manera.az
manera.az

Xoşbəxtəm ki, azad gördüm Şuşanı - Şeirlər

Xoşbəxtəm ki, azad gördüm Şuşanı - Şeirlər

MANERA.AZ Nəcməddin Mürvətovun şeirlərini təqdim edir:


AZƏRBAYCAN BAYRAĞI

Sən savaşdan doğulmusan sənə zəfər yaraşır,
Rənglərində müstəqillik, islam, türklük qarışır ,
Ay-ulduzun hürriyyətin göylərində sayrışır .
Aləmlərə çatdırırsan millətimdən sorağı,
Zirvələrdə dalğalanan Azərbaycan bayrağı.

Ox olmusan yağıların gözlərinə hər zaman,
Uğurları göstərmisən kökslərini yandıran ,
Yaşatmısan məğlubluğu fəryad edə, dad, aman .
Sevinmisən sarsılanda namərdlərin dayağı,
Zirvələrdə dalğalanan Azərbaycan bayrağı.

Bəyan edib həqiqəti göstərmisən dünyaya
Haqq demisən desələr də yalan, böhtan, şər, riya.
Barəndə tərs düşünənlər qanıb, uyub xülyaya,
Yaşamısan tarixində saysız gələn sınağı,
Zirvələrdə dalğalanan Azərbaycan bayrağı.

Gözəllikdə, yaraşıqda yox bənzərin, tay hanı?
Fəth etmisən qəlblərdəki sevgi dolu məkanı,
Uğrunda can verə hazır övladının bil şanı,
Hesabsızdır, nur şəfəqsən gözlərinin çırağı
Zirvələrdə dalğalanan Azərbaycan bayrağı.

Lələtəpə, Murovdasan, Dəlidağda ucada,
Qürurlanır sənə müştaq uşaq, cavan, qoca da.
Ruhumuza nursan döndün başımızda taca da
Şərəfləndir sancıldığın bu müqəddəs torpağı,
Zirvələrdə dalğalanan Azərbaycan bayrağı.

Gülüstana dönüb yurdum, gözəllikdir hər yanı,
Kəhkəşana yetir əli, var min dürlü imkanı.
Sözü keçir millətimin deyir:-Məni, bax tanı.
Yaşa xürrəm, şad, bəxtəvər, toy-büsatı, növrağı
Zirvələrdə dalğalanan Azərbaycan bayrağı .
31. 10. 2020.

MİLLƏTİMİN MƏRD ƏSGƏRİ

Bəsdir, yetər, düşmən girdi min bir dona,
Kimliyini, ver dərsini, qandır ona,
Anlaya ki, hoqqaları yetər sona.
Qoy ortaya ruhundakı əzm, hünəri,
Millətimin qorxubilməz, mərd əsgəri.

Üzərinə qartal təki göydən şığı,
Harda dursa oda qala yer, torpağı.
Kökünü kəs qalmaya, yox, bircə sağı,
Ta ki, bitə dünyamızın böhtan, şəri,
Millətimin qorxubilməz, mərd əsgəri.

Çox oynadıq uzun illər nazıyla, çox,
Lap qudurdu, hədə gəldi bizlərə, xox,
Al qanını içir ona olmağa tox.
Yedir doya "əkdiyindən" bar, bəhəri,
Millətimin qorxubilməz, mərd əsgəri.

Var Ali Baş Komandanın əmri-"hücum!"
Çıx səngərdən, yetib zaman, irəli cum!
Zəfər qazan, köksə sıxım, öpüm, qucum.
Ver vətənə gözlənilən şad xəbəri,
Millətimin qorxubilməz, mərd əsgəri.

Əsir ellər intizarla gözləyir yol,
"Tələs, gəl də" deyir dağ-daş hər ağac-kol,
Torpağını gözlətmə çox, xilaskar ol.
Sərhədinin, dur sinənlə ol sipəri,
Millətimin qorxubilməz, mərd əsgəri.

Füzulini, Cəbrayılı, Ağdamı al,
Qubadlıda, Zəngilanda köksünə xal
Qoy düşmənin, Qarabağa qoyma sual,
Azad elə tez Laçını, Kəlbəcəri,
Millətimin qorxubilməz, mərd əsgəri.

Arxayınıq təkcə sənə, vətən oğlu,
Aç Şuşaya gedən çoxdan bağlı yolu,
Nifrətini yağdır göydən, sanki dolu,
Boğa kafir yağıları qəm qəhəri,
Millətimin qorxubilməz, mərd əsgəri.

Ağrıları, acıları yetir sona,
Ta ki, qəmli çöhrələrə fərəh qona,
Qeyrət göstər, heyrətindən bəşər dona,
Bildir nədir ər kişinin söz dəyəri,
Millətimin qorxubilməz, mərd əsgəri.
28.09.2020.

