Nizar Qəbbani - Sən mənim şirin əsirliyimsən
MANERA.AZ XX əsr ərəb şeirinin tanınmış ismi Nizar Qəbbaninin şeirlərini təqdim edir:
Bədənin - dövlətimdir
Sevgi ver mənə,
əvəzində də sevgi istə.
Başqa heç nə.
Sən mənim şirin əsirliyimsən,
məhkumluğumun ağılsız dəliliyi.
Sinəmdəki xəncərin kölgəsisən.
Bir damcı qan laxtası,
yarasan - iniltili,
gəminin qəzasısan.
Ey, dəniz, batırmağa
sən məni heç tələsmə.
Ölüm - intizarımdır,
diriliyim qabaqda.
Qüssənin ən qədim paytaxtı
özüməm, bir də ağrım.
Dövlətim bədənindir,
nə işim var dünyayla,
padşahlarla nə işim.
İstəmirəm özgə ölkələri,
ölkəmdi elə öz ağrım.
Fironların xəttiylə
həkk olub yaralarım.
Dərdin karvanında
Dəməşq xəlifələrinin arzusuyla
Çinə yollanıram.
Məni də, ağrımı da,
yükümü də udacaq
nağıldakı əjdaha.
***
Soruşursan ki,
səmayla fərqin
nədir?
Məsələ belədir:
sən gülümsəyəndə
səmanı unuduram.
***
Doğum günümü soruşursan.
Zəhmət olmasa, yaz və bir də
heç vaxt sual etmə:
elə ki məni sevməyə başladın,
doğuldum və yaşadım.
***
Lüğətlərin və məktubların dili,
sevgi romanlarının təhkiyəsi gücsüzdür.
Necə edim ki, məni eşidəsən?
Hansı yolla, hansı yalanla
səni sözsüz sevməyi öyrənim?
***
Yorubdu hamıtək təkcə səni sevmək,
Yorub məktub yazmaq sənə hamıtək.
Bəlkə, zəng qülləsi olsun dodaqlar,
Bəlkə, qafiyəylə çalınsın onlar.
***
Bu iki ildəki bütün sözləri xatırlasan,
bu iki ildəki bütün məktubları oxusan,
mütləq cavab tapacaqsan və anlayacaqsan ki,
sən bir qumruydun, mən bir qumru;
uçub getdik, indi bacarırsan, geri qaytar.
Barmağındakı üzük isə əklildi
bizim şərəfimizə.
***
Şah olmaq istəmirəm,
çıxmaq istəmirəm taxta.
Şairin taxtı daha yüksəkdədir.
Səndən dilədiyim isə yalnız budur:
sev məni bir azca.
Elə sev ki, təmizlənim bir az.
***
Ovuclarıma, məscidin divarına,
qoltuğun arxalığına nəqş olunmusan.
Məni atıb getmə.
Günün günorta çağı
hər dəfə məni qoyub gedəndə
ovuclarımın güzgüsündə
təkcə səni görürəm.
Qəhvə falı
Masa arxasında qəhvə falına baxırdı,
taledən, gələcəkdən xəbər verməyə çalışırdı,
deyirdi:
- Oğlum, qüssələnmə,
demək istədiklərimi dinlə.
Ömrü boyu sevmək yazılıbdı bəxtinə.
Kim ki dəlicəsinə sevə bilir - şəhiddir.
Savaş və yol - taleyin indidən bəllidir.
Oğlum, tez-tez sevəcəksən deyə,
tez-tez də öləcəksən.
Bütün qadınlar ixtiyarındadır.
Yaşayacaqsan,
amma bədbəxt padşah kimi qayıdacaqsan.
Oğlum, həyatında bir qadın olacaq.
Aman Allah! Onun gözləri!..
Dodaqları bir cüt üzüm giləsidir.
Təbəssümü eşqin nəğməsidir.
Amma kəmdir sənin bəxtin,
bəllidir aqibətin.
Oğlum,
Sehrli qəsrdə yatıbdır sevgilin,
qəlbinin məlakəsi.
Ora düşmək çətinliklərin ən təhlükəlisi.
O kaşanə çox gözəldir, keçilməzdir,
qapısındakı gözətçilər cəsur və dönməzdir,
zəncirdəki köpəkdilər sanki.
Oğlum,
bərk yatıbdır sevgilin
və hələ çox yatacaq.
Ora girə bilməzsən,
çəpəri aşa bilməzsən,
hörüyünü aça bilməzsən,
cəhd edən özünə qəsd edər.
Kim ki tutmaq istər o ağ əlləri -
demə, sayılıdır günləri.
Mən çoxdan oxuyuram taleləri, çoxdan!
Amma heç zaman
sənin fincanın kimi bir şey görməmişəm.
Mən çoxdan oxuyuram taleləri, çoxdan!
Amma heç zaman
sənin gözlərindəki qüssətək
bir şey görməmişəm.
Bəxtinə getmək yazılıbdır
eşq xəncərinin tiyəsi üzərində,
ilbiz tənhalığı,
salxım söyüd qüssəsi,
ehtiras dənizinə yelkənsiz,
yalnız açıqca - qəlbinlə çıxmaq yazılıbdır.
Bəxtinə yazılıbdır sevmək,
milyon dəfə həm də boşuna sevmək,
bədbəxt padşah kimi geri dönmək.
Masa arxasında qəhvə falına baxırdı,
taledən, gələcəkdən xəbər verməyə çalışırdı,
deyirdi:
- Oğlum, qüssələnmə,
demək istədiklərimi dinlə.
Ömrü boyu sevmək yazılıbdı bəxtinə.
Kim ki dəlicəsinə sevə bilir - şəhiddir.
Savaş və yol - taleyin indidən bəllidir.
Tərcümələr: Səlim Babullaoğlunundur
/"Ədəbiyyat qəzeti"/