manera.az
manera.az

Axı, bu millətin Vətəni vardı... - ESSE

Axı, bu millətin Vətəni vardı... - ESSE

(Xanəli Kərimlinin yeni kitabı haqqında qeydlər)


Mifdən Mifə...

Oğlu Axillesin bədənini oxbatmaz, daşbatmaz etmək üçün su ilahəsi Fetida onun dabanlarından tutub yeraltı sularda çimizdirərmiş. Ana istəyinə çatır, amma ağlının ucundan da keçirmir ki, onun ovuclarında sıxılan dabanlar “unudulub”. Mif bizə mesaj verir ki, hər bir insanda bir zəif yer vardır; Axillesin dabanı kimi. Əziz dostum Xanəli Kərimlinin yenicə çapdan çıxmış kitabını – “Tanrı müjdəsi”ni oxuyarkən özümə bir təbəssüm edib, qeyri-ənənəvi, ritorik bir sualla da özüm özümü “müjdələdim”: Görəsən, müəllifin ən “zəif yeri” haradır? Cavab çox “məyusedici”dir: Onun aşırı dərəcədə Vətənsevərliyi, Haqsevərliyi və Sədaqətlii olmasında... Bu haqda bir az sonra. Amma səbirsizlənən oxucalar üçün dahi Azərbaycanlı Əli bəy Hüseynzadədən kiçik bir ip ucu alaq:

Ucundadır dilimin
həqiqətin böyüyü;
Nə qoyurlar deyəlim,
nə kəsirlər dilimi...


Bizi həm də Fetidadın bağışlanmaz “səhv”i ilgiləndirir. Buna səhv demək olarmı? Bəlkə həmin “zəif yer”in tarixi Fetidanın öz oğlu Axillesə olan sonsuz ana sevgisindən başlanır? Yenə də sual doğur: Yalnız öz oğlunu oxbatmaz eləməklə qadın ilahi mizanı pozmurmu?! Amma bütün hallarda Axilles məhz həmin “zəif yer”dən oxlanıb öldürülür. Əgər indi konteksti genişləndirib desək ki, qəddar dünyamızın ən “zəif yerlər”i də məhz şairlərin özləridir və ya onların mövcudluğu, var olmalarıdır, bəs onda necə olacaq? Ömrünün müdriklik çağlarını yaşayan (Cümlə ştampına baxın!) əziz dostum Xanəli Kərimli əgər bu gen dünyada (Məgər o, gendir?!) özünə bir dərddaş tapa bilməyib, yalquzaq kimi ulartılarını göyə milləyirsə və “sevimli” göylər də o ulartıları, aylığı verə bilməyən kirayənişin əşyaları kimi onun üstünə atırsa, onda başını götürüb hara qaçmalıdır?! Son pənah yeri yenə də Tanrıya xitabdır:

İlahi, sən mənə bir dərddaş yetir,
Bir qulaq yoldaşı olsun qəlbimə.
Səndən ayrı mənim kimim var, axı,
Özün de, könlümü bəs açım kimə?!

(“İlahi”)

“Hipnozlaşdırılmış” şairlər...


Yunan mifologiyasında yuxu tanrısı Hipnoz çiyinlərində qanadı olan kişi surətində təsvir olunur. Açığı, nə onun cinsi, nə də qanadları bizi maraqlandırır. Sadəcə, kütləvi hipnoza (burada hipnozlaşmanın öz ilkin mahiyyətindən ayrılıb totalitarizmin daha qorxunc bir siyasi şəkil almasına işarə edilir ) yoluxmuş şairlər, yazıçılar səfini gördükdə adam az qala dəli olmaq həddinə çatır. Qırmızı imperiya dövrünü xatırlayın; adam öz-özündən başlayırdı şübhələnməyə: “Bəlkə, haqlı elə onlardır?!”. Hər dövrün öz qəddar “hipnoz”ları olur; tutaq ki, Mirzə Cəlil dövründə kütləvi danabaşlaşma, Soljinıtsın və Aytmatov zamanında paralel olaraq “Qırmızı çarx”ın vintciyinə çevrilmə və manqurtlaşma, Əli Kərim zamanında kütləvi çərlətmə, ötən əsrin sonlarında istedadlı nəsillərin “ağıllı” formada “itirilməsi” və s. Amma bir kirli “hipnozlaşma”nı da böyük şair-vətəndaş Xanəli Kərimli “təqdim edir”: “Mən elə bilirdim ki, təkcə pul, var-dövlət, ucuz karyera üçün mafiozlar, dəstəbazlar yaranır. Sən demə, ədəbiyyatı, xüsusilə də poeziya “monopoliyası” yaratmağa çalışan dəstəbazlar da varmış...

