manera.az
manera.az

Süleyman Abdullanın şeirləri .. - Ədəbi franqmentlər

Süleyman Abdullanın şeirləri .. - Ədəbi franqmentlər
Bu şair heç kimə bənzəmir - dünyaya, həyatda baş verən hadisələrə, sevgiyə, gözəlliyə, təbiətə, keçmişə… ümumiyyətlə, onu nə düşündürürsə… hər şeyə şeirlərində fərqli bir baxışı hiss olunur.

O, əşyalar, cisimlər, hərəkətlər, rənglər, fəsillər, günlər-aylar-illər, yollar, işıqlar arasında «məsafələri» aydın görür, burada poetik müşahidələr mühüm rol oynayır. Hiss olunur ki, Süleyman Abdulla «gördüyümüzdən artıq görmək istəməsək, hər rəng adicə boyadır» (Rəsul Rza) poetik düsturuna sadiq qalmağa çalışır, əksər hallarda buna nail olur. Şeirdə təzəlik, ənənəvi və məlum mövzulara fərqli yanaşma, yeni bədii təsvir vasitələri ilə diqqəti cəlb etmək, düşünmək və düşündürmək vəhdətini yaratmaq müasir şeirin əsas göstəricisi deyilmi?

Və o da hiss olunur ki, Süleyman Abdulla hər şeydə, ən adi görüntüdə belə, bir gözlənilməzlik axtarır, daha doğrusu, bu gözlənilməz situasiyaları şeirə gətirərkən reallıqdakı təzadlara və insan hisslərinin bir-birinə ziddiyyətli hallarına istinad edir. Məsələn, «Yay günü qış» şeirində olduğu kimi. Sevənlərin son görüşü «qurtardıq» sözü ilə sonuclanır. Amma bürkülü, yağışlı yay günü bu sözün yaratdığı mənfi emosiyaya diqqət yetirin:

Bədənin əsirdi, əlin əsirdi,
Bir ah küləklərə atdı özünü.
Küləklər altına uçurdu qışı.
Aramız soyudu isti yay günü.
Elə soyudu ki, don vurdu qışı.
Sürüşdu palçıqda don ayaqqabım,
Qartımış qürurum qara yıxıldı.
Gecə gözlərinə yağırdı ağ qar,
Sən qaldın…
Gedirəm üzü qara mən.
Küçə qar…
Həsrət qar…
Sinəmdə dağ qar…


Sevgi şeirlərində belə təzadlı məqamlara poeziyamızda az rast gəlməmişik, amma Süleyman Abdullanın şeirində bu təzad ayrılıq adlanan sonluğu konkret bir lövhədə reallaşdırır. «Harda alov vardı, su vardı harda, Atəşə tutulan yol sudan keçib» - bu da Süleyman Abdullanın başqa bir şeirindəndir və deyim ki, əslində, onun əksər şeirləri təzadlar üzərində qurulur. Ancaq məni bir oxucu kimi Süleyman Abdullanın şeirlərindəki təzadlardan daha çox, o şeirlərdəki fikir – məna zənginliyidir. Məncə, Süleyman Abdullanı bir şair kimi səciyyələndirən cəhət odur ki, hər hansı bir məsələyə, yazımın əvvəlində qeyd etdiyim kimi, fərqli yanaşma tərzidir. Bizim şeirimizdə ucalıqlardan (həm fiziki, həm də mənəvi) çox yazıblar. Amma Süleymanın «Ucalıqların şeiri» yenidir, ənənəvi mövzuya orijinal yanaşmadır. Şeirdə ucalıqlar vəsf olunmur, ucalıqların haçansa yerlə yeksan olandan sonra nələr ola bilər - sualına cavab axtarmaqdır. Yəni ucalıqların əks modeli…

Ucalıqlar yerlə yeksan olanda
nəğmə oxumaq daha gözəldir bayquş misalı
Oxunmamış dua yoxdur arzuların puç olmasına
İstərsən bu gecə ulduzlardan küs,
Bir çimirlik yuxu naminə
unut əllərinin yalvarışlarını şüa-şüa Ay işığında.


Süleyman Abdullanın bir şeiri də var: «Çox uzaqların şeiri». Amma bu şeir o biri şeirin təkrarı deyil. O, «çox uzaqlarda göy ilə yerin qovuşduğu, göy üzünün yerlə bir olduğu yerdə hər şeyin sonunu görür. Bu «giriş» bizim də göylə getdiyimiz vaxtın səadətini yox, acılıqlarını xatırlatmaq üçündür. Çünki «vaxt olub ki, özümüzdə olmamışıq səadətdən hansısa bir göy cisminə toqquşanacan». Anlaşılmazlıqmı var? Zahirən yox, çünki «üfüqlərə çilənmiş bir ovuc qanı görəcəksən». İnsanın taleyində də qan yaddaşı var. O qan yaddaşı isə «çox uzaq xatirələrdə yaşamaqdadır». Bu şeirdə Süleyman Abdulla bir az «fəlsəfəçiliyə» meyil edib. Deyim ki, bu «fəlsəfəçilik» onun şeirlərinin poetik dadını, duzunu itirir. Halbuki, yaxşı fikir, mənalı deyim Süleyman Abdullanın «Dəniz serenadası», «Hərbi gödəkcə nağılı», «Çatmır ey», «Ömür xətti», «Sevgi şeiri», «Ümid məhbusu» və s. şeirlərində zorən filosofluq eləməyə can atmır. Baxın «Çatmır ey» şeirinə:

Sonu olmur bu dünyada axtarışların,
Ömür boyu həyatında nəsə çatmır ey.
Udan bəlli, uduzan da…
Bu yarışların,
Sosuzluğa marafonu kəsə çatmır ey.
Adam gərək ibrət ala mövladan, şıxdan,
Ruhu gözəl, imanı hürr, qaməti şıqdan.
Dünyadakı gözəlliklər keçir işıqdan,
Bu təcillə, bu sürətlə səsə çatmır ey.
Yolmu var ki, nəfsimizlə haqqa varası,
Gözümüzün toxluq ilə olmaz arası.
Natamamdır, yarımçıqdır qəlbin parası,
Ovuc boyda ürəyimiz bəsə çatmır ey.


