
MANERA.az Səma Muğannanın esselərini təqdim edir:
Həsrətimin vüsalıÇox darıxıram, lap çox. Təsəvvür edilməyəcək qədər acıdır bu hissi yaşamaq. Bəzi insanlar bu sözü tam mənasında heç anlamırlar, hətta elə bir zaman olar ki, kimdənsə ötrü darıxmağı özlərinə sığışdırmırlar. Əslində, mən də uzun zamanlar öncə bu sözü etiraf etməzdim, sanki qorxardım, özümə sığışdırmırdım, ya da uzaqlaşdırırdım özümdən. Bilirsən niyə? Çünki içdən dəlicəsinə sevgini duyub, yanmayan, alovlanmayan bu hissi anlaya bilməz.
Darıxmağı sadəcə söz xatirinə söyləməklə deyil, onu yaşamaq lazımdır. O hiss o qədər əzab doludur ki, təsvir etmək belə çətindir. Təsvir etdikdə, hətta bəhs etdikdə belə əllərim titrəyir, qəlbim alovlanır, gözlərim göz yaşlarına qərq olur, qəhər boğur məni. Sən düşün o zaman, necə söyləmişdin, Adam?
- Balaca xanım, mən də çox darıxıram, çox. Üşüyən əllərimin yenidən hərarətli olmasından, saçlarının qoxusunu hiss etməkdən, dodaqlarının altında gizlənən o məsum sözlərdən ötrü çox darıxıram.
Zaman olardı ki, səninlə çox danışa bilməzdik. Hər danışa bilmədiyimiz vaxt mənə işgəncə idi. Gecələr göy üzünə baxardım. Tək-tənha yaşanmış xəyallarımı düşünərdim, sanki hər biri nağıl imiş.
Hətta dəfələrlə üsyan edərdim, axı səni necə sevə bilərəm? Mən həqiqətən sevə blərəmmi deyə düşünərdim. Sən mənim tək sevdiyim deyil, ruhum idin, sən mənim özüm idin. Səni xəyallarımda yaratmışdım. Yuxularımın ən şirin, ən arzulanan qonağı idin. Sən mənim ruhumdakı işığım, dodaqlarımdakı gülüşüm, qəlbimdəki odun pərvanəsi idin. Hər gecəni səninlə yatıb, səhəri sanki yanımdaymış kimi o sevinclə oyanardım.
Səninlə məktəbə yollanırdım, yol gedirdim. Sən mənim tək qəlbimdə deyildin ki, ruhumda idin! Sanki səni düşünərkən qulağıma o şirin gülüşlərin, nəfəsin pıçıldayırdı. Sevgin o qədər möhtəşəm idi ki, məni məndən alırdı. Hətta bəzən düşünürdüm, toxuna bilmədiyim əllərini, həsrətlə gözlədiyim, qovuşa bilmədiyim gözlərini, səninlə yaşamaq, son nəfəsimə qədər səninlə olmağı. Həyatı səninlə sevməyi, həyatımın möcüzəli qadını sən olacağını düşünürdüm. Çox yorulardım, işgəncə idi sənsiz günlərim. Məktəbdə dəfələrlə səninlə qarşı-qarşıya olmaq. Sən hər dəfə dərs danışarkən səni izləmək istərdim, amma izləyə bilməzdim. Sanki bu hisslər qəlbimdə bir həbsxana yaratmışdı.
Uzun zaman olardı, balaca xanımım, hər gün, hər saat dəqiqələri səni düşünər, səni izlərdim. Bəzən yoxluğuna alışa bilməzdim, o zaman gedərdim dəniz kənarına, onunla söhbət edərdim. Mənim sirrimi bilən tək o idi. Sərt dalğaları ilə sanki mənə işarə edərdi, gec olmadan sevdalına sevgi etirafı et deyə. Bilirsən, o qədər əzab, işgəncə idi, hətta ölümə bərabərdi sənsizlik. Kölgəni izlərdim. O qədər diqqətlə izlərdim ki, sonra rəsmini çəkərdim.
Gözlərim qan dolu idi ağlamaqdan. İçimdəki ruhum sənə bağlandı. Günlərcə gözlədiyim yollarında daha da bağlanardım sənə. Ayrıla bilməzdim ki... Tablolardan, şəkillərdən təsəlli arardım özümə. O zamandan inanmış oldum ki, mən həyatımda ilk dəfə vuruldum, aşiq olduğumu hiss etdim...
Gecənin zülmətində yata bilmirdim, elə bil lal-kor olmuşdum. Dəfələrlə şəkillərini izlədikdə qəhər boğurdu. Elə bil qəlbimdə sağalmaz yara var idi. Heç kimin anlamayacağı, düşünə bilmədiyi dərəcədə ağrılı idim. Çünki mən sevdalanmışdım.
