Həzin duyğular poeziyası - Vəliyulla Novruz yazır

Çağdaş poeziyamızın tanınmış yazarlarından biri də Ələddin Əzimlidir.
O, poeziya aləmində öz sözünü çoxdan demiş, ona öz sənətkarlıq möhürünü vurmuş şairlərimizdəndir. Onun şeirləri bu günümüzün reallıqları ilə yaxından səsləşir, dövrümüzün ab-havası ilə nəfəs alır. Qloballaşan dünyamızda baş verən hadisələrə vaxtında müdaxilə edə bilir. Onun hiss və həyəcanları ilə yaşamağı bacarır. Dövrümüzün mürəkkəb, dramatik məsələlərini önə çəkə bilir. Şairin poeziyasının mükəmməlliyi və bitkinliyi müəllifin poetik istedadından, onun yaradıcılıq qüdrətindən xəbər verir. Şairin mövzu dairəsi geniş və əhatəlidir, təsvir obyekti konkretdir. Məhz buna görə də o, qələmə aldığı hər hansı bir mövzunu öz düşüncə və hissiyatı ilə dərindən qavrayaraq onu lirik-psixoloji şəkildə mənalandırmağı bacarır.
Ə.Əzimlinin yaradıcılığında vətənə olan sonsuz sədaqət, əldən getmiş torpaqlarımızın acınacaqlı taleyi, Qarabağ həsrəti, şəhidlərimizin ruhuna dərin hörmət və ehtiram, təbiətin füsunkar gözəlliklərinin bədii təsviri, insanın hiss və duyğularını dilə gətirən müqəddəs sevgi şeirləri, ata-anaya olan övlad sevgisi onun şeirlərinin əsas qayəsini təşkil edir.
Şair vətənə olan sonsuz məhəbbətini “Vətən” şerində aşağıdakı misralarla belə təsvir edir:
Qayadan
qırıq-qırıq qopan
mərmi timsallı
qəlpəsən, Vətən!
Yenə də
ruhuma
çökmüsən,
gözümün önünə
gəlmisən, Vətən!
O qərib yurdda
tonqal çatacağam,
didərginlər
isinə bilsinlər
oduna, Vətən!
Məni
çağır çətində
gücüm çatan qədər
yetim dadına, Vətən!
(“Vətən”)
Bu şeirdə Vətən ümumiləşdirilmiş metaforadır. Buna görə də biz misradan misraya keçdikcə, bir metaforadan başqasına adlayırıq və ardıcıl surətdə bir-birilə bağlı olan metaforalar silsiləsi ilə qarşılaşırıq. Gördüyümüz kimi bütün misralar arasında çox möhkəm və qırılmaz məntiqi ardıcıllıq və bağlılıq vardır. Bu ardıcıllıq və bağlılıq da ancaq və ancaq metaforik Vətən anlayışının daşıdığı məzmun genişliyində cəmlənir. Lakin bununla yanaşı, poetik sözə münasibət, şairin adi sözləri poeziya səviyyəsinə qaldıra bilmək bacarığı onun istedadının böyüklüyündən xəbər verir.
Bu gün şairin ən böyük dərdi düşmən tapdağı altında inləyən Vətənimizin bir parçası olan doğma Qarabağımız və onun ətrafında qanla suvarılmış vətən torpaqlarımızdır. Şair torpaqlarımız uğrunda öz canlarından keçmiş Vətən oğullarının ruhu qarşısında ehtiramla baş əyir və əsir olan torpaqlarımızın nə vaxtsa azad olacağına böyük ümidlər bəsləyir. “Xocalı faciəsi”, “Şəhidlərin ruhuna”, “Yaddaş”, “Eləyəydin”, “Bu məkan mənimdir”, “Qələbə xəbəri” şeirləri onun Qarabağ haqqında yazılmış şeirlərinin ana xəttini təşkil edir.
Ağrını, acını yüklə çiynimə,
Onları daşıyan, çəkən də mənəm.
Yaralı qəlbimə şum nəyə lazım,
Dərdi dənə-dənə əkən də mənəm...
Eşit həqiqəti, dana bilmirəm,
Boş yerə alışıb yana bilmirəm,
Düşmən qarşısında sına bilmirəm,
Qarabağ deyilən məkan da mənəm.
(“Bu məkan mənimdir”)
Bəzən şair təbiətin ürək açan gözəlliklərindən söhbət açır. Təbiəti oyadan bahar onun duyğularını dilə gətirir. Çünki, həyatla baharın gözəlliyi arasında bir yaxınlıq var. Baharın gəlişiylə şairin də arzuları çiçək açır, o da düşünür, nəfəs alır:
Bu bahar
yavaş-yavaş gəlir.
Özü ilə
Allah bilir
Nə qədər sirr gətirir.
