manera.az
manera.az

Vətən, Bayraq və Millət sevgisindən yoğrulmuş poeziya toplusu

Vətən, Bayraq və Millət sevgisindən yoğrulmuş poeziya toplusu
İyirminci əsrin sonlarından yaşadığımız faciələr - övladlarımızın qanı ilə imza atdığımız müstəqilliyimiz və sonrakı Qarabağ müharibəsi tariximizə qanlı səhifələrini yazdı. Və bu da təbii olaraq ədəbiyyatımıza öz təsirini göstərdi. Azərbaycan poeziyasının daimi mövzusu olan Vətən, Bayraq və Millət beləliklə daha da aktuallaşaraq, ədəbiyyatımızda ön plana keçdi.

Yeni çapdan çıxan bir toplu bunun bariz nümunəsidir. Ön söz müəllifi Qənirə Paşayevanın və "Regional hüquqi və iqtisadi maarifləndirmə" İctimai Birliyinin sədri Arzu Bağırovanın rəhbərliyilə ərsəyə gələn bu kitab xüsusi bir gündə - 31 dekabr Dünya Azərbaycanlarının Həmrəylik Günü ərəfəsində çap edilməsilə də diqqət mərkəzində oldu. Və Qənirə xanımın yazdığı kimi, "Sevgilərin ən alilərindən olan Vətən sevgisi hər bir şəxsə kiçik yaşlarından aşılanmalı, kimliyi, özünüdərki, dünyaya, olaylara, insanlığa baxışı bu sevginin fonunda təcəlla etməli, formalaşmalıdır".

Kitabda ilk diqqətimi çəkən əsər Əhməd Cavadın yazdığı Azərbaycan Himni oldu. Himnimiz dövlətçiliyimizin və milli varlığımızın ülvi təzahürüdür.

Topluda Abbas Səhhətin "Vətən" şeirinin çap olunması Vətən ifadəsinin ən gözəl tərifi kimi insanı duyğulandırır. İllər əvvəl qardaş Türkiyənin Kırıkkale şəhərində bir konfransda "Poeziya savaşlarda mənəviyyət faktoru" kimi mövzusunda bir çıxışımda Abbas Səhhətin "Vətən " şeirini söyləmişdim. Salondakılar ayağa qalxaraq bu müqəddəs şeirin təsirindən vəcdə gəlmişdilər.

Daha sonra Abdulla Şaiqin "Vətən", Əliağa Vahidin "Vətəndir", Osman Sarıvəllinin "Vətən eşqinə", Süleyman Rüstəmin "Vətənimdən", Səməd Vurğunun "Vətən həsrəti", Rəsul Rzanın "Vətən dedim", Əhməd Cəmilin "Vətən", Qabilin "Vətən", Əliağa Kürçaylının "Vətən" şeirləri daha da müasir vətən başlıqlı nümunələrlə birləşərək Azərbaycanının Vətən nəğmələri ilə qovuşur. Cabir Novruzun "Vətən əbədi qoruqdur" şeiri ilə son zamanlarda yaşadığımız faciələr də göz önünə gəlir. Son bənddə şeirin əsas ideyası daha güclü təsir yaradır.

Bilir ərlər, ərənlər,
Vətənə tay olmayır,
Ömürdən pay verərlər,
Vətəndən pay olmayır.


90-cı illərdən əvvəl Vətən mövzulu yazıların çoxunda Vətənə sevgi, Vətən gözəlliyinin təsviri verilirdisə, "Vətən nədir?" suallarına cavab aranırdısa, torpaqlarımızın itirilməsilə milli poeziyamıza ağrı və əzab hakim oldu. Bu illərdə Məmməd Araz, Nüsrət Kəsəmənli, İsa İsmayılzadə, Sabir Rüstəmxanlı, Vaqif Bayatlı Odər, Məmməd İlqar, Rüstəm Behrudi, Vaqif Bəhmənli, Əjdər Ol, Ülvi Bünyadzadə və başqalarının yaradıcılığında Vətənimizin müdafiəsinə qalxmaq istəyi üstündür.

Zəlimxan Yaqub qələmindən çıxan Vətən mövzulu şeirlərdə cəsur bir hayqırış var.