Hər zərrənə aşiq idim. Bəzən əzab çəkirdim, səni görə bilmədiyim, sənə toxuna bilmədiyim üçün. Amma səni toxunmadan da sevərdim, usanmadan sevərdim. Səni hər məktəbdə gördükdə danışa bilməzdim, uzaqlaşardım, dəfələrlə özümə qıyardım, amma olmadı. Mən səni uzaqlaşdıra bilmədim, bacarmadım. Səni sonuna qədər sevdim mən. Heç kimə bənzəməyən sevgi idi bu. Sevgini öyrədən, onu anlatan. Onun ifadə edilməyəcək qədər mükəmməl və qüsursuz olduğunu sən öyrətdin, Balaca xanım! Səni sən olduğun üçün sevdim! Sən xəyallarıma qonaq gəldin və onlar reallıq oldu. Səsini, söhbətini, nəfəsini, qoxunu- hər birini sevdim!
Balaca xanımım, can yoldaşım, gözlərimdəki sevincim sən oldun! Qəlbimdəki yaramı sən dəf etdin! Uzun qaranlıq yollarımın işığı sən oldun. Küləyin əsiri olan saçlarımı sən geri döndərdin. Mən səni sevməklə dəli oldum, amma tək və sonsuz sevgim oldun. İndi düşün, tək ikimizik. Sən möhtəşəm bir geyimdəsən, salona daxil olursan və mənə yaxınlaşırsan. O qədər gözəl görünürsən ki, gözlərim qamaşır səni izlədikcə. Gözlərinə baxdıqa günlərcə daha çox bağlanıram, daha çox sevirəm.
Sən mənim parlaq, təbəssüm dolu günəşim, gecələri işıldayan nur işığımsan. Sən olmasan mən var ola bilmərəm ki... Sən olmasan, bomboş, yarsız qalaram. Balaca xanımım, ölənə qədər sən mən ol! Heç ayrılmayaq. Bu qəlblər nə parçalansın, nə ruhumuz bədənimizi tərk etsin. Mən sənin yoxluğuna dayana bilmərəm.
Sən mənim alın yazım, varlığım, möcüzəmsən! İlahi və sonsuz sevgimsən, qurban olduğum, Balaca xanımım, sevdalım! Həsrətimin vüsalı!
Gözlərim sənə əmanət...Bax xatirə imiş bu məktub da...Bu məktub sənin deyil,ruhuna,qəlbinə əmanət etdiyim yaralarım,uşaqlığım,röyalarımdır.Sən sevdin,mənsə...Mənsə yenə uşaqcasına güldüm.Sən gizlicə sevdin,mənsə..Mənsə əmanətimi qorudum.Bu bir əmanət olan sevgidir.
Bu çox uzun yoldur,əzizim.Gözlərinin dərinliyində gizlətdiyin sevgi qatarın bir gün əlbət gələcək.O ağacdan asılmış kiçik şəkil budaqlarını büzüb ağlamayacaq,çünki onlar mənə əmanət...Unutmadım.Hər şey mənə əmanətdir,hətta mənə söyləmədiyin gizli sevgin belə..
Səndən tək xahişim:vurulduğun yaranın üstünü gözlərimlə ört.O yara alova bənzəyir.Eynən sənin sevginin alovlanıb,əllərində yumruqladığın həsrətə bürünmüş sevdan kimi..Sən bədənindən deyil,qəlbindən vuruldun.Sən o tarixdə,o gün vuruldun...Gözlərimi gizlət,başqa heç nə etmə..O gözlər sənə əmanət...
Yuxu..Bu əsəri daxili gözəlliyi,qayğıkeşliyi,şəfqəti ilə məni heyran qoyan Rima xanıma sevgilərlə ithaf edirəm...Baxın,indi sizə Yuxunun qəribə taleyini danışacam.Yəqin ki,bu sətirləri oxuduqda gözlərinizdən qeyri-ixtiyari yaş axacaq,gözlərinizin yaşını silməyin.Bunu etsəz,Yuxunun da,Yaramaz uşağın da qatili siz olacaqsınız.İndi isə gəlin Yuxunun gəmisində acılarla dolu səyahətə çıxaq.
18 mart 2012-ci il.Saat 04:45.Otaqda yalnız idim,yuxum ərşə çəkilmişdi.Açıq pəncərənin önündə dayanıb,saçlarıma qonmuş soyuq,buz kimi qar dənəciklərini düşünürdüm.Kənardan məni izləyən isə Zülmətin kabusu idi.Uzun zaman idi ki,bu kabusdan qopa bilmirdim.Həkimlərin dediyinə görə reallıqda deyildim.Əslində mən kiçik yelkənli gəmidə dalğalı dənizdə savaşa çıxan Yuxu idim.
