdirdi. Onlar toplaşmalarının əvəzinə divarlarda,əsasən də binaların liftlərinə istənilən fransız və ya italyanca söz yazıb mövqeyini bildirməyə öyrəşdilər.
Bunu məcburiyyət halına gətirdilər.​

Əgər,yerli italyanların tərəfindəsənsə italyanca,yerli fransızların yanındasansa fransızca harasa nəsə yazmalıydın.

Hər addımbaşı "Ti amo","Ti penso sempre" deyə italyan deyimlərini,yaxud fransızca
"Je mourrai pour toi" deyə anlaşılmaz ifadələri görmək şəhər sakinlərinə adi gəlirdi. Çünki,baş verənlərə ciddi əhəmiyyət göstərmirdilər.

Bakı fransızlarının kontakt toplaşdığı məkanlardan biri də Fransa səfirliyinin yanındakı "Xaqani bağı",el diliylə "Malokan" bağı sayılırdı. Sifətlərinin bir tərəfini Azərbaycan,digər tərəfini isə Fransa bayrağı çəkib bu bağda dolaşan insanlara haqq qazandırmaq getdikcə çətinləşir,qəlizləşirdi.

Geyim-keçimləri,musiqi tərzləri,ünsiyyətləri başdan-başa fransız termin və ünsürləri ilə bağlanan yeni nəsil özünün malik olduğu dəyərlərin,bir növ özünü bəyənmirdilər.

Eyni ilə Bakı italyanları kimi. Onlar da ənənlərincə İtaliya səfirliyinin yaxınlığındakı "Sabir Bağı"-nı özlərinə məkan,yığıncaq yeri seçmişdilər. Hətta,buranı onlar üçün sığınacaq yeri də adlandırmaq olardı.​

Eyni şəhərdə yaşayan yerli italyan və fransızların rəqabəti getdikcə qərb etikasından ayrılıb,barbarlıq əndişəsinə gətirib çıxardı. Hələ nə vaxtsa hegemon
fransız və italyan futbol komandalarının qarşılaşması olardı,o zaman Bakıda Paris və Romada olmayan həyəcan yaşanırdı.

Anası Gülfatmanı,atası Nəriman kişini unudub ürəyi Paris eşqi ilə çırpınan senyor Qeybullayev Səidağalar boynuna italyan bayrağı sarıyan kimi görsə ayaqları altına alıb bayraq qarışıq tapdalayırdı. Sonra bu vəziyyət Bakı italyanlarına təlqin olundu,onlarda özünümüdafiə dəstələri təşkil edib qarşı tərəfə fiziki təzyiqlər göstərdilər.

O gündən bəri Bakı haranın vətəndaşı olduğunu bilməyən vətəndaşlarının "vətəndaş müharibəsi"-nə tanıqlıq edib sussada,danışmağa da cəhd göstərmədi.

Nə də olsa senyor filankəslər,senyorita bəhmənkəslər bu şəhərin sakinləri idilər.
Hara məxsus olduqlarını bilməsələr belə...

10.08.20

Əzimli MirzəbəyБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031