BİTDİ LAÇIN HƏSRƏTİ

Qardaşım Maarif müəllimə ithaf edirəm

Vətən dərdi köksündə ağrı idi, dağdı, dağ,
Düşünürdün:”ölüyəm bu halımla, ya ki sağ”,
Məlhəm olar yarana ordan bir çimdik torpaq.
Qalib ordu yaratdı bizə, bax bu fürsəti,
Gözün aydın, qardaşım, bitdi Laçın həsrəti.

Kəndinizə gedərik səfasını görməyə,
Otuz illik həsrəti bölüşməyə, bölməyə,
Qışqırmağa sevincdən, gülüşməyə, gülməyə.
Göz yaşını tökməyə arayarıq xəlvəti,
Gözün aydın, qardaşım, bitdi Laçın həsrəti.

Yol, yamacı dolanar, dik zirvəyə çıxarıq,
Əl göz üstdə doyunca dörd bir yana baxarıq,
Hər bir daşı, qayanı bağrımıza sıxarıq.
Ruhumuzdan qovarıq ayrılıqdan zilləti,
Gözün aydın, qardaşım, bitdi Laçın həsrəti.

Su içərik doyunca bulaqların gözündən,
Təşnə qəlblər qurtula yanğısının közündən,
Danışmarıq, əhvalı oxuyaram üzündən.
Burda aciz olar söz, şəkk-şübhəsiz bil qəti,
Gözün aydın, qardaşım, bitdi Laçın həsrəti.

Həyətində qurarıq yekə məclis, mərəkə,
Eləsini, burada görməyib kimsə bəlkə,
Oynaya kim, çala kim, çay süzə, kabab çəkə.
Başımıza yığarıq dost-yaxını, külfəti,
Gözün aydın, qardaşım, bitdi Laçın həsrəti.

Olmalıyıq minnətdar Ali Baş Komandana,
Etdi xalqı səfərbər, işi saldı səhmana,
Göstərdi elə qüdrət, heç gəlməyən gümana.
Xilas oldu Qarabağ, sevindirdi milləti,
Gözün aydın, qardaşım, bitdi Laçın həsrəti.
Gözün aydın, qardaşım, bitdi Laçın həsrəti.
10.11.2020

AÇAR XARIBÜLBÜL

Bu il Qarabağda başqa hal, əhval,
Əsgərim vuruşda qurtula mahal,
Çevrilir gerçəyə çoxillik xəyal.
Yetir millətimin kama murazı,
Açar Xarıbülbül, gözləməz yazı.

Yal-yamac dəyişməz yaşıl donunu,
Gözlər vurhavurun yetən sonunu,
Qürurla qarşılar qalib oğlunu.
Susduran yağını, nadan qanmazı,
Açar Xarıbülbül, gözləməz yazı.

Ərənlər savaşda haqqa güvəndi,
Aşdı sərt, keçilməz bərəni, bəndi,
Bitirə həsrəti Şuşa, Xankəndi.
Təşnələr, vüsala çoxdan tamarzı,
Açar Xarıbülbül gözləməz yazı.

Buludlar sevincdən tökür göz yaşı,
Yuyur yad nəfəsdən qayanı, daşı,
Fərəhdən, qurtarır qovğadan başı.
Deyir tələsməsin qışı, ayazı,
Açar Xarıbülbül, gözləməz yazı.

Bac alır düşməndən ordumuz, qisas,
Bax buna haqqı var, təkzibsiz əsas,
Yaşadır azğına acısıyla yas.
İnləyir müştəbeh özündən razı,
Açar Xarıbülbül gözləməz yazı.

Acar, ətir saça ulu torpağa,
Açar, əsir ruhlar qalxa ayağa,
Açar, baş endirə üçrəng bayrağa,
Eşidə Arifdən şirin avazı,
Açar Xarıbülbül gözləməz yazı.
23.10.2020.

AZAD OLDU KƏLBƏCƏR

Bu gün ruhu sevinclidir Şəmşirin,
Azad oldu yağılardan Kəlbəcər.
Qalibiyyət, uğurumuz çox şirin,
Tarixlərə həkk olundu bu zəfər.

Neçə ağır faciələr yaşadı,
Kardı dünya, eşitmədi "dad"ını.
Uzun illər ağrılarla daşıdı,
Övladları qaçqın, köçkün adını.

Çox həsrətli nakam köçdü dünyadan,
Havasına, torpağına, suyuna.
Ümidini itirmədi bircə an,
Baxa-baxa min fitnəli oyuna.