Hər tumurcuq tər çiçək,
Hər çiçək
Nə qədər ləçək,
Bir-birindən ətirli,
bir-birindən göyçək.
(“Bu bahar”)
Yazın gəlişilə təbiət cana gəlir. Dərələr, düzlər yaşıl dona bürünür. Yamaclarda lalələr sanki tonqal çatır. Sevincindən “meynələr ağlayır”. “Görəsən kim ovudacaq bu kolu, bu ağacı?”
Yaz gəldi,
ağaclar çiçəklədi.
Qar kimi ağappaq,
tərtəmiz.
Görəsən
bu günlərdə
Sevinəcəkmi qəlbimiz?
(“Yaz gəldi”)
Ə.Əzimli təbiəti şairanə bir ruhla dərk edir, onu mücərrəd şəkildə yox, insanın mənəvi gözəlliyi mövqeyindən ülviləşdirir. Şair yazın gəlişilə “öz muradına” qovuşmaq istəyir:
Yaz gəldi,
gəlişilə
səni saldı yadıma.
Görəsən,
yetə biləcəyəmmi
muradıma?
(“Yaz gəldi”)
Dərindən diqqət etsək görərik ki, təbiətlə insanın mənəvi qovuşmasından poeziya yaranır. Təbiət bilavasitə şairin məcazlar, bənzətmələr, obrazlı ifadələr işlətmək bacarığını zənginləşdirir.
Bütün bunlarla yanaşı onu da qeyd etmək lazımdır ki, payız mövzusu şairin yaradıcılığında qırmızı xəttlə keçir. “Payız küləyi”, “Payız yağışları”, “Payız qabağı”, “Meşənin payızı”, “Payız şeiri” kimi şeirləri öz gözəlliyilə insanı dərindən duyğulandırır:
Əzəli axşamdı
payız axşamı.
Çən bürüyüb meşəni,
Yenə xalça döşənib...
Oturmuşuq
Şah palıdın altında
meşənin nurlu vaxtıdır.
Bu da onun xoş günüdür,
bir ilahi taxtıdır.
(“Meşənin payızı”)
Ə.Əzimlinin məhəbbət lirikasından danışarkən bu lirikanın çox gözəl xüsusiyyətini- onun daxili vəhdətini bir insanın taleyini və hisslərini əks etdirən şeirlər tisiri bağışladığını xüsusi qeyd etmək lazımdır. Çünki lirik qəhrəman özünü məhəbbət həyəcanlarında axtarır, dərk edir və təsdiqləyir. Şairin lirikası insanı öz səmimiliyi, daxili zənginliyi və hər şeydən öncə poetikliyi ilə diqqəti cəlb edir. Onun məhəbbət mövzusunda yazdığı bütün şeirləri öz yığcamlığı, lakonikliyi, aktuallığı ilə seçilir. “Səni tanımaq ümidi”, “Bağışla deyirsən”, “Neyləyim”, “Dedilər”, “Sevgi yollarında”, “Cənnət qoxusu”, “Sevgi”, “Dərd koması”, “O əllər”, “Getdin” və s. şeirlərində şair məhəbbətə ən ülvi, müqəddəs bir hiss kimi yanaşır.
Budur sevgi, eşq yolum,
Nə gözəldir sağ-solum.
Qoy uzanıb məst olum
Çiçəklərin içində...
Baş qoyub qolum üstə,
Naz edir asta-asta.
Gəl dönək sadiq dosta,
Mələklərin içində.
(“Sevgi yollarında”)
Bəzən şair öz sevgisindən gileylənir. Bir zaman onu dərin məhəbbətlə sevən, həsrətinə dözə bilmədiyi sevgilisi indi “saçlarını üzünə həya pərdəsi edərək” ondan gizlənir. Hətta ona salam belə vermir. İndi o illər arxada qalsa da, şairin narahat qəlbi için-için sızlayır. “Saxta bir məhəbbətin oduna” korun-korun alışıb yanır:
İndi o günlərə qayıtmaq çətin,
İndi o günləri anmaq asandır.
Saxta məhəbbətin, səmimiyyətin
Oduna alışmaq, yanmaq asandır.
(“Neyləyim”)
Şairin poeziyasında bu həsrətin ağrı-acıları, məhrumiyyətləri, real həyat təzahürləri, hiss və həyəcanları oxucuya da sirayət edir. Bu şeirdə həm yanıqlı, həm də təmkinli bir lirizm vardır. Şair bunu ustalıqla poetikləşdirə bilmişdir.