Fərqli yanaşma tərzi şeirdə necə, hansı poetik vasitələrlə ifadə olunur? Bax, bu, əsas məsələdir. Süleyman Abdulla metaforalarla işləməyi çox sevir, təşbihlərə də şiddətli meyil edir. Özü də bunların əksəriyyəti təzədir, yalnız Süleyman Abdullanın öz poetik düşüncəsindən gəlir. Məsələn, onun «Dəniz serenadası»nı oxusanız, buna əmin olarsınız ki, sözlər, söz birləşmələri, ayrıayrı ifadələr öz ilkin məna örtüyünü üzərindən ataraq necə də poetikləşir. Bu şeirdə dəniz və dənizlə bağlı bütün əşəlar, görüntülər «simfonikləşir», dənizdə çılğın bir musiqinin sədaları yayılır.

Səssizcə ağlamaqda kölgələr,
qağayılar için-için gülməkdə…
Lövbər səsinə diksinir balıqlar,
qəlsəmələri hava dolu və göz yaşları islaq…
Qağayılar yeganə şahididir dənizin üfüqə,
Üfüqün dənizə çevrildiyi anın.
Havadan ayrılıq qoxusu gəlir…
Qağayıların səsini eşidirsənmi, su pərisi?
Eşidirsənmi?


Onun metaforik düşüncə tərzi «Saat səsinin yuxusu» şeirində daha bariz nəzərə çarpır. «Gördüyümüzdən artıq görmək istəməsək…» meyarı ilə tam səsləşir:

Məni unutmusan,-
pıçıldayırdı pəncərə şüşəsi küləklərə,
Ağlayırdı yarpaqlar sübh şehinə,
Giley dolu idi pəncərə önündəki yasəmən kolu.
Üşüyürdü xəyallarım,
saqqalı ağarmış söyüd ağacı ümidsizlik içində
hardasa bir nəğmə nisgil
sığınmışdı qızılgülün ləçəyinə
Sükut darıxırdı hönkürmək üçün
Mən uyumağa çalışırdım, üfüqlər oyanmağa.


Bu məqamda Әli Kərimin bu dörd misrası yada düşür: «Sən dediyin səsləri, Hamı eşidər, bilər. Sənətkar üçün isə Sükutdan da səs gələr». Süleyman Abdulla da məhz sükutun içindən səsləri aşkarlayan, pəncərə şüşəsinin küləklərə pıçıltısını eşidən, yarpaqların ağlamasını eşidən şairdir və əlbəttə, müasir Azərbaycan şeirində bu sahədə yaranmış ənənəni davam etdirir (elə bircə Әləkbər Salahzadənin şeirlərini xatırlatmaq kifayətdir). Bu şair doğrudan da istedadlıdır və onun istedadı hər hansı mövzuda yazdığı şeirlərdə boy göstərir. İstər sevgidən yazsın, istər payız xatirə - lərindən, istər vaxtilə Birinci Qarabağ müharibəsində döyüşdüyü illərdən, istər ağrıdan, istərsə də plagiat məktublardan. Onun şeirlərində təbiət və onun atributları da aparıcı fon təşkil edir. Elə bir şeiri yoxdur ki, orada təbiətin səsi eşidilməsin.

yasəmən budağı toxunur pəncərəyə,
sinədolusu “Oxay” deyir külək.
ürəyim titrəyir saçlarının ətri üçün,
darıxmaq belə olurmuş, deməli…
Kişilər ay kimidir zülmət gecələrdə
batmağı var, çıxmağı var.
hər gün təzədən doğan günəş misalıdır qadın, -
yer üzünün nur mənbəyi…
amma sevgi də şeir kimidir...

Süleyman Abdullanın «Azərbaycan» jurnalında və «Әdəbiyyat qəzeti»ndə dərc edilən otuz şeirini və sərbəst dördlüklərini bir neçə günə diqqətlə oxudum və yazımın əvvəlində qeyd etdiyim fikrin (fərqli düşüncə tərzi) üzərində bir də dayanıram. İnanıram ki, Süleyman Abdulla bu özünəməxsus poetik intonasiyanı davam etdirəcək. Amma tənqid üçün deyilməli bir neçə sözüm qalıb. 1.Süleymanın bir neçə şeirində («Sübh yuxusundan öncəki şeir», «Plagiat məktublar», «Әsatir») fikrin meydanı genişdir, elə bil ki, qarşıda iki yol var - uzun və kəsə, Süleyman uzun yolu seçir… Azərbaycan şeirinin gözəlliyi yığcamlıqda deyilmi? 2.Şeirlərində «kvatrat tənlik» «absis oxu», «kardioloq», «qrafik», «oriental rəqs», «rəqslərin amplitudası» və s. şeirin gözəlliyini qəhr edən əcnəbi sözlər, ifadələr görsənir. Görsənməsə, daha yaxşı, dünya dağılmaz ki.

Sonda: Sevgi də şeir kimidir. Bu, onun misrasıdır. Elə Şeir də sevgi kimidir../"Azərbaycan" jurnalı, 2021, N1/

Vaqif Yusifli
filologiya elmləri doktoru
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31