İstedadı qısır, qələmi kütlər.
Min dastan başladır puç adlarına,
Kor atın nalbəndi kor oğlu korlar
Təriflər döşəyir ünvanlarına.

(“Onda yazılacaq...”)

İlk yazarlar: Azad olunmuş qullar...

Tarixin bəzən mifoloji və mistik ironiyaları da olur. Məsələn, bu cür: Qədim Roma ədəbiyyatının təməlini qoyanlar azad olunmuş qullar olublar. Əgər cümlə ilə əlahiddə bir “işimiz” olmasa, onun zahirən öz ilkin təyinatına – müəyyən informasiyanın ötürülməsi işinə “sadiqliyi” göz qabağındadır. Amma bizi dəhşətli bir şəkildə heyrətləndirib sarsıdan “azadlıq” kəlməsidir. Sanki Cümlə amansız bir postulatı təsdiqləyir: Azad olmadan şair olmaq mümkün deyildir! Və ya azad olmayan şairin özü də quldur. Xanəli Kərimli poeziyasında bizi özünə çəkən məhz o gen-bol azadlıq havasıdır. O, dünən də azad idi, bugün də... Təbii ki, burada daxili azadlıqdan söhbət gedir. O azadlıqdan ki, heç bir kənar şirnikdirici gözləntiləri, situasiyaları və “sosial təzyiq” faktorlarını nəzərə almayıb, yalnız daxili enerjini üzə çıxarmağa və imkanlarını sərgiləməyə yönəlik bir davranış formasıdır. Xanəli Kərimlinin “Söhbət” şeiri sözügedən konseptin bütün təzahürlərini çox parlaq bir şəkildə açıb ortaya qoyur. Qlobal mənada, bu şeir ovqatın ən kritik anında doğulub; bu həmin məqamdır ki, həqiqət axtarışlarında depressiyaya düşən Faust şeytanla saziş bağlayır:

- Sonuncu şeirini nə vaxt yazmısan?
- Birinci şeirimi yazdığım günü.
- Sənə nə veribdi şeir yazmağın?
- Bir “baş ağrısı”nı, bir qara günü.

(“Söhbət”)

Bu yerdə nədənsə ustad R.Rzanın “İskəndər, Çatski, Çayld Harold...” şeiri yadıma düşdü. Üç nöqtəni biz əlavə etdik. Necə deyərlər, qapını açıq qoyduq ki, tanıdığınız Çatskiləri şeirə dəvət edə biləsiniz... Dostum Xanəli müəllimin də onların içərisində olacağına əminəm...

Şeirdə Sizif və ya Sizif şeirdə...
Axı, bu millətin Vətəni vardı... - ESSE
“Tanrı müjdəsi”ni oxuya-oxuya nədənsə Sizifi xatırladım. Tam əminəm ki, kitabın və onun müəllifinin Siziflə heç bir əlaqəsi yoxdur. Yox, burada tam əminlikdən söhbət gedə bilməz! Sadəcə, mənə elə gəldi ki, Sizif də şair olub. Onun hər dəfə yuxarı qaldırdığı qaya parçası və ya daş da tamamlanmamış bir şeiridir. Sizif, bəlkə də ömründə cəmi-cümlətani bircə şeir yazıb. Amma onu qaldırıb o ucalıqda saxlaya bilmir. Bəlkə də bütün şairlərin həyatında o şeir vardır; hədəfə yaxınlaşan, lakin son anda əllərindən buraxılıb aşağıya yuvarlanan şeir...

Bəs Xanəli Kərimlinin yaradıcılığında o hansı şeirdir ki, bütün ömrü boyu onu yazsa da, bitirə bilməyəcək və ya bitirib Sizifin hədəflədiyi o ucalıqda saxlaya bilməyəcək? Cavab çox sadədir: Vətən haqqında şeiri... Biz durub and içə bilərik ki, Xanəli Kərimli Vətən haqqında onlarla, yüzlərlə şeir yazmayıb, cəmi bircə şeir yazıb, bəli, bir şeir, yerdəkilər isə o şeir-qayadan qopan parçalardır. Baxın, bu cür:

Azərbaycan mayası nur, qayəsi nur ki...
Hər daşından alov dilli ox ola bilər.
“Azərbaycan!” deyiləndə ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər.