İnamsız bir qartalın qanadları gərilməz,
Döyüşsüz azadlığın meyvələri dərilməz,
Şəhidsiz bir millətin vətən ruhu dirilməz,
Oğullar ola-ola, necə deyim mərdim yox.
Ordum varsa , yurdum var,
Ordum yoxsa, yurdum yox!


Sabir Rüstəmxanlının şeirində keçmişimizə dönərək vətənimizin vəsfini görmək olur.

Bir əlçim buluddu,
Bir ömür umuddu,
Bir içim sudu.
Yandıqca odlanan ocaqdı
Daddıqca dadlanan arzudu.
Bir dərə bahar leysanıdı,
"21 Azər"in qanıdı,
Cavad xanın qətl yeridi,
Sabirin "Fəxriyyə" şeiridi,
Dağları dumandı itən -
Vətən... Vətən!


Məmməd İlqarın vətənlə söhbəti də maraqlı, təsirli və düşündürücüdür. Vətənin başı qeylü-qallı olanda, onun övladlarının şəhid olması təbiidir. "Qalanın sağ olsun" deyən şair "çat verir, çatlayır dözüm" ifadəsilə torpaqlarımızın azadlığı üçün canımızdan keçməli olduğumuzu da çatdırır. O, vətənin başının uca tutmasını istəyir.

Vətən, başa çox iş gələr,
Baş əymə, başın sağ olsun.
Biz ölməyə doğuluruq,
Torpağın, daşın sağ olsun.


Vətənə olan məhəbbət "Torpaq üzərində ölən varsa Vətəndir" deyimi ilə qovuşur.

Ayaz Arabaçının "Sənə and içirəm, Vətən torpağı" şeirində isə "eşqi ürəyinin qan-daman yeri" olan Vətəndən bəhs olunur. Vətənə olan sevgi bütün sevgilərdən uca olduğunu şair qürur hissi ilə dilə gətirir.

Topludakı Alı MustafayevÜlvi Bünyadzadə şeirlərində isə daha çox yanğı və sevgi görmək olur. Alı Mustafayevin (oğlu Toğrula) etdiyi nəsihətdə hikmət və vətənə sevgi hissi oxucuya təsir etməklə yanaşı, gələcək nəsilə də bir mesajdı. Oğlunun simasında vətənin insana ən böyük köməyi olduğunu bütün gənclərə tövsiyə edən şair, əbədi sevginin, əbədi ümidin Vətən olduğu həqiqətini çatdırır.

Bu otaq, bu işıq, bu beşik, bu süd,
Anan çəkən zəhmət, mən verən öyüd,
Bu əbədi sevgi, əbədi ümid,
Dar gündə köməyin-karındı, Vətən.


Hələ orta məktədə oxuyarkən Vətən üçün ölümü göz önünə alan gənc şairin - Ülvi Bünyadzadənin şeirini həyəcansız oxumaq olmur. Böyük ideyalarla yaşayan Ülvi Bünyadzadə müstəqilliyimiz uğrunda şəhid olan gənclərimizdən biri oldu.

Biz öz ömür sazımızda,
"Dilqəmini bilməliyik.
Leylimizin ürəyini
Məcnun kimi sevməliyik.

Bisutunu biz də yaraq,
Çənsiz Çənlibellər quraq.
Sazımızda ağlayaraq
Biz həyatda gülməliyik.

Döyüşlərdə yoğrulmuşuq,
Gələcəyə qaranquşuq.
Həyat üçün doğulmuşuq,
Vətən üçün ölməliyik!


Rəsmiyyə Sabirin topluya daxil edilən şeiri sanki Ülvilərimizin ruhuna ərmağanıdır.

Tarix yazdın Vətəndə sən,
Gözəl "ən"lərdən öndəsən,
Mənim üçün Vətən də Sən,
Vətəni qoruyan igid!


Qənirə Paşayevanın şeiri isə ana-oğul sevgisindən, ananın oğluna vətəni sevməyin nə olduğundan, vətən sevgisinin ana sevgisindən üstün olduğundan bəhs edir. Anasıyla vidalaşan əsgərin ən əsas kəlməsi Vətəndir.