O sahildə iki gənc var idi.Baxın,faciə indi başlayır,amma söylədiyim kimi ağlamaq yox.Sadəcə gözlərinizi qapadın ki,o səhnəni canlı olaraq görməyin,çünki mənim qəlbim o faicəyə tab gətirmədi.O andaca qan qusdu.
İnanmazdım ki,bu son olacaq.Axı biz 17 mart səhər saat 05:30 o bağçada görüşəcəkdik? Axı Yaramaz uşaq məni tək qoyub gedə bilməzdi?
17 mart gecəsi idi.2012-ci il,saat 03:45.Qış fəsli idi.Ətrafda heç kəs yox idi.Bəlkə də özüm özümü aldadırdım? Eh,nə isə.Bayırdakı çovğun,yağan qar məni narahat edirdi,yuxum qaçmışdı.Əlimdə nə telefon,nə də başqa bir şey var idi.Kitab da oxuya bilmirdim.Ətraf bomboş,mən də yalnız qalmışdım.Sanki bu boşluğa məhkum idim.Ağlımda isə xəyalı hər zaman beynimdə dolaşan Yaramaz uşaq idi.Qapını açıb küçəyə çıxdım.
Qəfildən yanımda kiminsə olduğunu hiss etdim,bu Yaramaz uşaq idi.Əlimdən tutub məni öz tərəfinə çəkdi.İkimiz də yarı təəccüb,yarı sevgi dolu baxışlarla bir-birimizi izləyirdik.Sözlər dilimizin ucundaydı,amma lal olmuşduq.Hər şeyin bu qədər tez baş verəcəyini gözləmirdim.O mənim sadəcə əlimdən tutdu və biz var gücümüzlə qaçmağa başladıq.Ətrafı duman bürümüşdü,heç nə görünmürdü.
Anidən gözlərim qapandı.Yaramaz uşağın hansı vəziyyətdə olduğunu bilmirdim,ancaq qəlbimin çırpıntılarını duyurdum.Çox sakitlikdi.Gözümü açdım və ikimizin cənnəti xatırladan bir bağçada olduğumuzu gördüm.Bu möcüzə idi.Quşların səsi,çiçəklərin ətirli qoxusu insanı məst edirdi.Addımlaya bilmirdim,elə bil ayaqlarımın altında isti ocaq qalamışdılar.Bu ocağın istisi Yaramaz uşağı da bürümüşdü.Elə bil iflic olmuşdum.Qışqırmaq istəyirdim,ancaq səsim çıxmırdı.Yaşla dolu gözlərimiz bir-birinə zillənmişdi.Yaramaz uşaq alovlar içində yanırdı,səssiz səmirsiz.Mən isə heç bir köməklik edə bilmirdim.
Və son.Bəlkə də bu son deyildi.Bəlkə də bu sadəcə mənə bir işarə idi? Gözlərimi açarkən özümü çarpayıda uzanmış vəziyyətdə gördüm.Tibb bacısı qoluma iynə vururdu.Artıq nitqim açılmışdı,danışa bilirdim.Qırıq-qırıq Yaramaz uşağın adını söylədim.Tibb bacısı donuq vəziyyətdə məni izləyirdi.Elə bil hardansa mənə güc gəldi və mən qışqırdım,sanki nəfəsim kəsiləcəkdi.Bu an kimsə əlimdən tutub dedi:
-Yuxu,o gəmi yoxdur artıq.Bax,yenə yanındayam.Bax,burdayam.Ağlama.Əgər sən ağlasan,bil ki,məni diri-diri torpağa gömmüş olacaqsan.
-Bu sənsən? Sən yaşayırsan? Tək sözüm bu ola bilərdi.Yaramaz uşaq qarşımda idi.Dünyanın ən xoşbəxti mən idim.
-Yuxu,bunu unutma.Sənin qəlbin nə zamansa dayansa,o an öləcəyəm.Mən sənin həm gerçəyin,həm xəyallarınam.Sən isə mənim nəinki o gün,hər zaman o sirrli tarixdə vurulduğum xanım olaraq qalacaqsan.
Əlimi qaldırdım,ancaq ona toxuna bilmədim.Gözlərimin önündə parça-parça oldu.Əlimdə qalan yalnız döyünən ürəyi oldu.
Yuxu axırıncı dəfə yalnız o gün ağladı, çünki Yaramaz uşaqdan sonra o var ola bilməzdi.Əllərində sevgilisinin ürəyi gözlərini əbədi olaraq yumdu.Yuxu yuxuya qərq oldu...
MANERA.AZ
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.