Bayrağımız sancılanda Murova,
Qandı düşmən:"Həna başqa hənadır".
Dovşan təki çevrilmişdi o ova,
Qaçdı, bildi halı yaman fənadır.

Sərhədində keşik qurdu ordumuz,
Qartalların qıy vurduğu zirvədə.
Nəfəs aldı köks dolusu yurdumuz,
Bizimkidir düzən, dağ da, zirvə də.

Bu gün ruhu sevinclidir Şəmşirin,
Azad oldu yağılardan Kəlbəcər.
Qalibiyyət, uğurumuz çox şirin,
Tarixlərə həkk olundu bu zəfər.
25.11.2020.

QARABAĞ ŞİKƏSTƏSİ

Əsgərimin qüdrətindən qürurlanır vətənim şad,
Çoxdan bəri əsir yurdlar birər-birər olur azad,
İnandıq ki, özümüzük özümüzə çarə, imdad.
Səs növbəni Cəngidən al, al Qarabağ şikəstəsi,
Millətimin ruhuna bal, bal Qarabağ şikəstəsi.

Neçə illər almadıq ki Şuşamızdan sorağını,
Görmədik ki haylı-küylü Cıdır düzü növrağını,
Dinləmədik qoşa səsdə sənlə İsa bulağını.
Köksümüzdə yanğıydı, xal, xal Qarabağ şikəstəsi,
Millətimin ruhuna bal, bal Qarabağ şikəstəsi.

Dillənmədin Topxanada, qəribsədi ağac, kol da,
Sehrə dalıb uymaq üçün gələnlərə riz də, yol da,
Qəhər boğdu bülbülləri, qaldı heysiz gözü yolda.
Duy bunları xəyala dal, dal Qarabağ şikəstəsi,
Millətimin ruhuna bal, bal Qarabağ şikəstəsi.

Taleyinə yazılıbmış bu ayrılıq, hicran, hısrət,
Yaşamağın, yaşatmağın dağa-daşa sonsuz xiffət,
Müşküllərə səbəb idi yağılardan murdar xislət.
Xilaskardan sən razı qal, qal Qarabağ şikəstəsi,
Millətimin ruhuna bal, bal Qarabağ şikəstəsi.

Zəfər marşı çalınır bax, sevinclərə qərq hər bir yan,
Nur, şəfəqlə cilvələnir, xoş ahənglə sökülür dan,
Tələs, qoşul təbiətə, ötürmə yox, boşa bir an.
O vaxtları yadına sal, sal Qarabağ şikəstəsi,
Millətimin ruhuna bal, bal Qarabağ şikəstəsi.

Əsgərimin qüdrətindən qürurlanır vətənim, şad,
Çoxdan bəri əsir yurdlar birər-birər olur azad,
Anladıq ki, özümüzük özümüzə çarə, imdad.
Səs növbəni Cəngidən al, al Qarabağ şikəstəsi,
Millətimin ruhuna bal, bal Qarabağ şikəstəsi.
31.10.2020

AZAD GÖRDÜM ŞUŞANI

Xəyanətdən əsir qaldı neçə il,
Bunda şəksiz günahımız az deyil,
Ordum dedi: Kədər, qəmi üzdən sil.
Bax, kəsmişəm vəd etdiyim qurbanı,
Xoşbəxtəm ki, azad gördüm Şuşanı.

Yetim, İsa bulağından içim su,
Ürəyimin bu çoxdankı arzusu,
Unutmağa otuz illik kabusu.
Şəfam olar o, ruhumun dərmanı,
Xoşbəxtəm ki, azad gördüm Şuşanı.

Erkən sübhdən çıxım Cıdır düzünə,
Göz yaşımla üzü sürtüm üzünə,
Torpağını qəlb yaramın közünə
Səpim, bilim pirim bax bu ünvanı,
Xoşbəxtəm ki, azad gördüm Şuşanı.

Dəlilərtək hey dolanım şəhəri,
Hopa cana havasının cövhəri.
Daş-divara təmasımdan qəhəri
Boğum, gəzim hər bir dalan, meydanı,
Xoşbəxtəm ki, azad gördüm Şuşanı.

Məqamında verdi əmri:-*İrəli",
Qurdu ola sərt, zəfərin təməli,
Fərqlənmədi sözü, işi, əməli,
Öpək, qucaq Ali Baş Komandanı,
Xoşbəxtəm ki, azad gördüm Şuşanı,

Öz şükrümlə bəyandayam Allaha,
Başqa arzum, bir diləyim yox daha,
Qovuşdurdu qoymaqla son vay-aha,
Bəxş elədi mənə sanki dünyanı,
Xoşbəxtəm ki, azad gördüm Şuşanı.