Ə.Əzimli öz şeirlərini həm heca, həm də sərbəst vəzndə yazmışdır. Bu şeirlər həcmcə o qədər böyük olmasalar da, o, qələmə aldığı hər hansı bir mövzuya yeni rəng çalarları qatmaqla şerin məna yükünü, onun bədii siqlətini daha da artırmış olur. Şair yersiz ritorikalardan, soyuq mühakimələrdən uzaqdır. O, az sözlə dərin mənalar ifadə etməyi bacarır. Sözün alt qatına asanlıqla enə bilir. Öz fikirlərini obrazlı şəkildə oxuculara çatdırmağı bacarır. Şeirlərində daha çox tənha qaldığı zaman öz həyatından, taleyindən, keçirdiyi daxili hisslərdən söhbət açır, duyğu və düşüncələrini, sevinc və kədərini poetik bir dillə oxucularla bölüşə bilir.
Şair hər şeydən öncə qələmə aldığı hər hansı mövzuya öz baxış bucağından yanaşır. Ona yeni rənglər qatır. Bu isə şerin emosionallığını, təsir gücünü daha da artırmış olur. Şairin “Kəhər at” şeri bu cəhətdən təqdirəlayiqdir. O, kəhər atın kükrəyib şahə qalxmasını yersiz sayır. Çünki, “Yollar çox uzaqdır”. Naxələf insanlar “belinə minib” səni “sonsuzluğa sürəcəklər”. Onda “köpük-köpük tər axacaq cəngindən”. “ Dünya dediyin böyükdür, kəhər at.” Şair məsləhət görür ki, o çox da tələsməsin, çünki onu hələ qabaqda sonu görünməyən yollar gözləyir:
Tələsmə, kəhər at!
Kişnəmə dəli-dəli.
Yollar çox uzundur,
Yollar yoracaq səni...
(“Kəhər at”)
Şair bəzən özünə qapılaraq “qaranlığa qısılıb” için-için ağlayır. Çünki həyatda onun kədərini ovudan bir kimsə yoxdur. Üstündə boy atıb “yaşadığı dünyanı” məzəmmət edən şair “üz qoyub ürəyinə” doyunca ağlayır. Sonra şair üzünü yaşadığımız dünyaya tutaraq ondan “ağlamağı” yox, “gülməyi” öyrənmək istədiyini söyləyir:
Ay canım, gözüm dünya,
Bu qəmli ürəyimə
Sən gülmək öyrət təki,
Ağlamağa nə var ki!..
(“Ağlama”)
Doğrudan da, həyatda ən asan şey ağlamaqdır. Oğul ona deyərəm ki, həyatda gülməyi bacarsın.
Şairin qəlbində qübar bağlayan onun kövrək ürəyini qana döndərən həyatdan vaxtsız köç etmiş ata həsrəti, ata nisgilidir. Bu dərdin ağrısını, acısını onu ancaq çəkənlər duya bilər. Həyatda bundan ağır, bundan betər dərd olarmı?
Xoşbəxt idim
On yaşıma kimi.
Həmin gün, həmin saatda
Atam köçdü dünyadan...
Təkləndim,
Tək qaldım...
(“Atasızlıq ağrısı”)
“Bu da bir həyatdır” şerində isə şair həyatdan vaxtsız köç edən ana obrazını yüksək bəşəri düşüncələr səviyyəsində poetikləşdirir. Bu isə hər şeydən öncə şairin anaya bəslədiyi sonsuz məhəbbət hissinin təzahürü kimi gözümüz önündə canlanır. Şair ana ömrünün mənasını yüksək emosional boyalarla əyaniləşdirir. Bütün bunlar ana qarşısında son dəfə olaraq öz oğulluq borcunu yerinə yetirən bir şəxsin ülvi məhəbbətindən irəli gəlir.
Son dəfə baxışın gəzdi üzümdə,
Şam kimi çırpınıb söndün, ay ana!
Buludlar nur aldı sənin gözündən,
Bir göy göyərçinə döndün, ay ana!...
(“Bu da bir həyatdır”)
Ələddin Əzimlinin poeziyası mənalar, fikirlər, hisslər, gözəl sözlər, zərif duyğular, metaforalarla zəngin poeziyadır. Bu poeziyada bol-bol işıq var. Bu işıqlar içərisində isə insanı heyrətə gətirən dərin fikirlər boy göstərir. Bunlar şairin poeziyasında təsvir olunmuş hər hansı bir hadisəni dərk etmək, onların mahiyyətinə, daxili dünyasına nüfuz etmək ehtiyacından irəli gəlir. Demək, şairin ümumiləşdirdiyi fikirlər onun poeziyasında bir həqiqətdir, heyrətdir, zamanın, təbiətin, bir sözlə, həyatın özüdür.
Bu il qələm dostumuz Ələddin Əzimlinin 65 yaşı tamam olur. Biz bu gözəl şairimizə həyatda mənalı ömür, can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Vəliyulla NOVRUZ