M.Araz “Azərbaycan – dünyam mənim”

Əslində, Məmməd Araz dünyası da şair Xanəli Kərimli üçün Vətəndir… Ruh Vətəni... Bununla əlaqəli görkəmli yazıçı və mədəniyyətşünas Nəriman Əbdülrəhmanlı “Xanəli Kərimli: halalliqla yaşanmiş ömür” essesində çox dəqiq paralellər apardığından üstündən sükutla keçmək istəyirik. Amma hanı “süküt?” Elə həmin sükutu sındırıb, deməyi özümüzə borc bilirik: Çağdaş ədəbiyyatımızda az-az sənətkar tapılar ki, haqqında bu qədər geniş yazılar yazılsın, tədqiqatlar aparılıb, kitablar çap olunsun. “Niyə”sini az-maz bilirəm; başlıca səbəb oxucu-tənqidçi-təhlilçilərin, çağdaş ədəbiyyat meşəsini zəbt edən “Şeir bülbülləri”nin (Mirzə Cəlil) “modern” cükkültülərindən bezib, hədəfi, təyinatı gün kimi bəlli olan (bu yerdə ədəbiyyatımızın Şimal qolunu ləyaqətlə təmsil edən Zakir Məmməd yada düşür!) əsl Vətəndaş-Şairə - “Yeni dövr Azərbaycan şeirində vətəndaşlıq lirikasının əsas yaradıcılarından biri”nə (Akad. İsa Həbibbəyli) üz tutmalarıdır. Bəs konkret olaraq müəllifin yaradıcılığında Vətən haqqında o ana şeir – anac şeir hansıdır?! Deyimmi? Yalnız bu ola bilər: “Axı, bu millətin Vətəni vardı...”

Şeirdən bir bənd verməzdən əvvəl bir kədərli eksperiment aparmaq istəyirik; müxtəlif və ya eyni epoxalarda yaranan şeirlərin adlarını yanaşı yazırıq: “Hali-Vətən”. Əli bəy Hüseynzadə (1864-1940), “Həpsi rəngidür” Səməd Mənsur (1879-1927), “Əsir Azərbaycanım”. Almaz İldırrım (1907-1952), “Azərbaycan”. Səməd Vurğun (1906-1956) “Azərbaycana gəlsin”. Süleyman Rüstəm (1906-1989), “Azərbaycan – dünyam mənim”. Məmməd Araz (1933-2004),”Səni sevmək çətindir, Vətən”. Ramiz Rövşən və... “Axı, bu millətin Vətəni vardı...”. Xanəli Kərimli. Əgər biz bu şeirlərin zaman ardıcıllığını – xronikasını onlardan çıxarılan bəndlərlə qeydə alsaq, sizi deyə bilmərəm, özüm diz üstə çöküb əllərimlə başımı sıxmalı olacağam. Yalnız Mirzə Cəlilin “Tarix” essesi əllərini çiynimə qoyub məni sakitləşdirə bilər...

Bəlkə də Aristotel “ədəbiyyatın tarixdən daha fəlsəfi olduğunu” deyərkən məhz bu anı nəzərdə tuturmuş...

Xanəli Kərimli şeirindən o bəndi unutmamışam, buyurun:

Axı, bu millətin VƏTƏNİ vardı,
Qılıncı daş yarıb daş qoparardı,
Sözünün kəsəri ordu yarardı,
Onun bəxt üzüyün bəs kim apardı?!

“Axı, bu millətin Vətəni vardı...”

Əski mifoloji-nağıl semantikasından tənha bir durna kimi ayrılıb, ilk misraya qonan “vardı” kəlməsinin yaratdığı qüssəli auranı heç nə ilə əvəz etmək olmaz. “Vətən” sözünün böyük hərflə yazılışı da, zənnimizcə, diqqətli oxucunun nəzərindən qaçmadı. Xanəli Kərimli poeziyası küll halında Vətənin bütünləşməsi, tamlaşması və bütövləşməsinə bir Çağırış poeziyasıdır...

Mehman QaraxanoğluБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123456
78910111213
14151617181920
21222324252627
282930