Vətən üçün, torpaq üçün,
O müqəddəs bayraq üçün
Ölüm nə ki?!
Bu yurda dönənlər üçün,
Bu yurdu sevənlər üçün,
Ölüm nə ki?!

Topluda bayraq mövzusu Əhməd Cavad şeiri ilə açılır:

Köksümdə tufanlar gəldim irəli,
Öpüm kölgən düşən mübarək yeri!
Allahın yıldızı, o gözəl pəri,
Sığınmış qoynunda aya, bayrağım!

Bayraq anlayışının müqəddəsliyi Cəfər Cabbarlının "Azərbaycan bayrağına" şeiri ilə daha da aydınlanır. C.Cabbarlı bayrağımızı "Mələklərin qanadından düşən kölgə" kimi üzərinə düşən bayrağın kölgəsində görür. Bayrağımızın gözəlliyini heç bir gözəlliklə qarşılaşdıra bilməyən şair onu nə çiçəklərlə, nə yaşıl otlarla müqayisə edə bilir.

Şu görünüş bir ananın şəfqətinə oxşuyor,
Düşündükcə zövqlərimi, vicdanımı oxşuyor.
Bu ay, yıldız, boyaların qurultayı nə demək?
Bizcə böylə söyləmək!
Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,
Bir türk oğlu olmalı!
Yaşıl boya islamlığın sarsılmayan imanı,
Ürəklərə dolmalı!
Şu al boya azadlığın, təcəddüdün fərmanı,
Mədəniyyət bulmalı.


Azərbaycanın azadlığı, bütövlüyü üçün daima mübarizə aparan Bəxtiyar Vahabzadənin "Bayraq" şeiri toplunun dəyərini daha da artırır.

Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq öz yurduma öz hakimliyim.
Daim ucalasan! Savaş günündə
Əsgər silahıyla səni tən görüm.
Yalnız zəfər çalmış şəhid önündə
Səni alqış üçün əyilən görüm.

Topluda bayraq mövzusunda Xəlil Rza Ulutürkün də şeiri yer alır. Şeirdə bayrağımızın müqəddəsliyi, möhtəşəmliyi vurğulanır.

Rəşad Məcidin "Bayrağım" şeirində isə ümid, inam və qürur hissi daha çox diqqət çəkir. "Hücumdan, həmlədən qorudum, tufandan, küləkdən keçirdim, bir gün qaldırdım başımın üstünə, saxladım, əymədim" - deyən şair bayrağımız, müstəqilliyimiz uğrunda mübarizəmizi gözlərimiz önündə canlandırır. Bayrağımız üçün məqamı gələrsə, ölümə gedəcəyimiz də şeirdə poetik ifadəsini tapır.

Sənə təşnəyəm, acam -
əlim-qolum yorulsa,
dişimlə saxlayacam.
Gücü çatmaz
Daha nəsə tərpədə,
Kimsə əyə.
Dalğalan,
əs,
açıl yelkən kimi
gedək gələcəyə!


Bu kitabda həmçinin, Vahid Əzizin, Ağalar Mirzənin, Ramiz Qusarçaylının, Süleyman Abdullanın, Əyyub Qiyasın, Afaq Şıxlının, Gülsadə İbrahimlinin, Habil Rza Nurun bayraq mövzulu şeirləri yer alıb.

Millət mövzusunda Musa Yaqub poeziyasının qüdrəti bir daha öz təntənəsinə qovuşub.

Bu kitabla tanış olarkən yalnız şeirlər toplusu kimi dəyərləndirmədim. Burada cəmlənən şeirlər bir böyük xalqın keçmişi ilə bu günü arasındakı körpünü xatırlatdı. Bir tədqiqatçı kimi fəxr hissi duydum. Toplunun dünya dillərinə tərcümə olunması və Azərbaycana qonaq olan hər ziyalıya ərmağan edilməsi gözəl bir töhfə olar. Çünki bu toplu, Azərbaycan xalqının milli ədəbiyyatının xəzinəsi və şairlərimizin Vətənə sevgilərinin əvəzsiz poetik ifadəsidir./525.az/

Mərziyyə NƏCƏFOVA
Filologiya elmləri doktoru

Vətən, Bayraq və Millət sevgisindən yoğrulmuş poeziya toplusuБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
242526272829