Xəyanətdən əsir qaldı neçə il,
Bunda şəksiz günahımız az deyil,
Ordum dedi: Kədər, qəmi üzdən sil.
Bax, kəsmişəm vəd etdiyim qurbanı,
Xoşbəxtəm ki, azad gördüm Şuşanı.
08.11.2020

VƏTƏN

Nələr çəkmisənmiş, nələr yağıdan,
Qansızmış viranə qoyan, dağıdan,
Həzzi dərd yaymaqdan, vəhşət, ağıdan.
Oban var, özüldən, təməldən itən,
Gəlmişik yaranı sarıyaq, Vətən.

Qalmayıb heç yanda daş üstündə daş
Görən heyrətlənir, bundan qalır çaş,
Halına övladın yanır, tökür yaş.
Sürüymüş qudurmuş bu yerdən ötən,
Gəlmişik yaranı sarıyaq, Vətən.

Kədərə bələnib çölün, düzün də,
Solub avazıyıb çöhrən, üzün də,
Yanıb qovrulmusan öz od-közündə.
Deyil zillətini söyləsəm bitən,
Gəlmişik yaranı sarıyaq, Vətən.

Səbr etdin çox illər, səbrinə qurban,
Çəkdiyin zillətə, cəbrinə qurban,
Olum şəhidinin qəbrinə qurban.
Sevincək qoynuna yetişən, yetən,
Gəlmişik yaranı sarıyaq, Vətən.

Bağışla, gec adldıq, gec qisasını,
Yağılar sürmürdü kök, əsasını.
Bax ki, məhv elədik, qurduq yasını.
Sənsiz az çəkmədi ruhumuz sitəm
Gəlmişik yaranı sarıyaq, Vətən.
20.11.2020

BİZ TARİX YAZIRIQ

Biz tarix yazırıq, ən yeni tarix,
Uğurlarla dolu, zəfər soraqlı.
Biz tarix yazırıq, ən yeni tarix,
Hamımız döyüşdə əli yaraqlı.

Biz tarix yazırıq qüdrətimizlə,
Uşaqdan böyüyə hamı səfərbər.
Komandan əmr edib, yurdu "təmizlə",
Dimdik zirvələrə hücumda əsgər.

Biz tarix yazırıq, sonsuz inamla,
Olur, qabaqlayıb vaxtı, zamanı.
Qələbə gətirir, ümiddən damla,
Fövtə verməməklə xırda imkanı.

Biz tarix yazırıq öz qanımızla,
Vətən torpağının hər qarışına.
Sipərə dönürük öz canımızla,
Dəyməyə yad nəfəs kəsək, daşına.

Biz tarix yazırıq dərklə, ağılla,
Uzun minilliklər izi silinməz.
Başlar piyləmirik boş-boş nağılla,
Əsası uydurma, kökü bilinməz.

Biz tarix yazırıq, babalarımız
Nələr yaradıbsa, onun davamı.
Haqdan, ədalətdən ötrü davamız,
Başqa nə, tarixdə qala rəvamı?

Biz tarix yazırıq, şərəf-şan dolu,
Müzəffər komandan, qalib ordumuz.
Anında, günündə sevincin bolu,
Büsat, çal-çağırda bütün yurdumuz.
20.11.2020

ŞƏHİD ƏSGƏR

Borc bildi vətənə şəhidliyini,
Atıldı savaşa şiri-nər kimi.
Sonsuzdu düşmənə nifrəti, kini,
Sanki gözləyirdi "vur"a bir himi.

Şığıdı irəli, hər addımında
Artdı canındakı gücü, qüvvəsi.
Coşurdu yağını indi qanında
Tutub əlləriylə boğmaq həvəsi.

Başının üstündən uçan mərmilər
Gözündə deyildi zərrəcə yox, yox.
Qovrdu önündən qaçan gədələr,
Bir deyil, beş deyil, hesabsızdı çox.

Keçirdi əzmiylə qayalıqları,
Yetər məramına, eyləməzdi şəkk.
Ötürdü dırmanıb dimdik divarı,
Önə səsləyirdi onu qəlb, ürək.

Bələdi qanına qarı düşməni,
Çökməklə önündə, qoydu diz yerə.
Qandırdı-"hünərin" bu deyil yəni,
Qələt eləmişəm deyə min kərə.

Hakimdi ruhuna hünər qeyrəti,
Gözünə ölümün şax, dik baxdı o.
Bitə ürəyinin sonsuz həsrəti,
Yaralı köksünə torpaq sıxdı o.

Borc bildi vətənə şəhidliyini,
Sevindi, ucalır həmin zirvəyə.
Çəkdi nəfəsinə ətri, iyini
Dağ-daşın, can verdi o"oxqay" deyə.
27.12.2020

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31